Giriş
Ermənistan-Azərbaycan müharibəsi, bu savaşda Azərbaycan tərəfinin qələbə qazanması, amma buna baxmayaraq, hələ də müəyyən problemlərin olması, “sülhməramlı” adı altında Rusiyanın Qarabağa yerləşməsi, onun Cənubi Qafqazda təsir rıçaqlarını qorumaq məqsədi, müharibənin siyasi, diplomatik və informativ müstəvidə davam etdiyi, bununla yanaşı, rəsmi Kremlin təhlükəsizlik məsələləri adı altında yeritdiyi siyasət, Rusiyanın Ukraynanı istila etməsi və s. bu kimi məsələlər son günlərdə sosial şəbəkələrdə, Kütləvi İnformasiya Vasitələrində, dəyirmi masalarda, elmi dairələrdə, beynəlxalq arenada daha çox müzakirə olunan mövzulara çevrilib.
Bu bir həqiqətdir ki, hər bir böyük dövlətin özü kimi “böyük güc” siyasəti vardır və bu siyasət yolunda qarşıya çıxan maneələr amansızlıqla aradan qaldırılır. Lakin bunu da xüsusilə qeyd etmək lazım gəlir ki, bu maneələr məhz böyük güclər tərəfindən bir-birilərinə qarşı siyasi, iqtisadi, hərbi vasitə kimi planlı şəkildə yaradılaraq geosiyasi səhnəyə çıxarılır. Tarixən olduğu kimi, günümüzdə də böyük güclər arasında dünyanın strateji baxımdan əhəmiyyət daşıyan bölgələrinə nəzarət uğrunda rəqabət və “nüfuz savaşı” gedir. Bu mübarizədə isə uğrunda rəqabətlərin aparıldığı bölgələrin rəyi belə nəzərə alınmır, ölkələr sistematik şəkildə xaosa sürüklənir. Bu, böyük güclərin “Dünya Nizamı”dır. Qeyd etmək lazımdır ki, Dünya Nizamı özünü qloballaşma, demokratiya, insan hüquqları və s. adlar altında gizlətsə də, geosiyasətlə qarşı-qarşıya gəlmiş və toqquşmuşdur. Tarixən prinsip etibarilə sülhü qorumağı rəhbər tutan beynəlxalq sistemlər mövcud olub, bu gün də var. Lakin bu sistemlər geosiyasət qarşısında həmişə məğlubiyyətə düçar olublar.
Ümumiyyətlə, fərqli düşüncədə olan, ixtisasından, peşəsindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsi düşündürən belə bir sual var: müharibələr niyə baş verir? Cavab son dərəcə sadədir: Müharibələr ədalətin bitdiyi anda baş verir. Ədaləti tənzimləyən sistem beynəlxalq hüquqdur. Beynəlxalq hüquq dünyanın aparıcı dövlətləri üçün həmişə arxa planda olub. Böyük güclərin ədaləti yox, geosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Bu baxımdan geosiyasi maraqların toqquşduğu müasir dövrdə də sülh haqqında nikbin düşünmək məntiqə sığmır.
Bu bir həqiqətdir ki, müharibələrdə sülh olmaz, uzlaşma olar. Digər tərəfdən, strategiyada sülh deyə bir anlayış yoxdur. Bu anlayış, belə demək mümkündürsə, bədii yaradıcılıqda yer alır, ədəbiyyatlarda daha çox rast gəlinir. Sülh anlayışı hərbi terminologiyada müharibəyə hazırlıq dövrüdür. Sülh anlayışı beynəlxalq arenada masaya əyləşən zaman uzlaşmaya varılan bir sözləşmənin və ya sazişin adıdır. Daha doğrusu, masada qalib tərəfin məğlub tərəfə öz şərtlərini və tələblərini məcburən qəbul etdirdiyi diktənin adıdır. Beləliklə, müharibəni başladan və sülhü yaradan millətlər deyil, məhz böyük güclərdir.
Qlobal miqyasda baş verən hadisələrin təhlili onu deməyə əsas verir ki, dövlətlərin ərazi bütövlüyünün pozulması, təzyiqlər, müdaxilələr, xaos, geosiyasi rəqabət, güc nümayişi ilə “sülh ideyası” carçısı olmaq arasında böyük paradoks vardır. Hal-hazırda yüksək tonla “dünyada sülh və əmin-amanlığın təmini”, “regionlarda sabitliyin yaranmasına xidmət” və s. kimi səslənən şüarların arxasında şübhəsiz ki, müəyyən məqsədlər durur. Çox maraqlıdır ki, dünyanın bütün böyük dövlətlərinin şüarlarında həmin prinsiplər səslənir. Gündəmə gətirilən şüarlar əlbəttə ki, real məqsədləri ört-basdır etmək üçündür.
Rusiyanın “böyük güc” siyasəti
Yuxarıda sadalanan qlobal məsələlərin təsiri işığında postsovet məkanında, xüsusilə Cənubi Qafqazda və Ukraynada cərəyan etmiş hadisələrin təhlili olduqca böyük elmi, siyasi aktuallıq kəsb edir. Rusiyanın geosiyasi prioritetləri analiz edildiyində çox önəmli məqamlar ortaya çıxır: BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya ona qarşı çıxan və meydan oxuyan dövlətlərin ərazi bütövlüyünü pozmuş və ya təhdid etmişdir. Avrasiyacı fikirlərilə həmişə gündəmə gələn Rusiyanın məşhur strateqlərindən Prof. Dr. Aleksandr Duqin postsovet ölkələri ilə Rusiya arasındakı münasibətlərin perspektivlərini, Rusiyaya qarşı çıxan dövlətlərin aqibətini və gələcəyini belə dəyərləndirməkdədir: “Hər hansı bir keçmiş sovet ölkəsinin ərazi bütövlüyünün təminatı Rusiya ilə münasibətləridir. Postsovet ölkələrindən hər hansı birinin Rusiya ilə münasibətləri yaxşıdırsa, onun ərazi bütövlüyü də təmin edilmiş olur. Əgər münasibətlər pisdirsə, o zaman o ölkə və ya ölkələrin ərazi bütövlüyü pozulur… Gürcüstan, Ukrayna, Moldova kimi Rusiya ilə pis münasibətlər quran ölkələrin hegemonluğu artıq pozulmuşdur”.[1]
Bu vəziyyət Rusiyanın “böyük güc” reallığını əks etdirir. Heç təsadüfi deyildir ki, Cənubi Qafqaz, Ukrayna, Belorusiya, Moldova, Qazaxıstan və Orta Asiyada bu reallıq müşahidə edilir. Yuxarıda adları sadalanan regionlarda problem və münaqişələrin tamamilə həll edilməsi, sülhün bərqərar olması Rusiyanın regional təhlükəsizlik siyasətinin uzunmüddətli maraqları ilə heç bir şəkildə uzlaşmır. Üstəlik, Rusiya öz təhlükəsizlik məsələlərini ön planda tutaraq yeri gəldikcə separatist amillərdən istifadə edir və postsovet ölkələrinin ərazi bütövlüyünü pozur. Postsovet məkanındakı bəzi dövlətləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil etdirməklə onlar üzərində öz nəzarətini qurur, üzv olmayan dövlətlərin ərazilərində də münaqişə ocaqları yaradaraq ordusunu sülhməramlı adı altında həmin bölgələrə yeridir.
Ümumiyyətlə, əksər keçmiş sovet məkanında stabilliyin bərpa olunması, bu məkandakı müstəqil dövlətlər arasında cərəyan edən problemlərin öz real həllinə qovuşması Rusiya baxımından arzuedilən bir hal deyil. Rəsmi Moskvanın bu siyasətinin arxasında onun gələcəyə hesablanmış məqsədləri yatır: tərəfləri özündən asılı vəziyyətdə saxlamaq və regionda təsir rıçaqlarını qorumaq.
Qeyd etmək lazımdır ki, rəsmi Moskvanın uzun illərdir davam edən bu kimi addımları və ikili oyunları onun “sülh carçısı” dövlət missiyası üçün qəbuledilməzdir. Ümumiyyətlə, postsovet məkanında yer alan dövlətlərdə separatçı qüvvələrin mövcudluğunu Rusiyanın Cənubi Qafqazdakı varlığının təminatı kimi xarakterizə etmək daha məqsədəuyğundur.
İkinci Qarabağ müharibəsi, Rusiyanın “böyük güc” siyasətinə rəğmən Azərbaycanın düşünülmüş addımları
Təxminən 30 ilə yaxın idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunurdu. Tərəflər anlaşa bilmədiklərinə görə, problemin həlli ATƏT-in Minsk Qrupuna həvalə edilmiş, lakin bu qurumun cəhdləri uğursuz alınmışdır. Daha doğrusu, Minsk Qrupu münaqişənin həllinə ümumiyyətlə, cəhd etməmişdir. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həllinə yanaşmaq istəmir, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozurdu. Daim böyük dövlətlər tərəfindən dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam etdi, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışdı və qıcıqlandırma metodlarından istifadə etdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar yeni müharibənin xəbərçisinə çevrildi. Onun məlum bəyanatı Ermənistanın etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu.
27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirdiyi hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalqda artan torpaqların qaytarılması arzusu da bu işarənin xəbərçisi idi. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı torpaqlarını qurtardı və Ermənistanı kapitulyasiyaya məcbur etdi. 26 illik atəşkəs anlaşmasından sonra siyasi konyunkturanın yaranması ilə Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarında irəliləməsi və nəzarəti ələ keçirdiyi bir zamanda regionda kilid önəmə sahib olan Rusiyanın mövqeyinin necə olacağı hər kəs tərəfindən düşündürücü idi. Heç təsadüfi deyildir ki, müəyyən vaxtlarda cərəyan edən toqquşmalarda və ya qısamüddətli müharibələrdə bir tərəfin üstünlüyü Rusiyanın ümumi siyasətinin xaricinə çıxmazsa, rəsmi Moskva bu cür toqquşmaya müvəqqəti olaraq səssiz qala bilir və ya öz varlığının əhəmiyyətini hiss etdirmək istəyərsə, buna icazə verirdi.[2] Heç təsadüfi deyildir ki, 2016-cı ilin aprel ayında gerçəkləşən “Dördgünlük müharibə”də də bunu göstərdi.
