AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
İran-Çin Münasibətləri

 

 

İranla Çin arasında dərin tarixi kökləri olan münasibətlər strateji, siyasi, iqtisadi, hərbi və mədəni müstəvilərdə geniş əməkdaşlığa əsaslanmaqdadır. İran-Çin münasibətlərinin tarixi  miladdan əvvəl II əsrə,  Çin xanədanı Han sülaləsi İpək yolunu açaraq bügünkü İran coğrafiyasında yerləşən Partihan (Ardaşid)  imperiyası ilə ticari münasibətlər qurmasına qədər  uzanır.[1] İranın Asiya və Aralıq dənizi mədəniyyətləri arasında körpü funksiyası daha sonrakı dövrlərdə davam etmişdir. 19-cu əsrdə bu münasibətlər hər iki ölkənin yarım-müstəmləkə olması ilə ciddi kəsintiyə uğramışdır.

20-ci əsrin ortalarından etibarən İranla Çinin  münasibətləri soyuq müharibənin təsiri ilə formalaşmışdır. 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) elan edilməsindən sonra kommunizm əleyhdarı İran şahı Məhəmmd Rza Pəhləvi bu ölkə ilə diplomatik münasibətləri kəsdi.[2] İki ölkə arasındakı başlayan bu gərginik 1960-cı illərin ortalarına qədər güclənərək davam etdi. Pəhləvi rejimini ABŞ-ın Körfəzdəki müttəfiqi kimi görən ÇXR də  şah əleyhdarı siyasi kurs izlədi. Bu çərçivədə ÇXR İranda şah əleyhdarı siyasi gücləri dəstəklədi və 1952-ci ildə Müsəddiqin hakimiyyətə gəlməsini alqışladı.[3] Şah isə Pekinin bu addımlarına 1956-cı ildə Tayvanın müstəqilliyini tanıyaraq cavab verdi.[4]

Ancaq 1960-cı illərdə Çin ilə SSRİ  arasındakı gərginlik və ABŞ-SSRİ münasibətlərindəki yumşalma Şah İranı ilə ÇXR münasibətlərində yeni bir mərhələni başlatdı. Hər iki ölkə üçün SSRİ artıq ortaq təhdid hesab edilməyə başlanmışdı.[5]

Pekin ciddi gərginliklər yaşadığı SSRİ-yə qarşı İranı müttəfik kimi qiymətləndirirdi. Nikita Xruşovun rəhbər olması ilə birlikdə Yaxın Şərqə marağı daha da güclənən SSRİ-nin tarixi Rusiya-İran rəqabətini davam etdirəcəyindən narahatçılıq keçirən Rza Şah isə Çini münasib bir əməkdaş kimi görməyə başlamışdı.

Elə 1970-ci ildə ABŞ-Çin münasibətlərindəki yaxınlaşma da rəsmi Vaşingtonun bölgədəki müttəfiqi şaha Pekinlə əməkdaşlığa başlaması baxımından münasib beynəlxalq şərait yaradırdı. İki ölkə arasında bu yaxınlaşmanın ilk işarəsi İranın 1971-ci ildə Çinin BMT üzvlüyünü dəstəkləməsi oldu.[6] Ümumilkdə 1970-ci illər Çinlə İran arasında siyasi və iqtisadi münasibətlərin gücləndiyi dövr kimi yadda qaldı.

1979-da İranda rejim dəyişikliyi iki ölkə arasındakı münasibətlərdə yeni bir dövrü başlatdı. Şahla 1970-ci illərdə yaxın münasibətlər quran ÇXR İran İslam Respublikası ilə münasibətlərinə də başlanğıcdan etibarən müsbət meyillər hakim oldu. Rəsmi Pekin yeni İran rejimini tanıdığını elan etdi və rəsmi Tehranın bloklara qoşulmamaq və Qərb əleyhdarlığına əsaslanan xarici siyasət kursunu alqışladı.[7] Çin və Iran arasında 1980-ci illərdəki münasibətlər praqmatik əsaslarla davam etdi. Bu çərçivədə İran Çinin ölkəsindəki müsəlman azlıqlara təzyiqlərinə göz yumarkən, rəsmi Pekin də inqilabdan sonra rəsmi Tehranın kommunist Tudə partiyasını bağlamasına səs çıxarmadı. Bu dövrdə iki ölkə arasında əməkdaşlığın ən bariz nümunəsi isə Çinin İran-İraq müharibəsində İranı silahla təmin etməsi və savaş sonrasında İranın inşasında rol almaq istəyi olub.[8] Rəsmi Pekinin 1989-da Tianenmen meydanındakı etirazları qanlı şəkildə yatırmasından sonra Qərblə münasibətlərdəki soyuqluq Çinin Iranla münasibətlərə marağını daha da gücləndirdi.

