Araşdırmalar

Çinin Trampın ikinci dövründən gözləntiləri: İkitərəfli, regional və qlobal münasibətləri idarə etmək

Pinterest LinkedIn Tumblr
  1. Giriş

Donald Trampın 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gəlməsi Çinin ikitərəfli, regional və qlobal səviyyələrdə bir sıra mürəkkəb problemlərlə bağlı gözləntilərini artırır. Onun 2025-ci ilin yanvarında yenidən ABŞ prezidenti olaraq hakimiyyətə qayıtması ehtimalı, seçki kampaniyasında verdiyi vədlər və administrasiyasında kritik vəzifələrə təyin etməyi planlaşdırdığı şəxslər, Çinə qarşı daha sərt siyasət yürüdəcəyinə dair işarələr verir.

Tramp seçki kampaniyası zamanı Çindən idxal olunan məhsullara 60%-ə qədər tariflər tətbiq edəcəyini vəd etmişdir. Bu tədbirlər, ixraca əsaslanan Çin iqtisadiyyatına ciddi təsir göstərə bilər. Analitiklər hesab edir ki, belə sərt ticarət siyasəti Çinin iqtisadi artımını iki faiz bəndinə qədər azalda bilər və ölkənin gözlənilən iqtisadi genişlənmə sürətini yarıya endirə bilər.

Donald Trampın formalaşdırdığı administrasiyada Çinə qarşı sərt mövqeləri ilə tanınan şəxslərin olması diqqət çəkir. Onun aşağıdakı şəxsləri vəzifəyə təyin edəcəyi gözlənilir:

  • Marko Rubio – Dövlət Katibi
  • Mayk Volts – Milli Təhlükəsizlik Məsləhətçisi
  • Con Ratklif – Mərkəzi Kəşfiyyat İdarəsinin Direktoru
  • Pit Heqset – Müdafiə Naziri
  • Robert Lighthizer – Ticarət Təmsilçisi

Bu təyinatlar, diplomatiyadan təhlükəsizliyə qədər geniş sahələrdə Çinə qarşı daha sərt və qarşıdurmalı bir siyasət yürüdüləcəyinə işarə edir. Xüsusilə Robert Lighthizer, Trampın əvvəlki prezidentlik dönəmində ticarət müharibələrindəki roluyla tanınır və onun yenidən administrasiyaya daxil olması Çinlə iqtisadi münasibətlərin gərginləşəcəyinə dair proqnozları gücləndirir.

Trampın qələbəsi ilə həm konqresdə həm də icraçı qanadda öz mövqelərini gücləndirən respublikaçıların “Project 2025” adlı layihəsi, ABŞ-ın Çin siyasətinə dair kritik mesajlar verir. Heritage Foundation tərəfindən hazırlanan bu layihə, Çini “amerikalıların təhlükəsizliyi, azadlıqları və rifahı üçün ən böyük təhlükə” kimi təqdim edir. Layihənin Çin konteksində əsas məqsədləri bunlardır:

  • Çinin Asiyada və qlobal səviyyədə dominantlıq cəhdlərinin qarşısını almaq.
  • Tayvan, Filippin, Cənubi Koreya və Yaponiya kimi müttəfiqlərin təhlükəsizliyini qorumaq.
  • ABŞ-ın Çin iqtisadiyyatından tam ayrılmasını təşviq etmək.
  • Çini qlobal standartları müəyyən edən beynəlxalq təşkilatlardan kənarlaşdırmaq.
  • ABŞ müttəfiqlərini Çinlə mübarizədə ya birbaşa dəstək verməyə, ya da digər regionlarda daha çox məsuliyyət götürməyə çağırmaq.

Trampın bu layihədən uzaq durduğu bildirilsə də, onun Çinə qarşı ümumi yanaşması “Project 2025” ilə uyğun gəlir. Bu yanaşma, ABŞ-ın Çinə qarşı daha aktiv və strateji şəkildə mübarizə aparacağını göstərir.