Ermənistanın sentyabrın 27 sentyabr 2020-ci ildə yeni macəra həvəsiylə başlatdığı hücumda şübhəsiz ki, bəzi planları var idi. Paşinyan hökuməti yuxarıdan aldığı təlimatlara uyğun olaraq müəyyən ssenari çərçivəsində Türkiyə ilə Rusiyanı müharibənin içərisinə çəkmək istəyirdi. Böyük ehtimalla Paşinyan Qərbin və Sorosun planını tətbiq edirdi. Qərbin əsas hədəfi Dağlıq Qarabağ münaqişəsinin miqyasını genişləndirmək, Rusiyanı bilavasitə aktiv fazaya daxil edərək Türkiyə ilə toqquşdurmaq, iqtisadi sarsıntılara məruz qoymaq, Rusiya daxilindəki etnik ünsürlərin müstəqillik mübarizəsini qızışdırmaq və s. idi. Lakin Qərb öz planlarını bu regionda reallaşdıra bilmədi. Yuxarıda da qeyd olunduğu kimi, Ermənistan yuxarıdan aldığı təlimatlara əsasən bu müharibədə Rusiyanın tam dəstəyini almağa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsinə şərait yaratmağa çalışsa da, rəsmi Moskva ikili münasibətlər və KTMT çərçivəsində sadəcə Ermənistana təhlükəsizlik təminatı verdiyini və bu təminatın Azərbaycanın bir parçası olan Qarabağı ehtiva etmədiyini bildirdi.[3] Hətta “Valday” beynəlxalq müzakirələr klubunun iclasında Rusiya Federasiyasının Prezidenti V.Putinin “Azərbaycan torpaqlarının önəmli bir hissəsinin itirildiyi vəziyyət sonsuza qədər davam edə bilməz” açıqlaması da Ermənistana vurulan ən böyük zərbə olaraq xarakterizə oluna bilər.[4] Halbuki Ermənistan bu prosesdə Rusiyanı xilaskar olaraq görürdü. Rusiyadan lazımi dəstəyi ala bilməyən Ermənistan Avropada dəstək axtarışına çıxdı və Prezident Armen Sarkisyan NATO-nun Brüsseldəki mərkəzi qərargahında Baş katib Yen Stoltenberqlə görüşərək öz istəklərini xahiş etsə də, ona NATO-nun bu münaqişənin bir parçası olmadığı bildirildi.[5]
Ermənistanın atdığı addımlar əlbəttə ki, Rusiya tərəfindən diqqətlə izlənilirdi. Amma bunu da nəzərdən qaçırmaq olmaz ki, Ermənistanda mövqeyindən asılı olmayaraq, hansı hökumət iqtidara gəlirsə gəlsin, heç bir halda Rusiyanın Qafqazdakı ən önəmli forpostu olan bu ölkədən əl çəkməsi mümkün görünmür. Məhz bu baxımdan 27 sentyabrda başlayan şiddətli müharibənin 13-cü günündə Rusiya təkrar müdaxilə etməyə çalışaraq Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərini Moskvaya dəvət etdi və tərəfləri atəşkəs barəsində uzlaşdırdı. Oktyabrın 10-da humanitar məqsədlərlə hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi ilə bağlı humanitar atəşkəs elan olundu.[6] Cənubi Qafqazı öz “arxa baxça”sı olaraq dəyərləndirən Rusiya baxımından atəşkəsin təmin edilməsi olduqca vacib idi. Öz nüfuzunu ortaya qoyması və müharibədə kilid önəmə sahib olduğunu bir daha dünyaya göstərməsi lazım gəlirdi. Lakin atəşkəsin müvəqqəti xarakter daşıdığı onsuz da bəlli idi. Toplantının ardından 24 saat (və ya daha az) belə keçmədən Gəncə, Mingəçevir, Bərdə, Goranboy, Tərtər və s. şəhər, rayon və kəndlərə Ermənistan ərazisindən raketlər atıldı. Xüsusilə mülki əhalinin hədəf alındığı, çox sayda insanın öldüyü və yaralandığı ikinci böyük şəhər olan Gəncənin vurulması həm erməni terrorunun yeni bir təzahürü oldu, həm də Rusiyanın xarizmasını cızma məqsədli bir akt olduğunu ortaya qoydu. Bu hal Ermənistanın sivillərə terror cinayətləri törədəcək qədər zavallı bir vəziyyətə düşməsi şəklində də xarakterizə oluna bilər. Rəsmi Yerevanın yeganə ümidi rəsmi Bakının bu hücuma Ermənistan ərazisinə əks-hücumla cavab verməsiylə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dərhal müdaxilə etməsinə fürsət yaratmaq olsa da, əslində rəsmi Moskvanın nüfuz və xarizmasına ciddi bir zərbə oldu.
Atəşkəsin pozulması məsələsi Ermənistanın Qərbyönümlü mövqeyini ortaya qoydu. Buna baxmayaraq, Rusiyanın müttəfiqi kimi Ermənistan rəsmi Moskvanın rəqiblərinin dəstəklədiyi bir sima olan, Qərb və Soros tərəfindən dəstəklənən Nikol Paşinyan tərəfindən idarə olunsa da, Rusiyanın bu dövlətdən əl çəkməsi mümkün görünmürdü. Onsuz da Azərbaycan Ermənistanın atəşkəsi pozacağını hesab edərək masaya əyləşdi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də ifadəsi ilə desək, Azərbaycan tərəfindən Ermənistana verilən şans idi. Lakin buna baxmayaraq, Ermənistan atəşkəsi pozaraq sivillərə hücum etdi və danışıqlar yolu ilə işğal etdiyi torpaqları geri qaytarmayacağını göstərmiş oldu. Bundan başqa, oktyabrın 18-də və 26-da ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan Fransa və ABŞ-ın da vasitəçiliyi ilə tərəflər arasında bir neçə dəfə atəşkəs elan edilsə də, Ermənistan tərəfindən yenidən pozuldu.[7] Döyüş meydanında Azərbaycan Ordusu qarşısında müqavimət göstərə bilməyən Ermənistan hər dəfə mülki əhalini hədəf seçdi. Atəşkəsi dəfələrlə pozmasına baxmayaraq, ballistik raketlərlə sivillərə hücum edən, aralarında uşaqların da olduğu çox sayda insanları qətlə yetirən Ermənistanın törətdiyi cinayətlər ATƏT-in Minsk Qrupunun həmsədrləri, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qınanmadı. Bunun əvəzinə müharibənin dayandırılması, silahların susması, dərhal müzakirələrə başlanması kimi ənənəvi ifadələrə yer verildi. Əgər beynəlxalq təşkilatlar və dövlətlər həqiqətən müharibədən narahat idilərsə, insan ölümünə səbəb olan bu vəziyyətdən gərgin hisslər keçirirdilərsə, ədalətin bərqərar olmasını istəyirdilərsə, işğalçı tərəf olan Ermənistanın BMT qətnamələrinə əməl edərək dərhal işğal etdiyi əraziləri boşaltmasını təmin etməli, lazım gələrsə təzyiq göstərməliydilər. Lakin bunu etmədilər. Ermənilərin təyini-müqəddəratı XX əsrin əvvəllərində gerçəkləşdirilib və onların Ermənistan adlı bir dövləti mövcuddur. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin qurulması isə əsla mümkün deyil. Əgər ermənilər yaşadıqları hər yerdə təyini-müqəddərat məsələsini qəbul etdirməyə çalışsalar, o zaman dünyada çox sayda erməni dövləti yaranar. Əgər Rusiya, ABŞ və Fransa həqiqətən də Ermənistan üçün “self-determination” prinsipinin reallaşmasını istəyirlərsə, çox sayda ermənilərin yaşadıqları Krasnodar (Rusiya), Kaliforniya (ABŞ) və Marselə (Fransa) muxtariyyət statusu vermələri daha məqbul sayıla bilər.
Vasitəçilərin işğalçı dövlət ilə işğala məruz qalan dövlət arasında ədalətli seçim etməmələri və işğalçı dövləti dəstəkləyən addımları Ermənistanın təcavüzkar siyasətinin daha da şiddətlənməsi ilə nəticələndi. Azərbaycan müharibədə və diplomatiyada sonuna qədər öz haqlı mübarizəsinə davam etdi və ortaya çıxan fürsətləri öz lehinə çevirməyə çalışdı. Bu yolda uğurlu addımlar da atıldı. Prezident İlham Əliyevin tələbi istiqamətində müəyyənləşdirilən təqvim çərçivəsində Ermənistan 10 noyabr tarixinə qədər işğal etdiyi digər torpaqlardan çıxmamaqda müqavimət göstərdi və hər dəfə ağır itkilərə məruz qaldı. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tamamilə tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Ermənistanın kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Ermənistan 2020-ci ilin noyabr ayından dekabrın 1-nə qədər mərhələli şəkildə Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağı barədə öhdəlik götürdü.[8] Bəyanatda Rusiya Silahlı Qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilməsi nəzərdə tutulurdu. Anlaşmadan sonra Rusiya silahlı qüvvələri sülhməramlı statusda dərhal Qarabağa yerləşdirildi. Lakin gəldikləri tarixdən etibarən Dağlıq Qarabağda qanuni missiyalarından kənara çıxaraq erməni meyilli fəaliyyət göstərmələri Azərbaycanda ciddi reaksiyaya səbəb olmaqdadır.
Atəşkəs anlaşmasından 2 ay sonra, 11 yanvar 2021-ci ildə Rusiya Federasiyasının Prezidenti Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada həm Qarabağ məsələsini, həm də digər zəruri məsələləri müzakirə etmək üçün bir araya gələrək müştərək bəyanat imzaladılar. Görüşdə tərəflərin Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun və ekspertlərdən ibarət alt işçi qrupların yaradılması ilə nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planların təqdim edilməsi qərarlaşdırıldı. Görüşlərin məzmunu bloklanmış vəziyyətdə olan iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsindən ibarətdir.
44 günlük Vətən müharibəsindən günümüzə qədər keçən vaxt içərisində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının iştirakı ilə 26 noyabr 2021-ci ildə Soçidə sayca üçüncü üçtərəfli bəyanat, 22 fevral 2022-ci il tarixdə isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandı.
26 noyabr 2021-ci ildə Rusiya Federasiyasının Prezidenti V.Putin Soçi görüşünü keçirməklə həm Ermənistanın hərbi-siyasi rəhbərliyinə, Qərbyönümlü qüvvələrə, siyasi partiyalara, həm də Qərb dövlətlərinə Cənubi Qafqazın taleyi, gələcəyi ilə bağlı bütün tale yüklü qərarları Ermənistan olmadan da verə biləcəyini göstərdi. Bu amil Ermənistanın artıq Rusiyanın bir müstəmləkəsi, bir əyaləti olduğunu sübut edən ən böyük amillərdəndir. Rusiya eyni zamanda bununla Ermənistanla bağlı vacib qərarların məhz Moskvadan verildiyini də Qərbə nümayiş etdirdi.
Bu baxımdan Soçi görüşünü Rusiyanın Qərb qarşısında dominantlığını sübut etmək üçün atılan addım kimi xarakterizə etmək mümkündür. Rəsmi Bakı isə bu görüşlə Ermənistan dövlətinə və ictimaiyyətinə hazırki vəziyyətdə sülh, inkişaf, sabitlik şəraitində yaşamaq üçün rəsmi Azərbaycanla dil tapmağın, onunla kompromisə gəlməkdən başqa seçim və yollarının olmadığı mesajını verdi. Bu Azərbaycanın Ermənistanın siyasi gündəliyi ilə yanaşı, bölgənin də gündəliyinə necə təsir imkanlarına malik olduğunu göstərdi.
22 fevral 2022-ci il tarixdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanan 43 maddədən ibarət Moskva Bəyannaməsi isə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəd olub, hər iki tərəfin, o cümlədən Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə etməklə yanaşı, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edir: “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurarlar”.
