Rəsmi İrəvandan növbəti dəfə sülh bəyanatı səsləndirilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə “Ermənistan-Avropa” konfransında deyib ki, Ermənistan Brüsseldə üçtərəfli görüşə hazırdır və ümid edir ki, bu görüş yaxın vaxtlarda baş tutacaq: “Ermənistan sülhə hazırdır. Hazırkı mərhələdə İrəvan Azərbaycanla sərhədin dəqiqləşdirilməsi, respublikanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəqiqləşdirmələr aparmağa çalışır”.
Qriqoryanın sözlərinə görə, İrəvan həmçinin dörd prinsip əsasında regionda blokadanın aradan qaldırılmasına səy göstərir. Bunlardan biri də əsirlərin qaytarılması və sülhün əldə olunması ilə bağlıdır.
“Ermənistan bu gündəm üzrə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə çatmağa və sülh müqaviləsini imzalamağa hazırdır”, – deyə Qriqoryan əlavə edib.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy İrəvandan verilən sülh bəyanatları ilə bağlı AYNA-nın suallarını cavablandırarkən bildirib ki, son üç ildə erməni rəsmilərin belə açıqlamaları çox olub:
– Amma real addıma gələndə İrəvan sülhdən yayınır. Azərbaycan sülh danışıqlarına, sülh sazişinin şərtləri daxilində imzalanmasına hər zaman açıq olduğunu bəyan edib. Ermənistan sülh bəyanatı verir, amma ardınca şərt irəli sürür. Bu isə qəbuledilməzdir. Şərtləri rəsmi Bakı diktə etməlidir və edir. Görüş məsələsinə gəlincə, Azərbaycan bütün platformalarda danışıqlara hazır olduğunu dəfələrlə qeyd edib. Sadəcə baxır o görüşlərin gündəliyi nədir, müzakirə mövzuları Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur. Əgər Bakının şərtləri çərçivəsində danışıqlar aparılacaqsa, İrəvan buna razılaşacaqsa, Azərbaycanın təklif etdiyi sülh paketi ilə sülh sazişi imzalanacaqsa, o zaman güman ki, Azərbaycan tərəfi görüşə qatılacaq.
– İkinci Qarabağ müharibəsinin başa çatmasından, Üçtərəfli Birgə Bəyanatın imzalanmasından üç il keçdi. Sizcə, sülh sazişinin imzalanması çox yubanmadı?
– Bilirsiniz, 44 günlük müharibədəki parlaq qələbədən sonra Azərbaycan cəmiyyətində belə bir yanaşma var idi ki, tez zamanda sülh sazişi imzalanmalıdır, çünki zaman bizim əleyhimizə işləyir. Amma mən dəfələrlə demişəm ki, zamandan necə istifadə etmək əsas şərtdir. Əgər zamanı doğru istifadə edərsinizsə, vaxtı uzatmaq xeyirə işləyə bilər. Əgər zamanı neqativ istifadə edərsənsə, o zaman vaxt əleyhinizə inkişaf edə bilər. Son üç illik period göstərdi ki, Azərbaycan zamandan Ermənistanla müqayisədə çox yaxşı istifadə edir və gün keçdikcə yaxşı istifadənin nəticələrini görürük.
Məsələn, 26 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycanın sülh təklifini qəbul etsəydi daha çox şey əldə edərdi. Əgər 10 noyabr 2020-ci ildə Ermənistan Azərbaycanla bəyanat yox, birbaşa sülh müqaviləsi imzalasaydı yenə də qazanclı çıxardı. 18 sentyabr 2023-cü ildə də İrəvan Bakının sülh təkliflərini qəbul etsəydi də qazanclı olardı. Amma Ermənistan rəsmiləri və havadarları dərs çıxarmırlar. Azərbaycan isə zamanı doğru istifadə etməkdədir. Hesab edirəm ki, Ermənistan indi ağlını başına yığmalı, sülh sazişinə imza atmalıdır.
