Araşdırmalar

Rusiya-İran Strateji Münasibətləri

Pinterest LinkedIn Tumblr
www.araztm.az
Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin yeniden formalaşması prosesi yeni güc təmərküzləşmələrini və müxtəlif ölkələrin yeni münasibətlər sistemini qurma ehtiyacını gündəmə gətirdi. Yeni dövr ABŞ-in tək qütüblü dünya qurma təşəbbüsləri, AB-nin qlobal aktyor olma arzusu, Çinin və Hindistanın əhalisinin çoxluğu və sürətli iqtisadi inkişafı, Yaponiyanın rol arayışı və Rusiyanın bu prosesdə fəal iştirak arzusu ilə səciyyələnməkdədir. Bu prosesdə əsas mübarizə mərkəzlərindən biri kimi dünya enerji ehtiyatların büyük bir hissəsinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələri böyük önəm qazandı. Beynəlxalq münasibətlər sisteminin gələcək taleyinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik olan bu coğrafiyadakı güc mübarizəsində bölgə xaricindən bir gücün, yəni fövqəldövlət ABŞ-ın fəallığına qarşı ənənəvi bölgəsəl güc İran ilə SSRI-nin dağılması ilə fövqəldövlət statusunu itirərək özünə yeni rol axtarışında olan Rusiyanın münasibətləri xüsusi diqqət cəlb etməkdədir. Bu yazıda Rusiya və İran arasındakı bu münasibətlərin xarakteri və əməkdaşlıq prosesi təhlil ediləcəkdir.
Münasibətlərin ümumi strateji çərçivəsi
Tarixən bölgədə rəqabət içində olan Rusiya və İranın bugünkü şərtlərdə daha çox əməkdaşlıq edən və hətta strateji xarakterli əlaqələr quran iki ölkə olduğu müşahidə edilməkdədir. Bunun əsas səbəbi hər iki ölkənin yeni dünya sisteminə baxışında meydana çıxan ümumi strateji xəttdir. Hər iki ölkənin beynəlxalq sistemin yaxın və orta gələcəyiylə bağlı əsas məqsədi ABŞ-ın öz hegemonyasında qurmaq istədiği tək qütblü sistemin əleyhinə çıxmaq və bunun əvəzinə çox qütblü sistemin qurulmasına çalışmaqdır.
Rusiya üçün  bu əsas strateji məqsədin həyata keçirilməsində İranın xususi önəmi var. Xüsusiylə də Putinlə birlikdə yeni bir strateji inkişaf xətti tutan Rusiyanın “böyük strategiyası” (grand strategy)  üç  əsas istiqamətdən ibarətdir:
1) Müasir beynəlxalq sistemdə güçlü və böyük dövlət olmaq üçün ölkədə inkişaf etmiş ölkələrin standarlarına uyğun lazımi iqdisadi, siyasi, hərbi və ideoloji transformasiyasını/reformları həyata keçirmək.
2) Vaxtından əvvəl, yəni öz iqtisadi, siyasi, hərbi və ideloji transformasiyasını həyata keçirmədən ABŞ-la birbaşa qarşı-qarşıya gəlməmə taktikasına üstünlük vermək. Bu taktikanı şərtləndirən iki əsas səbəb var. Birincisi, bu transformasiyanı həyata keçirmək üçün Rusiyanın Qərbin maddi-texniki köməyinə və ən əsası “strateji fasiləyə”, yəni zamana eytiyacı var. İkincisi, reformlarını tamamlamayan Rusiyanın ABŞ-la təkbaşına açıq rəqabətdə uduzacağı çox açıqdır.
3) Ancaq o biri tərəfdən Rusiya bu müddət ərzində ABŞ-ın beynəlxalq sistemdə öz üstünlüyünü tam təmin etməsinə imkan verməmək və bu məqsədlə çox qütüblü sistemin qurulmasınına təkan verən proseslərin inkişafını sürətləndirmək arzusundadır.
