Avropa

CƏNUB-ŞƏRQİ AVROPADA İSLAM AMİLİ

Pinterest LinkedIn Tumblr

 Dr. Fəxri KƏRİMLİ
Dünyanın ən yeni dövləti adını qazanmağa iddia edən Kosovo əyalətinin statusu ətrafında aparılan müzakirələrin 120 günlük marafonla son mərhələyə qədəm qoyduğu müşahidə olunur. Digər tərəfdən Serbiya-Kosovo danışıqlar prosesində vasitəçilik edən beynəlxalq üçlüyün (ABŞ, Rusiya və Avropa İttifaqı) okeanın digər tayından olan üzvü Frenk Visnerin rəsmi Vaşinqtonun proses uğurla başa çatmazsa birtərəfli şəkildə Kosovonun müstəqilliyini tanıya biləcəyi barədə bəyanatı ciddi siqnal kimi qəbul edilməlidir. Çünki Kosovonun baş naziri Agim Çeku bu marafonu getdikləri son kompromis kimi qələmə verib. Danışıqlar isə dekabrın 10-da başa çatır. Əgər hadisələr bu ssenari üzrə inkişaf etsə və Kosovo müstəqil dövlətə çevrilsə bunun beynəlxalq münasibətlər sisteminə hərtərəfli təsirinin olacağı qaçılmazdır. Belə gözlənilməz nəticələrdən biri isə Avropada ilk müsəlman dövlətinin meydana çıxmasıdır.
KOSOVO
Kosovoda son 20 ildə gedən proseslər ucbatından əhalinin dəqiq siyahıyaalınmasını keçirmək mümkün olmasa da, Kosovo Statistika İdarəsinin 2005-ci ildə apardığı hesablamalara görə əyalətdə 1.9-2.2 milyon nəfər yaşayır ki, bunun da 90%-ni Albanlar, 5 %-ni Serblər, 3%-ni Boşnaklar və Qoranilər, 1%-i Qaraçılar və 1 %-Ni Türklər təşkil edir.  Albanlar, Türklər və Boşnaklarla Kosovonun Qora bölgəsinin yerli müsəlman slavyanları olan Qoranilər İslam dininə sitayiş edirlər. Serblər isə xristianlığın ortodoks (pravoslav) məzhəbinə mənsubdurlar. Hər tərəfdən düşmən Slavyan və Yunan xalqları tərəfindən əhatə edilmiş Albanlar XIV-XV əsrdə Osmanlı İmperiyasını xilaskar kimi qəbul edərək həvəslə İslam dininə keçmişdilər. 2007-ci ilin hesablamalarına görə isə Albanlar artıq əhalinin 92 %-ni təşkil edir. Kosovo müsəlmanları keçmiş sosialist blokunun hər yerində olduğu kimi dünyəvi həyat tərzi sürsə də, onların yarısı dini prosedurlara əməl edirlər. Kosovoda İslam hələ də mövqelərini qoruyur və əyalətin müftisi Naim Tırnova həm Kosovo Din İşləri İdarəsinin rəhbəri, həm də Kosovo İslam İttifaqının sədridir.
ALBANİYA
1912-ci ildə istiqlaliyyətini elan edəndə Albaniya Avropanın ilk və yeganə müsəlman dövlətinə çevrilmiş oldu. Məhz bu amil və müsəlman arealından ayrı düşmələri Albanlarda dinlərinə görə kompleks hissinin formalaşmasına gətirib çıxarmışdı. Son dəfə bu ölkədə dini tərkib hesablanan 1967-ci ilin rəqəmlərinə görə Albaniya əhalisinin 50 %-ni sünni, 25 %-ni bəktaşi müsəlmanlar, 20 %-ni ortodoks və 10 %-ni katolik xristianlar təşkil edir. 1925-ci ildə Türkiyədə bəktaşi şiə ocaqları bağlandıqdan sonra bu təriqət dünya üzrə dini mərkəzini Tiranaya köçürmüşdü. Sosialist diktator Ənvər Xocanın dövründə Albaniyanın dünyanın yeganə ateist ölkəsi elan olunması və Osmanlı hakimiyyətinin bütün bəlaların mənbəyi kimi təbliğ edilməsi bu gün əhalinin dini köklərindən tamamilə uzaqlaşmasına səbəb olub. Xristian missionerlər isə bu vəziyyətdən  ötən əsrin 90-cı illərindən etibarən öz fəaliyyətlərini genişləndirmək üçün uğurla istifadə edirlər. Albaniyanı vətəndaş müharibəsinin astanasına gətirən 1996-cı il iqtisadi böhranından sonra siyasi hakimiyyət xristian azlığın əlinə keçib. Prezident Alfred Moisiu və siyasi elita xristianlardan təşkil edilib, hətta Tirana aeroportu belə rahibə Terezanın adını daşıyır, İslam Albaniyanın geriliyinin əsas səbəbi kimi təqdim edilir. Bütün bunlara baxmayaraq beynəlxalq qurumların məlumatlarına görə, Albaniyanın 3.845 min (2007) nəfər əhalisinin 70 %-dən çoxunun müsəlman olması ehtimal edilir.
