Araşdırmalar

Avstriya Azadlıq Partiyasının parlament seçkilərindəki qələbəsi nə mənaya gəlir?

Pinterest LinkedIn Tumblr

29 sentyabr 2024 tarixində Avstriya Respublikasında parlament seçkiləri keçirilmişdir. Ölkədə səsvermə hüquqi olan 6,3 milyon nəfərin  74,9%-i seçkilərdə iştirak etmişdir. Seçkilərin nəticələrinə əsasən, sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) ölkənin siyasi sistemində təmsil olunan aparıcı partiyaların önünə keçərək, 2019-cu ildə keçirilmiş seçkilərlə müqayisədə 11% daha çox səs toplayaraq 29,2 % nisbəti ilə qələbə qazanmışdır. Ölkənin siyasi sistemində aparıcı qüvvələr kimi tanınan konservativ Avstriya Xalq partiyası (ÖVP) 26,5%, Avstriya Sosial-Demokrat Partiyası (SPÖ) 21%, liberal NEOS partiyası 9%, Yaşıllar Partiyası 8% və Avstriya Kommunist Partiyası (KPÖ) 2,3 % səs əldə edə bilmişdirlər. Qeyd edilən partiyaların əksəriyyəti seçici elektoratını sabit şəkildə saxlaya bilsə də, Avstriya Xalq Partiyası (ÖVP) bu seçkilərdə ənənəvi elektoratının 11%-ni, Yaşıllar isə 5,9 %-ni itirmişlər (Statista portalı, 29.09.2024).

Beləliklə, Avstriya Parlamentində (Der Nationalrat-Milli Şura) mövcud olan 183 deputat mandatından 57 mandat FPÖ, 51 mandat ÖVP, 41 mandat SPÖ, 18 mandat NEOS, 16 mandat isə Yaşıllar qazanmışdır (Avstriya Parlamentinin portalı, 04.10.2024).

Avstriya Azadlıq Partiyası (FPÖ) 1955-ci ildə Almaniya Milli (Nasional) Sosialist Partiyasının (NSDAP) Avstriyadakı tərəfdarları tərəfindən təsis edilsə də, siyasi sistemdə yer tuta bilməmiş və daha çox marginal siyasi qrup rolunu oynamış, adətən seçicilərin cəmi 5-6%-i qazana bilmiş, çoxsaylı siyasi qalmaqallara və parçalanmalara məruz qalmışdır. Lakin, onun durumu 1980-ci illərdən etibarən dəyişməyə başlamış və seçicilər arasında populyarlığı davamlı şəkildə artmağa başlamışdır. Buna səbəb olaraq, alman millətçi tendensiyalarının canlanması və adıçəkilən partiyada Yörq Hayder adlı populist-xarizmatik siyasətçinin rəhbərlik etdiyi dövr (1986-2000) göstərilir. Müasirləri tərəfindən Adolf Hitler ilə müqayisə edilən Y.Hayder[1] FPÖ-nü Avstriya siyasi establişmentində marginal və əhəmiyyətsiz rol oynayan siyasi qrup rolundan xilas edərək, ÖVP-dən sonra ölkənin ikinci ən güclü partiyası səviyyəsinə çatdırmağa nail olmuşdur. Nəticədə, adıçəkilən partiya 1999-cu ildə seçici səslərinin 26,2 %-i toplaya bilmiş və hökumətin formalaşmasında iştirak etməyə başlamışdır. Sonrakı illərdə də müxtəlif siyasi qalmaqallar və Rusiya ilə əlaqələrdə ittiham olunması səbəbindən milli siyasi müstəvidə  müxalifətdə qalmasına rəğmən, ölkənin yerli idarəetmə orqanlarında (federal subyektlərin parlamentləri, hökumətləri və bələdiyyələr) təmsil olunmaqda davam etmişdir.

