Amerika

QLOBALLAŞAN DÜNYADA İNSAN HÜQUQLARI AMİLİ VƏ AZƏRBAYCAN

Pinterest LinkedIn Tumblr

Ramiz Babayev
Bakı Dövlət Universitetinin
Beynəlxalq hüquq və beynəlxalq münasibətlər
fakültəsinin 4-cü kurs tələbəsi            
Sevindirici bir hal olaraq son vaxtlar dövlətlər arasında xeyli yaxınlaşmalar müşahidə olunmaqdadır. Bir-birindən asılı olan milli iqtisadiyyatların qlobal iqtisadi sistemdə birləşdirilməsi, ölkələrarası ticarət və investisiya əlaqələrində olan məhdudiyyətlərin zaman, məsafə, dil baryerlərinin və xalqlar arasındakı milli fərqlərin aradan qaldırılması kimi proseslərin şahidiyik ki, bunu da ümumi olaraq qloballaşma prosesi adlandıra bilərik.       
Mənası hələ də tam dərk edilməyən və tarixi, səbəbi, nəticəsi mütəxəssislər tərəfindən araşdırılan qloballaşma prosesi çox sürətlə hərəkət edir. Bəzi ekspertlər bu tipli proseslərin bütün dövrlərdə mövcud oluğunu söyləyirlər. Lakin, nəyə görə dövrümüzdə qloballaşmaya bu dərəcədə maraq artıb? Bu suala müxtəlif cavablar tapılır. Qloballaşmanın hal-hazırkı vəziyyəti heç də hamını sevindirmir. Bu səbəbdən də qloballaşmaya qarşı olanlar yəni, anti-qlobalistlər təbəqəsi yaranmışdır. Bu təbəqədə olan insanlar adı vurğulanan prosesin mahiyyətini təhlükəli, başqa bir tərəfdən isə sadəcə olaraq əhəmiyyətsiz hesab edirlər.     
Qloballaşan dünya artıq elə nailiyyətlər əldə edib ki, buna həqiqətən də bəşəriyyətin uğuru deyə bilərik. Bura informasiya, elmi-texniki, səhiyyə və s. kimi sahələrdə qazanılan istənilən uğuru aid etmək olar. Məlumdur ki, qloballaşma həm də liberal-demokratik dəyərlərin qlobal dəyərlərə çevrilməsini həyata keçirən bir prosesdir. Liberal demokratiya-sülh vaxtı insan hüquqları ilə məhdudlaşan çoxluğun hakimiyyəti deməkdir. Yəni ancaq müharibə vaxtı insan hüquqlarını demokratik yolla qəbul olunmuş qanunlar məhdudlaşdırıla bilər. Avropa Şurasının qəbul etdiyi təriflə desək, demokratiya-insanın şəxsi və siyasi azadlıqları, demokratik yolla qəbul edilmiş qanunun aliliyi deməkdir. Liberalizm isə insan hüquqlarını hər hansı bir təşkilatın, cəmiyyətin, millətin, dövlətin maraqlarından üstün hesab edən siyasi fəlsəfədir. Avropa Şurasının ona üzv ölkələrdən əsas tələbi olan bu məsələ, əlbəttə, Azərbaycana da aiddir. Vətənimizdə liberalizmin birmənalı olaraq qarşılandığını desəm yanılmış olaram. Buna görə də, cəmiyyətimizdə qloballaşma prosesinin istər-istəməz mənəvi dəyərlərə, milli mentalitetə, dinlə bağlı məsələlərə mənfi təsir göstərəciyini əminliklə qeyd edənlər də tapılır. Düşünürəm ki, dövlətmizdə Azərbaycanlı olan hər kəs milli mentalitetimizi qloballaşma prosesinin vura biləcəyi ziyandan qorumalıdır. Digər tərəfdən dünyanın elm və texnologiya nailiyyətlərindən Azərbaycan çox faydalana bilər.     