İran Rusiyanın bu  böyük stratejgiyasıın üçüncü istiqamətində ən önəmli rollardan birinə sahibdir. Mövcud şərtlərdə Rusiya üçün İranın əhəmiyyətini artıran amillər bunlardır: Əvvala, İran ABŞ-ı “böyük şeytan”  kimi görməkdə, onun dünyada və xüsusiylə də Yaxın Şərqdə hegomonya qurma siyasətinə açıqca və həm də radikal şəkildə qarşı çıxmaqdadır. İkincisi, ABŞ-ın kürəsəl hakimiyyətinin vacib taktik hədəfləri olan enerji amili və İslam dünyası baxımından da İran əhəmiyyətli rola sahibdir. Rusiya İranı beynəlxalq sistemdə getdikcə güclənən din faktorunun fonunda ABŞ-a qarşı İslam dünyasındakı potansial strateji müttəfiqlərdən biri kimi görməkdədir. Bu çərçivədə xüsusiylə də Şiə məzhəbinin ən əhəmiyyətli dövləti və Yaxin Şərqdəki bölgəsəl güclərdən biri kimi İranın rolu çox vacibdir. Bundan başqa həm isbatlanmış qaz ehtiyatlarına, həm də neft ehtiyatları baxımından ikinci sırada olması da İranın Rusiya üçün önəmini ortaya qoymaqdadır. İranın dünya enerji ehtiyatlarının təxminən % 70-75-nin yerlədiyi Yaxın Şərq və Xəzər bölgəsinin ikisinə də aid dövlət olması onun strateji önemini Rusiya üçün daha da artırmaqdadır.
İran üçün Rusiyanın önəmini şərtləndirən amilləri isə rəsmi Tehranın mevcud beynəlxalq sistemdəki vəziyyəti ortaya qoymaqdadir. Belə ki, İran halhazırda dünyadakı tək fövqəldövlət olan ABŞ-a düşmənçilik mövqeyindədir və mövcud şərtlər baxımından da yaxın gələcəkdə vəziyyətin dəyişməsi ehtimalı zəifdir. Bu baxımdan mövcud beynəlxalq sistemdə İranın güclü strateji münasibətlər qurabiləcəği ölkələrə ehtiyacı var. Rusiya isə bunun üçün ən önəmli ölkələrdən biridir. Əvvala, Rusiya BMT Təhlükəsizlik Şurasının veto hüququna malik ölkəsi kimi İran üçün çox vacibdir. İkincisi, İran rejiminin öz strateji təhlükəsizliyinin təmini üçün vacib saydığı nüvə proqramını davam etdirmə siyasətində Rusiya əvəzedilməz tərəfdaşdır. Üçüncüsü, İrana qarşı bir Xristian təmərküzləşməsinin qarşısının alınması baxımından pravoslav Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir. Dördüncüsü, İran üçün elə enerji amili baxımından da böyük enerji ehtiyatlarına malik olan və Putinlə bərabər bir enerji süper gücü olmağa başlayan Rusiya ilə ümumi strateji xətt ABŞ-ın hegemonyasına qarşı vacib şərtdir.
Bütün bu strateji mənzərə içində Rusiya və İranın ABŞ hegemoniyasına qarşı çıxma məqsədi çərçivəsində Orta Asiya, Qafqaz və Yaxın Şərq kimi bölgələrdəki yaxın və orta perspektivdəki maraqlarının ümumi mənada üst-üstə düşdüyünü demək mümkündür. Ancaq, bütün önəmli motivlərinə baxmayaraq Rusiya-İran münasibətlərinin hərtərəfli strateji ittifaq səviyyəsinə çatmadığını, hələlik müxtəlif mühüm strateji çalarları daşıyan taktiki ittifaq səviyyəsində olduğunu demək daha doğru olar.  Yenə də elə bu strateji çərçivə içində hər iki ölkənin münasibətlərini şərtləndirən xüsusi amilləri vurqulamaq yerində olardı.
