Avropa

AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN XARİCİ SİYASƏTLƏRİ VƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ – QAFSAM

Pinterest LinkedIn Tumblr

Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi
Hər iki dövlətin xarici xarici əlaqələr sistemində çoxşaxəlilik güclənir. Azərbaycan rəsmi şəkildə ortaya qoyduğu balansaşdırılmış xarici siyasət kursunu davam etdirir. Türkiyə isə əsasən son illərdə meyl etdiyi xarici siyasətdəki çoxşaxəlilik prinsipini gücləndirməyə çalışır.
Türkiyə bu siyasəti ilə regional dövlət mövqeyini gücləndirməyə və qlobal oyunçu-dövlət olmağa doğru gedişlər edir. Türkiyə ABŞ,  Avropa Birliyi, Rusiya Federasiyası, Çin kimi böyük güclərlə münasibətlərini; Balkanlarda, Yaxın Şərqdə, Afrikada, keçmiş Sovet regionunda, xüsusilə Qafqazda və Orta Asiyada mövqeyini gücləndirməyə istiqalətlənmiş addımlar atır, Qərb ölkələri ilə münasibətlərini üst səviyyəyə çıxarmağa çalışarkən bir yandan da Müsəlman və Türk Dünyası ilə münasibətlərinə yeni çalarlar qatmağa çalışır. Təxminən son bir ay ərzində Türkiyə baş naziri Recep Tayyib Erdoğanın İngiltərə, ABŞ və İtaliyaya rəsmi səfərləri, prezident Abdullah Gülün Avropa Şurası Parlament Assambleyasında çıxışı, Səudiyyə Ərəbistanının Kralı Abdullah Bin Əbdüləziz El-Suudun, bu ayın axırlarında ABŞ-da keçiriləcək Yaxın Şərq Konfransından əvvəl İsrail prezidenti Şimon Peresin və Fələstin rəhbəri Mahmud Abbasın Ankaraya səfərləri, xüsusilə Abdullah Gül ilə son iki arasındakı ikitərəfli və üçtərəfli müzakirələr, İraq ilə əlaqədar İstanbulda keçirilən və çox yüksək səviyyəli dövlət adamlarının təmsil olunduğu tədbir, Türkiyənin bölgədə və dünyada oynamağa başladığı rola dair işarələrin sadəcə bir hissəsidir.
         Azərbaycan MDB,  ATƏT, BMT, İKT, İƏT, GUAM, Avropa Şurası çərçivəsindəki fəaliyyətlərini bəzi qurumlardakı müəyyən problemlər istisna olmaqla uğurla aparır, ABŞ, Çin, AB və digər qüvvələrlə münasibətləri gücləndirir. Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularıyla normal münasibətlərə, ümumilikdə region dövlətləri içərisində isə qonşularıyla ən yaxşı münasibətlərə sahib ölkədir. Azərbaycan keçmiş Sovet respublikaları içərisində Qazaxıstanla birgə, Rusiya-Qərb balansını ən yaxşı quran iki ölkədən biridir. Azərbaycan həm GUAM, həm də MDB çərçivəsində fəaliyyətini uğurla qurur, bu çərçivələrdə və AB ilə yaxın qonşuluq siyasəti çərçivəsində addımlar atarkən, Türk Dünyasının yaxınlaşması/bütövləşməsi istiqamətində də  Türkiyə ilə birlikdə ən fəal iki ölkədən biridir. Noyabr ayında Bakıya edilmiş rəsmi səfərlə yanaşı, bu ayın 18-də Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və digər dövlətlərin rəsmilərinin iştirakı ilə açılışı gözlənilən Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş, hələlik sadəcə Azərbaycandan, gələcəkdə isə Türkmənistan, Qazaxıstan, İrandan və Misirdən təbii qazın Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan, ümumi uzunluğu 285 kilometr olan qaz kəməri, həm Azərbaycan-Türkiyə ikitərəfli, həm də bu iki ölkənin içində yer aldığı çoxtərəfli münasibətlərin nümunələrindən biri olacaqdır.
         Son dövrlərdə həm Azərbaycan həm də Türkiyə kifayət qədər sıx gündəmə sahib olsalar da bu iki ölkə arasındakı münasibətlərin səfərlər və atılan müsbət addımlar baxımından zənginliyi də diqqət çəkir. Sadəcə bu ilin noyabr ayında Türkiyədən Azərbaycana prezident (artıq baş tutub), baş nazir və parlament sədri (baş tutacaq) səviyyəsində səfərlərin olması özü çox şeyi aydınlaşdırır. Abdullah Gülün, 6-8 noyabr tarixlərində baş tutan Azərbaycan səfəri keçirilən ikitərəfli görüşlərin zənginliyindən daha çox verilən mesajlarla yadda qaldı. Gül, həm Bakıya gəlməmişdən əvvəl Ankarada qəbul etdiyi Azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə, həm Azərbaycan parlamentindəki çıxışında, həm də müxtəlif görüşlərində iki vacib istiqaməti vurğuladı:
1.      Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması prosesində Azərbaycan qeyd şərtsiz və lazımi qədər dəstəklənəcəkdir. PKK terroru qədər Erməni terroru da dəhşətlidir.
