Amerika

2006-cı ildə dünyada ilin mövzusu: ABŞ-İRAN NÜVƏ PROBLEMİ

Pinterest LinkedIn Tumblr

ABŞ-İRAN NÜVƏ PROBLEMİ
2006-cı ildə dünyada ən çox danışılan və qlobal gündəmi yaxından maraqlandıran əsas mövzu Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən nüvə problemi olmuşdur. Burada 2006-cı ilin qısa xronologiyası və qısa analizi təqdim olunur. Problemin mahiyyəti və prosesə dair müxtəlif versiyalar barədə analitik məqalə daha sonra təqdim ediləcəkdir.
Bilindiyi kimi, Şah hakimiyyəti dövründə İran ABŞ-ın yaxın müttəfiqi olsa da, 1979-cu ildəki İslam İnqilabından sonra iki ölkənin münasibətləri pisləşmişdir. Hal-hazırda da ABŞ üçün “şər ölkə” olan İran eyni şəkildə ABŞ-ı “böyük şeytan” kimi görməkdədir. İki ölkənin qlobal miqyasdakı maraqları toqquşmaqla yanaşı, əsas rəqabət sahəsi Yaxın Şərq (xüsusilə Bəsrə Körfəzi) və Cənubi Qafqazdır. İki ölkənin maraqlarının getdikcə daha sərt şəkildə toqquşduğu Bəsrə Körfəzi regionu və Yaxın Şərq istər təbii ehtiyatlar, istər bu ehtiyatların nəqli yolları, istər xüsusi olaraq İsrail faktoru, istər ümumiyyətlə ABŞ-ın genişlədilmiş Yaxın Şərq layihəsi baxımından ABŞ üçün çox əhəmiyyətlidir. İran üçün isə yuxarıda sayılan faktorlarla yanaşı, bölgənin bir parçası olmağı, tarixdən gələn sosial-psixoloji yaxınlıq, bölgədəki proseslərin birbaşa İranın daxili siyasəti və milli təhlükəsizliyi ilə əlaqədar olması çox vacib faktorlardır. Elə bu faktorları nəzərə alan İran bölgəni ən böyük düşməni olaraq gördüyü ABŞ-a bıraxmaq yerinə bölgənin bir çox mənada sahibi olmağa çalışır.  Nüvə probleminin ortaya çıxmasından sonra ABŞ ilə İran arasındakı münasibətlər daha da kəskinləşmişdir. Problem ABŞ-ın İranın nüvə silahı hazırlamağa çalışdığını və bu barədə dəqiq kəşfiyyat materiallarına sahib olduğunu iddia etməsi ilə başlamışdır. İran rəsmiləri isə gah sadəcə sülh məqsədli nüvə enerjisi fəaliyyətləri ilə məşğul olduqlarına və bütün yoxlanışlardan çəkinmədiklərini, gah da yeri gələrsə bütün dünyaya rest çəkərək öz təhlükəsizlikləri üçün özlərinin bildikləri kimi addımlar ata biləcəklərini açıqlamışdır. ABŞ-ın İraqa hücum etməmişdən əvvəl ortaya atdığı, Iraqda kütləvi qırğın silahlarının, xüsusilə də nüvə silahının olduğuna dair iddianın sonradan öz təsdiqini tapmaması, hətta bəzi ABŞ rəsmilərinin əslində onlarda bu barədə dəlil olmadığı halda qəsdən həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarını açıqlaması, ABŞ-ın İran ilə əlaqədar iddialarının inandırıcılığını azaltmışdır. Digər yandan İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) əməkdaşlarına tədqiqatlar üçün tam lazımi şəraiti yaratmaması onun niyyətinə dair şübhələri artırmışdır. Ayrıca, İranın dinc məqsədli nüvə enerjisinə sahib olmaq hüququnu normal qarşılayan qonşuları və digər bəzi dövlətlər də, onun nüvə silahına sahib olmaq ehtimalını ciddi təhlükə kimi görürlər.
ABŞ-ın İrana hücum etməsinə səbəb də təşkil edə biləcəyi və xüsusilə də bölgə xəritəsinin dəyişməsinə yol aça biləcəyi üçün əslində bütün əhəmiyyətli güclərin bu və ya digər dərəcədə içərisində olduğu çətin bir proses başlamış və 2006-cı ildə də davam etmişdir. 2006-cı il İranın nüvə proqramını daha da sürətli şəkildə həyata kecirəcəyi barədə bəyanatı (yanvarın 1-dəki) ilə başlamışdır. Mətbuatın ilk günlərdəki əsas mövzusu, 2005-ci ilin son günlərində (29 dekabrda) İran Milli Təhlükəsizlik Ali Şurasının Katibi Əli Laricani ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibi İqor İvanov arasındakı telefon danışığı olmuşdur. Qeyd edək ki, telefon danışığı zamanı İranın nüvə proqramı ətrafında yaranmış problemin həll yolları geniş müzakirə edilmişdir. Yanvarın 1-də İran dövlət televiziyasında çıxış edən Laricani Rusiyanın təkliflərini öyrəndiklərini və öz milli maraqları çərçivəsində bunlara münasibət bildirəcəklərini açıqlamışdır.