Soyuq müharibədən sonra ABŞ-ın təkqütblü sistem qurma cəhdləri iki ölkənin strateji planda əməkdaşlıq ehtiyacını daha da gücləndirdi. İran üçün Çin BMT-də veto haqqı olan mühüm bir qlobal oyuncu və Qərbin tətbiq etdiyi embarqolara qarşı çox mühüm iqtisadi və ticari ortaq kimi önəm qazandı. Çin üçünsə İran ciddi ehtiyac düyduğu enerji mənbələrinə malik olan və ABŞ-ın bölgə hegemoniyasına açıqca qarşı çıxan mühüm regional oyuncu kimi büyük əhəmiyyət kəsb etməyə başladı. Bu strateji baxış çərçivəsində Çin və İran 1992 və 1993-cü illərdə əməkdaşlıqlarının əsas çərçivəsini  meydana gətirən müqavilələr imzaladılar.[9] Daha sonraki illərdə iki ölkə liderlərinin qarşılıqlı səfərləri ilə yeni mərhələlərə yüksələn bu münasibətlərin strateji və siyasi cəhətləri ilə yanaşı, iqtisadi, hərbi və nüvə əməkdaşlığı cəhətləri getdikcə daha da güclənməkədir.       

İqtisadi baxımdan İran-Çin münasibətləri xüsusən Soyuq müharibədən sonra geniş vüsət alıb. Belə ki, 1990-cı ildə iki ölkə arasında təxminən 314 milyon dollar olan ticarət dövriyyəsi 1993-cü ildə 700 milyon dollara yüksəlib.[10] 2008-cu il sonunda iki ölkə arasında ticarət dövriyyəsi 29 milyard dollara çatıb.[11] İki ölkə arasında iqtisadi münasibətlərin əsas hissəsini enerji əməkdaşlığı təşkil edir. 1993-cü ildə xaricdən enerji ixracatçısına çevrilən Çinin bu sahədəki ən mühüm partnyorları arasında İran xüsusilə seçilir.[12] İranın Qərb tərəfindən embarqolara məruz qalması isə bu əməkdaşlığa mühüm impuls verməkdədir. İran Çin üçün eyni zamanda yeni bir “enerji ipek yolu” funksiyası daşımağa başlayıb.[13]

İki ölkə arasında bir digər mühüm əməkdaşlıq sahəsi nüvə məsələsidir. Iranla Çin arasında nüvə məsələsində əməkdaşlıq iki istiqamətdə özünü göstərməkdədir. Əvvəla, Çin 1980-ci illərdə gizlicə İranın nüvə proqramının davamı üçün texniki dəstək verib.[14] Bu əməkdaşlıq 1992-ci ilin sentyabrında prezident Əli Əkbər Haşiminin Çin səfəri zamanı iki ölkə arasında imzalanan nüvə əməkdaşlığı müqaviləsi ilə rəsmiləşib.[15] İkincisi, Çin Iranın nüvə proqramına qarşı Qərbin BMT vasitəsilə sərt  embarqolar tətbiqi prosesində maniə rolu oynamaqdadır.[16] Çin adətən BMT-dəki prosesi veto etməmək üçün embarqonun gücünü azaldıcı funksiya daşıyıb. Ancaq 2010-cu ilin iyununda  aldığı embarqo qərarına dəstək versə də, bu dəstəyi üçün qərarın daha yumşaq formada çıxması üçün uğurlu sayıla biləcək cəhdlər edib.  Çin son dövrdə İrana tətbiq edilən embarqolara müəyyən mənada dəstək verməkdədir.  

