Avropa

Almandilli mətbuatda 44 günlük müharibədən sonrakı proseslərə yanaşmanın təhlili

Pinterest LinkedIn Tumblr

Giriş

44 günlük müharibə və ondan sonrakı mərhələ bütün dünya mediasının olduğu kimi Almandilli ölkələrin mətbuatının da əsas diqqət mərkəzində olmuşdur.

Almandilli ölkələrin (Almaniya, Avstriya və İsveçrə) mətbuat orqanlarında xüsusilə 10 dekabr 2020-ci il tarixində Azərbaycanda keçirilmiş Zəfər paradına dair materiallar daha çox yer almışdır.

Materiallarda hərbi paradın gedişatı işıqlandırılmış, prezidentlər İlham Əliyevin və Recep Tayyib Erdoğanın çıxışlarında Ermənistana dair məqamlara toxunulmuş, habelə Ermənistanın müharibədə məğlub olmasının səbəbləri təhlil edilmişdir.

  1. Almaniya mətbuatı

“Frankfurter Allgemeine Zeitung” qəzetində (10.12.2020)  “Dağlıq Qarabağ müharibəsi: qələbədən sərxoş olmuşlar”  başlıqlı məqalədə Azərbaycanda hərbi parad keçirildiyi, paradda Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğanın da qatıldığı bildirilir. İddia edilir ki, “prezidentlər İlham Əliyev və Recep Erdoğan parad zamanı pafoslu ifadələr işlətməklə və erməni ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasını nümayiş etdirməklə Ermənistanı qorxutmaq istəyirlər”. Məqalədə prezidentlər İlham Əliyev və Recep Tayyip  Erdoğan parad zamanı söylədikləri nitqlər subyektiv interpretasiya edilir, bu zaman Azərbaycanın Vətən müharibəsindəki uğurlarına kölgə salmağa yönələn aşağıdakı fikirlərə yol verilir, hətta guya Azərbaycan tərəfinin beynəlxalq hüququn təməl prinsipini (güc tətbiqindən imtina) pozduğu iddia edilir:

Prezident Əliyev müharibənin ilk günlərindən Türkiyənin hərtərəfli dəstəyini hiss etdiyini deyir…

Prezident Əliyev çıxışı zamanı hər zaman və dayanmadan illərdən bəri müharibəyə hazırlaşdığını və münaqişənin hərbi yolla həllini heç zaman istisna etmədiyini deyir. O,  bu sözləri ilə özü-özünü inkar etmiş olur  və müharibədən öncə ATƏT çərçivəsində aparılan danışıqların təməl prinsipinin, yəni “güc tətbiqindən imtina”nın əleyhinə getmiş olur.

Prezident Əliyev paytaxt İrəvan da daxil olmaqla, Ermənistanın digər ərazilərini Azərbaycanın tarixi torpaqları adlandırmışdır”.

Sonra Türkiyə tərəfinin paraddakı iştirakına diqqət yönəldilərək aşağıdakılar qeyd edilir: “Türk əsəgərlərinin parad düzülüşündə Azərbaycan əsgərləri ilə birlikdə addımlamasının arxasında Ermənistanı hədələmək və qorxutmaq niyyəti dayanır”.

Erdoğan öz çıxışında “Qarabağ şəhidlərinin, Ənvər Paşanın və türk dünyasının bütün qəhrəmanlarının ruhunun məhz bu gün şad olduğunu” deyir. Ənvər Paşa 1915-ci ildə ermənilərə qarşı törədilmiş soyqırıma görə məsuliyyət daşıyan əsas günahkarlardan biridir”.