  1. İki Tərəfli Münasibətlər

İki tərəfli münasibətlərdə ticarət müharibələrinin davam edəcəyinə dair gözləntilərə əlavə olaraq, texnologiya konteksində də gərginlik gözlənilir. Bu baxımdan ABŞ, Çinin qabaqcıl texnologiyalara, xüsusən də yarımkeçiricilər və süni intellekt sahələrində çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarətini genişləndirə bilər. Bu addım, Çinin texnoloji inkişafını və özünütəminat səylərini əngəlləyə bilər. Çinin telekommunikasiya və istehlak elektronikası sahələrində fəaliyyət göstərən texnologiya şirkətləri, qlobal əməliyyatları və təchizat zəncirlərinə təsir edəcək artan nəzarət və sanksiyalarla üzləşə bilərlər. Məsələn, ABŞ-ın TSMC-yə (Taiwan Semiconductor Manufacturing Co.) Çinə qabaqcıl çiplərin tədarükünü dayandırmağı üçün təzyiq göstərməsi, Çinin süni intellekt tətbiqlərində istifadə olunan yarımkeçiricilərə çıxışını uzun müddətdə məhdudlaşdıra bilər.

Bundan əlavə, ABŞ-ın Çin texnologiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar, bu şirkətlərin qlobal bazarlarda fəaliyyətini çətinləşdirə və təchizat zəncirlərində gecikmələrə səbəb ola bilər. Ancaq bu tədbirlər, qısa müddətdə Çin üçün risklər törətsə də, uzun müddətdə Çinin texnoloji sektorunda özünütəminat səylərini artırmasına və daxili istehsal imkanlarını gücləndirməsinə təkan verə bilər.

ABŞ-ın qabaqcıl çiplərə çıxışı məhdudlaşdıran sanksiyaları fonunda Çin, yarımkeçirici istehsal imkanlarını gücləndirməyi planlaşdırır. Bu, yerli çip istehsalına investisiyaların artırılmasını və Huawei kimi şirkətlərin ABŞ texnologiyalarına alternativlər inkişaf etdirməsini təşviq etməyi əhatə edir. Hesabatlar göstərir ki, Çin çip istehsal avadanlıqlarının idxalını artırıb, bu da daxili yarımkeçirici ekosistemini inkişaf etdirmək əzmini əks etdirir.

Çin şirkətləri, materiallar və komponentlər üçün tədarük zəncirini ABŞ siyasətinə daha az uyğun olan ölkələrdən təmin etməklə diversifikasiya etməyə çalışa bilərlər. Bu, ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlər olmadan lazımi texnologiya və komponentlər təqdim edə bilən Cənub-Şərqi Asiya və digər regionlarla əlaqələrin gücləndirilməsini əhatə edə bilər.

Fiziki çiplərə tətbiq olunan ixrac məhdudiyyətlərinə cavab olaraq, Çin şirkətləri dolayı yolla qabaqcıl emal gücünə çıxış əldə etmək üçün bulud hesablaması həllərindən istifadə etməyə başlayıblar. Bu strategiya onlara hardware idxalına tətbiq edilən məhdudiyyətlərə baxmayaraq süni intellekt imkanlarını inkişaf etdirməyə davam etməyə imkan verir.

Çin, ABŞ-ın ixrac məhdudiyyətlərini beynəlxalq ticarət təşkilatları, məsələn, Ümumdünya Ticarət Təşkilatı vasitəsilə hüquqi yollarla mübahisələndirə bilər və bunun ticarət razılaşmalarını və ədalətli rəqabət prinsiplərini pozduğunu iddia edə bilər.

