Hərbi-təhükəsizlik

Cənubi Osetiyada “Rus ruleti”

Pinterest LinkedIn Tumblr

 

Təxminən 8 illik fasilədən sonra Qafqaz yenidən müharibəyə səhnə olur (xatırladaq ki, son böyük hərbi əməliyyatlar 2000-ci ildə Çeçenistanda yaşanmışdı). 2008-ci il avqustun ilk günlərindən başlayaraq Gürcü və Osetinlər arasında qarşılıqlı atəşlərin artması, müharibənin ilk siqnalları olmuşdu. Avqustun 7-də, axşam saatlarında Gürcüstan Prezidenti Mixail Saakaşvili atəşkəs elan etdiklərini açıqlamış, ancaq bu atəşkəs Qafqazda növbəti müharibənin başlanğıcının ilk addımı olmuşdu. Atəşkəsdən dərhal sonra Osetin tərəfinin Gürcü kəndlərinə  bombalı hücumu (Gürcüstanın iddiası belədir) Gürcüstanı “cavab əməliyyatlarına məcbur etmiş”, avqustun 8-nin ilk saatlarında artıq Gürcüstan ordusu uzun illərdir nəzarətindən kənarda qalan Cənubi Osetiyaya daxil olmağa başlamışdır. Gün boyunca uğurlu əməliyyatlar keçirən Gürcü ordusu regiondakı Rus “sülhməramlılarının” müqavimətinə də baxmayaraq Cənubi Osetiyanın paytaxtı Sxinvalini nəzarətinə almışdır. Avqustun 8-də RF Prezidenti Dmitri Medvedev, Baş Nazir Vladimir Putin və digər Rus rəsmilər Gürcüstanın bu addımının cavabsız qalmayacağını elan etdilər. Gürcüstan Prezidenti Saakaşvili ərazilərini azad edəcəklərini və RF-nin bu prosesə müdaxiləsini arzulamadıqlarını elan etdi. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri tərəfləri sülhə dəvət etdilər. ABŞ isə Gürcüstanı birmənalı dəstəkləyərək, RF-nin prosesə müdaxiləsini pislədi. Qonşu dövlətlərdən sadəcə Azərbaycan Gürcüstanı tam dəstəklədiyini açıqladı (RF əleyhinə ifadələr işlətmədən).
Avqustun 8-dən etibarən artıq RF həbri birləşmələri dənizdən, qurudan və havadan Gürcüstana qarşı açıq əməliyyatlara başladı. RF rəsmiləri əməliyyatlara səbəb kimi, “regiondakı Rus sülhməramlılarına qarşı hücumları”, Cənubi Osetiyadakı RF vətəndaşlarını qorumağı, “Gürcüstanın Cənubi Osetiyaya təcavüzünün qarşısını almağı” və s. göstərirdilər. Artıq Gürcüstan ilə Rusiya Federasiyası (RF) ordusu arasında açıq müharibə gedir. RF hərbi əməliyyatlarını Cənubi Osetiya ilə məhdudlaşdırmır. Paytaxt Tiflis də daxil olmaqla, Gürcüstanın hər tərəfini, hətta Azərbaycan neftinin də nəql olunduğu limanları və Azərbaycanlıların sıx yaşadığı Marneulini belə bombalayır. Son saatlarda gələn atəşkəs xəbərləri hələ sülh demək deyil.
Gürcüstanda hərbi vəziyyət və səfərbərlik elan olunmuşdur. Bu ölkə İraqdakı 2000 nəfərlik hərbi kontingetini geri gətirir. Son məlumatlarda Sxinvalinin artıq Rusların nəzarətinə keçdiyi elan olunur. Amma Cənubi Osetiya ərazilərinin bir hissəsi hələ də Gürcüstan ordusunun nəzarətindədir. Gözlənildiyi kimi Avropa Birliyi, ATƏT, Avropa Şurası, BMT məsələyə müdaxilə etməyə çalışır. BMT TŞ-nın təcili toplantıları hələlik nəticə vermir. Çox güman ki, burada həlledici rolu Avropa Birliyinin və Almaniya və Fransa kimi dövlətlərin vasitəçiliyi oynayacaq.  
 