“Frankfurter Allgemeine Zeitung” qəzetində (11.12.2020) dərc edilmiş “Ermənistanın beynəlxalq dəstəyə ehtiyacı vardır” başlıqlı digər məqalənin giriş hissəsində Ermənistanın öz davranışları ilə yeni müharibəyə səbəb olduğu qeyd edilsə də, bu ölkəyə beynəlxalq dəstəyin verilməsinin vacibliyi vurğulanır və Türkiyə-Azərbaycan birliyi haqda subyektiv və ədalətə söykənməyən qeydlərə yol verilir:

“Doğrudur, Ermənistan öz hərəkətləri ilə hərbi toqquşmaya və yüz minlərlə insanın öz yurd-yuvasında qaçqın düşməsinə səbəb olmuşdur, amma bu ölkənin (Ermənistanın) indi beynəlxalq siyasi dəstəyə və köməyə ehtiyacı vardır. Əks halda, bu regionda (Qafqazda) davamlı sülhə bağladığımız ümidlər təhlükə altında qalacaqdır.

İlham Əliyevin Ermənistanın paytaxtını qədim Azərbaycan torpağı adlandırması diqqəti çəkən məqamdır. Receb Erdoğanın isə 1915-ci il soyqırımının əsas baiskarlarını “xalq qəhrəmanı” kimi qusması (obrazlı şəkildə desək) türk-kipr münaqişəsi fonunda Avropa İttifaqının Türkiyəyə münasibətdə qəbul etdiyi qərarlarda nəzərə alınmalıdır”.

“n-tv” televiziya kanalının xəbərlər portalında (10.12.2020) və “Frankfurter Rundschau” qəzetində (10.12.2020 ) yer almış xəbərlərdə isə paradın gedişatı təsvir edilir və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “əgər erməni aqressiyası dayanmasa, “Azərbaycanın dəmir yumruğu”nun bir daha onların belini qıracaq” ifadəsini işlətməklə Ermənistanı hədələdiyini” yazırlar.

“Süddeutsche Zeitung” qəzeti (10.12.2020) Azərbaycanda keçirilmiş paradı – “qədim Romada imperator Sezarın qall tayfaları üzərində qələbəsi şərəfinə keçirdiyi paradla müqayisə edərək, onu arxaik, kobud və cilalanmamış zorakılığın nümayişi” olaraq səciyyələndirir.

“Tageszeitung (taz)” qəzeti (10.12.2020) də Bakıda keçirilmiş qələbə paradını istehzalı tərzdə işıqlandırmaqla kifayətlənməyərək, erməni mənbələrinə, Human Rights Watch və digər qeyri-hökumət təşkilatlarının mənbələrinə istinad edərək, internetdə erməni əsgərlərinin azərbaycanlıar tərəfindən təhqir edilməsini və ağır cismani cəzalar verilməsini  iddia edir.

“DER SPİEGEL” jurnalı (10.12.2020) isə “Bakıda keçirilmiş paradın Sovet İttifaqının faşist Almaniyası üzərində qələbə qazanması münasibəti ilə keçirdiyi paradın məntiqinə uyğun gəldiyini” yazır “Prezident Əliyevin düşmən tərəfini, yəni Ermənistanı “erməni faşizmi” olaraq səciyyələndirdiyini” vurğulayır.

  1. Avstriya mətbuatı

Azərbaycanın Qələbə paradına dair Almaniya mətbuatında yer almış anti-Azərbaycan fikirlər özünün təkrarını Avstriya mətbuatında tapmışdır. Belə ki, Avstriyanın nüfuzlu mətbuat orqanlarından biri sayılan “Die Presse” qəzetində dərc edilmiş məqalədə (10.12.2020) Vətən müharibəsi retrospektiv perspektivdən təhlil edilərək, Azərbaycanın qalib gəlməsi və Ermənistanın məğlub edilməsi səbəbləri araşdırılır. Burada “türk ordusunun aktiv, birbaşa və hərtərfli şəkildə müharibədə iştirakı” və “Türkiyə vasitəsi ilə sayı minlərlə ölçülən suriyalı döyüşçülərin Azərbaycana gətirilərək mühairbəyə cəlb edilməsi” iddia edilir. Məqalədə “Türkiyənin həm aktiv şəkildə müharibə, həm də bu müharibə ətrafında cərəyan edən diplomatik proseslərə və danışıqlara qoşulduğu” vurğulanır və Ermənistanın Baş naziri Nikol Paşinyana istinadən eyham tonunda aşağıdakılar qeyd edilir:

