Hatəm Cabbarlı, Siyasi elmlər doktoru
SSRİ süqut edənə qədər Moskva (16 mart 1921) və Qars müqaviləsi (13 oktyabr 1921) imzası olan tərəflər arasında qətiyyən müzakirə edilməmişdir. Ancaq 1991-ci ildən sonra Ermənistanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları, siyasətçilər bu müqavilələrdən irəli gələn öhdəlikləri tanımamış və müqavilələrin denonsasiya edilməsini tələb etmişdir.[1] Ermənistan hökumətinin bu tələblərə laqeyd yanaşması, münasibət bildirməməsi, Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda ermənilərə qarşı törədilən soyqırımının beynəlxalq aləmdə tanınmasını dəstəkləyir” ifadəsinin yer alması, 1995-ci ildə qəbul edilən Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad etməsi onu göstərir ki, bu, hökumətin məsələ ilə bağlı siyasətinin siyasi partiyalar və qeyri-hökumət təşkilatları vasitəsilə başqa bir müstəvidə davam etdirilməsidir. Ermənilərin bu müqaviləni niyə denonsasiya edilməsi üçün təbliğat aparmalarını anlamaq üçün müqavilələrin mahiyyəti haqqında qısa bilgi vermək zərurəti ortaya çıxır.
Moskva müqaviləsi
Moskva müqaviləsi 16 mart 1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanmışdır. Moskva müqaviləsinin 3-cü maddəsi: “İmza edən tərəflər, müqavilənin 1 (C) əlavəsində qeyd edilən sərhədləri ilə Naxçıvan kəsiminin qoruyuculuq haqqının heç bir zaman 3-cü bir tərəfə verməmək şərti ilə Azərbaycanın himayəsində muxtar bir bölgə qurulması haqqında razılığa gəliblər.”
Moskva müqaviləsindəki bu hökm Qars mqaviləsinin 1-ci və 5-ci maddələri gərəyincə Qars mqaviləsinin tərəfləri olan Türkiyə Cumhuriyyəti, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR tərəfindən də qəbul edilir.
Beləliklə, Moskva müqaviləsinin 3-cü maddəsi Türkiyə və Rusiyaya Naxçıvan üzərində qarantorluq haqqı verir və bu haqqı Ermənistan hüquqən tanısa da siyasi olaraq tanımır.
Qars müqaviləsi
Qars müqaviləsi 13 oktyabr 1921-ci ildə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə Cumhuriyyəti arasında RSFSR iştirakı ilə imzalanmışdır.
Bu müqavilə imzaları olan dövlətlər arasında sərhəd, gömrük, ərazi, qaçqın və əsirlər, ərazi mübadiləsi və digər məsələləri həll etmişdir.
Bu müqaviləyə görə Türkiyə hökuməti, Sovet Ermənistanı və Sovet Azərbaycanı Naxçıvanın (3-cü əlavədə göstərilən sərhədlər daxilində) Azərbaycanın himayədarlığı altında muxtariyyat statusunda olmasına razılıqlarını bəyan edirlər (maddə 5).
Türkiyə Batum limanı və şəhərinin razılaşdırılan sərhədlər daxilində Gürcüstana verilməsinə etiraz etmir (maddə 6).
Müqavilə imzalandıqdan sonra ratifikasiya edilməlidir (maddə 20).
Moskva və Qars müqavilələrinin imzalanmasının 2021-ci ildə 100 ili tamam olacaq və Ermənistanda qurulan “Siyasi Liqa” yenidən bu müqavilələrin denonsasiya edilməsi məsələsini gündəmə gətirmişdir. Liqanın verdiyi bəyanata Miras Partiyası, Demokratik Vətən Partiyası, Ermənistan Avropa Partiyası, Sasna Çrer Ümumerməni Hərakatı, siyasətşilərdən Ara Papyan, Arkadi Vardanyan, Armenak Kyureqyan qoşulub və digər siyasi partiya və siyasətçilərin də bəyanata qoşulması üçün təliğat aparılır. Bəyanatın axrıncı bəndində “Rusiya Federasiyasına çağırış edirik ki, sələfi RSFSR tərəfindən imzalanmış Moskva müqaviləsinin denonsasiya edilməsi üçün 16 mart 2021-ci ilə qədər siyasi-hüquqi prossesi başlatsın” ifadəsi yer almışdır.[2]
Ermənistanda ənənəvi olaraq Moskva və Qars müqavilələrinin denonsasiya edilməsini əsasən Daşnaqsutyun və Miras partiyaları gündəmə gətirir. Bundan başqa Ermənistan Rusiyada da bəzi dairələrlə birlikdə Qars və Moskva mqavilələrinin denonsasiya edilməsini müzakirə edir və dəstək arayır.
