Fransa Respublikası növbəti siyasi böhranın astanasındadır. Belə ki, hazırda baş nazirin səlahiyyətlərini icra edən Fransua Bayru 25 avqust tarixində keçirdiyi mətbuat konfransında 8 sentyabr tarixində Parlamentin növbədənkənar iclasının çağırılması və onun rəhbərlik etdiyi Hökumətə etimad səsverməsinin keçirilməsi üçün Prezident Makrona müraciət etdiyini bildirmişdir. O, etimad səsverməsini Fransa Respublikasının kəskin büdcə defisiti ilə əlaqədar təqdim etdiyi qənaət planları və bu planların parlamentdə təmsil olunan siyasi güclər tərəfindən öncədən rədd edilməsi ilə əlaqələndirmişdir. 8 sentyabr tarixində keçirilmiş etimad səsverməsində Parlamentdə (Milli Assambleya) təmsil olunan deputatların böyük əksəriyyəti (364 səs) onun əleyhinə, 194 səs onun lehinə səs vermişdir (franceinfo online, 08.09.2025). Səsvermədən sonra Bayru baş nazir postundan istefa verdiyini prezident Emmanuel Makrona bildirmişdir. O, yeni baş nazir seçilənədək qeyd edilən postun səlahiyyətlərini icra etməkdə davam edəcəkdir.
Hələ korona pandemiyasından öncə və ondan sonrakı dövrlərdə Fransa Respublikasının büdcəsində xərclər hissəsinin davamlı şəkildə artması nəticəsində dövlət borclanmaya məcbur qalmışdır. 2017-ci ildə 2,3 trilyon avrodan ibarət dövlət borcları növbəti yeddi ildə 43 % artaraq 2024-cü ildə 3,3 trilyin avroya çatmışdır (“Tagesanzeiger online”, 04.12.2024). Nəticədə, Fransa Respublikası Avropa İttifaqı tərəfindən üzv dövlətlərin büdcəsinə münasibətdə tətbiq edilən Ümumi Daxili Məhsul (ÜDM) ilə borclanmanın mütənasibliyinə dair öhdəliyi də pozmuşdur. Qeyd edilən öhdəliyə əsasən, üzv-dövlətlərinin borclanması onun ÜDM-nin maksimum 3 %-i təşkil edə bilər. Fransa Respublikasında isə 2025-ci il üzrə borclanma ÜDM-in 5,4 %-i keçmişdir. Büdcə kəsiri ilə yanaşı, Fransanın illik iqtisadi artımında da geriləmə müşahidə edilməkdədir. Əgər 2024-cü ildə iqtisadi artım 1,1 % olmuşdursa, 2025-ci ilin birinci yarısı üçün bu artım cəmi 0,6 % təşkil etmişdir (Tageschau online, 01.09.2025). Yaranmış vəziyyətdən çıxış yolu olaraq, Bayru labüd böhranın qarşısının alınması məqsədilə 2026-cı büdcə ili üçün qənaət paketini təqdim etmişdir. Qənaət paketinə əsasən büdcənin xərclər hissəsində 44 milyard avro vəsait qənaət edilməli, bu məqsədlə, -ölkənin hərbi xərcləri qrafasına toxunmadan-, bir sıra sosial xarakterli xərclər azaldılmalı və ya ləğv edilməli, əvəzində vergilər artırılmalı, dövlət aparatı əhəmiyyətli dərəcədə kiçildiləməli, həmçinin bir sıra bayram günləri ləğv edilərək adi iş günlərinə keçirilməlidir (Tageschau online, 08.09.2025). Lakin, Bayru təklif etdiyi qənaət paketinin parlamentdə səsverilməyə çıxarılmadan öncə, burada təmsil olunan siyasi güclərlə danışıqlar apararaq, onları qənaət siyasətinin vacibliyinə inandırmağa çalışsa da, buna müyəssər olmamışdır.