Tarix boyunca dünyada insan hüquqlarına dair qəbul olunan ən başlıca sənədlər bunlardır-“Böyük Azadlıqlar Xartiyası”, “Amerika Müstəqillik Bəyannaməsi”, “İnsan hüquqları haqqında hesabat”, “İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə”, “İnsan hüquqları üzrə Ümumi Bəyannamə”, “İnsan hüquqları haqqında Beynəlxalq Bill” , “Avropa İnsan Hüquqları haqqında Konvensiya”. Bəzi sənədlər bizə orta məktəb proqramından yaxşı məlumdur. Lakin, Azərbaycanın təhsil sahəsində qüsurların az olmaması insan hüquqları ilə bağlı savadsızlığı cəmiyyətdə qabarıq şəkildə göstərir. Müsbət bir haldır ki, Azərbaycanda yenicə inkişaf edən 3-cü sektorun fəalları İnsan Hüquqları ilə bağlı mütəmadi olaraq maarifləndirmə işləri aparırlar.Qloballaşan dünyanın insan hüquqlarına çox böyük qiymət verdiyini görürük. Ancaq, bəzi hallarda adama elə gəlir ki, heç insan hüquqları deyilən bir anlayış belə yoxdur. Bu mənzərənin olmaması üçün, bir sıra beynəlxalq institutlar və təşkilatlar bu istiqamətdə intensiv şəkildə iş aparırlar. BMT, Avropa Şurası, Dünya Bankı, Dünya Ticarət Təşkilatı, beynəlxalq qeyri-hökümət təşkilatlardan Human Rights  Watch, Transperancy İnternational, Amnesty İnternational kimi təşkilatlar hökümətlərin müxtəlif funksiyalarını özlərində cəmləyərək üzv olan ölkələrdə iqtisadi-siyasi problemlərin həllində fəallıq göstərirlər. Müəyyən hallarda üzv ölkələrin hökümətlərindən daha yüksək stasusa, nüfuza malik olurlar. Ümumiyyətlə, insan hüquqlarına hörmətlə yanaşmayan ölkə, birmənalı olaraq qloballaşan dünyadan kənarda qalır. Bu cür ölkələr insan hüquqları amilinə çox böyük önəm verən dövlətlər və beynəlxalq təşkilatların isə bir növ düşməninə çevrilir. Misal olaraq, Belarus dövləti ilə son illər baş verən hadisələr barəsində də bu fkiri söyləmək olar. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətində insan hüquqlarına dair çox dərin inamsızlıq mövcuddur. Həmvətənilərimizdən bəziləri, nəinki insan hüquqları nədir sualına cavab tapmırlar, hətta onun efektivliyinə də şübhə ilə yanaşırlar. Mən tam ciddi olaraq deyirəm ki, insan hüquqlarını gülünc adlandıranlar da tapılar. Görəsən niyə? Ona görə ki, 1 milyondan artıq vətəndaşlarımızın yaşadığı dədə-baba torpaqlarının mənfur qonşumuz olan Ermənistan tərəfindən işğal olunması, onların qaçqın və məcburi köçkün halına düşərək bütün insan hüquqlarından məhrum edilməsi, üstəlik dünyada insan hüquqları ilə məşğul olan təşkilatların buna göz yumması, Azərbaycanlıları həmin təşkilatlara qeyri-ciddi münasibət bəsləməyə məcbur edir. Bütün bunlarla yanaşı cəmiyyətimizin insan hüquqlarına marağı azalır. Demək, Azərbaycan cəmiyyəti insan hüquqları ilə məşğul olan təşkilatların 1 milyondan artıq məcburi köçkünlərimizin haqq səsini eşitməyə çağırır və həmin təşkilatlar tərəfindən işğalçıya qarşı sərt addımlar atılacaq günü gözləyir.     
Demokratik cəmiyyətdə insan hüquqları anlayışı toxunulmaz statusa malikdir. 15 ilə yaxındır ki, müstəqilliyi əldə etmişik və demokratik cəmiyyətin qurulmasına çalışırıq. Azərbaycanın demokratiya sahəsində nə qədər uğur əldə etdiyinə gəldikdə isə, mən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzanın ölkəmizdə səfərdə olarkən, demokratiya haqqında dediyi sözləri misal çəkərdim: “Demokratiyanın qurulması, bitməyən bir sınaqdır. Hətta bizim ölkəmizdə.” Bu fikir, mənə elə gəlir ki, Azərbaycan Respublikasında bütünlüklə nail olunmasa da, demokratik cəmiyyətin əsaslarının qurulduğuna bir işarə kimi qəbul olunmalıdır. 9 may 2006-cı ildə Azərbaycan Respublikası BMT-nin İnsan Hüquqları üzrə yeni yaradılan Şurasına üzv seçildi. Bir çox mütəxəssislər bu hadisənin Azərbaycan üçün gərəkli və insan hüquqları üzrə problemlərin həllinə kömək edəcəyini proqnoz etdilər.      