Nüvə Əməkdaşlığı: İki ölkə arasında bu sahədəki əməkdaşlıq Rusiyanın İranın nüvə proqramının bir parçası olan AES inşası və işə salınmasında fəal rol alması ilə səciyyələnməkdəir.  Bu əməkdaslıq içərisində önə çıxan Buşer (veya Buşəhir) AES-in inşası isə yeni bir hasidə deyil. Belə ki,  İran Buşerdə iki reaktorlu AES qurma fəaliyyətlərinə ilk dəfə 1974-cü ildə, yəni hələ Şah dövründə Almanlarn köməyi ilə başlasa da, 1979-cu ildəki İslam inqilabı və 1980-1988 İran-İraq müharibəsi İranın nüvə proqramının və bu çərçivədə də Buşerdə AES-in inşa prosesinin dayanmasına səbəb oldu. Qərblə düşmən münasibətlərdə olan və İraq müharibəsində zəifləyən İran sonra hərbi qüdrətini artırmaq üçün 1980-ci illərin sonunda nüvə proqramına üstünlük verməyə başladı.
Rusiyanın bu prosesə qoşulmasındaki ilk adım isə 22 yanvar 1989-da İran və SSRİ arasında imzalanan iqtisadi, ticari, texnologiya ve elm sahəsində əməkdaşlıq müqaviləsi sayıla bilər. Bu müqaviləni 1992-ci il tarixli Rusiya-İran nüvə əməkdaşlığı müqaviləsi izlədi. 1995-də isə Buşer AES-in yenidən inşası Rusiyaya verildi. Aradan keçən illər ərzində Rusiya-İran nüvə əməkdaşlığının ABŞ-ın təzyiqi ilə müxtəlif gecikmələrə məruz qalması Buşer AES-in fəaliyyətə keçmə tarixinin də bir neçə dəfə təxirə salınmasına səbəb oldu. Nəhayət Rusiya və İran 2006-cı ilin martında Buşer AES-in inşasına dair dəyəri  təxminən 1 milyard ABŞ dolları olan müqavilə imzaladılar. Rusiya 2006-cı ilin sentyabrında verdiyi açıqlama ilə Buşer AES-inin 2007-cı ilin noyabrında elektrik istehsal edəcək şəkildə İrana təhvil veriləcəyini elan etdi. Ancaq 2007-ci lin fevralında iki ölkə arasında Buşer AES-in inşasında yaranan maliyə problemi təhvili məsələsini 2008-ci ilin sentryabrına qədər uzatdı.
Nüvə sahəsində əməkdaşlıq Rusiya və İran münasibətlərinin əsas mövzularının biri kimi xüsusən 2000-ci illərin başında gündəmə gəlmişdir. Tərəflər arasında nüvə əməkdaşlığının ABŞ-ın MBD məkanında “rəngli inqilablar” vasitəsiylə təsirini artırmağa çalışdığı 2003-cü il dən sonra geniş vüsət aldığı müşahidə olunmaqdadır. Rusiyanın bu əməkdaşlığa xüsusi əhəmiyyət verməsinin bir neçə səbəbi var. Əvvəla, Rusiyada xarici siyasətin müəyyən edilməsində vacib rol oynayan qurumlardan biri kimi Federal Atom Elektrik Xidmətinin bu əməkdaşlıqda xususu marağı var. İkincisi, İranla nüvə əməkdaşlığı Rusiyaya böyük maddi qazanc gətirməkdədir. Tərəflər arasında imzalanan müqavilə ilə Rusiya Buşer AES-in ilk reaktorunun  tikilməsindən təxminən 1 milyard  ABŞ dolları gəlir əldə edəcəkdir. Rusiya təhlilciləri bu lahiyədən bütün reaktorlarının tikilməsi üzrə cəmi 10 milyard dolar qazanc əldə edilə biləcəyini ifadə edirlər. Bundan başqa, ABŞ-a qarşı çıxan İrana bu təşəbbüsündə kömək etmək əsasən ABŞ əleydarı mentalitetə sahib, dövlətçi Rus siyasi elitası üçün xüsusi bir təskinlik mənbəyidr. Ancaq Rusiyanın İranın nüvə proqramının bu ölkənin nüvə silahına malik olması ilə nəticələnməsini də istəməməkdədir. Çünkü Rusiya üçün sərhədlərinin yaxınlığında Çin, Hindistan, Pakistan və Şimali Koreyadan sonra nüvə silahına malik bir İran uzun mərhələdə arzu olunmazdır.
