Amerika

Araz Aslanlı: "Söz davası" həm ABŞ-a, həm də İrana sərf edir

Pinterest LinkedIn Tumblr
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İŞİD-in son sığınacaqlarını məhv edəndən sonra ABŞ hərbçilərinin İraqdakı hərbi bazada yerləşdiriləcəyini deyib.
 
Tramp onu da əlavə edib ki, ABŞ İsraili qorumaq məcburiyyətindədir: “İraqdakı bazanı saxlayacağıq. Məqsədimiz həm də İranı izləməkdir, çünki İran əsl problemdir”.
 
Bundan sonra İraq prezidenti Bəhram Saleh Trampın açıqlamasına cavab olaraq deyib ki, ABŞ əsgərlərinin İranı nəzarətdə saxlamaq məqsədilə İraqda olduqlarından xəbərsizdir və bunun üçün onlardan icazə alınmayıb.
 
Politoloq Araz Aslanlı mövzu ilə bağlı Toplum.Tv-nin suallarını cavablandırıb: 
 
– Trampın İranla bağlı siyasətində bu qədər kəskin olmasının səbəbləri nədir?
 
– Bunu bir neçə məqamla əlaqələndirmək olar: əvvəla, bu ənənəvi respublikaçı xəttin davamıdır. Ehtimallardan biri budur ki, bu, Trampın daxili siyasətdəki qarşılaşdığı problemlərdən diqqəti yayındırma siyasəti ilə bağlıdır. Başqa bir versiyaya görə, Tramp İranla bağlı ritorikanı kəskinləşdirərək. Yəhudi lobbisinin maraqlarını təmin etməyə və onlarla ittifaqını güclü saxlamağa çalışır. Eyni ehtimalı Səudiyyə Ərəbistanı və İrana qarşı olan digər körfəz ölkələri üçün də qeyd etmək mümkündür.  ABŞ xarici siyasətində gərginlik ocaqları yaranmasına töhfə verərək silah şirkətlərinin maraqlarına xidmət etmə xəttinin tarixi də az deyil. Digər tərəfdən bəziləri də düşünür ki, Tramp haqlıdır. Çünki İrana qarşı yumuşaq davrandıqca İran öz siyasətini davam etdirir. Qonşuları üçün və düya üçün daha böyük təhlükələr yaradır və s. Yəni hansısa konkret bir səbəbdən danışmaq olmaz. Bu versiyaların hər birinin müəyyən dərəcədə rolu olmuş ola bilər.
 
– Tramp İraqdakı hərbi bazadan yalnızca terrora qarşı deyil, həm də İranı nəzarətdə saxlamaq üçün istifadə edəcəyini deyib. Bu, İranla münasibətləri açıq şəkildə pisləşdirmək anlamına gəlmir?
 
– Tramp üçün İranla münasibətlərin pis olması daha normal haldır, nəinki əksi. Bütün siyasəti (əslində bütün ritorikası) məhz bunun üstünə qurulub. Nəinki İraqdakı hərbi bazası, ümumiyyətlə, regondakı bütün varlığının bir məqsədi də İranı nəzarətdə saxlamaqdır. İraqdakı hərbi varlığı isə İrana sadəcə nəzarət etmək üçün deyil, həm də İranın regional imkanlarını məhdudlaşdırmaq üçündür.
 
– İran bu təhdid qarşısında nə kimi addımlar ata bilər? 
 
– ABŞ-ın bu siyasəti İran üçün sürpriz deyil. İran da illərdir ki, qarşı addımlar atır və yenə də atacaqdır. İranın fəaliyyətinin bir istiqaməti özünü qorumaqla bağlıdır, bir istiqaməti isə qarşı zərbələr vurmaqla bağlı. İran da İraqda və digər ölkələrdə ABŞ-ın siyasətinə qarşı, ümumiyyətlə, bu dövlətin imkanlarının məhdudlaşdırılması istiqamətində addımlar atır. Dini və məzhəb xarakterli, ideoloji, hərbi və s. fəaliyyətləri var. ABŞ-ın regionda yaşadığı uğursuzluqların əksəriyyətində İranın qarşı addımlarının da rolu olub.
 
– Hər zaman müzakirələrə səbəb olan Amerika – Iran müharibəsi başlaya bilər?
 
 Bu zəif ehtimaldır. Çünki bunu heç biri istəmir. Hər ikisi üçün dağıdıcı xarakter daşıya bilər. İraq “bataqlığından” yeni-yeni çıxmağa çalışan ABŞ hətta Əfqanıstan və Suriyanı da yeni bir bataqlığa girmək istəməz. İran digərləri ilə müqayisədə ABŞ üçün daha ağrılı olar. Həm ABŞ üçün təhlükəsizlik problemləri, həm iqtisadi, siyasi və s. problemlər yaranar.
 
ABŞ-ın regiondakı “dost”ları üçün də risklər yaranar. İran bu mənada “nə edəcəyi bəlli olmayan” dövlətdir. Amma bu proses İran üçün də çətin olar. İraq və Suriyanın qarşılaşdığı etnik qarşıdurma, ərazi bütövlüyü problemi və s problemləri İran daha ağır formada yaşaya bilər. Bu səbəbdən də ikisi də münaqişədən qaçmağa çalışır. Əslində ritorik səviyyədə “söz davası” ikisinə də sərf edir. Hər biri öz ətrafını söz qəhrəmanlığı ilə “yola verə”, güclərini səfərbər edə bilir. Reallıq bundan ibarətdir. Yeri gəldikdə də digər məsələlərdən diqqəti yayındıra bilirlər.
 
Əminə Məmmədova
Toplum.Tv

Araz Aslanlı