  1. Gözlənilən Regional Tendensiyalar

Regional səviyyədə, Trampın izolyasionist meylləri və “İlk Amerika” prinsipi Çinin xeyrinə ola bilər. Baydın dövründən fərqli olaraq, onun yanaşması ABŞ-ın Asiyadakı ittifaqlarını zəiflədə bilər ki, bu da Çinin doldura biləcəyi bir güc boşluğu yarada bilər. Xüsusilə də Tramp regional ərazi mübahisələrinə daha çəkingən yanaşsa, bu, Pekinə Cənub-Şərqi Asiya və Şərqi Asiyada təsirini genişləndirmək üçün imkanlar təmin edə bilər.

3.1 Tayvan

Bununla belə, Çin Trampın qeyri-müəyyənliyindən, xüsusilə də Tayvanla bağlı məsələlərdə ehtiyat edir. Tramp, Çinin Tayvana müdaxiləsi halında ABŞ-ın müdafiə edib-etməyəcəyini qeyri-müəyyən buraxsa da, Pekinə belə bir addım atacağı təqdirdə böyük tariflərin tətbiq edə biləcəyinə dair hədələyib. Buna əlavə olaraq, Trampın dövründə Tayvana silah satışlarında da artış gözlənilir ki bu da regional olaraq gərginliyi artıra bilər. Son olaraq, Çin Trampın Bayden adminstrasıyandan fərqli olaraq Tayvan ətrafında gərginliyi artırmaqda daha ehtiyatlı olması gözlənilsə də, onun Tayvanı diplomatiq və ya ticarətlə bağlı danışıqlar zamanı təzyiq vasitəsi olaraq istifadə etməsi də gözləniləndir.

Bunlara cavab olaraq, Çinin Tayvan ətrafında hərbi təlimlərini davam etdirəcəyi, imkanlarını və hər hansı təhdidlərə cavab verməyə hazır olduğunu nümayiş etdirəcəyi gözlənilir. Buraya Tayvanın blokadasını və ya işğalını imitasiya edə biləcək genişmiqyaslı təlimlərin keçirilməsi, bununla da hərbi şücaət nümayiş etdirilməsi və Tayvan və ABŞ-ın təxribatçı hesab etdiyi hərəkətlərin qarşısını almaq daxildir. Əgər Tramp Çin mallarına yüksək tariflər tətbiq edəcəyi ilə bağlı təhdidlərinə əməl etsə, Çin iqtisadi cəhətdən cavab verə bilər, potensial olaraq Çində fəaliyyət göstərən ABŞ şirkətlərini hədəfə ala bilər və ya ABŞ ixracatına tariflər tətbiq edə bilər. Bu iqtisadi təzyiq ABŞ-ı Tayvanla bağlı ofensiv siyasətdən çəkindirmək məqsədi daşıya bilər.

Bəzi analitiklər Çinin Tayvana qarşı hərbi tədbirlər görmək üçün tələsmədiyini, lakin “boz zona” taktikaları vasitəsilə təzyiq göstərməyə davam edəcəyini irəli sürürlər — bu taktikalar müharibə həddindən aşağı səviyyədə olan, lakin Tayvanı qorxutmaq və ya təzyiq altında təslim olmağa məcbur etmək məqsədi daşıyan bir stategiya ola bilər.

3.2 Cənubi Çin Dənizi

Əlavə olaraq, Cənubi Çin dənizindədə ABŞ-ın hərbi aktivliyinin artmasıda gözləniləndir. Çinli analitiklər Trampın hərbi mövcudluğunu artırdığı və Çinin ərazi iddialarına etiraz etdiyi ilk müddətinə bənzər qarşıdurma yanaşmasını davam etdirəcəyini gözləyir. Bu, Çinin Hind-Sakit okean regionunda təsirinə qarşı mübarizə aparmaq üçün daha geniş strategiyanın bir hissəsi kimi qəbul edilir. Ekspertlər hesab edirlər ki, Tramp Cənubi Çin dənizində naviqasiya azadlığı əməliyyatları və Filippin və Yaponiya kimi müttəfiqlərlə birgə təlimlər də daxil olmaqla hərbi əməliyyatları davam etdirə və ya hətta artıra bilər.

