Avropa

CƏNUB-ŞƏRQİ AVROPADA “KƏMƏR MÜHARİBƏSİ”

Pinterest LinkedIn Tumblr

CƏNUB-ŞƏRQİ AVROPADA “KƏMƏR MÜHARİBƏSİ”
Niyə görə Cənub-Şərqi Avropa və Qara dəniz regionu Azərbaycan üçün önəm daşıyır?
Dr. Fəxri KƏRİMLİ*
Yeni minilliyin həllini gözləyən əsas problemlərdən biri, bəlkə də birincisi enerji ehtiyatlarının getdikcə tükənməsidir. Dünyanın ən böyük iqtisadiyyatlarını hərəkətə gətirən neft və qaz enerji tarazlığının baş ünsürünü təşkil etdiyi bir dövrdə qaynaqların getdikcə azalması bu ehtiyatların önəmli qismini əlində cəmləşdirən ölkələrdə ibtidai instinktlərin özünü biruzə verməsinə səbəb olub. Əslində Vladimir Putin Rusiyasının enerjidən siyasi alət kimi istifadə etməsini bu baxımdan təhlil etmək gərəkdir.
İlkin təsnifatda enerji ilə əlaqəsi olan ölkələri iki qrupa ayırmaq olar:
1.     neft istehsal edən ölkələr
2.     neft istehlak edən ölkələr
Amma dövrümüzün gerçəklikləri bu geniş geosiyasi oyunda üçüncü qrup ölkələrin meydana çıxdığını da göstərir: tranzit ölkələr. Bu qrupun əhəmiyyətini başa düşmək üçün ən yeni tariximizin müstəqillik mərhələsində Gürcüstan-Azərbaycan münasibətlərini araşdırmaq kifayətdir. Və yaxud qonşuluqdakı enerji qaynaqlarını Avropa İttifaqı ilə münasibətlərində effektiv sialh kimi istifadə etməyə çalışan Türkiyə təcrübəsi diqqətəlayiqdir.
Dünyanın ən qüdrətli iqtisadi güclərinin böyük hissəsinin cəmləşdiyi Qərbi Avropa regionuna ən yaxın neft və qaz qaynaqları yerləşən Rusiya, Yaxın Şərq və Xəzər bölgələridir. Enerji daşıyıcılarının Avropa bazarlarına çatdırılması uğrunda gedən bu mübarizədə Gürcüstan, Türkiyə, Rumıniya, Ukrayna, Yunanıstan, Bolqarıstan və başqa aktyorların fəallaşdığının şahidiyik. Tranzit ölkələrin bu böyük oyunda güddükləri hədəflər müxtəlif səciyyə daşıyır: onlar enerjinin nəqlini öz ərazilərindən həyata keçirməklə ilk növbədə öz enerji ehtiyaclarını güzəştli şəkildə ödəmək kimi iqtisadi və həm də enerji istehlakçıları üçün xüsusi status əldə etmək kimi siyasi faktorlara söykənə bilərlər (məs. Ukrayna-Rusiya, Belarus-Rusiya qış böhranları).
Bu baxımdan Avropanın enerji təhlükəsizliyi adlanan şahmat taxtasında Qara dəniz regionunun strateji əhəmiyyəti heç vaxt olmadığı qədər artıb. Qara dəniz son dəfə dünya siyasətində bu qədər əhəmiyyətli yeri 1853-56-cı illərdə baş verən Krım müharibəsi zamanı tutub. Çünki Avropanın enerji təchizatı birbaşa və ya dolayısı ilə “kəmər müharibəsi”nə səhnə olan həmin hövzədən keçməklə həyata keçirilir. Qara dəniz regionu öz növbəsində iki coğrafi məkana ayrılır: əgər bu hövzənin şərqində boru xətləri şəbəkəsi pis-yaxşı müəyyənləşibsə (Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, KTK, “Drujba”), qərb sahili haqda bu sözləri demək hələ tezdir. Əvvəlcə NATO-nun, 2007-ci ildən etibarən Avropa İttifaqının Qara dənizin qərb sahilinə enməsi nəzərə alınarsa bu prosesin olduqca gərgin həyata keçəcəyi şübhəsizdir.
