Hərbi-təhükəsizlik

HƏMAS-İsrail münaqişəsinin regionallaşmasının səbəbləri və mümkün nəticələri

Pinterest LinkedIn Tumblr

7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan bir müddət sonra İsrail dövləti özü üçün bəzi dövlət daxili hədəflər müəyyən etdi. Bu hədəflər yekunda coğrafi olaraq Qəzza kimi kiçik ərazinin tam nəzarət altına alınmasına hesablanmışdı. Hədəf, başda iki istiqamətdə Şimali və Cənubi Qəzzanın HƏMAS-dan “təmizlənməsi”, daha sonra ərazinin yenidən qurulmasını özündə ehtiva edirdi. İsrail 1 il içində bu ilkin hədəfə nail olmağı bacardı. Netzarim dəhlizi kimi bilinən dəhlizin nəzarətə götürülməsi ilə faktiki olaraq Qəzza zolağı Şimal və Cənub hissələrinə ayrıldı. Bunun ardından yeni hədəf olaraq digər önəmli dəhliz sayılan Filadelfi dəhlizi, Misirin qarşı çıxmasına rəğmən “nəzarətə götürüldü”. Beləliklə, geostrateji olaraq İsrail Qəzza münaqişəsindəki əsas hədəflərinə çatdı.

Bunun ardınca, İsrail dövləti, dövlət daxili hədəflərdən yaxın coğrafiyadakı hədəflərə yönəlmə qərarı aldı. Bu qərarın alınmasında həm daxili, həm də xarici səbəblər mövcud olmuşdur.

Daxili səbəblərə:

(1) Netanyahunun iqtidarda qalma problemi;

(2) İsrailli girovlarla bağlı yüksələn etirazlar dalğası;

(3) İfrat sağ partiyaların “müharibə davam etməsə koalisiyanı dağıtmaq” təhdidi aid edilə bilər.

Xarici səbəblərə isə:

(1) Dünya ictimaiyyətinin getdikcə İsraili sıxışdırması;

(2) ABŞ-də seçki marafonun başlaması ilə beynəlxalq sistemdə ətalətin yaranması;

(3) İrandakı iqtidar dəyişikliyinin regionda yaratdığı yeni gerçəkliklər göstərilə bilər.

Bütün yuxarıdakı səbəblərdən dolayı, İsrail, öz təhlükəsizliyini təmin etmək iddiası ilə Livan və Suriya ərazisində yüksək rütbəli İnqilab Keşikçiləri və Hizbullah liderlərinə qarşı sui-qəsdlər həyata keçirdi. İrandan Qolan təpələrinə qədər uzanan təminat yollarını bir-bir sıradan çıxardı. Müharibə zəncirinin ən önəmli həlqəsi təminat yollarının fasiləsizliyi olduğu üçün İsrail, ilk olaraq bu addımla başlayaraq, ən son `Peycer Əməliyyatı` ilə Hizbullahın ən önəmli şəxslərini zərərsizləşdirdi. Heç fasilə vermədən, 42 illik Hizbullah lideri Nəsrullahı və onun yerinə təyin olunan Səfiyuddini öldürməyi də bacardı.

İsrailin yaxın coğrafiyadakı başlıca hədəflərinə:

(1) “Dirəniş Oxu”nun (İran vəkillərinin) koordinasiyasını kəsmək;

(2) Livanda Litani çayına qədərki əraziləri nəzarətə götürüb, “Şimal ərazisi”ndəki yeni köçmüş sakinlərin təhlükəsizliyini təmin etmək və gələcəkdə buraya yeni ailələr köçürmək;

(3) Qolan təpələrinin strateji mühasirədəki vəziyyətini sahədə dəyişmək;

(4) İçməli su problemini həll etmək;

(5) ABŞ təzyiqi ilə Hizbullahla imzalanan müqavilələrdə itirdiyi təbii qaz yataqlarını sahədə geri almaq aiddir.

İsrail, yuxarıdakı hədəflərdən ilkini həyata keçirməyi bacararaq, ikinciyə doğru sürətlə irəliləyir. Lakin bu hədəflər dövlət daxili hədəflər qədər təhlükəli olmadığından bunları zaman-zaman regional hədəflərlə əvəzləmək mümkündür.