Çin, gözlənilən ABŞ tədbirlərinə cavab olaraq, Cənubi Çin Dənizində hərbi gücünü artırmağa davam etdirəcəkdir. Buna əlavə dəniz donanmasının yerləşdirilməsi və iddialarını gücləndirmək məqsədilə müntəzəm hərbi təlimlərin keçirilməsi daxildir. Çin, ABŞ-ın təsirini tarazlaşdırmaq üçün ASEAN ölkələri və digər regional güclərlə diplomatik əlaqələri inkişaf etdirməyə çalışa bilər, ABŞ-ı əhatə etməyən təhlükəsizlik əməkdaşlığı mexanizmlərinə üstünlük verərək əməkdaşlığa diqqət yetirə bilər. Həmçinin, Çin neytral ölkələrin dəstəyini qazanmaq üçün özünü məsuliyyətli bir güc kimi təqdim edən və ABŞ-ın addımlarını aqressiv və qeyri-sabitlik yaradan bir şəkildə göstərən ictimai əlaqələr kampaniyalarına başlaya bilər.

  1. Gözlənilən Qlobal Tendensiyalar

Qlobal səviyyədə, Çin Trampın geri dönüşündə həm risklər, həm də imkanlar görür. Onun proteksionist ticarət mövqeyi ABŞ-ın qlobal liderliyini zəiflədə bilər ki, bu da Çinə boşluğu doldurmaq və alternativ dünya nizamını formalaşdırmaq imkanı verə bilər. Pekin, ABŞ-ın texnologiya və təchizat zəncirlərini ayırma səylərinə qarşı çıxmaq üçün Avropa və qlobal Cənub ölkəkləri ilə iqtisadi əlaqələrini gücləndirməyə çalışa bilər. Bununla belə, Çin qlobal arenada potensial çətinliklərlə də üzləşə bilər. Trampın administrasiyası, təchizat zəncirlərini başqa yerlərə köçürərək ABŞ-ın Çindən asılılığını azaltmağı hədəfləyən  iqtisadi ayrılma strategiyasını dəvam edəcək ki, bu da Çinin qlobal səviyə də texnologiya lideri olmaq ambisiyalarını olma hədəflərini ləngidə və ya əngəlləyə bilər.

Bu çətinliklərə hazırlıq olaraq Çin, daxili istehlakı artırmaq və ixracdan asılılığı azaltmaq məqsədi daşıyan “ikili dövriyyə” strategiyasını dəvam edəcəkdir. Pekin, Cənub-Şərqi Asiyada artan Çin investisiyaları ilə sübut olunduğu kimi, təchizat zəncirlərini də şaxələndirirərək mümkün qədər sanksiya və ticarət tariflərinin təsirlərini azaltmağa çalışacaqdır. Çin, Trampın ikinci dönəmində iqtisadi təzyiqlərin və geosiyasi gərginliklərin artacağını gözləsə də, qlobal dinamikaları öz xeyrinə dəyişmək üçün imkanlar da görür.

Çin, ABŞ-ın siyasətindən təsirlənən digər ölkələrlə əlaqələri gücləndirməyə çalışa bilər və özünü Trampın yaratdığı xaos şəraitində sabit tərəfdaş kimi təqdim edə bilər. Bu, Asiya, Afrika və Latın Amerikasında artırılmış investisiyalar və əməkdaşlıq təşəbbüslərini əhatə edə bilər. Əlavə olaraq, Çin təhlükəsizlik problemlərini azaltmaq üçün hal-hazırda gərgin münasibətləri olan ölkələr ilə də münasibətlərini inkişaf elətdirməyə çalışa bilər. Bu baxımdan Çinin Hindistan və İndoneziya ilə münasibətlərini inkişaf eletdirmək üçün yaxın zamanda izlədiyi uğurlu siyasət artıq Pekinin proaktiv diplomatiya izləyərək yaxın coğrafiyada yerləşən ölkələr ilə münasibətlərini inkişaf elətdirmək niyətində olduğunu göstərir.

Yunis Şərifli