Böyük Oyunda üç əsas aktyor iştirak edir. Rusiya malik olduğu Sibir neftini Aİ-yə satmaqla region ölkələrini nəzarəti altında saxlamağa çalışır, eyni zamanda Orta Asiya ölkələrinin enerji ehtiyatları üzərində monopoliyasını sürdürmək istəyir. ABŞ Rusiyaya alternativ əldə etmək üçün Xəzər hövzəsindəki enerji ehtiyatlarının işlənilməsinə və Rusiyadan kənar marşrutlarla nəqlinə can atır. Avropa İttifaqı yalnız indi enerji təhlükəsizliyi problemi ilə üz-üzə qalaraq müstəqil siyasət yürütməyi planlaşdırıb. Rusiya və ABŞ-dan fərqli olaraq Aİ-nin böyük problemi bəzən bu quruma daxil olan dövlətlərin milli maraqlarının ümumtəşkilat maraqlarının fövqündə dayanmasıdır (məs. “Nabucco” qaz kəməri təcrübəsində Macarıstanın Rusiya ilə blefi).
Ancaq Cənub-Şərqi Avropanın iki ölkəsinin Aİ-yə daxil olması, iki ölkənin isə (Xorvatiya və Türkiyə) namizəd statusunu alması, bundan da vacibi mübarizənin onun iqtisadiyyatı uğrunda getməsi Avropanın siyasi gediş konturlarını dəqiqləşdirməsini zəruri edir. Belə olan təqdirdə Qara dənizin qərb sahilində gedən “kəmər müharibəsi”ndə vəziyyət nisbətən aydınlaşa bilər. Hal-hazırda bu mübarizədə Qara dəniz hövzəsinin qərbindəki ölkələrin demək olar ki, hamısı iştirak edir. Onları ümumiləşdirən ən əsas cəhət inşa ediləcək bütün boru xətti layihələrinin istisnasız olaraq Rusiyada və Xəzər dənizi bölgəsində hasil olunan xammala əsaslanmalarıdır.
Neftin nəqli uğrunda mübarizə aparan tranzit ölkələr kateqoriyasına daxil olan ölkələr arasında təbii ki, bilavasitə sahil dövlətlərini fərqləndirmək gərəkdir. Bu zaman XX əsrin 90-cı illərinin ikinci yarısından etibarən rəqabətin əsasən Ukrayna, Rumıniya və Bolqarıstanın arasında getdiyini müşahidə edə bilərik:
1)     Ukrayna Xəzər neftinin nəqli üçün Odessa-Brodı-Qdansk kəmərini təklif edir. Uzunluğu 675 km olan Odessa-Brodı kəməri 1996-2001-ci illərdə inşa edilib. Odessanın yaxınlığındakı Pivdenni (Yujnı) terminalı ilə Polşa sərhədindəki Brodı (Lvov vilayəti) şəhərini birləşdirən və 2004-cü ilə kimi istifadəsiz qalan kəmərin “Drujba” xəttinə çıxışı var. GUAM ölkələrində maraq doğuran yeni layihəyə əsasən kəmərin Polşanın Plotsk, oaradan isə Baltik dənizindəki Qdansk limanına qədər uzadılması planlaşdırılır. Əvvəlcə kəmərin Qazaxıstan başda olmaqla Xəzər bölgəsindən alınacaq neftin nəqli məqsədilə istifadəsi planlaşdırılsa da sonradan Rusiyanın təzyiqi ilə Leonid Kuçma iqtidarı bu fikirdən vaz keçməli olmuşdu. Ukraynada “Narıncı inqilab” (2005) baş verdikdən sonra yeni iqtidar kəmərin əvvəlki təyinatı üzrə istifadəsinə maraq nümayiş etdirməyə başladı. Neftin Qdanska, oradan isə Avropanın digər bölgələrinə çatdırılması üçün yalnız Plotsk və Brodı arasında yeni kəmərin inşasına ehtiyac var. Bu layihənin gerçəkləşdirilməsi üçün “UkrTransNafta” (Ukrayna) və PERN (Polşa) 2004-cü ildə “Sarmatia” konsorsiumu yaratmışdılar ki, 2007-ci ilin iyulunda ARDNŞ və GOGC (Gürcüstan) şirkətlərinin səhmdara çevrilməsindən sonra bütün iştirakçılar 24.75 % paya sahibdirlər (1 % Litvanın “Klaipedos Nafta” şirkətinə məxsusdur). Başqa bir layihə isə kəmərin bir qolunun Çexiyanın Kralupı neft emalı kompleksinə doğru uzadılmasından ibarətdir. Bu layihə 2006-cı ilin oktyabrında prezident Viktor Yuşşenko tərəfindən Aİ-Ukrayna sammitində irəli sürülüb. Kəmərin 2011-ci ildə işə düşəcəyi gözlənilir.