Yanvarın 4-də İRNA agentliyi, bir gün əvvəl prezident Mahmud Əhmədinecadın İran höküməti və parlamentinin ümumi iclasındakı çıxışını yaymışdır. Əhmədinecad çıxışında, nüvə tədqiqatlarını davam etdirəcəkləri barədə BAEA-nın Baş Direktoru Əl-Baradeyə məktub yolladıqlarını qeyd etmişdir. Yanvarın 7-də və 8-də Tehranda İranın nüvə proqramına dair Rusiya-İran danışıqları aparılmışdır. Danışıqların ilk günündə İran uranın Rusiyada zənginləşdirilməsi təklifi ilə razı olmadığını açıqlamışdır. Rusiya nümayəndələri isə İranın dinc məqsədli nüvə proqramını inkişaf etdirmək hüququna hörmətlə yanaşdıqlarını və ortaya çıxan problemlərin BAEA çərçivəsində həllinə tərəfdar olduqlarını qeyd etmişdir.
Yanvarın 9-da İran bəzi müəssisələrdəki BAEA möhürünü sökərək oradakı fəaliyyətləri yenidən başlatmışdır. Yanvarın 10-da İran BAEA-ya rəsmi nota göndərmişdir. Notada, İranın BAEA ilə əməkdaşlığı davam etdirmək üçün əlindən gələni etdiyi və tələb olunan bütün şərtlərə əməl etdiyi, ancaq BAEA-nın lazımi səyləri və səmimiyyəti göstərmədiyi, bütün bunların əməkdaşlığı davam etdirmək üçün imkanları azaltdığı iddia edilmişdir. Eyni gün Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda, İran BAEA ilə əməkdaşlığı davam etdirməyə və moratoriuma əməl etməyə çağırılmışdır. BAEA-nın Baş Direktoru Əl-Baradey isə, onların müfəttişlərinin tədqiqat imkanlarının məhdudlaşdırıldığını, İranın onların suallarına lazımi cavabları vermədiyini, bütün bunlara görə də BAEA İdarə Heyətinin növbəti iclasında İranın nüvə proqramının dinc xarakter daşıyıb daşımadığına dair konkret rəy verə bilməyəcəklərini açıqlamışdır. Avropa ölkələri isə İranı qərarını gözdən keçirməyə çağırmışdır. 2006-cı ilin maraqlı hadisələrindən biri bu məsələ ilə dolayı əlaqəsi olan, İran Prezidenti Mahmud Əhmədinecadın yanvarın 10-da Qum şəhərindəki çıxışı olmuşdur. Əhmədinecad mədrəsə tələbələri qarşısındakı çıxışında “İslam aləmi Mehdinin qayıdışını gözləməlidir. Onu qarşılamaq üçün Qərbin inkişaf səviyyəsinə çatmalı və dünyanı idarə etməyə hazır olmalıdır” deyərək Xumeynidən sonra ümumi İslam hakimiyyəti ideyası istiqamətində ilk dəfə bu qədər qəti mesaj vermişdir. Bu çıxış İslam aləmi və Qərb ayrımını da ortaya qoyaraq İslam dünyasının bir-birinə dəstəyini (konkret məsələdə qonşularının İrana dəstəyini) vurğulamağa çalışmışdır.
Yanvarın 13-də BBC-yə müsahibə verən Britaniyanın Xarici İşlər Naziri Cek Strou İrana qarşı hərbi əməliyyatın nəzərdə tutulmadığını, ancaq BMT Təhlükəslzik Şurasında məsələnin müzakirəsinin vacib olduğunu qeyd etmişdir. Eyni gün ABŞ Prezidenti Corc Buşla Almaniya Federal Kansleri Ancela Merkel ilk dəfə birlikdə keçirdikləri mətbuat konfransında İranın nüvə silahına can atmasının dünya üçün böyük təhlükə olduğuna dair razılığa gəldiklərini bildirmişlər. 2006-cı il yanvarın 17-də ABŞ-ın vitse-prezidenti Dik Çeyni Yaxın Şərqə səfər etmişdir. Misir, Səudiyyə Ərəbistanı və Küveyt rəsmiləri ilə keçirdiyi görüşlərində İran ilə yaşanan nüvə problemini də müzakirə etmiş, məsələnin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması üçün xüsusilə Misirin dəstəyini istəmişdir. Yanvarın 18-də İran Xarici İşlər Naziri Manuçer Mottaki ilə Çin Xarici İşlər Naziri Li Çjaosin arasında telefon danışığı olmuş, danışıq zamanı Çjaosin Rusiya nümayəndələri ilə eyni fikri, İranın dinc məqsədli nüvə proqramını inkişaf etdirmək hüququna hörmətlə yanaşdıqlarını və ortaya çıxan problemlərin MAGATE çərçivəsində həllinə tərəfdar olduqlarını qeyd etmişdir.
