Araşdırmalar

Putinin nüvə şantajı üçün üç variantı var

Pinterest LinkedIn Tumblr

“Putinin nüvə qarşıdurması barədə dedikləri Baydenin Ukrayna səfəri və buradakı sərt mesajlarına verilən reaksiyadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində ölkəsinin strateji hücum silahları haqda müqavilədən çıxmasına işarə vurmasına münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Nüvə silahı ilə bağlı Rusiyanın yanaşa biləcəyi 3 variant var:

“Nüvə silahları Rusiyanın Qərblə güc balansını qoruduğu önəmli tək məqamdır. Rusiya Ukraynada məqsədinə nail ola bilmir. Qərbin Ukraynaya ciddi dəstək verməsi də Kremli ciddi narahat edib. Belə vəziyyətdə Putin təkrarən nüvə silahı faktoruna müraciət etdi. Nüvə silahı ilə bağlı Rusiyanın yanaşa biləcəyi 3 variant var. Nüvə silahı məsələsini gündəmə gətirməmək, ondan təhdid vasitəsi kimi istifadə etmək və Qərblə əldə edilən nüvə razılaşmalarını dayandırmaq, ondan çıxmaq. Putinin açıqlaması göstərir ki, Moskva hazırda üçüncü variantı seçib”.

Lakin həmsöhbətimiz Putinin nüvə qarşıdurmasına start verməsinin isti bir çarpışmaya gətirib çıxaracağını düşünmür:

“Çünki bu addımın nəyə səbəb olacağını hamı bilir. Putinin bu hərəkəti sadəcə güclü silahın diplomatik siyasi masada gündəmə gətirilməsidir. Putinin bu məsələni gündəmə gətirməsi bir sıra məqsədlərə xidmət edir. Bununla Moskva bir tərəfdən ABŞ-ı Ukraynaya daha geniş dəstək verməkdən çəkindirməyə çalışır. Digər tərəfdən, bu, ABŞ-la Rusiya arasında Ukrayna kontekstində yeni bazarlıq masasının qurulması üçün həmlədir”.

Qeyd edək ki, Putin Federal Məclisə müraciətində strateji nüvə qarşıdurmasına start verdiyini bəyan edib. Bu gün isə Dövlət Duması da Rusiyanın Strateji hücum silahları haqda müqavilədən çıxmasını təsdiqləyib. Dövlət Duması təşəbbüsü yekdilliklə qəbul edib, 401 deputat onun lehinə səs verib. Qanun layihəsinə Federal Şura baxacaq.

Xatırladaq ki, START və ya START-3 2010-cu ildə Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Müqavilə hər bir ballistik raketin nüvə başlıqlarının sayını məhdudlaşdırır. 2021-ci ildə isə müqavilə 2026-cı il fevralın 5-dək uzadılımışdı.

Mənbə: https://qaynarinfo.az/putinin-nuve-santaji-ucun-uc-varianti-var-ekspert-3

Dr. Nazim Cəfərsoy