Bu baxımından Rusiyanın İranın nüvə proqramına və ABŞ-İran böhranına münasibəti də birmənalı deyil. Bu münasibətin bir birini tamamalayan və eyni zamanda bir biriylə ziddiyət təşkil edən məqamları var. Rusiya bir tərəfdən İranla nüvə əməkdaşlığına davam edərək həm ABŞ-ın bölgədəki hegemonyasına qarşı İranın mövqeyini gücləndirməkdə və bu əməkdaşlıqdan böyük iqtisadi qazanc əldə etməkdədir. Rəsmi Moskva digər tərəfdən isə İranın nüvə silahına yiyələnməsinə qarşı çıxdığını ifadə edir.  Rusiyanın  2008-ci ilin aprel ayında həm İrana Buşerle bağlı yük göndərməsi və həm də mayın ayında BMT-nin İrana embargo qərarını tətbiq edəcəyini elan etməsi də rəsmi Moskvanın ABŞ-İran böhranındakı ikili mövqeyinin faktiki təzahürüdür.
Rusiya ilk baxışda ziddiyət təşkil edən bu mövqeyi ilə öz maraqlarına xidmət edən müxtəlif əlavə faydalar da əldə etməkdədir. Əvvəla, ABŞ-İran münasiblərinin daimi gərginlik içində olması Rusiyaya ABŞ-la müxtəlif iki tərərfli vəya beynəlxalq problemlərin müzakirəsində manevr etmək üçün əlavə imkan verməkdədir. İkincisi, ABŞ-İran münasibətlərinin daimi gərginlik içində olması enerji qiymətlərinin yüksəlməsinə səbəb olmaqda və Rusiyaya (elə İrana da) əlavə gəlir əldə etmə imkanı verməkdədir. Məsələn, bəzi hesaplamalara görə, neft qiymətlərinin barrel başına 1 dollar artması Rusya büdcəsinə illik ən az 1 milyard ABŞ doları əlavə gəlir gətirməkdədir. Elə Rusiya Federal Gömrük Xidmətinin mayın 5-də açıqladığı 2008-ci ilin birinci rübünə aid enerji ixracatı rəqəmləri də rəsmi Moksvanın bahalaşmadan əldə etdiyi qazancı ortaya qoymaqdadır. Açıqlamada, Rusiyanın neft ixracat gəlirilərinin 2007-ci ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq 22,228 milyard dollardan 35,813 milyard dollara, neft məhsullarındakı gəlirlərin 74,5 faiz artaraq 9.809 milyard dollardan 17,115 milyard dollara və qaz ixracat gəlirlərinin də 77,7 faiz yüksələrək 9,633 milyard dollardan 17.119 milyard dollara çatdığı bildirilməkdədir. Sadəcə bir rübə aid enerji gəlirlərindəki bu artış və Rusiyanın ixracat gəlirləri içərisində neft və qaz sektorunun payının 2007-ci ildə 64 faizə çatdığı nəzərə alınırsa enerji qiymətlərindəki bahalaşmanın rəsmi Moksva üçün strateji önəmi daha da aydın görünür.
Bu şərtlər altında Rusiyanın ABŞ-ın “ya mən ya da İran” şəklində  qəti mövqe göstərməsi şərti xaricində indiki ikili siyasətini davam etdirəcəyi gözləniləndir. ABŞ-ın mövcud daxili və beynəlxalq şərtlər altında Rusiyaya belə qəti şərt qoyma ehtimalı isə çox zəifdir. Hatta ABŞ-ın Rusiyaya belə bir şərt qoyması variantında belə Rusiyanin İrana müdaxilədə tərəfsiz qalma mövqeyi seçəcəyi və bu mövqeyi də ABŞ-a mümkün olan ən baha (siyasi, iqtisadi və ideoloji) qiymətə satmağa çalışacağı təxmin edilməkdədir. Rusiyanın rəsmi Vashingtonun İrana müdaxilə variantında isə ABŞ-ın burada Əfqanistan və İraqdakına bənzər problemlərlə üzləşməsini arzu edəcəyi ehtimal edilir.