Yanvarın 24-də Moskvada Laricani ilə İvanov arasında danışıqlar prosesi başlamışdır. Yanvarın 27-də Laricani Moskvadan Tehrana qayıdarkən sərt bəyanatla çıxış etmiş və Qərb İran ilə müzakirələri dayandıracağı və məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi təqdirdə İranın da daha sərt taktikalara əl atacağını bildirmişdir. Eyni gün CBS kanalına müsahibə verən ABŞ Prezidenti Buş nüvə problemi sahəsində ciddi nəticələ əldə edilməsi üçün BMT səviyyəsində İrana qarşı ciddi sanksiyalar tətbiq edilməsini vacib sayıb.  Yanvarın 30-da Avropa üçlüyü tərəfindən hazırlanmış sənəd ABŞ tərəfindən də müsbət rəy bildirilərək Londondakı 5+1 (təhlükəsizlik şurasının 5 üzvü + Almaniya) ölkələrinin xarici işlər nazirlərinin görüşünə təqdim edilmişdir. Londonda keçirilən görüşdə razılaşdırılmış sənədin BAEA İdarə Heyətinin iclasına təqdim edilməsinə qərar verilmişdir. Əksər hallarda Iranin mövqeyini müdafiə edən RF və Çin belə, İranın moratoriumu pozmasını mənfi hal kimi qiymətləndirmişdir. Fevralın 2-də isə BAEA İdarə Heyətinin iclası başlamışdır.
Fevralın 3-də bəyanatla çıxış edən Əhmədnecad “İsrailin nüvə proqramına göz yuman Qərbin İranın dinc məqsədli nüvə proqramına mane olmağa çalışmasını ikili standart” kimi qiymətləndirmişdir. Fevralın 4-də BAEA Idarə Heyətinin iclasında İranla bağlı yeni qərar alınmışdır. Qərarda İranın uranın zənginləşdirilməsinə qoyulan ikitərəfli moratoriumu dayandırmasından duyulan narahatlıq xüsusilə vurğulanmış, Əl-Baradeyin MBT Təhlükəsizlik Şurasının üzvlərini məlumatlandırması da daxil olmaqla o günə qədərki proses və İran ilə əməkdaşlığı davam etdirmənin şərtləri sayılmışdır. Agentliyin İrandakı son proseslərlə bağlı hesabatı Təhlükəsizlik Şurasına martın 6-da təqdim edəcəyi qeyd edilmişdir. BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər və Almaniya qərarın lehinə səs vermişdir. Həmin gün RF Xarici İşlər Nazirliyi xüxusi bəyanatla çıxış edərək İranı BAEA-nin təkliflərinə konstruktiv cavab verməyə çağırmışdır. Buna baxmayaraq Fevralın 6-da İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həmid Rza Asəfi İranın BAEA ilə könüllü əməkdaşlığı dayandırdığını, ancaq, Agentlik ilə Nüvə Silahlarının Məhdudlaşdırılmasına Dair Müqavilədən irəli gələn işləri davam etdirəcəklərini açıqlamışdır. Bunu da xatırlatmaq lazımdır ki, BAEA-nin iclasından bir neçə gün əvvəl Avstriya polisi qurumun bu ölkədə yerləşən gərargahının və Əl-Baradeyin təhlükəsizliyi ilə əlaqədar tədbirləri artırmışdı.
Fevralın 9-da PBS teleşirkətinə müsahibə verən ABŞ Vitseprezidenti Çeyni, İran ilə nüvə probleminin diplomatik yolla həllinə tərəfdar olduqlarını, ancaq hərbi yolu da istisna etmədiklərini demişdir. Qeyd edək ki, ABŞ rəsmiləri hərb yolunu secdikləri barədə açıq bəyanatlar səsləndirməsələr də, bu ölkənin rəsmi dairələri ilə əlaqəsi olduğu təxmin edilən müxtəlif tədqiqatçılar vaxtaşırı olaraq ABŞ-ın İrana hücum etməyə hazırlaşdığına, hətta hücum planlarına dair məlumatlar yaymışlar. Fevralın 10-da BMT-nin Baş Katibi Kofi Annan İranı nüvə fəaliyyətlərini dayandırmağa və Rusiya ilə danışıqları davam etdirməyə çağırmışdır.
