AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Fransa-İtaliya gərginliyi: Avropa yenidən daxili böhranların əsiri olur?
08.02.2019

Araz Aslanlı

Soyuq müharibənin başa çatma mərhələsində bundan sonra ABŞ qarşısındakı yeni böyük gücün və qlobal siyasətin yeni qütbünün Avropa (Avropa Birliyi) olacağına dair tezislər kifayət qədər iddialı şəkildə səsləndirilirdi. Həmin vaxt Avropa Birliyi daxilində inteqrasiya prosesləri daha sürətli və daha dərin xarakter daşıyırdı. Rusiya Federasiyası SSRİ-nin aqibətini yaşamamağa çalışırdı. Çinin isə “köhnə sistem”in ideologiyası ilə hara qədər gedəcəyinə dair müzakirələr vardı. Sonrakı mərhələdə Avropa Birliyi sərhədlərini xeyli genişləndirdi və daha böyük potensialı təmsil etməyə başladı. Amma buna paralel olaraq inteqrasiya prosesinin dərinliyində problemlər yaşandı. Xüsusilə ən çox önəm verilən istiqamətlərdən biri olan vahid xarici siyasət və təhlükəsizlik siyasəti sahəsində arzulanan nöqtəyə gəlinmədi. Yunanıstanın timsalında (təbii ki, başqa nümunələr də var) Avropa Birliyi üzvlüyünün istisadiyyatı tam sağlamlaşdırmadığı, İngiltərənin timsalında deinteqrasiya meyllərinin olduğu görüldü. Fransa, Almaniya, İsveçrə kimi ölkələrdə radikal sağ partiyaların sosial bazasının güclənməsi, Avstriya, Macarıstan və Polşa kimi ölkələrdə bunların hakimiyttə gəlməsi Avropa İttifaqının əsas dəyərlərinə təhlükələrin həm də Avropanın öz daxilində olduğunu göstərdi. Sadəcə Avropanın deyil, dünyanın da ən böyük ölkələri arasında olan Fransa və İtaliya arasında yaşanan son gərginliklər isə Avropa Birliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, xüsusilə İtaliyada “5 Ulduz” hərəkatı və “Şimal liqası”nın iştirakı ilə yeni koalisiya hökuməti formalaşdırıldıqdan sonra iki ölkə arasında tez-tez qarşılıqlı ittihamlar səsləndirilir. Kimilərinə görə məsələ Markonun “5 Ulduz” hərəkatının üzvlərini təhqir etməsiylə başlasa və İtaliya hökuməti üzvlərinin Fransanı və Markon hakimiyyətini müxtəlif məqamlarla bağlı sərt tənqid etməsi daha çox diqqət çəksə də əsas gərginlik Fransanın, İtaliyanı dənizlərdə xilas edilən miqrantlar üçün limanlarını açmamaqda ittiham etməsiylə başlamışdı. Buna cavab olaraq İtaliya rəsmiləri Fransaya çox sərt reaksiya vermişdilər: “Əgər Fransa əsrlər boyunca Afrikada sərt müstəmləkəçilik siyasəti aparmasaydı, Afrikalılar Afrikada olardılar, Aralıq dənizinin dibində deyil!”

Bu açıqlamaya Fransanın ilk reaksiyası “sükutu qorumağa çalışmaq” şəklində olsa da İtaliya rəsmiləri gərginliyi artırıcı addımlarına davam etdilər. İtaliya bu dəfə Fransanı, CFA (Franc des colonies françaises d’Afrique – Afrikadakı Fransız müstəmləkələri frankı; 1958-ci ildə adı “Franc de la communauté Financière d’Afrique” – “Afrika Maliyyə İttifaqı Frankı” kimi dəyişdirildi) ilə Afrikanı yoxsulluğa qərq etməklə və miqrasiya problemini dərinləşdirməklə ittiham etdi. Qeyd edək ki, Fransanın 25 dekabr 1945-ci ildə Afrikadakı müstəmləkələrində maliyyə nəzarətini davam etdirmək üçün təsis etdiyi bu pul vahidindən istifadə edən 14 Afrika ölkəsi valyuta ehtiyatlarının əsas hissəsini Fransada saxlayırlar. Fransanın bu pul vahidi ilə Afrika ölkələrinin maliyyə siyasətini nəzarət altında saxladığı və yönləndirdiyi, onların gəlirlərinin bir hissəsini mənimsədiyini iddia edilir.

Növbəti ittihamlar “Fransanın ikiüzlü olduğu”, Liviyada vəziyyətin pisləşməsinin əsas səbəbkarının Fransa olduğu, Fransanın terrorçuları qoruduğu və İtaliyaya təhvil vermədiyi şəklində oldu. Fransa üçün xüsusilə İtalyan rəsmilərin “sarı jiletlilər”lə keçirdikləri görüşlər və “sarı jiletlilər”ə açıq siyasi dəstək vermələri qəbuledilməz oldu. Fransa rəsmiləri bunu “daxil işlərə açıq müdaxilə” kimi qiymətləndirdi. Digər tərəfdən Fransa prezidenti Makron, “Şimal Liqası”nı xüsusilə qaçqın problemi ilə əlaqəli olaraq “nifrəti təşviq edən, milliyyətçi ifadələr işlədən” pariya olmaqla ittiham və “İtaliyalıların tarixlərinə yaraşan başqa bir hakimiyyətə layiq olduqlarını” iddia etmişdi. İtaliya rəsmilərinin buna cavabı “İtaliyanı kimin idarə edəcəyinə İtalyanlar qərar verir” şəklindəydi. Yəni bir növ İtaliya da Fransadan onun daxili işlərinə qarışmamasını tələb edirdi.