Bəyannamədə tərəflərin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürütmələri də vurğulanır. Bu məsələ günümüzün vacib məsələlərindən sayıla bilər. Sənəddə iki ölkənin münasibətlərinin heç vaxt üçüncü dövlətə qarşı yönəlmədiyinin öz əksini tapması da dövlətlərin bir-birinin suverenliyinə hörməti əks etdirir. Qeyd etmək lazımdır ki, Rusiya ilə imzalanan müttəfiqlik sənədi Türkiyə ilə imzalanmış 15 iyun 2021-ci il tarixli “Şuşa Bəyannaməsi”nin rolunu və gücünü azaltmır. Əksinə, hər iki bəyannamə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verməklə yanaşı, Azərbaycanın öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazandırır. Bu sənəd Azərbaycanın digər beynəlxalq təşkilatlar və birliklərdə də əməkdaşlığını gücləndirir. Moskva Bəyannaməsinin bərabərhüquqluğu Azərbaycanın müstəqilliyinin göstəricisidir.
Şuşa Bəyannaməsi kimi, Moskvada imzalanan müttəfiqlik sənədi də Ermənistanın Azərbaycana qarşı üçüncü tərəfdən istifadə etməsi imkanlarını məhdudlaşdırır. Bundan başqa, sənədə əsasən Moskva Ermənistanın separatçıları dəstəkləməsinə qarşı çıxması üçün üzərinə öhdəlik qoyur. Bu baxımdan Moskva Bəyannaməsini Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin qarantı kimi xarakterizə etmək mümkündür.[9]
Burada bəzi məqamlara xüsusilə diqqət çəkmək lazım gəlir. Müharibə dövründə Ermənistan öz düşüncəsinə görə, guya ağıllı bir addım ataraq Rusiyadan və Qərbdən Azərbaycana qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə çalışdı. Lakin özü bu güclərin oyuncağına çevrildi və öz kritik dövründə bir çox dəstəkdən məhrum oldu. Ermənistan hər nə qədər Paşinyanın hakimiyyəti altında Qərbə meyil etməyə çalışsa da, Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətdən sonra yenidən Kremlin təsiri altına keçmiş oldu, eyni zamanda həm öz gücünün olduqca məhdud olduğunu, həm də Azərbaycanın qələbəsini qəbul etmək məcburiyyətində qaldı. Rusiya isə Qərbin verdiyi vəd və təminatların heç bir dəyəri olmadığını Ermənistana göstərərək, onsuz heç bir şey edə bilməyəcəyini açıq şəkildə sübut etmiş oldu. Ermənistan anlamalıdır ki, geosiyasi şahmat taxtasında yalnız və yalnız piyada statusuna malikdir. Bu dövlət dünyanın böyük oyunçuları ilə münasibətlərdə özünü ağır fiqur kimi təsəvvür edir. Lakin anlamaq istəmir ki, bu piyada sadəcə böyük güclər istədiyi üçün oyundadır, istənilən vaxt qurbana çevrilə bilər.
Ümumiyyətlə, Rusiyanın “böyük güc” siyasətinə rəğmən Azərbaycan son dərəcə düşünülmüş addımlar atdı. Rəsmi Bakı beləliklə, həm müəyyən mənada müharibədə Rusiyanın tərəfsizliyini təmin etmiş oldu, həm də ərazi bütövlüyünə qovuşdu. Düzdür, ortada bəzi problemlər olsa da, strateji məqam yetişdiyi zaman Azərbaycan yarım qalmış məsələləri də tamamlamağa çalışacaq.
Burada bəzi nüanslara xüsusilə aydınlıq gətirməyi vacib hesab edir, Ermənistan-Azərbaycan müharibəsi ilə Rusiya-Ukrayna müharibəsi arasında müqayisə və təhlillərin aparılmasını məqsədəuyğun sayırıq. Zaman göstərdi ki, bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan böyük güclər arasında cərəyan edən geosiyasi mübarizənin obyektinə çevrilmədi və nəticədə dünyanın güc mərkəzləri arasındakı toqquşmanın qurbanı olmadı. MDB məkanında bəzi dövlətlərin müxtəlif liderlərinin rəngli inqilablardan sonra etdikləri bir çox səhvlər Azərbaycanda təkrarlanmadı.[10] Bu rəsmi Bakının xarici siyasətinin nə qədər uğurlu olmasının bariz sübutudur. Əks təqdirdə, türk-islam sivilizasiyasının daşıyıcısı olan Azərbaycan hərbi-siyasi poliqona çevrilər və regionda son dərəcə ciddi təhlükələr yarana bilərdi. Qarabağda və Ukraynada baş verən müharibələrin qarşılaşdırmalı müqayisəsi belə deməyə əsas verir ki, ölkəni və xalqı fəlakətlərdən, təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq zəruridir. Qarabağ müharibəsinin gedişində yaranmış situasiyalarda Azərbaycanın doğru və düşünülmüş addımlar atdığı, döyüş və siyasət meydanında ortaya qoyduğu ağıllı gedişlər Ukraynada baş verənlərin fonunda bir daha təsdiqini tapmaqdadır. Soyuqqanlı davranmaq, doğru qərarlar vermək, vəziyyəti düzgün qiymətləndirmək, təxribatlara uymamaq və digər məqamlar Azərbaycanın həm cəbhədə, həm də siyasi arenada qalibiyyətini təmin etdi.
Rəsmi Bakı bütün qlobal və regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, həm də ölkəni mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Azərbaycan bu gün də beynəlxalq siyasi arenada baş verənlərə münasibətdə doğru davranış sərgiləyir. Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstində yanaşır. Rəsmi Bakının verdiyi qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərarların qəbulunda milli maraqlar əsas götürülür. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti nəinki döyüş meydanında uğurlar qazanıb, siyasi və diplomatik müstəvidə də böyük bacarıq və ustalıq nümayiş etdirməkdədir. Bu gün Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Azərbaycan öz milli maraqları kontekstində düşünülmüş düzgün addımlar ataraq öz yardımsevər yanaşmasını da ortaya qoyur. Heç təsadüfi deyildir ki, Ukraynaya humanitar yardım və dərman ləvazimatları göndərilib, yanacaqla təmin edilib. Rusiya-Ukrayna müharibəsində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan bu qlobal məsələdə son dərəcə ölçülü və ehtiyatlı siyasət aparır. Bundan sonra da Azərbaycan gedişata uyğun olaraq dünyanın Böyük Şahmat Taxtasında öz oyununu oynamalı, hər həmləyə qarşı yeni bir strategiya müəyyənləşdirməlidir. Bu bir geosiyasi reallıq və zamanın tələbidir.
“Böyük güc” siyasəti kontekstində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı çox sayda müxtəlif yanaşmalar ortaya qoyulur, Putinin rus imperializmini yenidən canlandırdığına dair fikirlər səsləndirilir, bununla yanaşı, Ukraynanın da öz ərazi bütövlüyü, ədalət və haqq yolunda mübarizə apardığına, ciddi itkilər verməsinə baxmayaraq, əsl qəhrəmanlıq nümayiş etdirdiyinə, hətta bütün Avropa üçün mücadilə etdiyinə, Rusiyanın boyunduruğundan xilas olmaq istəyən digər ölkələrə nümunə olduğuna dair bəyanlara da rast gəlinir. Bütün bunlarla bərabər, müharibənin pərdə arxasında ABŞ-ın olduğuna, Rusiyanın planlı şəkildə ssenariyə uyğun olaraq müharibəyə cəlb edildiyinə dair versiyalar də ortaya atılır. Bu sayı daha da artırmaq olar. Şübhəsiz ki, hər bir yanaşmada müəyyən mənada haqlı tərəflər olsa da, problemi ayrı-ayrılıqda hər bir dövlətin öz təhlükəsizlik məsələləri kontekstində dəyərləndirmək lazım gəlir.
Problemin Rusiyanın təhlükəsizlik məsələləri kontekstində dəyərləndirilməsi: Yuxarıda da qeyd olunduğu kimi, hər bir böyük gücün özü kimi “böyük siyasət” reallığı və “böyük güc” siyasəti var. Məqalənin əvvəlində Rusiyanın məşhur strateqlərindən Aleksandr Duqinin postsovet ölkələri ilə Rusiya arasındakı münasibətlərin perspektivləri, Rusiyaya qarşı çıxan dövlətlərin aqibəti və gələcəyi barəsində dəyərləndirmələrini qeyd etmişdik. Bu vəziyyət Rusiyanın “güclü dövlət” və onun təmsil etdiyi “böyük siyasət” reallığını bir daha əks etdirir. Lakin bir məsələni xüsusilə qeyd etmək lazım gəlir ki, Rusiyanın “böyük güc” siyasəti daha çox “sərt güc” (hard power) siyasətinə əsaslanır. Heç təsadüfi deyildir ki, Ukrayna məsələsində də Rusiyanın “sərt güc” siyasəti müşahidə olunur. Rəsmi Kreml məsələyə öz geosiyasi maraqları və təhlükəsizliyinin təminatı kontekstində yanaşır. Böyük dövlət olaraq əlbəttə ki, öz təhlükəsizlik məsələlərini, geosiyasi maraqlarını qorumalı və düşünməlidir. Lakin bu yanaşma bizim tərəfli olaraq Rusiyaya haqq qazandırmalı və onu haqlı hesab etməli olduğumuz mənasına gəlməz, sadəcə olaraq məsələni obyektiv şəkildə Rusiya prizmasından dəyərləndirməyə çalışırıq. Onun özünəməxsus “qırmızı cizgiləri” var və bu mənada Kreml Ukraynanı özünün “qırmızı cizgisi” olaraq görür. Rəsmi Moskva öz ətrafında NATO-nun genişlənməsinə qarşı çıxır və səbəbini vaxtilə NATO-nun SSRİ-yə qarşı yaradıldığı, hal-hazırda isə Rusiya Federasiyasının əleyhinə işləməsi ilə izah edir. Burada 1962-ci ildə Kuba və ya Karib böhranını xatırlatmaq yerinə düşər. Məlum olduğu kimi, bu böhran Soyuq müharibə dövründə dünyanın nüvə müharibəsinə daha çox yaxınlaşdığı an olaraq xarakterizə olunur. Böhranın başlanmasına səbəb SSRİ-nin ABŞ-ın Florida sahillərindən 90 mil uzaqda yerləşən Kubaya nüvə başlıqlı raketlərin yerləşdirilməsi idi. O dövrdə ABŞ son dərəcə sərt mövqe nümayiş etdirərək Sovet Rusiyasını geri addım atmağa məcbur etdi. Bu baxımdan Rusiyanın reaksiyası anlaşılandır. Kremlin izahına görə, Qərb dövlətləri Rusiyanı mühasirəyə almaq üçün alyansdan istifadə edir və bu baxımdan Rusiya NATO-nun Şərqi Avropadakı hərbi fəaliyyətini dayandırmasını tələb edir. Müəyyən mənada Rusiyanın irəli sürdüyü fikirlər və yanaşma həqiqətə uyğun olsa da, məsələnin mahiyyətini bütünlüklə açmır. Burada diqqət çəkən əsas məqam Rusiyanın problemə özünün “böyük güc” siyasəti çərçivəsində baxmasıdır. Bu mənada qeyd etmək mümkündür ki, müharibə reallıqda sadəcə Rusiya-Ukrayna toqquşması deyil, eyni zamanda Rusiya-Qərb qarşıdurmasıdır.
