Cumhurbaşkanı Recep Tayyip Erdoğan ilə keçirdiyi görüş böyük əhəmiyyət daşıyır. Səfərin əsas məqsədlərindən biri olan İğdır-Naxçıvan qaz kəmərinin açılışı ilk növbədə Naxçıvanın enerji təminatı baxımından önəmlidir. Amma Zəngəzur dəhlizinin açılışından sonra hansısa mərhələdə o qaz kəməri əks istiqamətdə (Bakı-Naxçıvan-İğdır-Erzurum istiqamətində) də təbii qaz nəqli üçün istifadə edilə bilər.
Eyni zamanda təxmin etmək olar ki, bu səfərin tək məqsədi kəmərin açılışı deyil. Artıq uzun müddətdir ki, Azərbaycan və Türkiyə prezidentlərinin görüşlərində sadəcə ikitərəfli münasibətlər deyil, bir çox regional və hətta qlobal məsələlər də müzakirə edilir, iki dövlətin birlikdə gücü çatan mövzularla bağlı qərarlar da qəbul edilir.
Bu dəfə də Cənubi Qafqazda sülh quruculuğuna, Ukrayna-Rusiya müharibəsinə, Yaxın Şərq və qlobal sistemdəki böhranlara (o cümlədən, sistemin özündəki böhranlara) dair müzakirələrin aparılacağını təxmin etmək olar.
Azərbaycan və Türkiyə öncə Avrasiyanın enerji xəritəsini dəyişdirdilər (ilk mərhələdə bunu Qərbin və xüsusilə ABŞ-ın dəstəyi ilə etdilər). Növbəti mərhələdə Qərb Nabucco layihəsini reallaşdıra bilmədiyi zaman, Azərbaycan və Türkiyə əsasən öz imkanları ilə TANAP-ı reallaşdıraraq münasibətlərini və enerji oyunundakı imkanlarını yeni səviyyəyə daşıdılar (bir növ Nabucco-nu da dolayısı yolla da olsa reallaşdırdılar).
Hazırkı mərhələdə bu iki dövlət həm öz aralarındakı münasibətləri dərinləşdirirlər, həm bölgənin enerji xəritəsini zənginləşdirirlər, həm də qlobal enerji oyunundakı mövqelərini (ümumiyyətlə qlobal sistemdəki mövqelərini) gücləndirirlər. Cənubi Qafqazdakı müsbət gedişatın geridönülməzliyinin təmini baxımından bu münasibətlər çox önəmlidir