İsrailin regional hədəflərinə gəldikdə isə burada əsas önə çıxanlar bunlardır:

(1) İranın nüvəsiz və vəkilsiz dövlət olması;

(2) Suriyada faktiki Rusiya ilə qonşuluq münasibətlərinin bitirilməsi üçün ABŞ hərbi bazası olan Əl-Tanf-a qədərki ərazilərin nəzarətə götürülməsi, daha sonra hərbi bazadan İraq sərhədinə qədərki ərazilərlə birlikdə “Davud Dəhlizi”nin tamamlanması;

(3) Husilərin Qırmızı dənizdə nəzarəti itirməsi sayəsində yenidən Eliat limanının strateji üstünlük qazanması;

(4) “Davud İttifaqı”nın yaranması ilə regiondakı bütün beynəlxalq logistikanın bu ərazidən keçməsi.

İsrail, bu hədəflərdən 1 və 4-ə çata bilmək üçün son zamanlar əlindən gələni edir. Digər iki hədəfə daha uzun müddətli zaman kəsiyində də varmaq mümkündür. Bu səbəbdən, İsrail, İranın ən güclü vəkil gücü sayılan Hizbullahı sıradan çıxarmağa çalışaraq, aradakı koordinasiyanı pozmağa çalışdı.

İranın təhlükəsizlik doktrinası “İslam İnqilabı”nı regiona yaymaq üzərində qurulub. Bu inqilab vəkillər üzərindən yayılaraq, eyni zamanda İranın təhlükəsizliyini də təmin edirdi. Lakin yeni iqtidarın Qərblə yaxınlaşma cəhdləri, İranın il sonuna qədər nüvə reaktorlarına sahib olma iddiaları və eyni zamanda ABŞ-də seçki ərəfəsi kimi səbəblər İsraili yenidən İranla gərginliyi artırmağa sövq edir. Birmənalı deyil ki, İran üçün də İsrailə bir-başa hücumda önəmli səbəblər mövcuddur.

Bunlara:

(1) Haniyə sui-qəsdinə qarşı susqunluq naminə Qərblə gizli anlaşmanın pozulması;

(2) Nəcəf Şiə məktəbinin Qum məktəbindən daha güclü olaraq ortaya çıxma cəhdi (Sistaninin Xamaneyidən öncə fətva verməsi)

(3) Livandakı İran səfirinin zərər görməsi və İnqilab Keşikçiləri Generalı Nilforuşanın öldürülməsinin yaratdığı çıxılmaz vəziyyət aiddir.

İsrail bütün bunlardan məharətlə istifadə edərək, öncə hüquqi zəmin, daha sonra “casus belli” yaratmağa çalışır. Dövlət daxili hədəfdə hüquqi zəmin HƏMAS-ın seçki keçirməməsi, “casus belli” isə 7 oktyabr hücumu idi. Yaxın coğrafi hədəflərdə isə hüquqi zəmin BMT TŞ-nin 1701 sayılı qərarı (Qərara görə Hizbullah Litani çayının cənubuna enməməli, ərazi isə silahsızlandırılmış bölgə elan edilməli idi), “casus belli” isə Hizbullahın Hayfa şəhərinə hücumu oldu.

Regional hədəflərdə isə əsas hüquqi zəmini 25 sentyabrda Hizbullah hədəfləri vurularkən depoda İran istehsalı Fateh-110 ballistik raketlərinin ifşa olması yaratdı. Raket Texnologiyaları İdarəetmə Rejimi (MTCR) təşkilatı 300 km mənzilli, 500 kiloqramdan artıq yük  daşıya bilən silahların satışını əngəlləyir. İran bu təşkilata üzv olmasa da bu qaydanı pozmaqla öz legitimliyini zəiflətmiş oldu. İsrail bundan istifadə edərək, İranın ona bir-başa hücumunu casus belli olaraq göstərib, özünün regional hədəflərindən biri sayılan İranın nüvəsizləşməsinə nail olmağa çalışacaq. İran buna cavab olaraq nüvə proqramını yaxın müddətdə yekunlaşdırmağı bacarmazsa, təhlükəsizliyini təmin etmək üçün yaratdığı vəkillər arasındakı  koordinasiyanı itirdiyi kimi, bu dəfə öz ərazilərində hücuma məruz qalacaq.

Novruzəli Yusubzadə