“əgər beynəlxalq ictimaiyyət geopolitik situasiyanı doğru qiymətləndirə bilməsə, türklər yenidən Vyana qapılarının qarşısında dayanacaqlar(tarixdə osmanlı ordusunun Vyana şəhərini mühasirəyə alınması nəzərdə tutulur). Yüzillik fasilədən sonra bir daha Qafqaza geri dönməklə, ermənilər üzərində 1915-ci ildə həyata keçirmiş olduqları genosidi davam etdirmək istəyirlər”.

 “Kurier” qəzetində (12.12.2020) dərc edilmiş “müharibənin laboratoriyası” başlıqlı məqalədə isə Ermənistanın müharibədə uduzmasının səbəbləri, xüsusilə hərbi-texnoloji aspektləri təhlil edilir. Məqalənin giriş hissəsində Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın qalıb gəldiyi, bu münasibətlə Azərbaycanın Bakı şəhərində təntənəli Zəfər paradını təşkil etdiyi, burada Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistanın ünvanına çıxışlar etdiyi qeyd edilir:

“minlərlə əsgər cəlb olunduğu Zəfər paradında Azərbaycan ordusunun sərəncamında olan bütün növ modern texnikalar nümayiş etdirildi. Binalardan Azərbaycanın və Türkiyənin nəhəng bayraqları asılmışdı.

Paradda çıxış edən  Azərbaycan Prezidenti İlham Əliyevin “əgər təcavüz davam edərsə, Azərbaycan özünün dəmir yumruğu ilə düşmənin onurğa sütunu qıracaq” kimi ifadəni işlətməsi, Türkiyə Prezidenti Receb Erdoğanın isə “ermənilərdən təzminat tələb etməsi” artıq tarixə qovuşmuş 20-ci yüzillik boyunca çox dəfələrlə təkrarlanmış güc nümayişini xatırladırdı”.

Ardınca, Avstriyada yerləşən Sülhün təmin edilməsi və münaqişlərin idarə edilməsi institutun rəhbəri, Avstriya ordusunun zabiti, general-mayor Yohan Franka istinadən, Azərbaycanın Ermənistan üzərindəki qələbəsi təhlil edilir:

“bütün dünyanın, xüsusilə Avropanın COVİD-19 və onun nəticələri ilə məşğul olması, habelə ABŞ-da cərəyan edən seçki prosesləri fonunda Azərbaycanın öz düşməninə həmlə etmək üçün doğru zamanı seçə bildiyini etiraf etmək lazımdır, bu həm də onun strateji cəhətdən ağıllı davran bilməsinin göstəricisi idi.

Azərbaycan həm də münaqişənin siyasi-strateji aspektlərini doğru qiymətləndirərək, Rusiyanın necə davranacağını daha yaxşı bilirdi. Belə ki, Rusiya münaqişənin Ermənistanın ərazisinə də keçməsinin qarşısını alsa da, vasitəçilik missiyasını Azərbaycanın xeyrinə həyata keçirdi”.

General-mayor Yohan Frank həm də müharibənin texnoloji aspektlərinə diqqəti yönəldərək, aşağıdakıları qeyd edir:

Müharibənin hərbi-texnoloji aspektlərinə də diqqət yetirmək gərəkdir. Bu müharibə əslində bir laboratoriya rolunu oynadı. Burada Azərbaycan yeni texnologiyalardan, xüsusilə pilotsuz uçuş aparatlarından, muzdlu döyüşçülərin kütləvi istifadəsindən və təbliğat vasitəsi olaraq sosial şəbəkələrdən uğurla istifadə etdi. Bütün bunlardan, şübhəsiz ki, əvvəlki müharibələrdə də istifadə edilirdi. Azərbaycan isə bunları daha da təkmilləşdirdi. Müharibə zamanı Azərbaycanın Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından uğurla istifadə etməsi adıçəkilən texnikanı istehsal edən şirkətlərin silah bazarında özünütəsdiqi üçün əla vasitə idi.