Əslində Araz Tədqiqatlar Mərkəzinin (ATM, www.araztm.org) avqustun 5-də yaydığı qısa analizdə böyük oyunçuların bölgədəki mübarizəsinin alovlandığı, bu alovlanmanın “dondurulmuş münaqişələrə” təsirinin ciddi olacağı qeyd olunurdu. Aydın məsələdir ki, “dondurulmuş məhsullar” alov sevmirlər. Bu məhsulların olduğu kimi qalmaları üçün soyuq “şimal küləyinin” daimi təsiri əhəmiyyətlidir. Bu mənada Cənubi Osetiya bölgəsində Gürcü ordusu ilə Osetin qruplaşmaları arasındakı vuruşmaların Gürcüstan ilə RF arasındakı müharibəyə çevrilməsi də müəyyən qədər gözlənilən olmalıydı.
Bəs prosesin mahiyyətini necə görmək olar: Regionda nə baş verdi?
Əvvəlcə müəyyən vacib nüanslara nəzər salaq. Hal-hazırda yaşananlarla Gürcüstan münaqişənin Cənubi Osetiya və Abxaziya ilə yox RF ilə olduğunu bir daha, daha açıq formada dünyaya göstərdi. Yəni məsələ Cənubi Osetiyanın müstəqillik mübarizəsi deyil, RF-nin bölgədə hegomoniyası məsələsidir. İkincisi, Gürcüstan göstərdi ki, əgər iradə olarsa isğal altındakı torpaqları azad etmək mümkündür. Təbii ki, silahlanma, yerli şəraiti də buna uyğunlaşdırmaq və beynəlxalq dəstək almaq da vacibdir. Amma ən vacib faktor iradədir. Saakaşvili hakimiyyəti daxili siyasi problemlərin azalması, ümummilli məsələlərin ön plana çıxarılması, xüsusile daxildə RF yoxsa NATO tərəfkeşliyi məsələsində ikinci xəttin üstünlüyün daha da möhkəmləndirilməsi istiqamətində uğur qazandı. Etnik problemi olan keçmiş Sovet respublikalarına da ümumi xətti müəyyənləşdirmə və RF ilə münasibətlərin xarakterində edəcəkləri dəyişikliklər barədə müəyyən istiqamət verdi.
Hərbi əməliyyatlar tam başa çatanda, Gürcüstan ən azı əlavə bir kəndi belə nəzarətində saxlasa bu onun üçün böyük uğurdur. Bu Gürcüstan üçün Cənubi Osetiya və Abxaziyaya, hətta RF-yə qarşı psixoloji üstünlük əldə etmə demək olacaqdır. RF və bölücü bölgələr isə tərsini arzulayır və reallaşdırmağa çalışır. Abxaziya istiqamətindən edilən hücumlar məhz buna istiqamətlənib. Son illərdə Gürcistan hərbçiləri kiçik əməliyyatlarla həm Abxaziya, həm də Cənubi Osetiya istiqamətində müəyyən irəliləyişlər etmişdilər. Abxaziya, Cənubi Osetiya və ən əsası RF növbəti atəşkəsdən sonra ən azı əvvəlki mövqelərdə, amma çox güman ki, daha da irəlidə möhkəmlənməyə çalışacaqlar. 
Müharibənin yenidən başlamasının qarşı tərəf üçün də xüsusi mənaları var. Cənubi Osetiyanın və Abxaziyanın bölücü liderləri Gürcüstan tərkibində yaşamağın qeyri mümkünlüyünü həm uzun illərdir davam edən qeyri-müəyyənlikdən bezmiş öz əhalilərinə bir daha çatdırmaq, həm də beynəlxalq aləmə sübut etmək üçün, bu ölkə ilə növbəti qanlı səhifələrin yaşanmasını arzulayırdılar. Cənubi Osetiya liderlərinin ölü və yaralı sayı ilə əlaqədar şişirdilmiş, Gürcüstan tərəfinin isə xeyli az rəqəmlər verməsi məhz bununla əlaqədardır. Eyni şəkildə, Cənubi Osetiya və RF KİV-i Sxinvalidəki dağıntların Gürcüstanın hücumlarından sonra, Gürcü tərəfii isə RF bombardmanı nəticəsində meydana gəldiyini irəli sürərkən də tərəflərin məqsədi Cənubi Osetiya ictimaiyyətini arzuladıqları istiqamətə çəkməkdir. Çünkü, Saakaşvili hakimiyyətə gəldikdən sonra, Gürcüstan bölücü bölgələri o bölgələrin əhalisinin dəstəyi ilə (faktiki olaraq ən azı müqavimətsizliklərini təmin edərək) geri almaq strategiyasını tətbiq etməyə başlamışdı.