 İki ölkə arasındakı münasibətlərdə hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur. Qərbin embarqolarına məruz qalan İran İraqla savaşı sırasında Çindən silah alıb. 1990-cı illərdə güclənən bu əməkdaşlıq sayəsində İran, Çinin Pakistan və Şimalı Koreyadan sonra üçüncü silah alıcısı mövqeyindədir.[17]

 Ümumilikdə Çin-İran münasibətləri tarixi, qlobal və regional amillər baxımından ciddi əməkdaşlıq tendesiyasına malikdir. Mövcud şərtlər bu prosesin qlobal və/vəya  ciddi bir regional sarsıntı olmazsa, davam edəcəyini göstərməkdədir. 

 

Mənbələr

[1] Liu Jun və Wu Lei, “Key Issues in China-Iran Relations”, Journal of  Middle Eastern and Islamic Studies (In Asia),Cild 4, Say 1, 2010, s.41.  

[2] J.Barandon Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.112.

[3]Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.112.

[4] Paul Aarts and Machteld van Rijsingen, “Beijing’s Rising Star in the Gulf Region: The Near and the Distant Future”, Gulf Geo-Economics,  s.32.

[5]Aarts və Rijsingen, “Beijing’s Rising Star in the Gulf Region: The Near and the Distant Future”, s.32.

[6] Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.113.

[7]Manochehr Dorraj və Carrie L. Currier, “Lubricated with Oil: Iran-China Relations in a Changing World”, Middle East Policy, Cild XV, Sayı 2, Yay 2008, s.69.

[8] Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.113.

 [9] Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.114.

[10] Barry Rubin, “China’s Middle East Strategy”, Middle East Review of International Affairs, Cild 3, Sayı 1, Mart 1999,http://meria.idc.ac.il/journal/1999/issue1/jv3n1a4.html ( 11 Sentyabr  2005).    

[11] Liu Jun və Wu Lei, “Key Issues in China-Iran Relations”, s.43.

[12] Sanam Vakil, “Iran: Balancing East against  West”, The Washington Quarterly, Cild 29, Say 4, Payız 2006, s.54. İran-Çin əməkdaşlığında enerji amilin rolu üçün daha ətraflı baxınız: Manochehr Dorraj və Carrie L. Currier, “Lubricated with Oil: Iran-China Relations in a Changing World”, Middle East Policy, Cild XV, Sayı 2, Yay 2008, ss.66-80,  Thrassy N. Marketos,  “Iran’s Geopolitics in Midst of the US-Russia-China Energy Security Struggle for the Geo-strategic Control of Eurasia”, http://www.rieas.gr/images/marketos09.pdf, Eva Patricia Rakel, The Energy Policy of Iran towards the EU and China”,The Newsletter,  Sayı 51,  Yay  2009. s.23.

[13]  Bu barədə daha geniş icmal üçün baxınız : Willem van Kemenade, Iran’s Relations with China and the West Cooperation and Confrontation in Asia,  Netherlands Institute of International Relations, Noyabr 2009, ss. 7-17.    

[14] Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.118.

[15]Kemenade, Iran’s Relations with China and the West Cooperation and Confrontation in Asia, s.70.

[16]Bu barədə geniş məlumat üçün  baxınız:  Dingli Shen, “Iran’s Nuclear Ambitions Test China’s Wisdom”, The Washington Quarterly, Cild 29, Sayı 2, Bahar 2006, ss. 55–66. Kemenade, Iran’s Relations with China and the West Cooperation and Confrontation in Asia, ss.59-105.

[17] İranla Çin arasında hərbi texniki əməkdaşlıq üçün baxınız: Bates Gill, “Chinese Arms Exports to Iran”,  Middle Esat Review of International Affairs, Cild 2, Sayı 2, May 1998  və Richard  L. Russell,  “China’s WMD Foot in the Greater Middle East’s Door”, Middle Esat Review of International Affairs, Cild 9, Sayı 3, Sentyabr 2005, ss.116-117. 

 

 

Populyar xəbərlər