Hərbi Əməkdaşlıq: İki ölkə arasında ikitərəfli strateji münasibələrin ən vacib sahələrindən biri olan hərbi sahədəki əməkdaşlıq əsasən Rusiyanın İrana silah satmasından ibarətdir. Rusiya silah sataraq həm İranın hərbi baxımdan güclənməsinə təkan verməkdə, həm də böyük iqtisadi qazanc əldə etməkdədir. Təxminlərə görə, İran Rusiyanın Çin və Hindistandan sonra üçüncü önəmli silah alıcısıdır. İran üçün isə Rusiya ən vacib silah satıcısı hesab edilməkdədir. Bu tendesiyanın İranın 2000-ci illərin başında elan etdiği “ordunun 25 illik müasirləşdirilməsi” proqramı çərçivəsində Rusiya silahlarıyla təchiz etmə planlaması ilə daha da uzun sürməsi gözlənilməkdədir.
2000-ci illərin başına qədər olan məlumatlara görə, Rusiya və İran arasındaki silah satışı 1989-1991 tarihləri arasında imzalanan və toplam miqdarı 5,1 milard ABŞ doları olan dört müqavilə ilə tənzimlənməkdədir:
1. 5 noyabr 1989-da imzalanan müqavilə ilə Rusiya İrana toplam qiyməti 1,3 milyard dolar təşkil edən 24  MiQ-29 və 12 Su-24MK qırıcı təyyarə ilə 2 ədəd  C-200BE tipli zenit-raket sistemi satması nəzərdə tutulmuşdur. Bu müqavilənin şərtləri 1990-1994-cü illər arasında yerinə yetirilmişdir. Bundan başqa, Rusiya 2009-cu ilə qədər İrana bu silahların ehtiyat hissələrini də verəcəkdir.
2. 17 may 1990-cu ildə imzalanan müqavilə ilə Rusiyanın İrana 877KM tipli sualtı qayıqlar (sayı gizli saxlanılır), torpeda və ehtiyat hissələri satması tənzimlənmişdir. Sualtı qayıqlar 1992-1997-ci illər arasında İrana verilmişdir. Müqaviləyə görə, Rusiya 2008-ci ilin sonuna qədər İranı bu hərbi silahların ehtiyat hissələri ilə də təmin etməlidir.
3. 24 aprel 1991-ci ildə  imzalanan müqavilə ilə Rusiyanın İranın sualtı qayıqları üçün 6  ədəd bazanın tikilməsi və mövcuddların genişləndirilməsini fəaliyəti həyata keçirməliydi. Əldə olunan məlumatlar bu müqavilənin də problemsiz həyata keçirilidiyini göstərir.
4. 13 noyabr 1991-ci il tarixdə imzalanan müqavilə ilə Rusiya  İrana toplam qiyməti 2,2 milyard dolar olan 1000 ədəd T-72 S tipli tank, 1500 ədəd  BMP-2 tipli zirehli maşını ilə lazımi silah və sursatı verməliydi. 1993-2000 tarixləri arasında 422 tank və 413 BMP-nin verildiyi məlumdur. Geri qalanın da keçən müddət ərzində verilməyə davam etdirildiyi təxmin edilməkdədir. Müqaviləyə görə, Rusiya 2011-ci ilə qədər bu silahların hərbi sursatlarını və ehtiyat hissələrini verəcəkdir. (Bəzi mənbələr Rusiyanın İrana 1991-ci ildən  sonra satdığı T-72-S tankının və BMP-2-lərin hər birinin sayının təxminən 2000 olduğunu bildirməkdədirlər.)