Ermənistanın Moskva və Qars mqavilələrinin denonsasiya edilməsi tələbinə, Daşnaqsutyun Partiyasından bir milliət vəkilinin 1993-cü ildə Ermənistan parlamentində Qars müqaviləsinin tək tərəfli ləğv edilməsini nəzərdə tutan qanun layihəsini təqdim etmək istərkən, o zamanın Xarici işlər nazirinin birinci müavini Gerard Libaridyanın “…Türkiyənin tankları İrəvana çatmadan, Ermənistan tanklarının Vana çatma şansı nə qədərdir?”[3]– şəklində verdiyi cavab gözəl bir nümunədir.
Ermənistan Elmlər Akademiyası 16 mart 2006-cı ildə Moskva müqaviləsinin 85-ci ildönümü münasibəti ilə “dəyirmi masa” təşkil etmişdir. İclasada iştirak edən siyasi partiya liderləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ziyalılar tarixi səhvi düzəltmək üçün Ermənistan parlamentinə və Rusiya Dövlət Dumasına müraciət edərək Moskva müqaviləsinin ləğv edilməsini tələb etmişdir.
2015-ci ilin dekabr ayında Rusiyada Gənc ermənilər konqresi və Qara dəniz, Xəzər dənizi hövzəsi siyasi və sosial tədqiqatlar institutu Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi məsələsinin müzakirə ediləcəyi haqqında elan vermişdir.
Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrinin müavini Valeri Raşkin və Kommunist Partiyasının Mərkəzi Komitəsinin Katibi Serqey Obuxov 16 Mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin ləğv edilməsi üçün Prezident Vladimir Putinə və XİN rəhbəri Serqey Lavrova müraciət etmişlər.
Müraciətdə deyilir: “Hesab edirik ki, Türkiyənin yüksələn təcavüzü şəraitində ölkəmiz və müttəfiqlərimiz üçün əlverişli olmayan bütün Rusiya-Türkiyə razılaşma və müqavilələri yenidən gözdən keçirmənin hüquqi yolları axtarılmalıdır. Ankara konfliktin eskalasiya olmasının onun üçün necə nəticə verəcəyini anlamalıdır. Yalnızca bu Türkiyəyi ayılda və yeni təxribatlardan çəkindirə bilər.”
Bu müraciətdə “ölkəmiz və müttəfiqlərimiz üçün əlverişli olmayan” ifadəsi birbaşa Ermənistanı nəzərdə tutur və onları həvəsləndirir.
Ermənistanda Moskva və Qars müqavilələrinin denonsasiya edilməsini tələb edən siyasi güclər 23 may 1969-cu ildə qəbul edilmiş “Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası”nın 53-cü maddəsinə istinad edir. Konvensiyanın 53-cü maddəsi Ümumi beynəlxalq hüquq normalarına uyğun olmayan müqavilələrdən (jus cogens) və müqavilələrin denonsasiya edilməsindən bəhs edir.[4] Amma Ermənistanın müqavilələrin denonsasiya edilməsi üçün tələblərinin heç biri bu müddəalara uyğun deyil.
Rusiyanın məsələyə münasibəti
İkinci Dünya Müharibəsindən sonra Stalinin Boğazlar məsələsini gündəmə gətirməsi istisna olmaqla, SSRİ-Türkiyə münasibətlərində ciddi gərginlik yaşanmamışdır. Bu günə qədər Rusiya dövlət rəsmiləri Moskva və Qars müqavilələrinin tək tərəfli olaraq denonsiya edilməsi məsələsini gündəmə gətirməsələr də, bu məsələ Rusiyanın elm və siyasi dairələrində və sosial şəbəkələrdə son illərdə müzakirə edilir.
Bu təşəbbüs Ədalətli Rusiya qrupu tərəfindən də dəstəklənmişdir. Duma deputatı Oleq Paxolkov bu müqavilənin Rusiya üçün ağır şərtlərdə imzalandığını və Dağlıq Qarabağın yaradılması maddəsi olduğunu qeyd edib.