Bəzi insanlar hal-hazırda qloballaşmanın qərbyönümlü, xüsusilə də amerikansayağı olduğunu vurğulayırlar. Qloballaşan dünyada demokratiyaya dəstək təşəbbüsünü bir dövlət olaraq ABŞ öz üzərinə götürmüşdür. “Demokratiya və İnsan Hüquqları” şüarı altında qloballaşmanın bütün dünyanı əhatə edəcəyinə şübhə yoxdur. Bundan özünü təcrid etmək siyasəti də bəzi dövlətlərə kömək etməyəcək və həmin dövlətlər gec-tez qloballaşma axınına düşəcəklər. Bunların fonunda isə dünyanın ərazisinə görə ən böyük dövləti olan Rusiya dəfələrlə bildirib ki, bir qütblü dünyanın əleyhinədir. Bu da Rusiyaya müəyyən mənada anti-qlobalist simasını bəxş edir. Müasir dünyada demək olar ki, hər bir sahədə daha çox ABŞ-Rusiya qarşıdurması nəzərə çarpır. İqtisadiyyatların vahid sistemə inteqrasiya etdiyi bir dövrdə Rusiyanın öz təbii sərvətlərindən, hansısa siyasi səbəblərə görə digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi ciddi narahatçılıqla nəticələndi. Fikrimcə, Rusiya belə addımlarla ilk növbədə insan hüquqlarını pozur. İnsan hüquqlarını hər şeydən üstün tutaraq, qloballaşan dünyanın təbii sərvətləri hansısa siyasətə deyil, yalnız və yalnız insanlara xidmət etməlidir. Rusiyanın məhz belə addım atmasından sonra ABŞ-ın vitse-prezidenti Dik Çeyni ötən il Vilnüsdə, Rusiyanı demokratiya və insan hüquqlarının inkişafına maneə kimi dəyərləndirdi. Hətta Rusiyaya “öz enerji resurslarından təzyiq kimi istifadə etmə!” mesajını da göndərdi.  Rusiya prezidenti isə ona cavab olaraq: “Biz ABŞ-ın öz maraqlarını necə qoruduğunu yaxşı görürük” dedi. Yəqin ki, bu da Rusiya prezidentinin ABŞ-ın bitirə bilmədiyi müharibəyə bir işarəsidir. ABŞ-ın dünyada terrora qarşı müharibə elan etməyindən 6 il keçir. Əfqanıstanı və İraqı ələ alan ABŞ hələ də savaşdadır. Rusiya bu iki dövlətdə müharibənin aparılması və bunun nəticəsində insanların həlak olmasını insan hüquqlarının pozulması kimi qiymətləndirir. Lakin, Rusiya tarixdən Almaniya və Yaponiya kimi ölkələrin dəhşətli müharibələrdən sonra, nə cür inkişaf səviyyəsinə gəlib çatdıqlarını yaxşı bilir. Sadəcə olaraq öz ölkəsində olduğu kimi, dünyada da insan hüquqları sahəsində düzgün siyasət aparmır və ya aparmaq ona sərf etmir. Qloballaşma dövründə bir dövlətin uşaq kimi cığallıq etməsi ümumilikdə, dünyanın özünə və ən əsası insan hüquqlarına zərər vermiş olur. Öz növbəsində bu cür siyasi addımlar digər dünya dövlətlərini, həmin dövlətə qarşı ciddi tədbirlər görməyə vadar edir.     
İnsan hüquqları qloballaşma prosesində katalizator rolunu oyanayır. Dövlət tərəfindən təmin olunan hər hansı bir sahədə kiçik problemin də olması, artıq buradan faydalana bilməyən insanların hüquqlarının pozulması deməkdir. İnsan hüquqlarının pozulması ölkəmizdə adi fakta çevrilməkdədir. Bu Azərbaycanın imicinə zərbə vurur. Çağdaş qanunlarla barışmayan və demokratik ideyaların məğlub etdiyi köhnə düşüncələrlə dünyagörüşləri məhdud olan vətəndaşlar insan hüquqlarının pozulmasından heç də narahat deyillər. Buna görə, bütünlüklə cəmiyyətimiz öz məsulliyyətini hiss edərək, bu problemin çözümünə səy göstərməlidir.     
Əminliklə qeyd edə bilərəm ki, Azərbaycan Respublikası gələcəkdə insan hüquqları sahəsində çox böyük uğurlar əldə edəcək. Amma, bu uğurların mükəmməl xarakterli olması üçün dövlətimiz insan hüquqları ilə bağlı tədrisə lazım olan diqqəti yetirməlidir. Ən azından hər kəsin öz hüquqlarını dərk etməsi, bizi gələcəkdə insan hüquqlarının pozulması faktları ilə çox az rastlaşdırar.        

Ramiz Babayev