Fevralın 20-də Moskvada başlayan və iki gün çəkən Rusiya-İran danışıqları İranın Rusiyanın təklifini qəbul etməməsi ilə başa çatmışdır. Bu danışıqlar, İranın nüvə proqramına görə bu dövlətə qarşı sanksiyalar tətbiq edilməsi məqsədiylə məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsinin qarşısının alınmasında son imkan kimi görülürdü. Fevralın 21-də ABŞ Dövlət Katibi Kondaliza Rays Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etmişdir. Bu iki səfərdə ABŞ rəsmiləri, bölgə dövlətlərinə İranın nüvə proqramının onların təhlükəsizliyinə ciddi təhlükə təşkil etdiyi mesajlarını vermişdir.
Fevralın 25-də Rusiyanın nüvə enerjisi proqramının rəhbəri Sergey Kiriyenko İranlı həmkarı Qulamrıza Ağazadə ilə Tehranda keçirdiyi görüşdən sonra bəzi irəliləyişlər əldə etdiklərini və danışıqların davam etməsinin zəruri olduğunu qeyd etmişdir.  Martın 8-də BAEA-nin 35 ölkənin nümayəndəsindən ibarət İdarə Heyəti İranın məsələsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim etmişdir. Həmin gün Konqresdə çıxış edən ABŞ Dövlət Katibinin Müavini Nikolas Börns, Ağ Evin Avropa, Qafqaz və Yaxın Şərq ölkələrindəki ABŞ səfirliklərində İran ilə əlaqədar xüsusi bölmə açmağa qərar verdiyini açıqlamışdır. Xüsusilə Səudiyyə Ərəbistanına və BƏƏ-nə göndərilənlərin İran içərisindəki rejim əleyhdarları ilə daha geniş əlaqələr qurulması istiqamətində işləyəcəkləri qeyd olunmuşdur. Qeyd edək ki, bu proses ABŞ üçün xüsusi əhəmiyyətə malikdir. Çünkü Rəfsəncani hakimiyyəti dövründən başlayaraq İran regional siyasətini dəyişdirmiş və öz siyasətinin haqlı olduğuna dair daha fəal siyasət aparırdı. Yaxın dövrdəki İran siyasətində də İranın nüvə proqramının haqlılığına dair təbliğatın xüsusilə qonşu dövlətlərin ərazilərində gücləndirilməsi əsas yer tutur. İranı bütün dünyadan və regiondan təcrid etməyə çalışan ABŞ isə bütün bunları nəzərə alaraq regiondaki təbliğati fəaliyyətlərini daha da artırmışdır.
Martın 9-da Senatın Büdcə və Vəsaitlər komitəsində çıxış edən Rays İranın ABŞ üçün bir nömrəli təhlükə olduğunu qeyd etmişdir. Bir gün sonra isə ABŞ Prezidenti Buş İranın nüvə proqramının onlar üçün ən vacib problem olduğunu qeyd etmişdir. Martın 10-da Avropa Birliyi nümayəndəliyi, uranın zənginləşdirilməsinə dair Rusiyanın təklifinin hələ də qüvvədə olduğuna dair açıqlama vermişdir. Ancaq İran liderləri nüvə fəaliyyətlərini öz milli maraqlarına uyğun şəkildə davam etdirəcəklərini açıqlamışlar.
Martın 29-da BMT Təhlükəsizlik Şurası xüsusi bəyanat qəbul edərək İrana uranı zənginləşdirilməsini dayandırması üçün 30 gün vaxt vermişdir. Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya İranı uranı zənginləşdirilmə fəaliyyətlərini dayandırmağa çağırmışdır. Martın 31-də İranın Xarici İşlər Naziri Manuçer Mottəki Təhlükəsizlik Şurasının qərarını tənqid etmiş və qərbi dünya ictimaiyyətinə İranın nüvə proqramı barəsində yanlış fikirlər aşılaqla günahlandırmışdır.