– Ermənistan Təhlükəsizlik Şurasının katibinin İrəvanın sülh sazişini imzalamağa hazır olması bəyanatından sonra müqavilənin imzalanmasına ümid nə qədərdir?
– Yenə deyirəm, belə bəyanatları əvvəllər də eşitmişik. Məsələ burasındadır ki, Ermənistanın əvvəlki rəhbərliyi maksimalist mövqedə idilər. İkinci Qarabağ müharibəsində Ermənistanın dizi yerə gələndən sonra Paşinyan və onun hökumət üzvləri bəyanatlarında maksimalizmi azaltdılar. Paşinyan və komandası anlayır ki, zamanın uzanması, proseslərin gedişi Ermənistanın lehinə deyil. Amma burada iki maraq var: bir tərəfdən, Azərbaycanla münasibətləri tənzimləmək, ikincisi, Ermənistanın daxilindəki siyasi güc balansı və bunun Paşinyan hakimiyyətinə verə biləcəyi zərərdir. Nikol düşünür ki, Ermənistan-Azərbaycan münasibətləri nə qədər gərginləşsə də, Azərbaycan Ordusu İrəvana hücum etməyəcək. Amma Azərbaycanla onun tələb etdiyi şərtlər daxilində sülh sazişi imzalasa, bu, daxildə xəyanətkar kimi hakimiyyətdən getməsi ilə nəticələnə bilər. İrəvanın indi yürütdüyü siyasətin təməl xəttində bu dayanır: “Biz Bakının istədiklərini verməyək, özü zorla alsın. Bundan sonra yeni vəziyyətə uyğun erməni cəmiyyətinə sülh sazişi bağlamağa məcbur olduğumuzu deyək”. Yəni Ermənistanın apardığı siyasət budur. İndi İrəvandan verilən sülh bəyanatının nə qədər səmimi olduğunu qarşıdakı zamanda daha dəqiq görəcəyik. Ola bilsin ki, Ermənistan başqa yolu olmadığını tam dəqiqliklə anlayıb və cəmiyyət də bunu başa düşür.
Azərbaycanın şərtləri bəllidir, beş prinsip əsasında sülh sazişinin imzalanmasından Bakı yayınmır. Yayınan İrəvandır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh imzalayacağı təqdirdə, ölkə daxilindən və xaricdən gələcək ictimai qınaqlardan çəkinir. Amma bu qorxu da Ermənistana ziyan verir və bu, uzun çəkə bilməz. Necə deyərlər, qorxunun əcələ faydası yoxdur.
– Paşinyan hökuməti bu ictimai qınağı yenə biləcəkmi?
– Maraqlı bir məqam var: Paşinyan “yeni ermənilik” və “yeni Ermənistan” ideyalarından danışır. Son 200 ildə ermənilər türk əleyhdarı təfəkkürlə yaşayıblar. Rus və Qərb imperial təfəkkürünün bəslədiyi türk əleyhdarı yanaşmanın dəyişməsi çətindir. Məlumdur ki, ermən milli təfəkkürü tarixən türk əleyhdarlığı üzərinə qurulub. Paşinyan “yeni ermənilik” və “yeni Ermənistan” ideyası ilə “dənizdən-dənizə böyük Ermənistan”, “miatsum” kimi sarsaq ideyaları basdırmağa çalışır. Bu, asan məsələ deyil. Məsələn, Paşinyanın son dövrdə bir bəyanatı oldu: “Vətənpərvərlik dövlətini sevməkdir, dövlət kimi qalmaq üçün isə qonşularla normal münasibət qurmalıyıq”. 200 ildir beyni tükr düşmənçiliyi ilə zəhərlənmiş erməni cəmiyyətinə bunu demək elə də asan məsələ deyil. Türk əleyhdarı bir cəmiyyətə “Azərbaycanla sülh sazişi imzalayaq, Türkiyə ilə münasibətləri normallaşdıraq” demək irəliyə doğru addım sayılmalıdır.