    2.      Azərbaycan demokratikləşmə istiqamətində ciddi addımlar atmalı, insan hüquqlarına daha çox  əhəmiyyət verməlidir. Bu baxımdan 2008-ci il çox önəmlidir. 
Gül, bu vurğuları, Gəncədə Cavad Xanın məzarını və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi binanı ziyarət etməsi, Gəncədə, həm əlinə qılınc alaraq bölgədə hər şeyə hazır olduqlarını bəyan etməsi, həm də 2008-ci il iyunun 26-da Azərbaycan ordusunun qurulmasının 90 illiyi münasibətilə Gəncədə keçiriləcək xüsusi mərasimlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” eskadrilyasının (Ermənistan ilə hazırkı cəbhə xəttinin yaxınlığında olmasını da diqqətə alsaq) nümayişinə dair açıqlaması ilə tarixi və siyasi baxımdan fərq qoymadan bütünlükdə Azərbaycanın yanında olduqlarını ortaya qoymuş oldu.Gül, dünyanın maraqla gözlədiyi PKK terroruna qarşı Türkiyənin növbəti addımlarının nə olacağı barədə rəsmi açıqlamanı Bakida verərək beynəlxalq KİV-in diqqətinin Azərbaycana daha çox yönəlməsinə səbəb oldu. Gül, Türk Dünyası ilə əlaqədar Türkiyənin atacağı addımları və ümumiyyətlə Türk Dünyasının inteqrasiyası istiqamətindəki gözləntilərini (məsələn Türk Respublikaları arasındakı viza rejiminin ləğv olunması istəyi) Bakıda açıqlayaraq bu inteqrasiya prosesində Azərbaycanın roluna diqqət çəkdi.Azərbaycan ictimaiyyətinin Türkiyənin bütün məsələlərində onun yanında olması bilinən bir həqiqətdir. Xüsusilə mətbuat ilk günlərdən PKK terroruna qarşı Türkiyəni dəstkləyən qəti ifadələrə yer verirdi. Səfər ərəfəsində isə Azərbaycan tərəfi PKK ilə bağlı görülməmiş sıxlıqla toplantılar keçirdi, cəmiyyətin demək olar ki bütün təbəqələri və KİV bu məsələyə səfərbər olundu, hətta hakim partiyanın rəhbərliyi, “əgər əhtiyac olsa Azərbaycanın Türkiyəyə PKK terroruna qarşı hərbi sahədə də dəstək verə biləcəyini” açıqladı.
Səfərdən 1 gün sonra Türkiyənin ən böyük dövlət şirkətlərində biri olan PETKİM-in tenderdə 2 milyar 40 milyon dolar ilə ikinci böyük təklifi verən Socar(ARDNŞ)-Turcas konsorsiumuna satışına dair qərar Türkiyə Rəqabət Qurumu tərəfindən təsdiq edilmişdir. Bilindiyi kimi PETKİM əvvəlcə, tenderdə ən yüksək təklifi verən TransCentralAsia şirkətinə satılmış, ancaq daha sonra şirkətin ortaqları arasında Qazaxıstan vətəndaşı Aleksandr Makçeviç ilə yanaşı Erməni əsilli işadamı Ruben Vardanyan da olduğu üçün, bu şirkətin Ermeni lobbisi tərəfindən maliyyələşdirildiyi iddia edilmişdi. Bu iddiadan sonra tenderin nəticəsi ləğv olunmuşdu. Türkiyə dövlətinin bu qərarı Azərbaycan tərəfində böyük razılıqla qarşılanmışdır.Türk Dövlətlərinin və Topluluqlarının Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi (TÜDEV) tərəfindən təşkil olunan Türk Dövlətlərinin və Topluluqlarının 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının bu ayın 17-də Bakıda başlaması, tədbirdə Türkiyənin başda baş nazir Erdoğan olmaqla geniş heyət ilə təmsil olunması, Türkiyə Böyük Millət Məclisinin Sədri Köksal Toptanın bu ay baş tutacaq səfəri də ikitərəfli münasibətlər üçün və Türk Dünyasının bütünləşməsəi prosesində böyük əhəmiyyət daşıyır.