BOSNİYA VƏ HERSEQOVİNA
Bənzər vəziyyət keçmiş Yuqoslaviya Federasiyasının 6-cı respublikası olan Bosniya və Herseqovinada da müşahidə edilsə də 1992-95-ci illər müharibəsi vəziyyətin xeyli dəyişməsinə səbəb olub. Bosniya krallığı Osmanlı İmperiyası tərəfindən fəth edildiyi 1463-cü ilə kimi istər katolik, istərsə də ortodokslar tərəfindən düşməncəsinə qəbul edilən bidətçi boqomil məzhəbinə qulluq edirdi və bu da hakim elitanın və əhalinin İslam dininə keçməsini asanlaşdırdı. İlk dəfə 1965-ci ildə ayrıca millət kimi tanınan müsəlman slavyanları bildirmək üçün “müsəlman” sözü böyük “M” hərfi ilə yazılırdı. 1991-ci ilin siyahıyaalınmasına görə Bosniya əhalisinin (4.3 milyon) 41%-i Müsəlmanlar, 33 %-i Serblər, 17 %-i Xorvatlardan ibarət idi. Serb, Xorvat və Müsəlman (Boşnak) dilləri əslində eyni dil olduqları üçün bu xalqlar arasında yeganə maneə din sayılırdı. Müsəlmanların təxminən üçdə biri Serblər və  Xorvatlarla qarışıq nikahlarda idi. Bosniya müharibəsi təxminən 200 000 Müsəlmanın qətli ilə nəticələnsə də bu xalqda etnik və dini kimliyin radikal oyanışına gətirib çıxardı. Bu gün Bosniyanın 4,498,976 nəfər əhalisinin təxmini 52-55 %-ni Boşnaklar (1995-ci ilə kimi Müsəlmanlar) təşkil edir.
MAKEDONİYA
Makedonlar və Alban azlıq arasındakı 7 aylıq vətəndaş müharibəsinə son qoyan 2001-ci il Ohrid sazişinə görə Albanlar Makedoniyanın ikinci qurucu milləti hesab edilir. Makedoniya əhalisini (2,022,547 – 2002) Slavyan Makedonlar (1,297,981 nəfər – 64.18 %), Albanlar (535,000 – 25.2 %), Türklər (77,959 – 3.85 %), Qaraçılar (53,879 – 2.66 %), Serblər (35,939 – 1.78 %), Boşnaklar (17,018 – 0.84 %) və s. təşkil edir. Onlardan Albanlar, Türklər, Boşnaklar və Qaraçılar müsəlmandırlar, bundan başqa Makedonların “torbeş” (rəsmən “Makedoniya Müsəlmanları”) adlanan bir qismi (40 000 nəfər) də İslam dininin ardıcıllarıdır. Ümumilikdə müsəlmanlar Makedoniya əhalisinin 33.3 % -ni təşkil edir və bu nisbət təbii artım hesabına hər il daha da yüksəlir. Makedoniyada 1200 kilsə və 400 məscid mövcuddur.