Rusiya və İran arasında silah ticarəti həmişə ABŞ (və İsrail) tərəfindən etirazla qarşılanmış və dayandırılmağa çalışılmışdır. Bu çərçivədəki ən uğurlu təşəbbüs 1995-ci ildə həyata keçmişdir. 1995-ci ilin 30 iyununda Rusiya baş naziri Viktor Çernomirdin ilə ABŞ vitse-prezdenti Al Qor arasında imzalan müqaviləyə görə, Rusiya 31 dekabr 1999-cu il tarixdən etibarən İrana silah satmayacaqdı. Rusiya prezdenti Boris Yeltsinin İrana adi silahların satışını məhdudlaştıran bu müqaviləni Çeçenistan savaşında və 1996-da ikinci dəfə prezdent seçilmək üçün ABŞ-ın dəstəyini almaq motivləri ilə dəstəklədiyi təxmin edilməkdədir.
Ancaq Putin hakimiyyəti ilə birlikdə Rusiya-İran hərbi əməkdaşlığı geniş vüsət almışdır. Bu çərçivədə Çernomirdin-Al Gor müqaviləsi 2000-ci ilin noyabrında Putin iqtidarı tərəfindən bir tərəfli qaydada ləğv edilmişdir və İranla silah müqavilələrinin qalan 1,6 milyardliq hissəsi və yerinə yetirilməmiş digər şərtləri həyata keçirilməyə başlanmışdır. Yenə əldə olunan məlumatlara görə, İran Rusiya müdafiə naziri İqor Sergeyevin 2000-ci ilin dekabrındakı Tehran səfəri vaxtı Rus hərbi müdafiə sistemlərinə və başda İskender-E tipli raket olmaq üzrə müxtəlif raket sistemlərinə maraq göstərmişdir. Səfərdə iştirak edən Rosoboroneksport-un Baş direktor müavini Viktor Komardin İran tərəfinin 2001-2002 dövründən etibarən Rusiyadan böyük miqdarda hərbi texnika almaq istədiyini (illik 300 milyon dollar olmaq üzrə toplam 7 milyard dolar qiymətində olduğu güman edilməkdədir) bildirmişdir. Rusiya və İran rəsimiləri tərəflər arasında yeni hərbi müqavilələrin imzalandığını açıqca elan etməməkdədirlər. Ancaq təsdiq edilən məlumatlara görə, Rusiya 1990-ların ortasında Yunanistan tərəfindən sifariş edilən, ancaq daha sonra alınmayan 29 ədəd Top M-1 tipli hava müdafiə sistemlərini 2005-ci ilin noyabrında 700 milyon dollara (bəzi mənbələrə görə isə 1-1,4 milyard dollara) İrana  satmışdır. Rusiya müdafiə naziri Sergey İvanov 2007-ci ilin 16 yanvarında bu silahların İrana təhvil verilmə prosesinin başa çatdırıldığını bildirmişdir. 2007 ilinin fevralında keçirilən İran hərbi manevraları sırasında sınaqdan keçirilən bu sistemlərin başta Buşer nüvə reaktoru olmaq üzrə müxtəlif strateji obyektlərin müdafiəsi üçün istifadə ediləcəyi təxmin edilməkdədir. Elə Qərb mənbələrinə görə də, 1998-2001-ci illərdə toplam həcmi 300 milyon dollar olan ikitərəfli hərbi əməkdaşlğın 2002-2005-ci illərdə 1,7 milyard dollara yüksəlməsi də hərbi əməkdaşlığın yeni müqavilələrlə davam etdirildiyini göstərməkdədir.
Bunlardan başqa, 2005-ci ilin oktyabr ayında kosmosa çıxarılan İran peykinin Rusiya raketi ilə göndərildiyi məlumdur. Yenə İranın kosmosa çıxarmaq  istədiyi növbəti peykin də Rusiya raketi vasitəsi ilə göndərilməsi nəzərdə tutulmuşdur.