Müharibədə Ermənistanın sərəncamında rus hərbi təyyarələri, Azərbaycanın sərəncamında isə türk hərbi təyyarələri vardı. Əldə etdiyimiz məlumatlara görə, müharibə zamanı Rusiya Ermənistana hərbi təyyarələrdən istifadə edilməməsi üçün təzyiq etmişdi, çünki ruslar özlərinin istehsal etdikləri təyyarələrin döyüşdə uduza biləcəyindən qorxurdular, bu isə Rusiya silah sənayesi üçün anti-reklam ola bilərdi”

Diqqətəlayiq digər məqam isə muzdlu döyüşçülərin müharibəyə cəlb edilməsidir. Məlumatlara görə, sayı 900 ilə 5000 nəfər arasında dəyişən cihad motivli döyüşçülər Azərbaycan tərəfdən müharibəyə qoşulmuşlar. Onların nə vaxtsa Suriyaya geri dönəcəkləri  və ya müstəqil fəaliyyət göstərəcəkləri bəlli deyildir. Məhz Rusiyanın bundan narahat olduğunu hiss etmək çətin deyildir.

Beləliklə, Erdoğan həm Liviyada, həm Suriyada, həm də Dağlıq-Qarabağda siyasi həqiqətlər/faktlar formalaşdıra bilmişdir”.

“Der Standard” (10.12.2020), “Salzburger Nachrichten” (11.12.2020), “Kleine Zeitung” (10.12.2020) qəzetləri, habelə “oe24” (10.12.2020) və “Voralberger online” (11.12.2020) xəbərlər portalları isə alman mətbuatında verilmiş xəbərləri təkrarlayır. Burada da, alman mətbuatında qeyd edildiyi kimi, paradın gedişatı təsvir edilir, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “əgər erməni aqressiyası dayanmasa, Azərbaycanın dəmir yumruğunun bir daha onların belini qıracaq” ifadəsini işlətməklə Ermənistanı hədələdiyi” yazılır və “tərəflərin mülki əhaliyə qarşı zor tətbiq etdiklərinə görə müharibə hüququnun pozduqlarını” qeyd edirlər.

  1. İsveçrə mətbuatının almandilli seqmenti

İsveçrə mətbuatının almandilli seqmentində də Almaniya və Avstriya mətbuatında yer almış fikirlər oxşar şəkildə təkrarlanır. İsveçrədə və almandilli məkanda böyük nüfuza və ictimai təsirə malik olan “Neue Zürcher Zeitung” (NZZ) qəzeti isə mövzuya daha çox diqqət ayırsa da, ənənələrinə sadiq qalaraq, hadisələrə daha çox subyektiv-ermənipərəst perspektivdən yanaşır. Adıçəkilən qəzetdə dərc edilmiş məqalənin (10.12.2020) giriş hissəsində illərdən bəri yüz minlərlə azərbaycanlının qaçqın düşdüyü bir neçə cümlə ilə qeyd edilir. Lakin, məqalə anti-Azərbaycan tonlarla davam etdirilir, bu zaman Azərbaycan dövləti və onun xalqı qısasçılıqda və ermənilərlə sülh şəraitində yaşamağa hazır olmamaqda ittiham edilir:

“Təxminən bir ay yarım davam edən müharibə Azərbaycan xalqının şüurunda ermənilərə qarşı nifrət hisslərinin illərdən bəri necə də dərin kök salmasının göstəricisi idi. Məhz bu nifrətin sayəsində hətta ən radikal müxalifətçilər və barışmaz mühacirlər siyasi barışmazlığı kənara qoyaraq, ölkəni avtoritar üsullarla idərə edən prezidentin müharibə ritorikası ətrafında birləşdilər.