ÇERNOQORİYA (QARADAĞ)
Ötən il müstəqilliyini qazanan kiçik Çernoqoriya da böyük müsəlman icmasının vətənidir. 2003-cü il siyahıyaalınmasına görə Çernoqoriyada 620,145 nəfər yaşayır: Çernoqoriyalılar -267,669 (43.16 %), Serblər – 198,414 (31.99 %), Boşnaklar – 48,184 (7.77 %), Albanlar – 31,163 (5.03 %), Müsəlmanlar – 24,625 (3.97 %), Xorvatlar – 6,811 (1.1 %) və s. Çernoqoriyalılar və Serblərin hər ikisi ortodoks olub Serbcə danışdıqlarından bu iki xalqı fərqləndirmək xeyli çətindir. Çernoqoriyada Boşnak xalqı üçün aktual olan bir problemin izini görmək mümkündür: sosialist rejimində “Müsəlman” adlandırılan və Serbcə danışan xalq Bosniyanın müstəqillik qazanmasından sonra “Boşnak” (tərcüməsi “bosniyalı”) adını qəbul etsə də keçmiş Yuqoslaviyanın digər respublikalarında yaşayan bu xalqın nümayəndələrinin bəziləri köhnə etnonimə üstünlük verir. Əslində 1995-ci ildə imzalanan Deyton sazişində ilk dəfə rəsmən elan edilən Boşnak dili daha çox Türk,
Fars və Ərəb ifadələrinə sahib olan Serb dilindən başqa bir şey deyil. Odur ki, tarixi Sancaq vilayətinin qərbində məskunlaşan Çernoqoriyanın Boşnak və Müsəlman azlığı əslində eyni icmanın tərkib hissələri olub əhalinin 11.74 %-ini təşkil edir. Bu xalq ölkənin 21 vilayətindən 3-də (Rojaye, Plav və Biyelo Polye), Albanlar isə 1-də (Ulçin) mütləq əksəriyyət təşkil edir. Ümumilikdə Çernoqoriya vətəndaşlarının 17.74 % – i müsəlmandır.
SERBİYA
  2002-ci il siyahıyaalınmasına görə əhalisi (Kosovosuz)  7,498,001 nəfər olan Serbiya müsəlmanlarının çoxu Şərqi Sancaq (Serbcə Raşka) vilayətində (Novi Pazar, Nova Varoş, Tutin, Priboy, Syenitsa, Priyepolye bələdiyyələri) yaşayır. Osmanlı dövründə Yenipazar (bu gün Novi Pazar) sancağı adını daşıyan ərazinin qərb hissəsi (Rojaye, Plav, Biyelo Polye, Andriyevitsa, Berane, Plyevlya) 2006-cı ildə Çernoqoriyanın müstəqil olmasından sonra bu ölkədə qalıb. Şərqi Sancağın əhalisinin 60.4 %-i (142 min nəfər) Boşnak və Müsəlmanlardan ibarətdir. Novi Pazarda Serbiya İslam Icması İdarəsi yerləşir (mufti Müəmmər Zukorliç). Bütövlükdə Serbiyada 191 min Boşnak və ya Müsəlman yaşayır. İkinci müsəlman icması olan Albanlar isə Mərkəzi Serbiyadakı Preşevo və Buyanoviç bələdiyyələrinin əsas əhalisidir. Ümumilikdə müsəlmanlar Serbiya əhalisinin 4.82 %-i təşkil edir (239,658 nəfər).
BOLQARISTAN
Bütün XIX-XX əsrlər boyunca davam edən kütləvi köçlərə və deportasiyalara baxmayaraq bu gün bu Balkan ölkəsinin (7,928,901 – 2001) müsəlman icması öz ağırlığını qoruya bilib (966,978 və ya 12.2 %). Bolqarıstan müsəlmanlarının əsasında yerli Türk icması durur (746,664 və ya 9.4 %). Türklər yalnız Rodop dağlarındakı Kırcalı və şimalda Razqrad vilayətlərində əhalinin əksəriyyətini təşkil etsələr də ölkə vilayətlərinin böyük əksəriyyətində, xüsusilə Tırqovişte, Şumen, Silistra, Ruse, Dobriç, Haskovo, Burqas, Slivendə çox ciddi rəqəmlə təmsil olunurlar. İkinci böyük müsəlman icması “Pomak” adlanan bolqardilli müsəlmanlardır (131 min nəfər). Bolqar dilinin arxaik variantında danışan Pomaklar Rodop dağlarının yerli əhalisidir. Bu icmanın Pazarcik və Blaqoyevqrad vilayətlərində (Pririn və Qərbi Rodoplar) yaşayan hissəsi dininə sadiq qalsa da Smolyan və Kırcalıda (Şərqi Rodoplar) xristian adları daşıyır və ibadət etmirlər. XX əsrin 90-cı illərində isə bir sıra rayonlarda Pomaklar xristianlaşdırılıblar. Digər müsəlman qrupları Qaraçılar (103 min) və başqaları (20 min) təşkil edir.