Enerji (təbii qaz və neft) amili: Rusiya və İranın dünya enerji bazarındaki yerləri tərəflərin bu sahədəki əməkdaşlığına strateji önəm qazandırmaqdadır. Belə ki, ümumilikdə dünya qaz ehtiyatlarının təxminən 46, neft ehtiyatlarının isə təxminən 20 faizi  Rusiya və İran ərazisindədir. Rusiya dünya təbii qaz bazarında təxminən 30 faizlə (müxtəlif sənədlərdə bu rəqəm 25-32 faiz arasında dəyişməkdədir)  birinci, İran isə 16 faizlə ikinci yerdədir. Bundan başqa, Rusiyanın dünyada bilinən qaz ehtiyatlarının 1,5 faizinə malik Türkmənistanla imzaladığı uzunmüddətli enerji müqavilələri və eləcə də Türkmən qazının Avropa bazarlarına tranzit keçiş üçün Rusiya və İranın strateji önəmi nəzərə alınsa, bu ikilinin qaz sektorundaki önəminin əvəz ediməz olduğu ortaya çıxmaqdadır. Bu baxımdan İranın qaz OPEC-i qurulması istiqamətindəki təklifi və Putinin də 2007-ci il fervral ayının 1-də keçirdiyi mətbuat konfransında “bu təklifin üzərində fikirləşiləcək dərəcədə maraqlı olduğunu” ifadə etməsi dünya qaz bazarının bu ikli tərəfindən tam inhisara altına götürülməsini rəsmiləşdirməsi ehtimalını gücləndirməkdədir.
İki ölkənin dünya neft bazarındakı yeri də cox mühümdür. Rusiya dünya neft ehtiyatlarını ortalama 8 faizinə (müxtəlif sənədlərdə bu rəqəm 6-12 fazi arasında dəyişməkdədir), İran isə 12 faizinə malikdir. Bundan başqa günlük neft  istehsalına dair 2007-ci il rəqəmlərinə görə,  Rusiya Səudiyyə Ərəbistanından sonra ikinci, İran isə dördüncü yerdədir. Rusiya MDB məkanında neft ehtiyalarına nəzarət edilməsindəki fəallığı və AB üçün çox mühüm enerji satıcısı xarakteri ilə diqqəti cəlb etməkdədir. İran isə Venesuelayla birlikdə OPEC-in ABŞ əleydarı kurs götürməsində fəal rol oynamaqdadır. Hər iki ölkənin enerji sahəsindəki qlobal əməkdaşlıq imkanları ilə yanaşı ikitərəfli münasibətlərində də enerjinin önəm qazanmağa başladığı müşahidə edilməkdədir. Belə ki, Qazprom şirkətinin İrandaki enerji lahiyələrinə 750 milyon dolar sərmayə qoyduğu məlumdur.
Bu məlumat və mülahizələr işığında iki ölkə arasında xüsusiylə enerji sahəsində əməkdaşlığın dünya enerji bazarını sarsıdıcı gücdə strateji inkişaf imkanlarına malik olduğunu demək mümkündür.
İki ölkə arasındaki ticarət dövriyyəsinin həcmi 2007-ci ilin sentyabr ay sonu rəqəmlərinə görə illik 2,3 milyard dollardan cox olmuşdur. Bu rəqəmin illik 8 milyard dollara yüksəldilməsi planlanır. Bu çərçivədə Rusiyanın İranda kömürlə işləyən toplam 315 MVT gücündəki 4 blokdan ibarət Tabas adlı istilik elektrik stansiyası tikməsi, ilkin hesablamalara görə, ümumi qiyməti 1 milyard dollar olan Mazino kömür mədənini istismara verməsi, Şimal-Cənub nəqliyat dəhlizi lahiyəsi çərçivəsində 375 km uzunluğundakı Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolu xəttini tikməsi, İranın 5 ədəd Tu-204-100 tipli təyyarə alması nəzərdə tutulmaqdadır.