ABŞ-ın məşhur strateqlərindən Zbiqnev Bjezinski “Böyük şahmat taxtası” adlı əsərində Ukraynanın Avrasiyanın şahmat taxtasında mühüm məkan və geosiyasi mehvər olduğunu göstərərək qeyd edir ki, onun müstəqil dövlət kimi varlığı Rusiyanı transformasiya etməyə kömək edir. Ukrayna olmadan Rusiya Avrasiya imperiyası olmur. Rusiya Ukrayna ilə birlikdə Avropa dövləti və dünya səviyyəli bir dövlət, Ukraynasız isə sıradan bir Asiya dövlətidir”.[11] Ümumiyyətlə, Rusiyanın varlığı Avrasiyanın geniş ərazilərini əhatə edən keçmiş SSRİ məkaında müstəqillik əldə etmiş dövlətlərə hissolunacaq təsir göstərir. O, ambisioz geosiyasi məqsədlər bəsləyir və onları get-gedə daha açıq bildirir. Brzezinski onu da qeyd edir ki, istənilən halda Rusiya, hətta özünün bəzi “parçaları”nı və Avrasiya şahmat taxtasında həlledici mövqelərindən bəzilərini itirməsinə baxmayaraq, açıq şəkildə geostrateji aktor olmağa davam edir.[12]
Bu baxımdan Avrasiya miqyasında lider və beynəlxalq siyasətdə söz sahibi olmaq arzusundan əl çəkməyən və onu reallaşdırmaq istəyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əsl niyyətini ortaya qoyaraq verdiyi açıqlamalarında SSRİ-nin süqutuna daim mənfi münasibət bəslədiyini bildimiş və bu imperiyanın dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti kimi xarakterizə edərək, milyonlarla həmvətəninin ölkədən kənarda qalmasını rus xalqı üçün dram adlandırmışdır.[13]
Putin bunu hələ 2005-ci ildə Rusiyanın Federal Məclisində gündəmə gətirsə də, günümüzdə də həmin fikrindən dönmədiyi onun yeritdiyi siyasətdə özünü bariz şəkildə göstərir. Heç təsadüfi deyildir ki, Putin 2014-cü ildə Krımın işğalını “tarixi ədalətin bərqərar olunması” kimi dəyərləndirib.[14]
2008-ci ildə Gürcüstana edilən hücum, 2014-cü ildə Krımın anneksiyası, Donbasa müdaxilə Rusiyanın imperiya ambisiyasının bir parçası olaraq dəyərləndirilməlidir. Ümumiyyətlə, Vladimir Putinin rəngli inqilablarla bağlı təlaş içində olduğu aydın sezilir və bu təlaşın da ciddi əsasları var. Məsələnin pərdə arxasında əlbəttə ki, Qərb dayanır. Bu mənada 24 fevral 2022-ci il tarixdə baş verən Rusiya-Ukrayna müharibəsi də məhz geosiyasi toqquşmaların bir parçası kimi önə çıxır.
Problemə dair münasibət bildirən məşhur strateq və dovlət xadimləri, araşdırma aparan çox sayda tədqiqatçı, analitik və politoloqların bir qismi öz məqalə və təhlillərində Rusiyanın işğal siyasəti yeritdiyini bildirir, Putinin imperiya ambisiyalarının bərpası istiqamətində ciddi addımlar atdığına diqqət çəkirlər. Hətta Putinin düşüncəsi, niyyəti, planları və atdığı addımlarla Hitlerin xarici siyasət doktrinası arasında paralellik aparır və bənzətmə qururlar.[15] Bu da təsadüfi olmayıb müəyyən haqlı nüansları özündə əks etdirir.
Məlum olduğu kimi, Birinci Dünya müharibəsində məğlub olmasından heç 10 il keçməmiş Avropada güclənməyə və Versal-Vaşinqton sisteminin yaratdığı kollektiv təhlükəsizlik sisteminə meydan oxumağa başlayan Almaniyanın hegemonluq iddiası ilə Avropada təhlükəsizlik cəhdləri arasında getdikcə güclənən qarşıdurma o dövrün beynəlxalq münasibətlərinin bütün sahələrinə öz təsirini göstərmişdi. Almaniyanın xarici siyasət doktrinasına uyğun olaraq, dünyanı yenidən bölüşdürmək uğrunda başladığı mübarizə Avropa sərhədlərini aşaraq başqa qitələrə də keçmişdi. Hitler öz xarici siyasət fəaliyyətini 3 mərhələ üzərində qurmuşdu:
1) Versal zəncirlərinin qırılması, yəni Almaniyanın Versal müqaviləsinin şərtlərindən qurtulması;
2) “Ein Volk, Ein Reich: bir millət, bir dövlət prinsipi”nin reallaşdırılması. Yəni Almaniyanın sərhədləri xaricində yaşayan bütün almanların bir dövlət çətiri altında birləşdirilməsi;
3) Lebensraum: Həyat sahəsi. Bu nasist imperializminin adı idi. Hitler almanların yaşamadığı digər ölkələri də öz sərhədləri içərisinə almağı planlaşdırırdı.[16]
Hitlerin məqsədi Almaniyanı sadəcə Birinci Dünya müharibəsindən əvvəlki vəziyyətə gətirmək deyil, daha da üstün gücə çevirmək idi.[17] Bu baxımdan Hitler özünün xarici siyasət doktrinasına uyğun olaraq “vahid xalq, vahid dövlət, vahid fürer” şüarı altında almanlar yaşayan bütün torpaqları birləşdirmək uğrunda mübarizəyə başladı. İlk hədəf Hitlerin vətəni olan Avstriya oldu və anşlüs gerçəkləşdirildi.[18] Avstriyanın ardınca Çexoslovakiya gəlirdi. Hitler Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətini Almaniyaya birləşdirməyə çalışırdı. Bu baxımdan 1938-ci ilin sentybar ayının 30-da Münhendə Almaniya, Böyük Britaniya və Fransa arasında imzalanan, dünya tarixinə “Münhen sövdələşməsi” adı ilə düşən biabırçı anlaşma ilə Çexoslovakiya nasist Almaniyasına qurban verildi. Sentyabr ayında almanların yaşadığı Sudetlər bölgəsi Çexoslovakiyadan qoparılaraq Almaniyaya peşkəş çəkildi. 15 mart 1939-cu ildə Praqa işğal edildi və bununla Çexoslovakiyanın işğalı tamamlandı. Beləliklə, İkinci Dünya müharibəsinə aparan yolun əsası qoyuldu. Çexoslovakiyanın alman hakimiyəti altına girməsi Hitlerin xarici siyasət doktrinasının 3-cü mərhələsini təşkil edirdi. Südetlərin alınması ilə “Ein Volk, Ein Reich: Bir Millət, Bir Dövlət” siyasətinin son addımlarından biri atıldı. Halbuki Çexoslovakiyanın alman işğalı altına girməsiylə alman olmayan bölgələr də Almaniyanın sərhədləri içərisində qatılmışdı. Bu isə Hitler siyasətinin “Lebensraum”, yəni “Həyat Sahəsi” mərhələsini açırdı.[19] Beləliklə, Birinci Dünya müharibəsinin başa çatmasından 20 il sonra bəşəriyyət öz tarixinin ən qanlı və fəlakətli müharibəsinə cəlb olundu.
Eyni şəkildə Putin də rus imperializminin reallaşdırılması ilə bağlı niyyət və məramını fərqli adlar altında gündəmə gətirmişdir və hal-hazırda da bunu təkrarlamaqdan çəkinmir. Hətta birqütblü dünyanın ümumiyyətlə, qəbuledilməz olduğunu hər fürsətdə bəyan etmişdir.[20] Bu, bir növ Putinin Rusiyanın da dünyanın bölüşdürülməsində xüsusi rola sahib olması ilə bağlı mesaj xarakteri daşıyır. O da eyni Hitler kimi özünün xarici siyasət doktrinasında SSRİ-nin süqutu ilə barışmaq istəmədiyini bildirməkdədir. Kreml rəhbərinin məntiqinə əsasən, postsovet ölkələri ümumilikdə çar imperiyasının tərkib hissəsi olublar və bu ölkələr yenə də Rusiyanın tərkibində olmalıdırlar.[21]
Putin həmin doktrinadan çıxış edərək Ukraynanı Rusiyanın bir parçası olaraq görür və Avrasiya imperiyası ola bilmək üçün bu dövləti özünə birləşdirmək istəyir. Heç təsadüfi deyildir ki, Kreml rəhbəri ortaq tarixi və mənəvi məkan hesab etdiyi Rusiya ilə Ukrayna arasında divar yaranmasını faciə kimi qəbul edir. Hətta bu barədə məqalə də yazıb. Ukraynanı “Sovet dövrünün məhulu” adlandıran V.Putin qeyd edir ki, hazırda Ukraynada keçmişin təhrif olunmasına cəhd göstərilir. Halbuki tarixi yenidən yazmaq mümkün deyil və Rusiya ilə Ukraynanın ortaq mədəni irsi bölünməzdir. O, xalqa müraciətində bəyan edir ki, Lenin və onun tərəfdaşları əraziləri Rusiyadan qopararaq Ukraynanı yaratdılar. Kreml rəhbəri müasir Ukraynanın bütövlükdə kommunist Rusiyası tərəfindən yaradıldığını vurğulayaraq bildirir ki, Ukraynanı Vladimir İliç Lenin adına Ukrayna adlandırmaq olar, çünki Ukraynanın memarı Lenindir. Ukrayna Rusiya üçün təkcə qonşu deyil, həm də tarixin bir parçasıdır. Putin məqaləsində göstərir ki, “bolşeviklər sözün əsl mənasında Donbası Ukraynaya birləşdiriblər. Müasir Ukraynanı tamamilə Rusiya, daha doğrusu, bolşevik kommunist Rusiyası yaradıb. Bu proses demək olar ki, 1917-ci il inqilabından dərhal sonra başladı, Lenin və onun tərəfdaşları bunu Rusiyanın özünə qarşı çox kobud şəkildə, öz tarixi ərazilərinin bir hisəsini ondan ayıraraq, qoparmaqla etdilər”.[22]
Rusiya Prezidenti V.Putinin məqaləsi heç də Ukraynaya qardaşlığı andıracaq səmimi tərzdə yazılmayıb. Bu, Kremlin Ukraynaya münasibətini dəyişmir. Çünki ortada işğal faktı var. Bildiyimiz kimi, Ukraynanın ən strateji ərazisi olan Krım və Sevastopolu Rusiya ilhaq edib, bununla da kifayətlənməyərək Donbası da de-fakto öz nəzarətinə götürüb. Amma dünya birliyi bu əraziləri Ukraynanın ərazisi kimi qəbul edir. Üstəlik, 2022-ci ilin fevral ayında baş verən işğal nəticəsində minlərlə dinc ukraynalı həlak olub, minlərlə insan yaralanıb, insanlar didərgin düşüb, ailələr başsız qalıb. Bu qədər qanlı faciələr və zülmlərdən sonra Rusiya ilə Ukrayna xalqlarının qardaşlığından bəhs edən məqalə yazmaq heç bir şəkildə səmimiyyəti və həqiqəti əks etdirmir. Çünki reallıqda hərbi əməliyyatların sayını artıran Rusiya mülki əhali arasında itkilərin çoxalmasına əhəmiyyət vermədən Ukraynanın hər yerində artilleriya və raket hücumlarını sürətləndirir, Rusiya Hərbi Hava Qüvvələri dağıdıcı hava zərbələri endirir, kritik infrastruktur obyektləri hədəf alır, elektrik və kommunikasiya xətlərini kəsir. Əsas məqsəd hökuməti devirmək və Moskvanın nəzarətində olan marionet qüvvələri hakimiyyətə gətirməkdir.