2)     Rumıniya isə mütəmadi olaraq Konstansa-Pançevo-Triyest kəmərinin inşasında təkid edir. Serbiya münaqişəsi (1999) üzündən bir neçə dəfə marşrutuna dəyişiklik edilən boru xətti Xəzər neftinin əvvəlcə Adriatik sahillərindəki Omisal (Xorvatiya), daha sonra isə Triyest (Italiya) terminalına nəqlini nəzərdə tuturdu. Uzun illər güclü dəstəkçisinin olmaması üzündən rəqiblərindən geri qalan SEEL (South-Eastern Europe Line) kəməri Avropa İttifaqının rəsmi dəstəyini aldıqdan sonra Panavropa kəməri adını almış oldu. Uzunluğu 1865 km-ə çatan boru xətti Rumıniya, Serbiya, Xorvatiya, Sloveniya və İtaliyanı birləşdirir. İlk mərhələdə buraxılış gücü 40 milyon ton olacaq kəmər sonradan 90 milyon ton gücünə malik ola bilər. 2002-ci ildə gündəmə yenidən gələn layihənin qiyməti 2 milyard avroya bərabərdir və özündə “General Electric Oil and Gas”, “China National Offshore Oil Corporation”, “Chevron”, “Texaco” və “British Petroleum” şirkətlərinin maraqlarını cəmləşdirir. Kəmərin Rumıniya ərazisindəki hissəsi bu ölkənin neft tarixi ilə bağlı olaraq demək olar ki hazırdır. Rəsmi Buxarest layihədən 20 il ərazidə 4.39 milyard dollar mənfəət əldə etməyi nəzərdə tutur. Konstansada “Petromidia” daxil olmaqla böyük neft emalı təsisatları və terminal yerləşir. “Zəncirin zəif halqası”nı Sloveniya təşkil edir, çünki Lyublyana 29 km-lik boru xəttinin həssas Karst bölgəsinin ətraf mühitinə zərər vuracağından ehtiyatlanır. Buna baxmayaraq 3 aprel 2007-ci ildə Zaqrebdə 5 ölkə arasında kəmər üzərində işlərin başlanmasına dair saziş imzalanıb. Aİ-nin ilk ən böyük enerji həmləsi sayılan Panavropa xətti Rusiyanın qıcıqlanmasına gətirib çıxarıb.
3)     Oyunda ikibaşlı siyasət yürüdən yeganə ölkə Bolqarıstandır. O, mübarizədə biri ABŞ, digəri isə Rusiyanın strateji maraqlarını təmsil edən AMBO (Transbalkan) və Burqas-Aleksandrupolis kəmərləri vasitısilə iştirak edir.
a)     Burqas (Bolqarıstan) və Vlora (Albaniya) limanlarını birləşdirəcək 894 km-lik AMBO boru xəttinin dəyəri 1.2 milyard dollara bərabərdir. İkisi Bolqarıstan, ikisi isə Makedoniya və Albaniyada qurulacaq 4 nasos stansiyası vasitəsilə kəmər gündə 750 min barrel nefti Balkan və Dinar dağlarından Adriatik dənizinə nəql edəcək. 31 yanvar 2007-ci ildə 3 ölkə adlarının baş hərflərindən ibarət AMBO Balkan kəmərinin inşasına dair üçtərəfli konvensiyanı imzalayıb və işlərin 2008-ci ildə başlanması,  2012-ci ildə başa çatması gözlənilir. AMBO (Albania-Macedonia-Bulgaria Oil Company) şirkətinin mərkəzi ABŞ-da yerləşir.