Bayrunun etimad məsələsi ətrafında cərəyan edən hadisələrdə diqqəti çəkən məqam Parlamentdə təmsil olunan qüvvələrin (solçular, yaşıllar, kommunistlər, sosialistlər və sağ millətçilər) arasında müxtəlif mövzularda davamlı fikir ayrılığının mövcud olmasına baxmayaraq, qeyd edilən məsələdə onların vahid mövqedən çıxış etmələri olmuşdur. Həmçinin Parlamentdə təmsil olunan siyasi qüvvələrlə yanaşı, ölkənin vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri də Bayrunun qənaət planını qətiyyətlə rədd etmiş, vətəndaş müqavimətinin təşkil edilməsi məqsədilə “Bloquons Tout” (hər şeyi bloklayaq) adlı vətəndaş cəmiyyəti hərəkatını təsis etmişlər. Solçu “LFİ” partiyası “hər şeyi bloklayaq” hərəkatına qoşulacağını və Bayru hökumətinə etimad göstərməyəcəyini bildirmişdir. Sosialist Partiyasının rəhbəri Oliviere Faure də F.Bayruya partiyasının etimad göstərməyəcəyini bildirmişdir. Sağ millətçi “Rassemblement National” partiyasının sözçüsü Tomas Manaj isə F.Bayruya “nə parlament müstəvisində, nə də xalq arasında etimad göstərilmədiyini” bildirmiş və “onun getməli olduğunu” vurğulamışdır (Tageschau online, 26.08.2025). Makronun təyin etdiyi baş nazirin cəmi doqquz ay sonra istefaya göndərilməsi onun nüfuzuna böyük zərbə vurmuşdur (qeyd: son iki ildə baş nazir beş dəfə dəyişmişdir). Siyasi şərhçilərin gənaətincə, əslində müxalif partiyalarının hədəfi baş nazir deyil, prezident olmuşdur, çünki onlar hər fürsətdə prezident Makronu istefa verməyə və yeni seçkilər təyin etməyə çağırmaqdan çəkinməmişlər. Qeyd edilənlər xüsusunda “Rassemblement National” partiyasının sədri Jordan Bardella Makrona səslənərək, bildirmişdir: “siyasi pat durumundan bir çıxış yolu vardır, o da yeni seçkilərin keçirilməsidir. Belə bir durumun yaranmasının səbəbkarı da Makronun özüdür. O, indiki parlamenti buraxmalı və istefa verməlidir. Ölkə üçün yeni siyasi kursu müəyyən edəcək prezident seçkiləri mümkün olmalıdır” (Tageschau online, 27.08.2025). Prezident Makron isə istefasını kateqorik şəkildə istisna etdiyini bildirmişdir.
Müşahidəçilər Bayrunun siyasi arenanı tərk edəcəyi təqdirdə yeni hökumətə kimin başçılıq edəcəyinə dair proqnoz verməkdə ehtiyatlı davransalar da, ədliyyə naziri Gerald Darmanini, maliyyə naziri Erik Lombardı və müdafiə naziri Sebastian Lekornü potensial namizədlər olaraq vurğulamışlar. Həqiqətən də, Bayrunun hökumət kabinetinə göstərilmiş etimadsızlıqdan dərhal sonra prezident Emmanuel Makron müdafiə naziri Sebastian Lekornu baş nazir təyin edəcəyini bəyan etmişdir. 39 yaşlı S.Lekornü Makronun düşərgəsində təmsil olunanadək konservativ Respublikaçılar Partiyasının (Les Republicains) üzvü olmuşdur. 2017-ci ildə isə Makronun mərkəzçi düşərgəsinə keçmişdir. Mərkəzçi düşərgəyə keçməsinə baxmayaraq, sağ-milliyətçi “Rassemblement National” partiyası ilə də yaxşı münasibətlər saxlamaqdadır (Tageschau online, 10.09.2025). S.Lekornü Makronun etimad göstərdiyi və inandığı siyasi xadimlərdən biri sayılır və Makronun prezidentliyi altında bir neçə dəfə nazir postunu tutmuşdur. Lekornü Ukrayna müharibəsi kontekstində 2030-cu ilədək Fransanın hərtərəfli şəkildə silahlandırılması və məqsədlə hərbi büdcənin davamlı şəkildə artırılmasını dəstəkləyənlər sırasında öndə gedən dövlət xadimlərindən biridir (Radiofrance online, 06.03.2025).