Maraqlı odur ki, Moskva müqaviləsində Dağlıq Qarabağ ilə bağlı heç bir maddə olmasa da, Paxolkov Dağlıq Qarabağ ifadəsini işlədir. Bu gələcəkdə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən xəbər verir.
Türkiyənin məsələyə münasibəti
Ermənistan sadəcə Moskva və Qars müqaviləsinin denonsasiya edilməsini istəmir, eyni zamanda 10 avqust 1920-ci ildə Osmanlı hökumətinin imzaladığı, amma Məclisi-Məbusan və Sultan tərəfindən təsdiq edilməyən Sevr müqaviləsini yenidən gündəmə gətirərək, böyük dövlətlərin təzyiqləri ilə heç bir hüquqi əsası və Türkiyə üçün öhdəlik doğurmayan bu müqaviləni Türkiyəyə qəbul etdirməyə çalışır. Qeyd edək ki, Ermənistanın bu tələbinə qarşılıq Türkiyə hökuməti 1920-ci ildə Ermənistanın imzaladığı amma Bolşevik Rusya tərəfindən işğal edildiyi üçün eynilə Sevr müqaviləsi kimi ratifikasiya edilməsə də, Ermənistandan Gümrü müqaviləsini qəbul etməyi tələb etmir.
Ermənistanın Sevr müqaviləsinin Türkiyə tərəfindən qəbul edilməsi tələbi, Rusiyanın Moskva müqavilsiinin tək tərəfli olaraq denonsasiya edilməsi məsələsi gündəmə gələrkən Türkiyə hökuməti həmişə səssiz qalmış və heç bir zaman qarşı bəyanat verməmişdir.
Qeyd edək ki, Gürcüstan Acarıstanın muxtariyyatını ləğv edəndə Türkiyənin Qars müqaviləsində açıq olaraq Acarıstan üzərində qarantor devlət olduğu qeyd edilməsə də həmin müqavilənin 6-cı maddəsinə istinad edərək (6-cı maddənin ikinci bəndi: bu maddədə göstərilən yerlərin əhalisi, bütün icmalar mədəniyyət və dini hüquqlarından, inzibati idarədə geniş yerli muxtariyyat hüququndan istifadə etmək…) bu məsələyə heç bir münsibət bildirmədi. Türkiyə hökumətinin bu zaman səssiz qalması olduqca düşündürücüdür.
Azərbaycanın məsələyə münasibəti
Hələ ki, Moskva və Qars müqavilələrinin denonsasiya olunması üçün müqavilədə imzası olan tərəflərdən heç biri rəsmi olaraq bu barədə təşəbbüs göstərməyib. Ancaq bu o demək deyildir ki, tərəflərdən hər hansı biri buna heç bir zaman təşəbbüs etməyəcək. Bu gü bölgədə təhlükəsizlik mühiti o qədər gərgindir ki, müqavilədə imzaları olan dövlətlərdən Rusiya və Ermənistan bunu edə bilər, xüsusilə də Rusiya.
Ermənistan bu məsələdə Rusiyanı təhrik edən siyasət həyata keçirir və ilk addımı Rusiyanın atmasını istəyir.
Azərbaycan belə bir hadisə ilə üzləşərsə, mütləq beynəlxalq hüquqda müqavilələr hüququndan irəli gələn şərtləri ön plana çıxarmalıdır. Naxçıvanın hüquqi statusunun hər hansı bir şəkildə pozulması Azərbaycanı olduqca çətin vəziyyətə sala bilər. Bu ərazi ilə fiziki bağlantısı yoxdur və bölgədə hər hansı bir şəkildə hərbi əməliyyatlar başlayacağı təqdirdə kömək etmək çətin olacaq.
[1]Армения готовится денонсировать Карсский договор http://www.echo-az.com/politica01.shtml, 17 марта 2008
[2]Закрепить в новой Конституции правопреемство Республики Армения 1918-20 годов и осудить договор 16 марта 1921 года https://www.lragir.am/ru/2020/03/16/168804/, 16.03.2020.
[3]Qerard Libaridian, Ermenilerin Devletleşme Sınavı, 1. bs., İletişim Yayınları, İstanbul 2001, . 36.
[4]Венская конвенция о праве международных договоров, https://www.un.org/ru/documents/decl_conv/conventions/law_treaties.shtml