Aprelin 11-də ABŞ, 12-də isə Rusiya, Fransa və Almaniya İranın nüvə fəliyyətlərinin təhlükəli istiqamətə getdiyini irəli sürərək, İranı nüvə proqramını dərhal dayandırmağa çağırmışlar. Buna səbəb İranın uranın zənginləşdirilməsi sahəsində yeni uğurlar əldə etdiyi barəsində açıqlaması olmuşdur.  Aprelin 19-da Moskvada BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün və Almaniyanın iştirakı ilə İran problemi müzkirə edilmişdir. Moskvada müzakirələrin getdiyi bir vaxtda Tehranda İran Silahlı Qüvvələrinin paradı keçirilmişdir. Səhənd-3 roketinin, pilotsuz Şahin-1 və Şahin-2 təyyarələrinin, Mühacir-2, Chairman-2 və digər hərbi təyyarələrin və tankların iştirak etdiyi paradda çıxış edən Əhmədnecad “İran odrusu, ona hücum etməyi düşünənlərin əllərini kəsəcək qədər güclüdür” fikirlərini səsləndirmişdir.
Aprelin 26-da Rusiya Xarici İşlər Nazirliyi, Mayın 1-də 5+1 ölkələrinin Xarici İşlər Naziri Müavinlərinin iştirakı ilə Parisdə iclas keçiriləcəyini və Təhlükəsizlik Şurasının atacağı addımların müzakirə ediləcəyini açıqlamışdır. Aprelin 27-də BMT-nin tanıdığı vaxtın dolmağına 1 gün qalmış, İran Prezidenti Mahmud Əhmədinecad İranın BMT-nin onun nüvə proqramını dayandırmasına dair təzyiqlərinə boyun əyməyəcəyini açıqlamışdır.
Mayın 1-də Rays, Təhlükəsizlik Şurası lazımi qətiyyəti göstrmədiyi təqdirdə, ABŞ-ın BMT Təhlükəsizlik Şurası xaricində təkbaşına hərəkət edəcəyini açıqlamışdır. Mayın 3-də Parisdə iki gündür davam edən müzakirələrin nəticəsi açıqlanmışdır. Görüşdə İran dosyesinin Mayın 8-də BMT Təhlükəsizlik Şurasında qaldırılması təklifi ortaya atılmış, ancaq Rusiya və Çin bu təklifin əleyhinə çıxış etdiyi üçün razılaşma əldə oluna bilməmişdir. Bir gün sonra RF-nin BMT-dəki daimi numayəndəsi, problemin həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğuna inandıqlarını açıqlamışdır.
Mayın 9-da Le Mond, Əhmədinecadın Buşa yazdığı 18 səhifəlik məktubu nəşr etmişdir. Diplomatik üslubdan kənar yazılan məktubda, tektanrılı dinlərin nümayəndələi kimi sülh yolunda ortaq fəaliyyət təklifi yer almışdı. Mayın 16-d Avropa Birliyi İrana yeni təkliflər paketini göndərmişdir. Mayın 17-də isə Röyter agentliyi Əhmədnecadın aşağıdakı məzmundakı bəyanatını yaymışdır: “Avropa üçlüsünün təklifləri qaneedici deyil və bizim planlarımıza mane olur. Bizi uşaq yerinə qoymayın, fındıq-ıstıq verib əlimizdəkini almağa çalışmayın. Əvvəllər də sizə inandıq və acı təcrübə yaşadıq. Eyni ilana özümüzü ikinci dəfə sancdıracaq qədər ağılsız deyilik.” Mayın 18-də BMT-nin Baş Katibi Kofi Annan Tokioda tələbələr qarşısında nitqi zamanı İranın nüvə proqramı ilə bağlı müzakirələrdə tərəqqinin əldə olunmamasına görə narahatlığını ifadə edib və BMT-nin Təhlükəsizlik Şurasının İranı qınayacaq qətnaməsinin ən yaxın zamanlarda çıxarılacağına inanmadığını qeyd edib.
Mayın 30-da İranın Xarici İşlər Naziri Manuçer Mottaki ölkəsinin nüvə proqramı barədə Avropa Birliyi ilə danışıqları bərpa etməyə hazır olduğunu və əvvəlcədən heç bir şərt qoyulmadığı təqdirdə uranın zənqinləşdirilməsi məsələsini də müzakirə edəcəklərini açıqlamışdır. İyunun 14-də Mottaki uranın zənginləşdirilməsi proqramını dayandırmaq məqsədilə İrana edilmiş həvəsləndirici təkliflər və nüvə proqramı ətrafında danışqlar məsələsində irəliləyiş olduğunu açıqlamışdır. İspaniyadakı danışqlardan sonra açıqlama vermiş cənab Müttəki bəyan edib ki, İran təklifləri nəzərdən keçirir və ən tez bir zamanda cavabını verəcək. Həmin gün habelə Avropa Birliyinin Xarici Siyasət İdarəsinin başçısı Xavyer Solana İranın nüvə proqramında danışıqlarda vasitəçisi Əl Laricani ilə telefon söhbəti etdiyini bildirib. Xavyer Solana keçən həftə İrana təkliflər çatdırıldıqdan sonra ilk telefon söhbətini konstruktiv adlandırıb.