2017-ci ilin parlament seçkilərinin nəticələrinə əsasən, FPÖ keçmiş xarici işlər naziri Sebastian Kurtsun rəhbərliyi altında qurulmuş hökumət koalisiyasında iştirak etmiş və hazırki partiya rəhbəri Herbert Kiklin simasında ölkənin çox vacib postlarından biri sayılan daxili işlər naziri vəzifəsini əldə etmişdir. Neo-nasist təfəkkürün daşıyıcısı olan H.Kikl daxili işlər naziri qismində fəaliyyətə başladığı ilk günlərdən etibarən, ölkəsindəki qaçqınlara və miqrantlara münasibətdə kursu kəskinləşdirməklə yanaşı, həm də rəhbərlik etdiyi quruma tabe olan Konstitusiyanı Mühafizə və Terrorçuluqla Mübarizə üzrə Federal İdarədə Rusiya ilə əlaqəsi olan əməkdaşların uzaqlaşdırlmasına və orada islahatların aparılmasına nail olmuşdur. Lakin, 2019-cü ildə elə FPÖ-nün partiya sədri Haynts-Kristian Ştraxenin Rusiya ilə şübhəli əlaqələri sübut edildikdən sonra koalisiya hökuməti süquta uğramış və H.Kikl partiyası ilə birlikdə yenidən müxalifətə keçməyə məcbur olmuşdur. Kikl 2019-2024-cü illərdə hakimiyyətdəki Avstriya Xalq Partiyasına (ÖVP) və kansler (baş nazir) Karl Nehammerə qarşı uğurlu həmlələr edərək, hökumətin fəaliyyətindəki uğursuzluqlardan, o cümlədən koronavirus pandemiyası, inflyasiya, verigilərin azaldılması və sosial sığorta kimi mövzulardan istifadə edərək, seçicilərin yuxarıda qeyd edilən nisbətdə səslərini əldə edə bilmişdir. Avstriya Azadlıq Partiyası (FPÖ) hakimiyyətə gələcəyi təqdirdə ölkənin xarici siyasət kursunda da radkial dəyişliklərin həyata keçiriləcəyini, Rusiya-Ukrayna münaqişəsində ölkəsinin neytral mövqedən çıxış edəcəyini, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qatılmaycağını və Rusiyadan təbii qaz idxalının davam etdirələciyini elan etmişdir. FPÖ həmçinin üçüncü ölkələrin Avstriya üzərindən Ukraynaya göndərdikləri silah-sursat daşınmalarını qadağan edəcəyini xüsusilə vurğulamışdır.

Seçkilərdən dərhal sonra FPÖ lideri Kikl mətbuat qarşısında çıxış edərək, “partiyasının hər kəslə koalisiya danışıqlarına açıq olduğunu, lakin məhz özünü “xalqın kansleri” (Volkskanzler) kimi gördüyünü” bildirmişdir. Müşahidəçilərin qənaətinə görə, Kikl və partiyası seçicilərin favoriti olmasına baxmayaraq, onun “xalqın kansleri” olmaq şansları çox aşağıdır və bunun üçün aşağıda qeyd edilən tutarlı səbəblər mövcuddur.

Səbəblərdən biri Avstriyanın siyasi sistemidir. Avstriya parlament respublikası olsa da, konstitusiyaya əsasən, hökumətin qurulmasına razılığı federal prezident verir. Avstriyanın konstitusiyasına və siyasi praktikaya uyğun olaraq, federal prezident seçkilərdə ən çox səs toplamış partiyanın rəhbərinə hökumət kabinetin qurulmasına dair göstəriş verir. Seçici səslərinin 50 %-dən çoxunu toplamış partiya təkbaşına hökumət (Alleinregierung) qura bilər. Digər partiyalarla müqayisədə daha çox səs toplamış, lakin qeyd edilən 50%-i keçə bilməyən partiyalar isə prezidentin tapşırığı ilə həmin partiyalarla koalision hökumətin yaradılmasına dair maksimim 61 gün davam edə bilən danışıqlar aparırlar. Danışıqların nəticələrinə uyğun olaraq, federal prezident hökumət kabinetinin rəhbərini (kansler) və üzvlərini (nazirlər) təyin edə və ya onları qəbul etməyə bilər. Prezident təklif olunan koalision hökuməti bəyəndikdə, onu parlamentə təqdim edir.[2] Göründüyü kimi, FPÖ təkbaşına hökumət kabinetini qurmaq iqtidarında deyildir və digər aparıcı partiyalarla danışıqlara getmək məcburiyyətindədir. Ölkənin aparıcı partiyaları isə  FPÖ-dən məsafə saxlayırlar. Belə ki, sosial-demokratlar seçkidən dərhal sonra neo-nasist təfəkkürlü FPÖ ilə hər cür əməkdaşlığı istisna etdiklərini bildirmişlər. Hazırkı kansler Karl Nehammerin rəhbərlik etdiyi konservativ Xalq Partiyası isə neo-nasist təfəkkürünə rəğmən FPÖ ilə əməkdaşlığı və danışıqları istisna etmədiyini, ancaq bunun Kiklin danışıqlardan uzaqlaşdırlması şərtilə mümkün olacağını vurğulamışdır.

Səbəblərdən digəri isə Herbert Kikl ilə  hazırkı federal prezidentin tamamilı fərqli siyasi qütbləri təmsil etmələrindədir. Federal prezident sağ millətçi təfəkkürlə tamamilə fərqli mövqedə duran yaşılların nümayəndəsi Aleksander Van der Bellendir. Van der Bellen Avstriyanın yuxarıda təsvir edilən siyasi sisteminin tələblərini əsas götürərək, “yalnız konstitusiyaya əsasən seçici səslərinin 50%-dən çoxunu toplamış şəxslərin təkbaşına koalisiya hökuməti qura biləcəyini, qeyd edilən faizdən aşağı toplayan hər kəsin koalision hökumət qurmaq üçün tərəfdaşlar axtarmalı olacağını” H.Kiklin nəzərinə çatdırmış və 09 oktbyabr tarixində yuxarıda adları keçən iri partiyaların rəhbərləri ilə keçirdiyi görüşündə “bir-biriləri ilə söhbət etmələrini”, yəni birlikdə və ya ayrılıqda koalson hökumət qura və ya qurmaya biləcəklərinə aydınlıq gətirmələrini xahiş etmişdir (Der Standard qəzeti, 09.10.2024).  Müşahidəçilər Kiklin tam şəkildə oyundan uzaqlaşdırılacağı təqdirdə, onun federal prezident Van der Bellendən Konstitusiya Məhkəməsinə şikayət edəcəyini və bununla da ölkədə siyasi böhranın yaşanılacağını istisna etmirlər.