RUMINİYA
İslam Rumıniyaya digər Cənub-Şərqi Avropa ölkələrindən əvvəl, Səlcuq İmperiyasının zamanında – 1263-cü ildə ayaq açıb. Bizansa sığınan keçmiş Anadolu Səlcuq sulatnı İzzəddin Keykavus və mürşid Sarı Saltuq babanın rəhbərlik etdiyi müridlər və ailələri bu dərvişin adını daşıyan müasir Babadağ şəhərində məskunlaşaraq ölkədəki ilk müsəlman icmasının əsasını qoyublar. Osmanlı İmperiyasının Dunay çayı və Qara dəniz sahili arasında yerləşən Dobruca bölgəsini itirdiyi 1878-ci ilə kimi bu regiona daxil olan Tulça və Konstansa vilayətlərində Türklər və Tatarlar mütləq əksəriyyət təşkil edirdilər. 100 il davam edən köclərdən sonra bu gün həmin bölgədə 24 min Tatar və 32 min Türk yaşayır. Serbiya-Rumıniya sərhədində Dunay çayında yerləşən Adakale adasının kiçik Türk icması isə adanın 1968-ci ildə Dəmir Qapılar SES tikilərkən batırılmasından sonra ölkəni tərk edib. Rumıniya müsəlmanlarının (58 min və ya 0.3 %) müftiliyi Konstansada yerləşir. 
XORVATİYA
Bu ölkədə (4,437,460 – 2001) 57.687 avtoxton müsəlman slavyan yaşayır (1.3 %) ki, onlardan 20 min nəfəri özünü Müsəlman, 20 min nəfəri Boşnak, 10 min nəfəri isə müsəlman Xorvat hesab edir. Bundan başqa Xorvatiya vətəndaşları olan Qaraçılar (10 min) və Albanlar (15 min) müsəlmandırlar.
YUNANISTAN
Avtoxton müsəlman icmasının əsasən Qərbi Frakiya  regionunda, eləcə də Dedokannes adaları (4 min) və Kosda cəmləşdiyi Yunanıstanda (10,964,020 – 2001) bu qrupa əsasən Türklər, Pomaklar və müsəlman Yunanlar daxildir. Sayı 100 min nəfərə çatan avtoxton müsəlman (Türk) icması Frakiya bölgəsinin əhalisinin 28.88 % -i təşkil edir (Rodop (51.77 %), Ksanti (41.19 %) və Evros  (4.65 %) vilayətləri). Yunanıstanın avtoxton müsəlman icmasının böyük əksəriyyəti 1923-cü ildə baş verən Yunanıstan-Türkiyə əhali mübadiləsinə uyğun olaraq ölkədən köçüb. Ümumilikdə Yunanıstan müsəlmanlarının sayı 500 mini keçib.
SLOVENİYA
Sloveniya (1,964,036 – 2002) müsəlmanlarının 21,542 nəfəri özünü Boşnak, 10,467 nəfəri Müsəlman, 8,062 nəfəri Bosniyalı sayır (2002)Beləliklə bu gün İslam amili Cənub-Şərqi Avropada ciddi faktora çevrilməkdədir. İslam bu regionda əsasən Səlcuq və Osmanlı İmperiyaları ilə Krım xanlığının təsiri altında yayılıb. Amma fenomenal xüsusiyyət İslamın bu dövlətlərin apardıqları məskunlaşdırma siyasəti ilə yanaşı, avtoxton (yerli) xalqlar arasında yayılmasıdır. Nəticədə bu gün Cənub-Şərqi Avropada müsəlman kütləsinin onurğa sütununu gəlmə Türk və Tatar azlığı deyil, köklü müsəlman Albanlar və Slavyanlar təşkil edir. Müsəlman dininin ardıcılları olan xalqlar Bosniya və Herseqovina, Albaniya, Kosovo və Makedoniyada titulyar millətlərdir.Cənub-Şərqi Avropada İslam amilini səciyyələndirən əsas cəhətlər isə müsəlmanların ümumi əhali kütləsi içərisində faizinin kifayət qədər yüksək olması, digər Avropa bölgələrindən fərqli olaraq buradakı müsəlmanların Asiya və Afrika mənşəli mühacirlər deyil, yerli əhalidən ibarət olmaları və tarixi məhrumiyyətlərə baxmayaraq yüksək artım tempinə malik olmalarıdır.

Dr. Fəxri Kərimli