İyunun 20-də İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 33-cü Sessiyası çərçivəsində Bakıda mətbuat konfransı keçirən Mənuçöhr Mottəki, «altılar»ın nüvə proqramı ilə bağlı təkliflər paketi ciddi və dəqiq öyrəndiklərini açıqlamışdır: “Araşdırmalar başa çatandan sonra Avropalı dostlarımıza cavab verəcəyik.” Qeyd edək ki, “alıtlar”ın təklifi əvvəlkilərdən cavab üçün konkret vaxt qoyulmaması ilə fərqlənirdi. Həmin gün ABŞ prezidenti Corc Buş Avropa Birliyi ölkələrinin liderləri ilə İranın nüvə proqramı, terror əleyhinə müharibə və ticarət məsələlərini müzakirə etmək üçün Vyanaya yola düşüb. Burada keçirdiyi görüşlərdən sonra Buş, İranın həvəsləndirici təkliflər paketinə avqust ayının sonunda cavab verməsi planını cavab üçün uzun bir vaxt kimi qiymətləndirib. Buş ABŞ-ın sadəcə İran uranın zənginləşdirilməsi proqramını dayandırdığı halda, beynəlxalq danışqlara qoşulmaq niyyətində olduğunu da qeyd etmişdir.
İyunun 27-də Ali Ruhani Lideri Əli Xameney, İranın nüvə texnologiyasına malik olma hüququ barədə heç kimlə danışıqlar aparmayacağını və bu barədə Birləşmiş Ştatlarla müzakirələrin bir xeyri olmayacağına inandıqlarını açıqlamışdır. İyunun 29-da BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya təqdim etdikləri həvəsləndirici təkliflər paketinə Böyük Səkkizliyin 15 iyulda keçiriləcək sammitinədək İranın cavab verməsini istəyib.
İyulun 2-də rəsmi Tehran nüvə proqramı ətrafında yaranmış gərginliyi azaltmaq məqsədilə Qərbin həvəsləndirici təkliflər paketinə cavab üçün qolyulmuş möhlətə əməl etməkdən yenidən boyun qaçırıb. Bu günkü rədd cavabı Səkkizlər qrupunun xarici işlər nazirlərinin Tehrana təkliflər paketinə aydın və ətraflı cavab verməsi üçün son möhlət qoymasından üç gün sonraya təsadüf edir. Xarici işlər nazirliyinin sözçüsü Həmid Reza Asəfi bu gün mətbuat konfransında deyib ki, Tehran cavabı gələn ayın əvvəlinə qədər verməyəcək. İyulun 12-də ABŞ, Rusiya, Çin, Britaniya, Almaniya və Fransanın xarici işlər nazirlərinin ümumi iclasında İranın məsələsinin BMT Təhlüksəzilik Şurası qarşısına çıxarmaq haqda razılığa gəlinmişdir. Qərarı açıqlayan Fransalı nümayəndə əməkdaşlıqdan boyun qaçıracağı təqdirdə, BMT Təhlüksəzilik Şurasının İran ilə bağlı qətnamə üzərində işləyəcəyini qeyd etmişdir.
İyulun 17-də Böyük Səkkizlərin görüşünün üçüncü günündə Rusiya, Birləşmiş Ştatlar, Britaniya, İtaliya, Fransa, Almaniya, Kanada və Yaponiya liderləri İranın nüvə proqramı məsələsinin BMT Təhlükəsizlik Şurasına çıxarılması təkliflərini dəstəkləmişlər.  İyulun 31-də BMT Təhlükəsizlik Şurasının iclasında nüvə proqramını dayandırması üçün İrana 31 avqusta qədər möhlət tanınmasına qərar verilmişdir. Təhlükəsizlik Şurasının üzvlərində sadəcə Qətər qərar layihəsinin əleyhinə səs vermişdir.