Gərginlik diplomatik münasibətlərə də təsir etdi. Əvvəlcə 21 yanvar 2019-cu il tarixdə İtaliyanın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə dəvət edildi. 7 fevral 2019-cu ildə isə Fransa bu dəfə daha sərt addım ataraq Romadakı səfirini geri çağırdı. Bu İkinci Dünya Müharibəsindən sonra iki ölkə arasında ən yüksək gərginlik kimi qiymətləndirildi.

İki ölkə arasındakı gərginlikdə populist mövzular (miqrantlar, “sarı jiletlilər”) daha ön planda olsa da gərginliyin digər istiqamətlərinin və səbəblərinin olduğu da şübhəsizdir. Bunlar arasında Afrika uğrundakı tarixi rəqabət əsas məqamlardan biridir. İki ölkənin Afrikanın paylaşılması uğrundakı tarixi rəqabəti kənara qoymadıqları, xüsusilə də Liviya uğrunda gərginliyin hal-hazırda da davam etdiyi bilinir. Son illərdə Liviya ilə bağlı qarşılıqlı ittihamlar prezident və baş nazir səviyyəsində səsləndirilmişdir.

Digər tərəfdən İtaliya vaxtaşırı olaraq Fransanı iqtisadi məsələlərə görə də ittiham edir. Əsas məqamlar İtaliyanın Avropa Birliyindən maliyyə dəstəyi almasına və İtalyan şirkətlərin Fransız şirkətləri satın almasına Fransanın mane olmasıyla bağlıdır. Məsələn, İtaliyanın baş naziri Cüzeppe Konte vaxtilə Fendi və Gucci kimi lüks markaların Fransa tərəfindən satın alındığını, amma sonradan İtalyan şirkətləri Fransız markaları satın almaq istədiyi zaman Fransanın buna mane olduğunu qeyd etmişdi.

Son gərginliyin qarşıdan gələn Avropa Parlamentinə seçkilərlə bağlı olması ehtimalı da zəif deyil. Xüsusilə İtaliyada hakimiyyətdə təmsil olunan partiyaların bu seçkilərdə uğur qazanmaq üçün populist mövzulara müraciət etməsi və xüsusi olaraq “düşmən yaratmaq” taktikasına müraciət etdikləri güman edilir. Yeri gəlmişkən İtaliyanın Fransaya qarşı çağrışlarından biri də Srasburqdakı Avropa Parlamenti binasının bağlanmasıyla əlaqədardır. İtaliya bunun Avropa Birliyi üçün əlavə xərc olduğunu (təxminən 1 milyar Avro xərci olduğu bildirilir) iddia edir.

Ümumilikdə isə son gərginlik həm də İtaliyanın daxili və xarici siyasətinin xarakterindən qaynaqlanır. Bu ölkədəki koalisiyalı hökumətlərdə fərqli siyasi mövqeyə malik olan partiyaralın təmsil olunması sadəcə daxili siyasətdə deyil, xarici siyasətdə də qeyri-sabitliyə səbəb olur. Məsələn, 1998-1999-cu illərdə bu ölkənin NATO müttəfiqi Türkiyə ilə yaşadığı “Öcalan böhranı” unudulmayıb. Terrorçu Abdullah Öcalana İtaliyada siyasi hakimiyyətin bir qolu tərəfindən sığınacaq verildiyinə görə iki ölkə arasındakı münasibətlər az qala qopmaq üzrə idi. İtaliya 2003-cü ildə ABŞ-ın İraqı işğalına Fransa və Almaniyadan fərqli reaksiya vermişdi. Bu ölkənin Rusiya ilə münasibətləri adətən digər Avropa ölkələrindən fərqli olur. Son dövrlərdə isə bu fərqliliyi xüsusilə Suriya siyasətində (Şamdakı səfirliyini yenidən fəallaşdırmağa çalışması) və Venesueladakı hakimiyyət böhranına münasibətdə görmək mümkündür. Fransa və Almaniyanın Venesueladakı müxalif qüvvələrin lideri Juan Guaidonun Avropa İttifaqı tərəfindən hakimiyyətin sahibi kimi tanınmasına əsasən İtaliyanın mane olduğu bilinir.

Beləliklə, Avropanın iki böyük dövləti arasındakı gərginliyin sadəcə ritorik xarakter daşımadığı və xarakterinin kifayət qədər mürəkkəb olduğu görünür. Gərginliyin hələ bir müddət (ən azı Avropa Parlamentinə seçkilərədək) davam etməsi gözlənilir. Növbəti mərhələ üçün isə gərginliyin xarakterinə iki ölkənin xüsusilə İtaliyanın iqtisadiyyatını dirçəltməyə çalışması üçün atmaq istədiyi addımlara dair Fransanın mövqeyi və iki ölkənin Afrikada toqquşan maraqlarla bağlı izləyəcəkləri siyasətlər daha çox təsir edəcək. Miqrantların taleyi isə daha çox ritorikada istifadə edilən amil rolunu oynayacaqdır. Öz növbəsində gərginliyin uzun davam etməsi Avropa Birliyi daxilindəki problemlərin artmasına və birliyin mövqelərinin zəifləməsinə səbəb ola bilər.