Bununla yanaşı, Putin öz xarici siyasət doktrinasını reallaşdırmaq istəyərkən Rusiyanın təhlükəsizlik məsələlərində müəyyən təhdidlərlə üzləşdiyini irəli sürərək müxtəlif yanaşmalar ortaya qoyur. Lakin Rusiyanın özünü sorğulaması lazım gələn müəyyən suallar yaranır: Rusiyaya qonşu olan dövlətlər niyə təhlükəsizlik zəmanəti üçün başqa hərbi ittifaqlara can atırlar? Cavab aydındır: Uzun illərdir, rəsmi Moskvanın baxış bucağı, hərəkət tərzi, diplomatik cavabları qonşu dövlətlərin ərazi bütövlüyünü pozmaq və separatçılığı dəstəkləməkdən kənara çıxa bilmir. Yumşaq güclə itirdiyini sərt güclə geri qaytarmağa çalışmaq strategiyası Rusiya siyasətinin əsasını təşkil edir.
Problemin Ukraynanın təhlükəsizlik məsələləri kontekstində dəyərləndirilməsi: Hər bir halda Ukrayna müstəqil dövlət olaraq özünə görə haqlıdır, eyni zamanda istədiyi quruma daxil olmaqda sərbəstdir. Lakin geosiyasi reallıq tamamilə başqadır. Bu vəziyyətdə belə bir sual yaranır: Ukrayna Rusiyaya meydan oxumaqla nə qazandı və nə itirdi? Bəri başdan qeyd etməyi vacib hesab edirik ki, belə bir təhlükəli vəziyyətdə Ukraynanı nə Avropa İttifaqına, nə də NATO-ya daxil etməzlər və etməyəcəklər. Çünki münaqişə vəziyyətində və sərhəd problemləri olan dövlətlərin təşkilata tam hüquqlu üzv qəbul edilməsi NATO-nun planları daxilində deyil. Rusiya məhz bunu hesaba qataraq 2008 və 2014-cü illərdə həm Gürcüstanın, həm də Ukraynanın ərazi bütövlüyünü pozdu. Digər tərəfdən, Rusiya öz ordusunun artıq əvvəlki gücündə olmadığı fikrini bütün hafizələrdən silmək üçün bu addımı atmışdı. Eyni zamanda bütün postsovet ölkələrinə ABŞ-ın “dostluğu”nun, təminatlarının və vədlərinin heç bir dəyəri olmadığını da sübut etmək istəyirdi.[23] Rusiyanın Gürcüstana və Ukraynaya hərbi müdaxiləsi böyük bir dövlətin kiçik və orta səviyyəli dövlətlərə qarşı kiçik hücumu olaraq xarakterizə oluna bilər, ancaq bu müdaxilələr ABŞ-a daha çox meyil edən dövlətlərə qarşı hücum və eyni zamanda regionun digər dövlətlərinə qarşı açıq xəbərdarlıq idi. Gürcüstan məsələsi fərqli bir mövzu olduğuna görə, bu məqalədə toxunulmayacaq. Rusiyanın xəbərdarlığına baxmayaraq, Ukrayna Qərbə meyil etməkdə israrlı davrandı və nəticədə Rusiyanın hərbi müdaxiləsi ilə üzləşmək məcburiyyətində qaldı. Halbuki 5 dekabr 1994-cü ildə ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayna arasında imzalanan Budapeşt memorandumuna əsasən, Ukraynadakı 50 milyard dollar dəyərindən çox olan nüvə silahlarının Rusiyaya verilməsi əvəzində onun ərazi bütövlüyünə zəmanət verilmişdi.[24] Hadisələrin gedişatı göstərdi ki, Ukraynanın ərazi bütövlüyünə zəmanət verən Rusiya artıq onun ərazi bütövlüyünü pozmuş, digər zəmanətçilər isə sadəcə sözdə dəstəkləməklə kifayətlənmişlər.
Bu müharibə, yuxarıda da qeyd olunduğu kimi, Rusiya-Ukrayna toqquşması olaraq görünsə də, əslində Rusiya-ABŞ qarşıdurmasıdır. Daha doğrusu, Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi Qərb arasında Yeni Dünya Nizamının yenidən müəyyənləşdirilməsi məqsədilə aparılan müharibədir. Ukrayna sadəcə olaraq yem və bəhanə olaraq seçilib. Görünən odur ki, Qərb bu savaşda tərəf olmadan müharibəni bəhanə edərək iqtisadi sanksiyalarla Rusiyanın supergüc olma imkanlarına əngəl yaratmaq istəyir. Tarixən olduğu kimi, geosiyasi toqquşmaların ortaya çıxmasına zəmin hazırlayan bəhanələr kimi bu da səhnəyə çıxarılıb. Birinci Dünya müharibəsində necə ki, bəhanə olaraq Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandın ölümü planlaşdırılmışdısa, bu məsələdə də Ukrayna yem olaraq seçilib və Rusiya təhrik olunub. Bu vəziyyətdə yeni bir sual ortaya çıxır: Rusiya kimi böyük bir dövlətin və Putin kimi ağıllı dövlət başçısının belə bir təhrikə uyması və özünü müharibəyə cəlb etdirməklə Qərbin oyununa gəlməsi nə dərəcədə məntiqlidir? Qənaətimizcə, Putinin imperiya ambisiyası ilə Qərbin planları zaman və məkan baxımından üst-üstə düşdü. Daha doğrusu, ABŞ Rusiyanın imperiya ambisiyasını fürsətə çevirdi. Eyni Napoleon Bonapart və Adolf Hitlerin strateji hesablamalarında olduğu kimi, Putinin də strateji plan və hesablamalarında xəta ehtimal oluna bilər.
Burada ABŞ-ın keçmiş prezidentlərindən olan Franklin Delano Ruzveltin söyləmiş olduğu məşhur sözü xatırlatmaq yerinə düşərdi: “…Siyasətdə heç bir şey təsadüfi deyil. Hər hansı bir hadisə vaqe olarsa, o hadisənin müəyyən formada zühur edəcəyinin əvvəlcədən planlanmış olduğuna əmin ola bilərsiniz…”.[25]
Məhz həmin bəhanədən istifadə edilərək Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə başlanıldı. Rusiya bankları SWIFT-dən çıxarıldı. Çünki Rusiya neft və qaz ixracında SWIFT sistemindən çox asılıdır. Nədir SWIFT? SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. 1973-cü ildə yaradılmış, baş ofisi Brüsseldə yerləşən bu sistemin 200 ölkədən toplam 11 min üzvü (maliyyə institutu və banklar) var. SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir. 2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir. Amma SWIFT klassik bank deyil. Bu, istifadəçilərə köçürülən pulun bir hesabdan çıxıb digərinə daxil olduğunu xəbər verən onlayn rejimli mesajlaşma sistemidir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir.[26]
Şübhəsiz ki, SWIFT-dən kənarlaşdırma sanksiyaları, eyni zamanda valyuta konvertasiyasının məhdudlaşdırılması, ixrac nəzarətinin gücləndirilməsi, ixrac və idxalın məhdudlaşdırılması və qadağan olunması, mühüm texnologiyaların əldə edilməsi ilə bağlı məhdudiyyətlərə dair tətbiq edilən bu və ya digər çox sayda sanksiyalar Rusiyanın iqtisadiyyatına ağır şəkildə təsir edəcək. Lakin buna baxmayaraq, Rusiya geri addım atmamaqda təkid edir. Əslində Kreml özü “qırmızı cizgiləri” aşaraq Ukraynaya hərbi müdaxilə planı həyata keçirdi. Bu addım müstəqil bir dövlətin hüquqlarının pozulması deməkdir. Moskva danışıqlar tələb edir, amma özünün diktəsi ilə masaya əyləşmək istəyir. Ukraynadakı vəziyyətin stabilləşməsi üçün Rusiyanın tələbləri aşağıdaklardan ibarətdir:
Krım üzərində Rusiyanın suverenliyinin tam şəkildə tanınması;
Donbas “respublikaları”nın tanınması;
Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası;
Ukraynanın neytral statusunun təmin edilməsi.
Əlbəttə ki, bu cür tələblər Ukrayna baxımından qəbuledilməzdir. Qərbin və NATO-nun ümumi mövqeyi belədir ki, hər bir ölkə xarici və təhlükəsizlik siyasətini seçməkdə sərbəstdir. Ukrayna, Gürcüstan və ya digər dövlətlər Qərbin iqtisadi və hərbi blokuna qəbul olmaq istəyirsə, bu seçimə hörmət etmək lazımdır. Amma Rusiya bu seçimi heçə sayaraq, Ukraynanı istila etdi. Ukraynanın nə qədər müqavimət göstərəcəyini zaman göstərəcək. Lakin Putin bu addımı ilə elə bir vəziyyət yaratdı ki, özünün timsalında Ukrayna və digər slavyan xalqlarının, hətta bütün dünyanın gözündə “qatil” obrazı formalaşdırdı, qardaş qırğınına səbəb oldu və tarixə qara ləkə kimi düşdü.