Avqustun 2-də isə İran Prezidenti Əhmədnecad İran xalqına verdikləri sözün üstündə duracaqlarını və dinc məqsədli nüvə proqramlarını axıra qədər aparacaqlarını vurğulayaraq Təhlükəsizlik Şurasının son qərarına uymayacaqlarını da göstərmişdir.  İranın BMT-dəki daimi nümayəndəsi Cavad Zarif də qərarın ədalətsiz və hüquqi cəhətdən təməlsiz olduğuna dair bəyanat vermişdir.  Avqustun 10-da İranın kök hüceyrəsindən qoyun klonlaması nüvə proqramını dayandırması üçün ABŞ tərəfindən təzyiq göstərilən İranın genetika sahəsindəki inkişafının nümayişi olmuşdur
Avqustun 24-də Almaniyanın kansleri Angela Merkel nüvə proqramını dayandırmaq müqabilində təkliflərə Tehranın cavabının qənaətbəxş olmadığını, çünki cavabdan İranın uranın zənginləşdirilməsi proqramını dayandırıb-dayandırmayacağının bəlli olmadığını demişdir. Avqustun 26-da, yəni BMT Təhlükəsizlik Şurasının İrana tanıdığı müddətin başa çatmasına 5 gün qalmış İran nüvə proqramı sahəsində ciddi bir addım atmışdır. Prezident Əhmədnecadın iştirakı ilə Tehranın 190 km cənub qərbindəki Arakda nüvə proqramının tərkib hissəsi olan nüvə tədqiqat reaktoru üçün ağır tərkibli su istehsal edəcək zavodun rəsmi açılışı keçirilmişdir. Adının gizli qalmasını istəyən bir İranlı mühəndis isə Röyters agentliyinə əslində müəssisənin iyulun 11-də işləməyə başladığını bildirmişdir. Rəsmi açılışın bu tarixdə keçirilməsi İranın dünyaya cavabı olaraq dəyərləndirilmişdir.
Avqustun 31-də Əl-Baradey İranın lazımi tələbatları ödəmədiyinə dair xüsusi raportu BMT Təhlükəsizlik Şurasına təqdim etmişdir. Sentyabrın 8-də isə Amerika dövlət katibinin müavini Nikolas Börns Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrin, habelə Almaniya rəsmiləri ilə Berlində danışıqlar apardıqlarını, qərar alınması üçün prosesi sürətləndirmək istədiklərini açıqlamışdır.
Sentyabrın 10-da isə Vyanada çıxış edən Avropa birliyi xarici siyasətinin rəhbəri Haviyer Solana İranlı Əli Laricani ilə müzakirələrin məhsuldar keçdiyini söyləyib. Sentyabrın 15-də isə Solana Brüsseldə jurnalistlərə bildirib ki, indiyədək İran rəsmilərilə bu səviyyədə danışılqar keçirilməyib və probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə edilir.
Oktyabrın 18-də İsrailin baş naziri Ehud Olmert Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşərək, İran nüvə böhranını müzakirə edib. Oktyabrın 25-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Məhəmməd əl-Baradei İranın uranın zənginləşdirilməsi ilə bağlı apardığı fəaliyyətin qanuni olduğunu bildirib. APA-nın xəbərinə görə, əl-Baradei deyib ki, İran Nüvə Silahının Yayılmaması Müqaviləsini (NSYM) imzalayan ölkə kimi nüvə texnologiyalarını inkişaf etdirmək hüququna malikdir. Məhəmməd əl-Baradeinin sözlərinə görə, Tehran uranın zənginləşdirilməsi texnologiyasına malik olsa da, onun uranı sənaye səviyyəsində zənginləşdirmək imkanı yoxdur. İsrailin nüvə silahına malik olması faktına münasibətini bildirən beynəlxalq agentliyin baş direktoru xatırladıb ki, Tel-Əviv bunu qonşularının ona qarşı düşmənçilik mövqeyində olması ilə izah edir. Ancaq buna baxmayaraq, İsrail də Nüvə Silahının Yayılmaması Müqaviləsinə qoşulmalı və Yaxın Şərq sülh prosesi çərçivəsində nüvə tərksilahını qəbul etməlidir.
Noyabrın 15-də Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı hesabatda İranda nüvə tullantılarının məhvi üzrə müəssisələrin birində nüvə silahı istehsal etmək üçün zənginləşdirilmiş plutonium və uranın izləri tapıldığı qeyd olunub.  Noyabrın 20-də İran prezidenti Mahmud Əhmədinejad Tehranda səfərdə olan Koreya Xalq Demokratik Respublikası parlamentinin sədri Tsoy Txe Bok ilə görüşündə İran bütün dünyada nüvə tərksilahının tərəfdarı olduğunu bildirib.
