Ölkəmizin həm Ermənistanla münaqişəyə, həm də geniş mənada Cənubi Qafqazın gələcəyinə, qlobal proseslərə baxışı çox aydındır. Bu həm də beynəlxalq hüquqa uyğundur, mütərəqqidir. Azərbaycan Ermənistanla münasibətlərini beynəlxalq hüquq çərçivəsində dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması şərtləri ilə mehriban qonşuluq şəraitində inkişaf etdirilməsini istəyir və illərdir bunu deyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı söyləyib.
Onun sözlərinə görə, ölkəmiz Cənubi Qafqazın münaqişə deyil, sülh, əməkdaşlıq, rifah regionu kimi tanınmasını istəyir. “Azərbaycanın siyasəti hansısa təxribatçı ocaqların bu regionda mövcud olmamasına, hansısa xarici qüvvələrin istədikləri vaxt dövlətlərə təzyiq aləti kimi istifadə etməməsinə hesablanıb. Ölkəmiz beynəlxalq münasibətlər sistemində rəqabəti yox, əməkdaşlığı daim ön plana çıxarır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatların iclaslarında, hətta hələ ərazilərimiz Ermənistanın işğalı altında olarkən münaqişənin tənzimlənməsi ilə bağlı fikirlərini bildirərkən deyib. Eləcə də 44 günlük Vətən müharibəsində, son antiterror tədbirləri zamanı Azərbaycan mövqeyini çox aydın şəkildə ortaya qoyub”.
Regionda müxtəlif dövlətlərin qlobal maraqlarının olduğunu söyləyən A.Aslanlı bildirib ki, buna baxmayaraq dövlətimizin güclü iradəsi, qardaş Türkiyənin dəstəyi, bəzi digər dövlətlərin mövqeyindəki müəyyən dəyişikliklər Azərbaycanla Ermənistan arasında daimi, uzunmüddətli sülhün əldə olmasına, Cənubi Qafqazın əməkdaşlıq mühitinə çevrilməsinə ümid yaradır.
“Azərbaycanın son üç ildə əldə etdiyi nəticələr bu istiqamətdə böyük layihələrin, ideyaların reallaşmasına imkan verəcək. Bunlar arasında Cənubi Qafqazda ümumi bir əməkdaşlıq mühitinin formalaşdırması da var. Qafqaz ölkələrinin birlikdə iqtisadi layihələri icra etməsi artıq mümkün olmalı, ərazi iddiaları ortadan qalxmalıdır”, – deyə Mərkəzin sədri qeyd edib.
Mənbə: AZERTAC