Türkiyə və Azərbaycanın həm xarici siyasətləri, həm də ikitərəfli münasibətləri ilə əlaqədar tənqidi məqamlar da az deyil. Türkiyənin xarici siyasəti ilə əlaqədar olaraq, əsasən müxalifətin və müəyyən tədqiqatçıların dilə gətirdiyi ən vacib tənqidi məqam xarici siyasətin çoxşaxəli yox, dağınıq olmasıdır. Bu tezisə görə xarici siyasətdə köhnə sistem dağılıb və qarışıqlıq, qeyri müəyyənlik hökm sürür. Ona görə də Türkiyə problemləri ilə əlaqədar konkret müttəfiqlər tapa bilmir, əksinə köhnə müttəfiqlərini də itirir. Məsələn, “əgər ABŞ-ın İraqa müdaxiləsi zamanı Türkiyə birmənalı olaraq bu dövlətin yanında olsaydı, indi İraqın şimalında vəziyyət tam başqa cür olacaqdı”, kimi. Azərbaycan xarici siyasəti ilə bağlı olaraq da təxminən bənzər tənqidlər var. Yenə əsasən müxalifətin və bəzi tədqiqatçıların fikrincə, Azərbaycan xarici siyasətində konkret xəttin olmaması, konkret müttəfiqlərimizin də olmamasına səbəb olur: “Azərbaycan ya Gürcüstan kimi ABŞ-ın birmənalı, ya da Ermənistan kimi Rusiyanın əsaslı müttəfiqi olsaydı daha böyük uğurlar əldə edərdi.” Bunu sadəcə kağız üstündə yoxlamaq imkanı yox dərəcəsindədir. Ancaq Azərbaycanın xarici siyasətində, məsələn ABŞ ilə münasibətlərdə daha açıq xətt apardığı illəri və o illərdə ABŞ-ın Azərbaycan ilə bağlı hansı addımları atdığını də yada salmaq pis olmazdı. Xatırladaq ki, məşhur 907-ci maddə (ABŞ Konqresi, 1992-ci il oktyabrın 24-də keçmiş Sovet respublikalarına başlanğıcda 460 milyon dollar yardımı nəzərdə tutan 2532 saylı “Azadlıqlara Yardım Qanunu”nu qəbul etdi, fəqət, Azərbaycanı bu qanunun dairəsi xaricində saxlayan 907 saylı əlavə ilə birlikdə. Səbəb isə çox “sadəydi”: Azərbaycana yardım ancaq o vaxt ediləcəkdi ki, həmin vaxt ABŞ prezidenti “Azərbaycanın Ermənistana və Dağlıq Qarabağa qarşı ambarqosunu ləğv etdiyini və bunlara qarşı hərbi gücdən istifadəni dayandırdığını” müəyyən etsin) qəbul edilərkən Azərbaycanın o vaxtkı rəhbərliyi tam Qərb tərəfdarı siyasət və ölkədən Rus ordusunun çıxarılması istiqamətində fəal iş aparır, Ermənistan rəhbərliyi isə Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edirdi. Azərbaycan 1991-ci ildə Moskvaya xoş görünmək üçün SSRİ-nin saxlanmasına dair referendumda saxta yolla yüksək nəticə göstərdiyi dövrlərdə də fərqli aqibətlə üzləşməmişdi.
         Oxşar misalları Türkiyə üçün də vermək mümkündür. Müttəfiqlərinin birmənalı şəkildə yanında olduğu dövlərdə də İraqın şimalında (hətta bəzi iddialara görə, elə Türkiyənin öz ərazisi daxilində də) Türkiyənin arzulamadığı işlər o müttəfiqlərin dəstəyi ilə baş verirdi. Təbii ki, həm Azərbaycanın həm də Türkiyənin xarici siyasətlərində böyük uğurlardan danışmaq üçün hələ tezdir. Bu dövlətlər hələ ki, xarici siyasət kurslarını oturtmağa çalışırlar. Xüsusilə Azərbaycanın demək olar ki, xarici siyasətinin istiqamətlərinin əksəriyyəti üzrə, qüsurlara sahib olduğu da nəzərdən qaçmır. Bu peşəkar diplomat heyəti baxımından əksiklikdən, mövcud diplomatların bir çoxunun işlərini çox da səmərəli qurmamasından və müəyyən obyektiv çətinliklərdən qaynaqlanır.
İkitərəfli münasibətlər cəhətdən baxanda, Azərbaycanın Türkiyə vətəndaşlarına viza tətbiqinin aradan qaldırmaması, ikitərəfli və Türk Dünyası üzrə çoxtərəfli mövcud hərbi əməkdaşlığın potensialının çox altında qalması, qarşılıqlı olaraq iqtisadi üstünlüklər tanınmaması, sərmayə qoyuluşlarında xüsusi təşviqlarin olmaması, ortaq azad iqtisdi zonanın yaradılmaması və s. məsələlər ciddi əksikliklərdir. Təbii  ki, bütün bunların müəyyən obyektiv səbəbləri də var. Ancaq qeyd edildiyi kimi, bu gün müəyyən addımları atmaq nə qədər çətindirsə, bir o qədər də asandır. Çünkü, gələcəkdə Türkiyənin Avropa Birliyi ilə, Orta Asiya Türk Respublikalarının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətləri gücləndikcə, o qurumlarda üzv ölkələrin başqa ölkələrlə münasibətlərinə müəyyən məhdudiyyətlər qoyulmağa başlandıqca Türk Dünyasının inteqrasiyası üçün müəyyən çətinliklər ortaya çıxa bilər. Yaxın gələcəkdə Türkiyənin AB-yə üzvlük prosesində, Orta Asiya dövlətlərinin isə ŞƏT-dakı üzvlükləri ilə bağlı geri addım atmaları gözlənmədiyinə görə, indidən intəqrasiyanın bütün sahələrə yayılması faydalı olar.

Araz Aslanlı