Ölkədə, azacıq da olsa, sülhə çağırış edən hər kəsə nifrət edilir. Erməni əsirlərinə verilən cismani cəzaları özündə əks etdirən videolara etiraz edən çox az azərbaycanlıya rast gəlmək olar.

Azərbaycanın keçirdiyi parad və bu paradda türk əsəgərlərinin, həmçinin Receb Erdoğanın da iştirakı yuxarıda qeyd edilənlərin göstəricisidir. Prezidentlər Erdoğan və Əlyevin parad zamanı etdkiləri çıxışlar xalqların barışı üçün az dərəcədə yararlıdır. Barışdan dəm vuran Prezident Əliyev Ermənistanın ərazisini qədim Azərbaycan torpaqları adlandırır”.

“Aargauer Nachrichten” (12.12.2020), “Tagblatt” (10.12.2020), “MarchAnzeiger” (10.12.2020) qəzetlərində, habelə “nau.ch”, blick.ch”, swissinfo.ch” xəbər portallarında da yer almış xəbərlərdə Almaniyada və Avstriyada mövzu üzrə dərc edilmiş materiallardakı məqamlar təkrar edilir.

 Nəticə

Vətən müharibəsinin başladığı ilk gündən etibarən almandilli ölkələrin mətbuatı müharibənin gedişatını diqqət mərkəzində saxlamış və periodik şəkildə onu işıqlandırmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, dərc edimiş materilların mütləq əksəriyyətində Azərbaycanın ərazisinin məhz Ermənistan tərəfindən işğal edilməsinin və onun əhalisinin uzun illərdən bəri qaçqın düşərgələrində yaşamasının üzərindən sükutla keçilmiş, əvəzində isə müharibədə əslində heç bir rolu olmayan din faktoru və beynəlxalq hüquq baxımından bu müharibədə heç bir əhəmiyyəti olmayan “xalqların öz müqəddəratını təyinetmə prinsipi” ön plana keçirilmişdir.

Müharibənin zəfərlə bitməsi münasibətlə keçirilmiş parada dair dərc edilmiş materialların xülasəsi yuxarıda qeyd edilənləri təsdiq edir. Zəfər paradına dair Almaniya mətbuatında, xüsusilə nüfuzlu “Frankfurter Allgemeine Zeitung” (F.A.Z.) qəzetində yer almış materiallarda Azərbaycanının Vətən müharibəsindəki uğurlarına kölgə salmağa yönələn fikirlərə (suriyalı muzdlu döyüşçülərin cəlb edilməsi və s.) yol verilmiş, hətta Azərbaycan tərəfinin beynəlxalq hüququn təməl prinsipini (güc tətbiqindən imtina) pozduğu iddia edilmişdir. F.A.Z.-də yer almış digər materiallarda isə Türkiyə-Azərbaycan birliyinin ünvanına subyektiv və ədalətə söykənməyən qeydlərə yol verilmiş, həmçinin Ermənistana beynəlxalq siyasi dəstəyin verilməsinə çağırış edilmişdir.

Azərbaycanın Qələbə paradına dair Almaniya mətbuatında yer almış anti-Azərbaycan fikirlər özünün təkrarını Avstriya mətbuatında tapmışdır.

İsveçrə mətbuatının almandilli seqmentində də Almaniya və Avstriya mətbuatında yer almış fikirlər oxşar şəkildə təkrar edilmiş və ya tirajlanmışdır. İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) qəzetində dərc edilmiş materiallarda Azərbaycan xalqı qısasçılıqda və ermənilərlə sülh şəraitində yaşamağa hazır olmamaqda ittiham edilmişdir.

Hətta Vətən müharibəsi bitdikdən sonra da almandili ölkələrin mətbuatı Azərbaycan-Ermənistan müharibəsini diqqət mərkəzində saxlamış və böhtan xarakterli tezisləri (“kilsələrin və digər xristian-erməni abidələrinin Azərbaycan tərəfindən dağıdılması” və s.) tirajlamaqda davam etmişlər.

Rauf Cəfərov