Belə bir vəziyyətdə müharibənin nəticələri ilə bağlı hamını dərindən düşündürən ssenarilər yaranır. BBC-nin diplomatiya üzrə müxbiri Ceyms Landale belə bir ssenari ortaya qoyur: “Prezident Zelenski öldürülür və ya qaçmağa məcbur edilir, Putin öz qələbəsini elan edib Rusiya hərbi qüvvələrinin bir hissəsini geri çəkir, bu ölkədə Ukraynanı nəzarətdə saxlamağa yetəcək qədər qoşun saxlayır, minlərlə insan Qərbə qaçır, Belarus kimi Ukrayna da Rusiyanın peyk dövlətinə çevrilir”. C.Landale bu ssenari tam da mümkünsüz hesab etmir, amma bunun bir neçə faktorun dəyişməsindən, məsələn, Rusiya ordusunun üstünlüyü ələ keçirməsindən və Ukrayna ordusunun müqavimətinin qırılmasından asılı olduğunu bildirir və göstərir ki, “bu variantda Putin Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın Qərblə inteqrasiyasına son qoymaq kimi hədəflərinə çata bilər. Amma Rusiya yönümlü hökumət qeyri-legitim hesab oluna və üsyanlarla qarşılaşa bilər. Ona görə də bu, qeyri-sabitlik və iğtişaşlarla nəticələnmə ehtimalı yüksək olan ssenaridir”.[27]
Bundan başqa, Landale digər bir ssenarini də önə sürür: “Münaqişələrin uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı daha çoxdur. Döyüş ruhunun aşağı, maddi-texniki təminatın və rəhbərliyin zəif olması səbəbindən Rusiya hərbi qüvvələri irəliləməkdə çətinlik çəkə bilər. Rusiyanın Kiyev kimi şəhərləri küçə-küçə döyüşərək ələ keçirməsi daha çox vaxt ala bilər, uzun sürən mühasirələr yaranar. Rusiya qoşunları Ukraynanın şəhərlərinə daxil olsalar belə, total nəzarət mühiti yaratmaqda çətinlik çəkə bilərlər. Bəlkə də orda Rusiya bu qədər böyük bir ölkəni nəzarət altında saxlamağa yetəcək sayda hərbi qüvvənin olmasını təmin edə bilməz. …Müharibədə Rusiyanın mövqeyi zəifləyə bilər, sanksiyalar Rusiyanın iqtisadiyyatına ağır təsir edər. Əsgər cənazələrinin sayı artdıqca, ölkədə müxalifətçilərin də sayı artar”.[28]
“Kings College”nin müharibə tədqiqatları üzrə professoru Lavrens Fridman isə olduqca kəskin bir fikir ortaya qoyur: “Artıq Moskvada hakimiyyət dəyişikliyi Kiyevdəki hakimiyyət dəyişikliyi qədər realdır”.[29] Şübhəsiz ki, L.Fridmanı belə bir ssenari üzərində durmağa vadar edən səbəblər vardır. Müharibə uzandıqca bu, Rusiyada fəlakətə səbəb ola bilər, ölkənin minlərlə əsgəri ölər, iqtisadi sanksiyalar ciddi problemlərə gətirib çıxarar, Putin xalqın dəstəyindən məhrum olar, böyük ehtimalla xalq üsyanı təhlükəsi yaranar, Kreml rəhbəri zor tətbiq edərək müxalifəti məğlub etməyə çalışar, işlər yolunda getməzsə ordunun, iqtisadi və siyasi elitanın önəmli bir hissəsi ona qarşı çıxmağa başlayar, çevriliş nəticəsində Putin hakimiyyətdən uzaqlaşdırıla bilər, gələcəkdə beynəlxalq cinayət tribunalına çıxarıla bilər.
“Tarixin sonu və sonuncu insan” əsəri ilə bütün dünyaya səs salan tanınmış amerikan filosofu, politoloq, siyasi iqtisadçı və yazıçı Frensis Fukuyama “American Purpose” jurnalında Rusiya-Ukrayna müharibəsi və onun nəticələrinə dair “Məğlubiyyətə hazırlıq” (Preparing for defeat) adlı məqaləsində Rusiyanın Ukraynada hərbi məğlubiyyətinin ani və faciəvi olacağı, müharibənin diplomatik şəraitdə başa çatmasının mümkün olmadığı, həm Rusiyanın, həm də Ukraynanın verdikləri böyük itkilərin indiki məqamda kompromis şəraitini qeyri-mümkün etməsi, Rusiyanın məğlubiyyətinin “yeni azadlığın doğulması”nı mümkün edəcəyi, “qlobal demokratiyanın enişi” ilə bağlı narahatlıqlara son qoyacağı və s. kimi 12 bənddən ibarət proqnozlar vermişdir.[30]
Əlbəttə ki, bunlar sadəcə olaraq ssenari, proqnoz və yanaşmalardır. Ola bilsin ki, müharibə uzunmüddətli də ola bilər. Lakin belə bir sual da ortaya çıxır: Bəs, Rusiya tam olaraq qalibiyyət əldə etdiyi təqdirdə dünyanın və regionun geosiyasi mənzərəsi necə olacaq? Heç şübhəsiz, belə bir vəziyyətdə Rusiya dünyanın birqütblü olmadığını nümayiş etdirəcək, hədəflədiyi imperiya ambisiyalarını reallaşdıracaq, çox sayda dövlətlər yenidən Rusiyanın ya təsiri altına keçəcək ya da müstəmləkəsinə çevriləcəklər.
Rusiya ilə Qərb arasında cərəyan edən bu müharibəni “qol gürəşi” kimi xarakterizə etmək olar. Geosiyasi mənzərənin dəyişməsi tərəflərdən birinin zəfərindən və ya məğlubiyətindən asılı olacaq. Lakin hər iki halda da əvvəlki dünya olmayacaq.
Problemin ABŞ-ın qlobal maraqları kontekstində dəyərləndirilməsi: Son dövrlərdə Qərb geosiyasi məkanında fikir ayrılıqlarının dərinləşdiyi, əsas olaraq ABŞ ilə Avropa İttifaqı arasında müxtəlif sahələrə aid ixtilafların yarandığı müşahidə olunurdu. Ənənəvi olaraq onlar təbii və tarixi müttəfiq hesab olunsalar da, ABŞ-ın dünya ağalığını davam etdirmək üçün daha çox öz maraqlarına üstünlük verməsi səbəbindən onun Avropa İttifaqı ilə münasibətlərində əvvəllər müşahidə edilməyən mənfi əlamətlər özünü göstərməkdəydi. Hətta əksər Avropa dövlətləri tərəfindən “Vaşinqton xarici siyasətini G7-də olan tərəfdaşları ilə koordinasiya etməlidir” və yaxud “NATO-nun beyin ölümü gerçəkləşdi” şəklində ABŞ-ın iradəsinin əleyhinə fikirlər səsləndirildi. Bu isə rəsmi Vaşinqtonun qlobal geosiyasi maraqlarına uyğun deyil. Qlobal miqyasda siyasi, sosial-iqtisadi, ticari və energetik sferaları əhatə edən proseslər mövcuddur. Son dövrlərə qədər Avropa dövlətləri ABŞ-ın patronajlığı ilə öz təhlükəsizliklərini təmin etmək istəmirdilər. ABŞ isə daha ciddi inadla öz xəttini reallaşdırmağa davam etdi. Bu mənada Rusiya-Ukrayna qarşıdurmasından istifadə edən ABŞ hər bir halda qazanmağa davam edir. O, bir tərəfdən, Putinin geosiyasi ambisiyalarını fürsətə çevirərək, hərəkət və açıqlamaları ilə müharibəni alovlandırdı, digər tərəfdən də rus təhlükəsi ilə Avropaya mesaj verdi, ABŞ olmadan Avropanın çıxılmaz vəziyyətdə olduğunu məhz onların özlərinə bir növ sübut etmiş oldu. Avropanın necə bir təlaş içərisində olduğu açıqdır və artıq ABŞ-a ehtiyacı var. Nəticə etibarilə, ABŞ öz patronajlığını Avropa dövlətlərinə qəbul etdirdi, ondan uzaqlaşmaq istəyən Avropanı yenidən qanadları altına aldı. Ukraynanın “taleyi” Qərbi qətiyyən maraqlandırmır və əsas məqsəd Rusiyanın geosiyasi hədəflərinin qarşısını almaq, iqtisadi sanksiyalarla onu zəiflətməkdir. Əlbəttə ki, proseslər çox dinamik olduğu üçün birmənalı proqnozlar vermək mümkün deyil. Ancaq hər halda bu müharibə ilə Rusiyanın hərbi, iqtisadi və psixoloji baxımdan test edildiyi inkaredilməzdir, onun nəyə qadir olduğu (zəif və ya güclü) bütün dünyaya nümayiş etdirildi. ABŞ “Ukraynaya girə bilməzsən, yoxsa başqa cür olar”, – deyərək Rusiyanı hədələdi və təhrik etdi, Kreml də əsəbiləşərək “girdim, neyləyəcəksən?” məntiqi ilə qardaş qırğını törətdi.
Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna müharibələri fonunda Qərbin ikili standartlar siyasəti
Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna müharibələri fonunda Qərbin ikili standartlar siyasəti olduqca diqqət çəkir. Təxminən 30 ilə yaxın idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq maneələr özünü göstərirdi. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həllinə yanaşmaq istəmir, üstəlik, atəşkəs rejimini sıx-sıx pozurdu. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə də məhəl qoyulmurdu. Bu, BMT-nin nüfuzuna xələl gətirən ən böyük amillərdən biri kimi xarakterizə olunsa da, ikili standartların bariz təcəssümü idi.
Digər bir fraqment: Məlum olduğu kimi, 10 mart 2022-ci il tarixdə Avropa Parlamenti tərəfindən Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə qəbul olundu.[31] Bu qətnamə Avropa dövlətlərinin keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam etmiş uzun illik diplomatik prosesdə ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın və riyakar siyasətin, həm 44 günlük Vətən müharibəsində, həm də Azərbaycanın zəfərindən sonra dövlətimizə qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür. Əslində, Avropa dövlətlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların illərlə davam etdirdikləri bu cür siyasətin nəticəsi idi ki, dünyanın ilkin sivilizasiya mərkəzlərindən biri olan Qarabağ kimi qədim tarixə və zəngin mədəniyyətə malik bir regionda “gəlmə element” hesab edilən ermənilər bu bölgənin yerli əhalisi olan azərbaycanlıların tarixən yaratdıqları maddi-mədəni və dini irsini məhv edəndə işğalçı dövlətin törətdiyi bu vandalizmə qarşı heç bir çəkindirici hüquqi tədbir həyata keçirilməmişdi. Halbuki, Ermənistanın işğaldan sonra Qarabağda törətdiyi dağıntılar Azərbaycan xalqının minilliklər ərzində yaratdığı tarixi, maddi-mədəni və dini irsini məqsədli şəkildə məhv etməklə yanaşı, həm də ümumilikdə bəşəriyyətin və İslam sivilizasiyasının maddi mədəniyyətinə qarşı ən böyük vandalizm aktı idi. Buna görə də Avropa Parlamenti tərəfindən qəbul olunan “Erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı qətnamə Azərbaycanın əleyhinə olmaqla yanaşı, Cənubi Qafqaz regionundakı tarixi və müasir reallığın təhrifindən ibarətdir. Diqqət yetirdikdə məlum olur ki, bugünkü beynəlxalq hüquq və onun prinsipləri bir sıra böyük dövlətlərin maraqlarını təmin etmək üçün digər dövlətlərə qarşı daha çox təsir, təhdid və təzyiq vasitəsinə çevrilib. Ermənistandan fərqli olaraq, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycan isə tarix boyu digər din və mədəniyyətlərə tolerant münasibət nümayiş etdirmiş, zamanın heç bir dönəmində ölkəmizdə dinlərarası hansısa problem yaşanmamışdır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsində isə Azərbaycana münasibətdən fərqli olaraq, Qərb dövlətləri böyük həmrəylik nümayiş etdirərək Ukraynanın yanında olduqlarını bildirdilər. Şübhəsiz ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozması, yeritdiyi işğalçı siyasət, törətdiyi cinayətlər kontekstində məsələyə yanaşıldığı zaman, baş verən dağıntılar, insan tələfatı, ölümlər və qətliamlarla müşahidə olunan hərəkətlərə heç bir şəkildə haqq qazandırmaq olmaz. Çünki ortada “insan” amili var, azyaşlılar, qocalar, dinc əhali müharibənin qurbanına çevrilib, şəhərlər, binalar dağıdılıb, çox sayda insan evsiz qalıb, didərgin düşüb, qonşu dövlətlərə sığınmağa məcbur olublar. Əlbəttə ki, bütün bunlar ədalətsiz müharibənin gətirdiyi faciələrdir. Bununla yanaşı, ortada ziddiyyətli məqamlar da mövcuddur. Qərb dünyası istər rəsmi səviyyədə, istər media vasitəsi ilə, istərsə də fərdi olaraq Rusiya-Ukrayna müharibəsində ölən ukraynalıları mavigözlü, sarısaçlı, bəyaz, avropalı, mədəni insanlar, xristian, öz mədəniyyətlərinin daşıyıcısı, qısacası, özlərindən bir parça kimi dəyərləndirib fərqli bir yanaşma tərzi ortaya qoyurlar. Hətta açıq şəkildə Ukrayada ölən insanları Suriyadakı, Əfqanıstandakı insanlardan ayrı tutduqlarını, digər bir ifadə ilə, Şərq insanından fərqləndirərək buna açıq-aşkar etirazlarını bildirir, həmin bölgələrdə yaşayan insanları marginallaşdırırlar. Belə bir vəziyyətdə sual yaranır: Qərb eyni dəstəyi nəyə görə vaxtilə soyqırıma uğramış, şəhərləri dağıdılmış, ərazisinin 20%-i işğal altına düşmüş Azərbaycana vermədi? Dinc əhalini, azyaşlı uşaqları, qocaları, qadınları qətl edən, qanlı cinayətlər törədən işğalçı Ermənistan qarşısında dünya birliyi nəyə görə səssiz qaldı, niyə öz haqqını tələb edən Azərbaycanın haqq səsinə cavab verilmədi? Çünki azərbaycanlılar o mədəniyyətdən deyil, türk-islam sivilizasiyasının daşıyıcısıdırlar, xristian deyil, onların nəzərində marginaldırlar. Gəlinən nəticə budur ki, Qərbin düşüncə tərzi, əxlaq dəyərləri, insan anlayışı tamamilə fərqlidir. Bu fərqlilik davam etdikcə, Qərbin özündən olmayanları marginallaşdırma siyasəti öz aktuallığını daim qoruyacaq.