Dekabrın 23-də BMT Təhlükəsizlik Şurasının üzvləri nüvə fəaliyyətini davam etdirdiyinə görə İrana qarşı bir sıra qadağaların qoyulması ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə İrandan uranı zənginləşdirmə proqramını dayandırmağı və nüvə silahının yayılmaması sazişi üzrə öhdəliklərinə əməl etməyi tələb edir. Sanskiyalar siyahısına nüvə proqramı ilə əlaqədar materialların idxal və ixracı daxildir. Qətnamə layihəsinə Britaniya, Fransa və Almaniya yenidən baxıb. Buna səbəb Rusiyanın narahatlıqları idi. Moskva adları çəkilən iranlılar və təşkilatların xaricdəki əmlakının dondurulmasına etiraz edirdi. Lakin sonda bu qadağalar da qətnanaməyə daxil edildi. Təhlükəsizlik Şurası həmçinin İrana uranın zənginləşdirilməsi istiqamətində aparılan işləri dayandırmaq üçün 60 gün vaxt verib. Təhlükəsizlik Şurası bu tələbə əməl olunmayacağı təqdirdə, İrana qarşı daha sərt qətnamələr qəbul edəcək. İranın xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni qətnamənin qəbulunu pisləyərək, bunu Təhlükəsizlik Şurasının səlahiyyətlərinə daxil olmayan qərar adlandırıb. O deyib ki, bu qərarın İranın nüvə proqramına heç bir təsiri olmayacaq. Dekabrın 24-də İran Prezidenti Mahmud Əhmədinecad BMT TŞ-nın yeni qətnaməsini “bir kağız parçası” adlandıraraq rədd edib. Bu qətnamə ölkənin nüvə proqramı üstündə İrana qarşı sanksiyaları nəzərdə tutur. İran bildirib ki, uranın zənginləşdirilməsi planlarını davam etdirəcək. İran nəinki BMT TŞ-nın son qətnaməsini rədd edib, hətta uranın zənginləşdirilməsi proqramını davam etdirəcəyini bildirib. İran prezidenti Mahmud Əhmədinecad deyib ki, dünya İranın nüvə enerjisinə malik olacağı anlayışını qəbul etməlidir.
Dekabrın 28-də İranın İslami Şura Məclisi BAEA ilə əməkdaşlığın dayandırılmasına dair yeni qanun layihəsi qəbul edib. İranın məclisində bu sənədin lehinə 184 deputat səs verib. 12 millət vəkili əleyhinə olub, 6-sı isə bitərəf qalıb. Dekabrın 28-də Rus Atomstroyeksport şirkətinin nümayəndələri Buşehr AES-də növbəti mərhələnin inşasını tamamladıqlarını açıqlamışdır. İlin son günündə (31 dekabr) keçmiş prezident Rəfsəncani Qərb dövlətlərinə müraciət edərək İrana təzyiqləri artırmamağa çağırmışdır. Rəfsəncani, “İran beynəlxaq aləm ilə əməkdaşlığa həmişə hazırdır, ancaq İrana təzyiqlər artarsa problem daha da mürəkkəbləşər və həlledilməz olar” demişdir.
Göründüyü kimi İranın nüvə proqramı ətrafında yaranmış problem əsasən ABŞ ilə İran arasında böyük bir diplomatiya mübarizəsinə/oyununa çevrilmişdir. Əfganistan və İraqda ciddi problemlər yaşayan ABŞ-ın İran mövzusunda arzuladığı beynəlxalq dəstəyi ala bilməməsi, Avropa dövlətiərinin həm də daxili siyasətlərinin təsiri ilə bu məsələdə konkret iradə ortaya qoymaları, RF və Çinin gözlənən mövqeyi İranın diplomatik gedişləri ilə birləşdiyi zaman istər istəməz hesabda irəlidə olan İran olur. Rusiya bir yandan İrana nüvə texnologiyalarının ötürülməsində, digər yandan danışıqlar prosəsində aktiv iştirak edərək, qlobal əhəmiyyətə və təsirə malik bu prosesi mümkün qədər daha çox nəzarətində saxlamağa çalışır. ABŞ isə digər dövlətlərin mövqeləri onu çox da qane etmədiyi zaman, İraq problemində olduğu kimi beynalxalq aləmi BMT-ni bir kənara qoyacağı və təkbaşına hərəkət edəcəyi ilə qorxudur. Bu isə göründüyü kimi hələlik elə də ciddi nəticə doğurmur.
ABŞ-İran gərginliyi sözsüz ki, həm qonşu dövlət, həm tarixi, mədəni və siyasi bağlarımız, həm də təxminən 30 milyon soydaşımızın yaşadığı bir ölkə kimi Azərbaycanı da çox yaxından maraqlandırır. Mövzu Azərbaycan prezidenti İlham Əliyevin ABŞ səfəri və ABD rəsmi nümayəndələrinin Azərbaycan səfərləri zamanı da bölgə və dünya mediasının da diqqət mərkəzində olmuşdur. ABŞ-ın İrana qarşı hərbi və qeyri-hərbi addımlarında Azərbaycanın dəstəyini istədiyi tez-tez qeyd olunmuş, ancaq Azərbaycan rəsmi nümayəndələri bütün bəyanatlarında problemin dinc yolla həllinə tərəfdar olduqlarını açıqlamışdır.

Araz Aslanlı