RF rəhbərliyi isə “yolundan çıxmış Saakaşviliyə dərs vermək” üçün belə bir fürsəti səbrsizliklə gözləyirdilər. Bu mənada Gürcüstanın Cənubi Osetiyaya daxil olması onlar üçün “göydəndüşmə” oldu. Proses RF üçün həm də, qlobal oyunda “ABŞ-vari” hərəkətləri rahatlıqla etdiyinin nümayişi üçün də fürsət oldu. RF beynəlxalq hüquq baxımından ciddi sayılmayacaq əsasları elan edərək başqa bir ölkəni açıqca bombalayır, onun ərazisində həbri əməliyyatlar aparır.
Müharibədən əvvəlki günlərdə Cənubi Osetiya liderləri ciddi cəhdlə Gürcüstanın Cənubi Osetiyaya qarşı müharibəyə hazırlaşdığını qeyd edirdilər. Hətta Eduard Kokoyti bunun sentyabrın əvvılində baş verəcəyini də elan etmişdi. Mümkündür ki, Gürcüstan doğurdan da sentyabrın əvvəli üçün hərbi əməliyyatlara hazırlaşsın və Cənubi Osetiya onu vaxından əvvəl provakasiya yoluyla müharibəyə çəksin. Çünkü, son dövrlərdə Gürcüstana onun qərbindəki ölkələrdən yüzlərlə ABŞ hərbi və mülki mütəxəssisinin gəldiyinə dair məlumatlar var. Əgər məlumatlar düzgündürsə və bu mütəxəssislər Gürcüstanın bir ay sonra başlayacağı müharibədə ona kömək edəcəkdilərsə, onların iştirakı lazımi səviyyəyə gəlmədən başlanan müharibənin Gürcüstan üçün effektivliyi də aydın məsələdir ki, daha aşağı olacaqdır. Cənubi Osetiyanın son dövrlərdə israrla Gürcüstana qarşı provakativ addımlar atması bununla əlaqədar ola bilər. 
Eyni zamanda, Gürcüstan da tərəflərin gözləmədiyi anda, məqam və ciddi səbəb də yaranmışkən hücuma keçərək “fırtına əməliyyatları” ilə ciddi hərbi uğurlar qazanmağı düşünmüş ola bilər. Gürcüstan üçün hadisənin Pekin Olimpiadasının açılış günü baş verməsi və bir çox dövlət başçısının orda olması müəyyən üstünlük ola bilərdi. Məsələn, ABŞ Prezidenti Corc Buş ilə RF Baş Naziri V. Putin arasında mümkün danışıqlar prosesi və bu yolla RF-nin müdaxiləsinin minimuma endirilməsi planlanmış ola bilərdi. İlk gün Gürcüstanın hücumlarının və bu hücumlar nəticəsindəki insan tələfatının olimpiadanın açılışına yönəlmiş KİV-in diqqətindən kənarda qalması, amma sonrakı günlərdə RF-nin hücumlarının KİV tərəfindən nəzarətə götürülməsi də nəzərdə tutulmuş ola bilərdi. Bu ssenarilərdə, beynəlxalq aləmin, xüsusilə ABŞ və AB-nin proseslərə mümkün qədər tez təsiri, RF-nin hərbi əməliyyatlarının yüksək səviyyəyə çatmadan önlənməsi vacib idi. Fəqət, bu baş vermədi.
Bir digər məqam bölgədəki son proseslər nəticəsində Xəzər neftinin RF-dən yan keçməklə Qərb bazarlarına çıxması planında faktiki fasilə yaranmasıdır. Əvvəlcə BTC-nin Türkiyədən keçən hissəsində partlayış baş verdi. Sonra isə Cənubi Osetiyadakı münaqişə ilə bağlı olaraq  Gürcüstanın Qara Dənizdəki limanları RF tərəfindən bombalandı. PKK tərəfindən törədilən partlayışın bu terror təşkilatına RF xüsusi xidmət orqanları tərəfindən sifariş verildiyinə dair iddialar da mövcuddur. Əgər bu iddia doğrudursa, regionda qlobal əhəmiyyətli enerji layihələri həyata keçirildikdən sonra ilk dəfə RF, ondan kənar keçən xəttlərin təhlükəsiz olmadığını “göstərərək” enerji asılılığı problemini həll etməmiş Qərbə ciddi mesaj vermiş oldu.
 
Atəşkəsin nə qədər davam edəcəyi, sülhlə nəticələnib nəticələnməyəcəyi hələ tam bilinmir. Gürcüstan İraqdan geri gətirdiyi hərbçilərdən Sxinvali regionundakı hərbi əməliyyatlarda istifadə edə biləcəyini deyir. Bölgəyə vasitəçilər də gəlib. Bundan sonra münaqişə yenidən alovlanarmı, bilinmir. Amma bütün hallarda son proseslə Gürcüstan yuxarıda sadalananlarla yanaşı, təhlüksəzlik (NATO üzvlüyü) və enerji siyasəti (qlobal enerji və daşınma layihələri) ilə bağlı Qərbin daha açıq dəstəyinin onun üçün nə qədər vacib olduğunu dünyaya göstərərək, gələcəkdə problemlərinin həlli üçün növbəti addımı atmış oldu.
 

Araz Aslanlı