Qərbin ümumi mənada Şərq ölkələrinə və Şərq insanına baxışında da son dərəcə düşündürücü və qıcıqlandırıcı nüanslar nəzərə çarpır. Qərb Şərq insanını cahil, qeyri-mədəni, terrorizmə meyilli, hətta daha da irəli gedərək terrorist olaraq görür və ümumilikdə aşağı sinif insan kateqoriyasına daxil edir. Bu baxış uzun illərdir ki, Qərb təfəkküründə möhkəmlənərək davam edir. Təəssüf doğuran məqam budur ki, hal-hazırda insanlığın tərifi Qərb mədəniyyətinə uyğun şəkildə verilir, əxlaq anlayışları və dəyərlər Qərb tərəfindən müəyyən edilməyə çalışılır. Bu gün dünyada Qərb mentalitetinə əsaslanan “universal qanunlar” deyə bir model mövcuddur. Bu qanunları “universal qanunlar” deyil, “universallaşdırılmış qanunlar” şəklində xarakterizə etmək daha məqsədəuyğundur. Günümüzdə “sivilizasiyalararası, dinlərarası dialoq və sülh” çağırışları səslənir. Dünyada təxminən 2,5 milyard insan acınacaqlı bir vəziyyətdə cüzi bir gəlirlə yaşayarkən, hansı sülh və əmin-amanlıqdan söz edilə bilər? Qərbin anlayışına görə, “sülh” deyilən anlayış insanların məcburən Qərb mədəniyyətini, dəyərlərini və qanunlarını mənimsəməsidir. İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin Şərq və İslam mədəniyyəti ilə bağlı dediyi sözlər olduqca düşündürücüdür: “…Şərqi qərbliləşdirmək (oxu: mədəniləşdirmək – E.Ş.) və Şərq xalqlarını fəth etməyə davam etmək Qərbin alın yazısıdır. Qərb bunu kommunist dünyasında və İslam aləminin bir hissəsində etmişdir. 1400 ildir ki, heç bir irəliləyişə nail olmayan İslam dünyasında da eyni şeyi edəcək. Mədəniyyətimizin üstünlüyündən və gücündən əmin olmalıyıq. Bizim mədəniyyətimizdə insan hüquqlarına və dinlərə hörmət var. Amma İslam ölkələrində bu hüquqlara və dinlərə olan hörmət aşağı səviyyədədir…”.[32]
Əgər Berluskoninin qeyd etdiyi kimi, Qərb mədəniyyətində insan hüquqlarına və dinlərə hörmət varsa, İslam ölkələrində isə bunlara əks münasibət göstərilirsə, bəs o zaman Yaxın Şərqdə böyük güclər tərəfindən baş verən terror və cinayətləri, Avropanın bəzi ölkələrində camilərin dağıdılması barəsində qəbul edilən qərarları, müsəlmanlara qarşı təhqiredici davranış və hərəkətləri, İslam peyğəmbərinə ünvanlanan təhqiramiz ifadələri hansı mədəniyyətin adına yazmaq lazımdır? Məgər onlar Qərb mədəniyyətinin daşıyıcıları deyillərmi?
Etiraf etmək lazımdır ki, İslama ən böyük zərbə heç şübhəsiz, cahil düşüncə tərzi və mövhumatçı təfəkkürdən gəlir. Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, Şərq insanını, müsəlmanları terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və bu mənzərəni yaradanlar məhz əks sivilizasiyanın, yəni Qərb sivilizasiyasının hakim daşıyıcılarıdır.
Kütləvi qırğın silahlarını istehsal edib Şərqin zəif inkişaf etmiş ölkələrinə ixrac edənlər, dinçi terrorist təşkilatlar ərsəyə gətirənlər, onları maliyyələşdirənlər və silahlandıranlar, tarixi təcavüzkarlıq müharibəsi aparanlar, dövlətlər, xalqlar, dinlər və sivilizasiyalar arasında ziddiyyət və toqquşmalar yaradanlar da yenə məhz Qərb sivilizasiyasının hakim daşıyıcılarıdır.
Burada əsas məqsədimiz Qərb sivilizasiyasının daşıyıcıları olan xalqları eyni qəlib içərisində dəyərləndirmək deyil, qanlı aksiyalara imza atmış hakim dövlətlərin niyyət və məramlarını ortaya qoymaqdır. Lakin həqiqətin bir üzü var. Qərb dövlətlərinin ümumilikdə Şərq insanını aşağı sinif insan kimi dəyərləndirib qeyri-obyektiv yanaşma ortaya qoymaları reallığı dəyişdirməz. Təəssüf ki, Qərb mədəniyyətinin əksər daşıyıcıları məhz özlərini insan olaraq görür, digərlərini marginallaşdırır, yəni sosial təcrid edir, beyinlərində formalaşdırdığı “insan” kateqoriyasına daxil etmirlər. Nə qədər ki, marginallaşdırma davam edir, insanlığın tərifi Qərb mədəniyyətinə uyğun olaraq ortaya qoyulur, əxlaq anlayışları və dəyərlər Qərb tərəfindən müəyyən edilir, ayrı-seçkiliklər, ikili standartlar siyasəti daim var olacaq, beynəlxalq hüquq və liberal dəyərlərin dəyərsizliyi dəyişməz qalacaq.
ƏDƏBİYYAT
Türk dilində:
- Akar Atilla. Derin dünya devleti: gizli doktrinin küresel efendileri. İstanbul: Timaş yayınları, 2003, 302 s.
- Armaoğlu Fahir. 20. yüzyıl siyasi tarihi (1914-1980): 2 ciltte, Ankara: Türkiye İş Bankası Kültür yayınları, 1991, I c., 884 s.
- Brzezinski Zbigniew. Büyük satranç tahtası: Amerika’nın önceliği ve bunun jeostratejik gerekleri. İstanbul: Sabah kitapları, 1998, 192 s.
- Friedman George. Gelecek 10 yıl. İstanbul: Pegasus yayınları, 2011, 317 s.
- Gündüz Süleyman. Taliban, Ladin ve Amerika kıskacında Afganistan / Afganistan, Taliban ve Ladin. İstanbul: Birey yayıncılık, 2001, s. 11-42.
- Kissinger Henry. Diplomasi, Ankara: Türkiye İş Bankası Kültür yayınları, II baskı, 2000, 811 s.
