Hatəm Cabbarlı, Siyasi elmlər doktoru
Nikol Paşinyan 2018-ci ilin may ayında “məxməri inqilab” nəticəsində Ermənistanda hakimiyyətə gəlməsindən sonra Azərbaycan ərazilərinin işğal edilməsi-Dağlıq Qarabağ probleminin sülh yolu həll edilməsi üçün aparılan müzakirələrdə daha konstruktiv mövqe nümayiş etdirəcəyi haqqında müxtəlif fikirlər səslənirdi. Amma Paşinyan bu günə qədər son 28 ildə formalaşan müzakirə formatının dəyişdirilməsi-qondarma rejimin nümayəndələrin müzakirələrdə iştirakı kimi məntiqsiz fikirləri səsləndirir. Paşinyan bu zaman özündən əvvəlki hökumətlərin müzakirələrdəki mövqeyini və Minsk qrupu həmsədrlərinin məsələ ilə bağlı qəti etirazlarını şübhə altına alır və hər şeyə sıfırdan başlamaq istəyir.
Paşinyan 12 mart 2019-cu il tarixində Ermənistanın Təhükəsizlik Şurasının və qondarma rejimin “təhlükəsizlik şurası” ilə birlikdə müşavirəsini keçirib. Bu birbaşa ATƏT Minsk qrupu həmsədr dövlətlərinə və Azərbaycana meydan oxumaqdır. Minsk qrupunun həmsədr dövlətləri Paşinyanın müzakirələrin formatını dəyişdirmək təşəbbüsünə mənfi münasibət bildirsələr də, Ermənistan və qondarma rejimin təhlükəsizlik şuralarının Azərbaycanın işğal altında olan ərazilərində ortaq müşavirə keçirmələrini qınayan heç bir xüsusi bəyanat vermədilər. Amma Azərbaycan öz ərazisində geniş miqyaslı hərbi təlimlər keçirdiyi zaman, bunun xüsusilə də Qarabağ münaqişəsini gərginləşdirəcəyi haqda Qərb mətbuatında müxtəlif fikirlər səslənir.
Paşinyan 25 mart 2019 tarixində müdafiə nazirliyində qapalı iclas keçirərək mövcud siyasi və hərbi təhlükəsizlik vəziyyətini dəyərləndirib. Bu iclasın ABŞ Prezidenti Donald Trampın İsrailin işğal etdiyi Qoland təpələrinin bu ölkənin bir parçası kimi qəbul edilməsi haqqında qərarı imzalamasından, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündən əvvəl keçirilməsi də xüsusi məna daşıyır.
Qeyd edək ki, Paşinyan 27 martda verdiyi bəyanatda müzakirələrin predmetini dəqiqləşdirilməsə də, qondarma rejimin nümayəndələrinin müzakirələrdə iştirak etməsi tələbini yenidən gündəmə gətirəcəyini vurğulayıb.
İclasdan sonra erməni mətbuatında müzakirələrin formatında fundamental dəyişikliklərin aparılmasının şərt olduğu, bunu siyasi-diplomatik və hərbi proseslərlə birlikdə sinxronizasiya edilməsinin vacibliyi haqqında müzakirələr gedir. Bu müzakirələrdə Ermənistanın təşəbbüsü əlinə aldığı, diplomatiyanın gücləndirilməsi və eyni zamanda birbaşa olaraq hərbi güc amili ilə də bu strategiyanın gücləndirilməsindən bəhs edilir.
Ötən həftə Ermənistanın Müdafiə naziri David Tonoyan ölkəsinin müdafiə strategiyasından hücüm strategiyasına keçməsi haqqında bəyanat vermişdi. Bəyanatda bu dəyişikliyin “önləyici hücum” startegiyası ilə eyniləşdirilməsinin doğru olmayacağı, amma “Ermənistan və Arsax”a qarşı təcavüzün qarşısının alınmasında effektiv vasitə kimi Ermənistan silahlı qüvvələrinin hücum variantını seçməkdə tərəddüd etməyəcəyi vurğulanırdı.
Ehtimal var ki, Paşinyan qondarma rejimin müzakirələrdə iştirak etməsi tələbini gündəmə gətirərkən irimiqyaslı hərbi əməliyyatlara başlayaraq bu tələbin əksik qalan tərəfini-müharibə amili ilə tamamlayaraq Azərbaycanı fakt qarşısında qoymaqla çalışır.
Hadisələrin bu şəkildə cərəyan etdiyi bir zamanda Ermənistan mətbuatında ABŞ-ın eyni şəkildə qondarma “Dağlıq Qarabağ” rejiminin də “müstəqilliyini” tanıması ehtimalının artdığı iddia edilir. Amma aydındır ki, həm Ermənistan ABŞ üçün İsrail qədər strateji əhmiyyətə sahib deyil, həm də ermənilərin iddia etdikləri kimi ABŞ-ın son addımının Dağlıq Qarabağ problemində əmsal təşkil etməsi ehtimalı aşağıdır.
Ancaq Ermənistan tərəfinin cəbhədə provokasiyaya əl atma ehtimalı hər zaman realdır. Bu səbəbdən də əslində ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla vasitəçilərdən əsl gözlənilən Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi bəyanatların və ölkənin mətbuatında səsləndirilən fikirlərin birbaşa müharibəyə çağırış kimi dəyərləndirilməsi və buna reaksiya göstərilməsidir. Bu istiqamətdə isə hələ ki, nəzərəçarpacaq bir fəaliyyət görünmür.