b)    Burqas-Aleksandrupolis kəməri isə Rusiya və Xəzər neftinin Adriatik deyil, Egey dənizinə çıxarılmasını nəzərdə tutur. Bununla Rusiya nefti Bosfor və Dardanel boğazlarından yan keçməklə nəql oluna biləcək. Kəmərin 2008-11-ci illərdə inşa edilməsi planlaşdırılır. 2006-cı ildə keçirdiyi tərəddüddən sonra Bolqarıstan Yunanıstan və Rusiya ilə birlikdə 15 mart 2007-ci ildə liderlərin iştirakı ilə hökumətlərarası sazişi imzaladı. 279 km uzunluğa malik olan kəmər ildə 15-23 milyon, sonradan 30 milyon ton neft nəql etməyə imkan verəcək. 1 milyard avroya başa gələcək kəmər boyunca Bolqarıstanda 2, Yunanıstanda isə 1 neft emalı zavodu yerləşir. Bu kəmər rəqibi AMBO xəttindən daha qısa və daha ucuzdur, ancaq əsas çatışmazlığı Vlora limanından fərqli olaraq Aleksandrupolisin böyük tankerləri qəbul edə bilməməsi və Egey dənizinin həyatı turizm və balıqçılıqdan asılı olan çoxsaylı adalarla və qayalarla zəngin olmasıdır. Dolayısı ilə Bakı-Tbilisi-Ceyhan kəmərinə cavab olan layihə Rusiyanın SSRİ-nin dağılmasından sonra regionda həyata keçirdiyi ilk əkshücum kimi qiymətləndirilir.
Bu gün “Cənub-Şərqi Avropanın gələcəyi getdikcə enerjiyə daha çox ehtiyac duyan Qərbin neft və qaz ilə təchizatına bağlıdır” deyilsə yanlış olmaz. Müxtəlif neft və qaz kəmərləri arasında rəqabət getdikcə qızışmaqdadır. Haqqında söhbət gedən layihələrin ötən əsrin 90-cı illərdə ortaya atılmasına baxmayaraq onların üzərində real iş yalnız bu gün həyata keçirilir. Bəzi fərziyyələrə görə hadisələrin bu yöndə cərəyan etməsi son nəticədə tarixin təkrar olunaraq Rusiyanın Qara dənizin qərbindəki bölgədə yeni nüfuz müharibəsinə başlaması ilə nəticələnəcək. Amma bununla belə istənilən şəkildə regionda yeni kəmər şəbəkəsinin formalaşması sabitliyin bərqərar olması və münbit investisiya mühitinin yaranmasına səbəb olacaq. Mövcud vəziyyət enerji sektoru ilə yanaşı turizm, ticarət, kommunikasiya, əmlak və digər sahələrin inkişafına gətirəcək ki, bu da önümüzdəki illərdə Cənub-Şərqi Avropada kəskin inkişaf tempinin xəbərçisidir.
İnkişaf isə həm də müdafiə qabiliyyətinin yüksəlməsi deməkdir. Ona görə də bəzən “Avropanın yumşaq qarnı” adlanan bu regiona Azərbaycanın marağını ciddi şəkildə artırması, Cənub-Şərqi Avropa və Qara dəniz siyasətinə əhəmiyyətli dəyişikliklər etməsi, ölkəmizin bölgədə imkan var ikən mümkün qədər çox açar mövqeyə yiyələnməsi zəruridir. Üstəlik nəzərə alınmalıdır ki, Azərbaycanın can atdığı Avroatlantik məkanın ən yaxın sərhədləri buradan keçir. 

* Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, beynəlxalq münasibətlər bölməsi, bakalavriatura; Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, beynəlxalq münasibətlər bölməsi, magistratura; Konstansa Ovidius Universiteti, Tarix və siyasi elmlər fakültəsi, beynəlxalq tarix bölməsi, doktorantura. 

Dr. Fəxri Kərimli