İnternet resursları:
Azərbaycan dilində:
- Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə. https://president.az/az/articles/view/55498
- Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər. https://report.az/dagliq-qarabag-munaqishesi/azerbaycan-ve-ermenistan-xin-bascilarinin-ucterefli-gorusu-basa-catdi/
- Azərbaycan və Ermənistan humanitar atəşkəs barədə razılığa gəldi. https://modern.az/az/news/260857
- Avropa parlamentinin qərəzli qətnaməsi – VİDEO. https://www.realtv.az/news/az/104532/-avropa-parlamentinin-qerezli-qetnamesi-video
- Bjezinski: ABŞ Ukraynadakı prosesləri yönləndirməlidir. 10 aprel 2015. http://newtimes.az/az/geopolitics/3439/
- Ermənistan-Azərbaycan arasında daimi atəşkəs yalnız BMT qətnamələrinin şərtləri daxilində mümkündür. https://fed.az/az/qarabag/turkiye-xin-ermenistan-azerbaycan-arasinda-daimi-ateskes-yalniz-bmt-qetnamelerinin-sertleri-daxilinde-mumkundur-91600
- İlham Əliyev xalqa müraciət edib. https://president.az/articles/45924
- Moskva Bəyannaməsi – ərazi bütövlüyü və təhlükəsizliyinə daha bir qarant. https://report.az/analitika/moskva-beyannamesi-erazi-butovluyu-ve-tehlukesizliye-daha-bir-qarant/
- Paşinyanın Rusiyaya növbeti xeyaneti: Ermenistan bu defe NATO-dan imdad dileyir. https://azerbaijan.az/news/4425
- Pompeo Azərbaycan ve Ermənistan Xarici İşlər nazirləri ilə görüşdü. www.amerikaninsesi.org/a/pompeo-azərbaycan-və-ermənistan-xarici-işlər-nazirləri-ilə-görüşüb/5633126.html
- Rauf Hacıyev. Avropa Parlamentinin qətnaməsi Avropa dövlətlərinin Zəfərimizdən sonra Azərbaycana qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür. https://azertag.az/xeber/Avropa_Parlamentinin_qetnamesi_Avropa_dovletlerinin_Zeferimizden_sonra_Azerbaycana_qarsi_numayis_etdirdiyi_ayri_sechkiliyin_daha_bir_tezahurudur-2050616
- Zaur Məmmədov. Avropa ölkələri Azərbaycana xüsusi önəm verir. https://apa.az/az/siyasi/avropa-olkeleri-azerbaycana-xususi-onem-verir-tehlil-691311?fbclid=IwAR1ULezyr173wiWTME-wFikn-RyKMBthYT7lfaSGo08GHfU6NbuYgPZ5Xb8
Türk dilində:
- Araz Aslanlı. Karabağ’da hiç kesilmeyen ateş ve Rusya. 4 aprel 2016. http://aljazeera.com.tr/gorus/karabagda-hic-kesilmeyen-ates-ve-rusya
- Ömer Tuğrul Çam. NATO: Dağlık Karabağdaki çatışmanın tarafı değiliz. https://www.aa.com.tr/tr/turkiye/nato-daglik-karabagdaki-catismanin-tarafi-degiliz/2014340
- “Rusya’ya karşı gelenlerin toprak bütünlüğü ihlal ediliyor – Gürcistan, Ukrayna, Moldova…” – Aleksandr Dugin. https://yenicag.info/rusyaya-karsi-gelenlerin-toprak-butunlugu-ihlal-ediliyor-gurcistan-ukrayna-moldova-aleksandr-dugin/embed
Rus dilində:
- Владимир Путин: «Распад СССР – крупнейшая геополитическая катастрофа века». https://regnum.ru/news/economy/444083.html
- Выступление и дискуссия на Мюнхенской конференции по вопросам политики безопасности / archive.kremlin.ru. 10 февраля 2007 года
- Путин: События в Карабахе – это трагедия, мы очень переживаем (видео). https://moscow-baku.ru/news/politics/putin_sobytiya_v_karabakhe_eto_tragediya_my_ochen_perezhivaem/
- Путин: Ситуация, при которой значительная часть территории Азербайджана утрачена, не может продолжаться вечно (видео). https://moscow-baku.ru/news/politics/putin_u_rossii_osobye_svyazi_i_s_armeniey_i_s_azerbaydzhanom/
- Путин: Не нужно было разваливать СССР. https://regnum.ru/news/polit/2184253.html
- Путин назвал аннексию Крыма «восстановлением исторической справедливости». https://www.unian.net/politics/956925-putin-nazval-anneksiyu-kryima-vosstanovleniem-istoricheskoy-spravedlivosti.html
- Распад СССР Путин назвал самой большой геополитической катастрофой. https://www.pravda.com.ua/rus/news/2005/04/25/4387750/
- Статья Владимира Путина «Об историческом единстве русских и украинцев». 12 июля 2021 года. http://kremlin.ru/events/president/news/66181
İngilis dilində:
- Francis Fukuyama. Preparing for defeat. 10 March 2022. https://www.americanpurpose.com/articles/preparing-for-defeat/
- Interview with Henry Kissinger: ‘Do We Achieve World Order Through Chaos or Insight?’ / spiegel.de, 13 November 2014
- James Landale. Ukraine: how might the war end? Five scenarios. BBC News. 3 March 2022. https://www.bbc.com/news/world-europe-60602936
- Lawrence Freedman. Putin is running out of options – The New Statesman. https://www.newstateman.com/world/europe/ukraine/2022/03/putin-is-running-out-of-options
- Memorandum on Security Assurances in connection with Ukraine’s accession to the Treaty on the Non-Proliferation of Nuclear Weapons. http://www.pircenter.org/media/content/files/12/13943175580.pdf
- Russell Hotten. Ukraine conflict: what is SWIFT and why is banning Russia so significant? BBC News. 27 February 2022. https://www.bbc.com/news/business-60521822
[1]“Rusya’ya karşı gelenlerin toprak bütünlüğü ihlal ediliyor – Gürcistan, Ukrayna, Moldova…” – Aleksandr Dugin. https://yenicag.info/rusyaya-karsi-gelenlerin-toprak-butunlugu-ihlal-ediliyor-gurcistan-ukrayna-moldova-aleksandr-dugin/embed
[2]Araz Aslanlı. Karabağ’da hiç kesilmeyen ateş ve Rusya. 4 aprel 2016. http://aljazeera.com.tr/gorus/karabagda-hic-kesilmeyen-ates-ve-rusya
[3]Путин: События в Карабахе – это трагедия, мы очень переживаем (видео). https://moscow-baku.ru/news/politics/putin_sobytiya_v_karabakhe_eto_tragediya_my_ochen_perezhivaem/
[4]Bu barədə bax: Путин: Ситуация, при которой значительная часть территории Азербайджана утрачена, не может продолжаться вечно (видео). https://moscow-baku.ru/news/politics/putin_u_rossii_osobye_svyazi_i_s_armeniey_i_s_azerbaydzhanom/
[5]Paşinyanın Rusiyaya növbeti xeyaneti: Ermenistan bu defe NATO-dan imdad dileyir. https://azerbaijan.az/news/4425; Ömer Tuğrul Çam. NATO: Dağlık Karabağdaki çatışmanın tarafı değiliz. https://www.aa.com.tr/tr/turkiye/nato-daglik-karabagdaki-catismanin-tarafi-degiliz/2014340
[6]Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər. https://report.az/dagliq-qarabag-munaqishesi/azerbaycan-ve-ermenistan-xin-bascilarinin-ucterefli-gorusu-basa-catdi/
[7]Azərbaycan və Ermənistan humanitar atəşkəs barədə razılığa gəldi. https://modern.az/az/news/260857; Ermənistan-Azərbaycan arasında daimi atəşkəs yalnız BMT qətnamələrinin şərtləri daxilində mümkündür. https://fed.az/az/qarabag/turkiye-xin-ermenistan-azerbaycan-arasinda-daimi-ateskes-yalniz-bmt-qetnamelerinin-sertleri-daxilinde-mumkundur-91600; Pompeo Azərbaycan ve Ermənistan Xarici İşlər nazirləri ilə görüşdü. www.amerikaninsesi.org/a/pompeo-azərbaycan-və-ermənistan-xarici-işlər-nazirləri-ilə-görüşüb/5633126.html
[8]İlham Əliyev xalqa müraciət edib. https://president.az/articles/45924
[9]Bu barədə ətraflı bax: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə. https://president.az/az/articles/view/55498; Moskva Bəyannaməsi – ərazi bütövlüyü və təhlükəsizliyinə daha bir qarant. https://report.az/analitika/moskva-beyannamesi-erazi-butovluyu-ve-tehlukesizliye-daha-bir-qarant/
[10]Zaur Məmmədov. Avropa ölkələri Azərbaycana xüsusi önəm verir. https://apa.az/az/siyasi/avropa-olkeleri-azerbaycana-xususi-onem-verir-tehlil-691311?fbclid=IwAR1ULezyr173wiWTME-wFikn-RyKMBthYT7lfaSGo08GHfU6NbuYgPZ5Xb8
[11]Zbigniew Brzezinski. Büyük satranç tahtası: Amerika’nın önceliği ve bunun jeostratejik gerekleri. İstanbul: Sabah kitapları, 1998, s. 45.
[12]Zbigniew Brzezinski. Büyük satranç tahtası: Amerika’nın önceliği ve bunun jeostratejik gerekleri, s. 43.
[13]Путин: Не нужно было разваливать СССР. https://regnum.ru/news/polit/2184253.html; Владимир Путин: «Распад СССР – крупнейшая геополитическая катастрофа века». https://regnum.ru/news/economy/444083.html; Распад СССР Путин назвал самой большой геополитической катастрофой. https://www.pravda.com.ua/rus/news/2005/04/25/4387750/
[14]Путин назвал аннексию Крыма «восстановлением исторической справедливости». https://www.unian.net/politics/956925-putin-nazval-anneksiyu-kryima-vosstanovleniem-istoricheskoy-spravedlivosti.html
[15]Interview with Henry Kissinger: ‘Do We Achieve World Order Through Chaos or Insight?’ / spiegel.de, 13 November 2014; Bjezinski: ABŞ Ukraynadakı prosesləri yönləndirməlidir. 10 aprel 2015. http://newtimes.az/az/geopolitics/3439/
[16]Fahir Armaoğlu. 20. yüzyıl siyasi tarihi (1914-1980): 2 ciltte, Ankara: Türkiye İş Bankası Kültür yayınları, 1991, I c., s. 241.
[17]Henry Kissinger. Diplomasi, Ankara: Türkiye İş Bankası Kültür yayınları, II baskı, 2000, s. 294.
[18]Fahir Armaoğlu. 20. yüzyıl siyasi tarihi (1914-1980). I c., s. 280.
[19]Fahir Armaoğlu. 20. yüzyıl siyasi tarihi (1914-1980). I c., s. 287-289.
[20]Выступление и дискуссия на Мюнхенской конференции по вопросам политики безопасности / archive.kremlin.ru. 10 февраля 2007 года.
[21]Bjezinski: ABŞ Ukraynadakı prosesləri yönləndirməlidir. 10 aprel 2015. http://newtimes.az/az/geopolitics/3439/
[22]Статья Владимира Путина «Об историческом единстве русских и украинцев». 12 июля 2021 года. http://kremlin.ru/events/president/news/66181
[23]George Friedman. Gelecek 10 yıl. İstanbul: Pegasus yayınları, 2011, s. 169-170.
[24]Memorandum on Security Assurances in connection with Ukraine’s accession to the Treaty on the Non-Proliferation of Nuclear Weapons. http://www.pircenter.org/media/content/files/12/13943175580.pdf
[25]Atilla Akar. Derin dünya devleti: gizli doktrinin küresel efendileri. İstanbul: Timaş yayınları, 2003, s. 13.
[26]Russell Hotten. Ukraine conflict: what is SWIFT and why is banning Russia so significant? BBC News. 27 February 2022. https://www.bbc.com/news/business-60521822
[27]James Landale. Ukraine: how might the war end? Five scenarios. BBC News. 3 March 2022. https://www.bbc.com/news/world-europe-60602936
[28]James Landale. Ukraine: how might the war end? Five scenarios. BBC News. 3 March 2022. https://www.bbc.com/news/world-europe-60602936
[29]Lawrence Freedman. Putin is running out of options – The New Statesman. https://www.newstateman.com/world/europe/ukraine/2022/03/putin-is-running-out-of-options
[30]Francis Fukuyama. Preparing for defeat. 10 March 2022. https://www.americanpurpose.com/articles/preparing-for-defeat/
[31]Avropa parlamentinin qərəzli qətnaməsi – VİDEO. https://www.realtv.az/news/az/104532/-avropa-parlamentinin-qerezli-qetnamesi-video; Rauf Hacıyev. Avropa Parlamentinin qətnaməsi Avropa dövlətlərinin Zəfərimizdən sonra Azərbaycana qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür. https://azertag.az/xeber/Avropa_Parlamentinin_qetnamesi_Avropa_dovletlerinin_Zeferimizden_sonra_Azerbaycana_qarsi_numayis_etdirdiyi_ayri_sechkiliyin_daha_bir_tezahurudur-2050616
[32]Süleyman Gündüz. Taliban, Ladin ve Amerika kıskacında Afganistan / Afganistan, Taliban ve Ladin. İstanbul: Birey yayıncılık, 2001, s. 39.