Avstriyada keçirilmiş seçkilər Avropa Birliyi (AB) daxilində böyük əks-sədaya səbəb olmuşdur. Artıq seçki gününün sonunda AB-yə üzv ölkələrinin sağ-milliyyətçi, faşist təfəkkürlü partiyaları və siyasi xadimləri nümayişkəranə şəkildə H.Kiklə təbrik məktubları ünvanlamış və Avstriyada da sağ-millətçi qüvvələrin qələbə qazanmasını Avropada sağ millətçi qüvvələrin təntənəsi olaraq qiymətləndirmişlər. Avstriyanın konservativ dairələrinə yaxın “Der Standard” qəzetinə yer almış materiallarda (01.10.2024) isə bu təbriklərin çox da əhəmiyyət daşımadığı vurğulanmış və qeyd edilmişdir ki, “Herbert Kikl də digər avropalı sağ-radikal dostlarının aqibətini yaşayacaqdır, onlar da öz ölkələrində səsvermələrdə qalib gəlsələr də, hökumətin fəaliyyətində siyasi kurslarını yeritməyə nail ola bilmədilər”. AB rəsmiləri də qeyd edilən seçkilərə biganə qalmamış və bu seçkilərdə “Avstriyada hansı koalision hökumətin qurulmasından asılı olmayaraq, bu ölkənin həyata keçirdiyi siyasi kursun çox da dəyişməyəcəyi”ni bildirmişlər (Politica portalı, 01.10.2024).

Avstriyadakı seçkilər qonşusu Almaniyada da maraqlı reaksiyaya səbəb olmudur. Belə ki, Alman Federal Parlamentində (Bundestag) təmsil olunan və müxtəlif siyasi cərəyanları təmsil edən siyasətçilər sağçı-radikal FPÖ-Partiyasının qələbəsindən narahtlıq keçirdiklərini bildirmiş və adıçəkilən partiyanın hakimiyyətdə təmsil olunmasının Almaniya-Avstriya əməkdaşlığı üçün təhlükə yaradacağını qeyd etmişlər (Der Standard, 02.10.2024). Roderix Kizeveter, Konstantin von Nots və Konstantin Kule kimi siyasətçilər FPÖ-nin Rusiyaya münasibətdə sərgilədiyi mülayim kursun Avstriyanın Almaniya ilə münasibətlərinə, xüsusilə iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq üçün zərərli olacağını vurğulamışlar.

Həmçinin seçkilərin rezonans doğurmasının kökündə Avstriyanın geo-siyasi və geo-iqtisadi əhəmiyyəti dayanır. Belə ki, neytral ölkə olmasına rəğmən, Avstriya Avropadan Ukraynaya göndərilən yardımların alternativ və təhlükəsiz marşrutlarından biri sayılır. Avstriya Avropa Birliyinin Balkan regionuna keçidi rolunu oynayır və buradan Avropa Birliyinə çoxlu sayda miqrant və qaçqın daxil olmağa çalışır. Avropanın şimalı ilə cənubu arasında mühüm ticarət yolları və tranzit daşımaları da bu ölkənin üzərindən keçir. Müşahidəçilərin qənaətinə görə, Ukrayna ilə müharibə fonunda Macarıstan ilə qonşu olan Avstriyada Rusiya ilə keçmişdə əməkdaşlıq etmiş qüvvələrin hakimiyyəti gəlməsi bu ölkənin Avropa Birliyi daxilində mövcud olan həmrəyliyinin pozulmasına kömək edə bilər.

[1] Yörq Hayder sonrakı illərdə ölkəsinin siyasi həyatında tədricən uzaqlaşmış, yalnız əyalət səviyyəsində siyasi fəaliyyətlə kifayətlənmış, xarici tərəfdaşlar olaraq, daha çox ərəb iş adamları və siyasi xadimləri ilə əlaqə saxlamış, 2008-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuşdur.

[2] Prezident pat situasiyasının, yəni siyasi çıxılmazlıq durumunun qarşısının alınması məqsədilə səs çoxluğu qazanmış partiyalar arasında bərabər əsasda danışıqlar aparıb yeni hökumətin formalaşdırlmasını təklif edə və ya özü bir tərəfli qaydada heç də çox səs toplaya bilməmiş partiyalardan birinə yeni hökumət kabinetinin formalaşdırlması (Minderheitsregierung) tapşırığını verə bilər (Avstriya Parlamentinin portalı, 30.09.2024).  

Rauf Cəfərov