Proseduraya uyğun olaraq, Lekornü Parlamentdə təmsil olunan qüvvələrlə ayrı-ayrılıqda məsləhətləşməli, onları 2026-cı büdcə ili üçün qənaət paketinə səs verməyə inandırmalıdır. O, yalnız parlamentdəki partiyalarla ortaq məxrəcə gəldikdən sonra rəhbərlik edəcəyi yeni hökumət kabinetini təsdiq edilməsi üçün Makrona təqdim etməlidir (Radiofrance online, 09.09.2025). Lekornü Parlament qarşısında çıxış edərək, “onun əsas amalının ölkənin siyasi həyatı ilə real həyat arasındakı uçurumun aradan qaldırılmasından ibarət olduğunu” bildirmişdir (Radiofrance online, 10.09.2025). Lakin, siyasi şərhçilər Lekornünün parlamentdə konsensusu çətinliklə əldə edə biləcəyini bildirir və bunu qənaət planları ilə bağlayırlar (Radiofrance online, 15.09.2025). Belə ki, Makronun Lekornünü baş nazir təyin edəcəyi açıqlamasından dərhal sonra “Bloquons Tout” (hər şeyi bloklayaq) adlı vətəndaş cəmiyyəti tərəfdarlarına küçələrə çıxaraq etiraz etməyə çağırmışdır. 10 sentyabr tarixində bütün Fransa boyunca keçirilmiş mitinqlərə on minlərlə insanın qatıldığı bildirilir. Həmçinin parlamentdə təmsil olunan siyasi qüvvələrin Lekornüyə münasibətdə yetərincə tənqidi fikrlər səslədirmişlər və Makrondan yeni seçkilərə getməsini tələb etmişlər. Qənaət planı ilə yanaşı, Lekornü-Makron tandeminin işini çətinləşdirən digər mühüm məqam Parlamentdə siyasi pat vəziyyətinin mövcudluğudur. Belə ki, 2024-cü il seçkilərindən sonra bir-birilərini qarşılıqlı şəkildə rədd edən və bloklayan üç düşərgə (mərkəzçi hökumət, solçular və sağçılar) formalaşmışdır. Belə olan halda, Lekornunun düşərgələrdən biri ilə razılığa gələcəyi halda, digərlərinin bu razılığı səsvermə zamanı boykot edəcəkləri labüd görsənir (Tageschau online, 09.09.2025).
Müşahidəçilər Parlamentdə bir-birilərinə barışmaz mövqe tutan siyasi düşərgələrin mövcudluğu ilə yanaşı, həm də hal-hazırda mövcud siyasi sisteminin də siyasi pat vəziyyətinə təsir etdiyini qeyd edirlər. Çünki, Fransa Respublikasının siyasi sistemində prezidentin xüsusi siyasi çəkiyə malik olmasına baxmayaraq, qanunlara və ölkənin taleyini müəyyən edən mühüm qərarlara parlamentdə səs verilir: “Fransanın hazırkı seçki sistemi ölkədə mövcud olan reallıqları əks etdirmək iqtidarında deyildir. İndiki prezident ipə-sapa yatmayan və stabil çoxluq təşkil edə bilməyən bloklara parçalanmış parlamentlə üzbəüz qalıb. Parlamentdə təmsil olunan qüvvələr bir araya gəlməyincə, hansısa taleyüklü məsələdə kompromisə gəlmək çətin olacaq” (Tageschau online, 27.08.2025). Çıxış yolu olaraq, siyasi sistemində islahatların aparılması, bu məqsədlə prezidentlik insitutunun zəiflədilməsi, əvəzində isə parlamentin mövqeyinin gücləndirilməsi təklif təklif edilir (The Conversation (FR), 10.09.2025).