Etnik amil: Mövcud şərtlər daxilində Rusiya və İranın qarşılıqlı münasibətlərdə etnik amildən istifadə etmədikləri müşahidə olunmaqdadır. İran “İslam dövləti” olmasına baxmayaraq Rusiya ilə münasibətlərdə Çeçenistan amilini demək olar ki, gündəliyə gətirməməkdədir. İlk Rus-Çeçen savaşında İranın Çeçen mücahidlərini dəstəkləyici qeyri-resmi bəzi cılız faaliyətləri olsa da, 1999-cu ildən gündəmə gələn ikinci Rus-Çeçen müharibəsi inkişaf edən Rusiya-İran münasibləri fonunda daha sonra istifadə edilə biləcək amil kimi ehtiyatda saxlanılmaqdadır. Əgər Rusiya ABŞ-la İran mövzusunda müəyyən razılaşmalara gedərsə və ya İrandan müxtəlif mövzularda güzəştlər istərsə o zaman “İranın Çeçen mücahidlərinə kömək etdiyinə” dair bəyanat və yazılar gündəmə gələcək. Eləcə də İranın da bənzər şərtlər altında “Rusiyanın Çeçenistanda soyqırım elədiyinə” dair bəyanatlarına rast gələ bilərik.
Bənzər şəkildə Rusiyanın İranda Kürt və Türk (Azerbaycanlı) amillərindən hələlik istifadə etmədiyi müşahidə olunmaqdadır. Bunu daha əvvəl qeyd ettiymiz kimi tərəflərin ümumi strateji konsepti ve mövcud şərtlərdə etnik amildən istifadənin Rusiyaya sərf etməməsiylə izah edə bilərik. Ancaq Rusiyanın tarixən Kürt kartından 1946-cı ildəki Mehabad Kürd Respublikası misalında olduğu kimi istifadə etdiyi yaxşı məlumdur. Hal hazırda Yaxin Şərqdəki Kürd amilinin əsasən ABŞ tərfindən fəal istifadə edilməsinə baxmayaraq, zərurət hiss edərsə Rusiyanın PKK, Moskvadakı Kürd evi, Barzaniylə atası Mustafa Barzanidən qalma yaxşı tarixi münasibətlərini də istifadə etməsi mümkündür. Yenə Rusiyanın tarixən İrandaki Azərbaycanlı amilindən də taktiki məqsədləri üçün istifadə etməyə çalışdığı Cənubi Azərbaycan Milli Höküməti (1945-1946) hadisəsi timsalında yaxşı xatırlanmaqdadır.  Ancaq Rusiyanın tarixən İranda strateji tərəfdaş kimi Fars (və qismən də Kürd) amilinə üstünlük verdiği müşahidə edilməkdədir. Həm Səttərxan hərəkatının Rus kazakları tərəfindən yatırdılması,  həm də Pişəvəri hökümətinin taleyi bunun unudulmayacaq misallarıdır.
Nəticədə, 1991-ci ildən sonra Rusiya-İran münasibətləri yeni beynəlxalq şərtlərə uyğun şəkildə inkişaf etmişdird. Yeltsin hakimiyyəti zamanında münasibətlərdə ABŞ-ın təzyiqi ilə müxtəlif problemlər yaranmışdır. Xüsusən Primakovun xarici işlər naziri olduğu 1996-dan etibarən çoxqütblü beynəlxalq sistem nöqteyi-nəzərindən strateji önəmi güclənən İranla münasibətlər, Putinin hakimiyyətə gəldiyi 2000-ci illərin başı ilə bərabər nüvə silahı və enerji sahələrində geniş əməkdaşlığı nəzərdə tutan strateji xarakter daşımağa başlamışdır. Rusiyanın bu əməkdaşlığı ABŞ-İran böhranında “iki tərəfin atəşi altında qalmadan” inkişaf etdirməyə çalışdığı müşahidə edilməktədir. Eyni meylin yeni prezident Dmitri Medvedev tərəfindən də davam etdiriləcəyi təxmin edilməktədir. Yenə də ABŞ-ın İrana müdaxiləsi ehtimalının reallaşması Rusiya-İran münasibətlərini kökündən sarsacaq hadisələri bərabərində gətirə bilər.

Araz Aslanlı