Hərbi-təhükəsizlik

XOCALI SOYQIRIMI BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMALIDIR

Pinterest LinkedIn Tumblr

Aşağıdakı material ABAD Azerbaycan təşkilatı tərəfindən 2004-cü il Fevralın 24-də yayılıb. Üstündən 5 il keçməsinə və materialda yer alan bəzi məsələlərlə bağlı müəyyən addımlar atılmasına baxmayaraq, XOCALI SOYQIRIMInın tanıdılması və rəsmiləşdirilməsi istiqamətindəki səylər təəsüf ki, hələ də arzuolunan səviyyədə deyil. Hələ də, XOCALI SOYQIRIMI əsasən fevralın sonlarına doğru yada düşür və fevral ayı bitmədən də unudulur. Halbuki, məsələyə qan yaddaşı və vacib bir borc kimi baxılması, konkret nəticələr əldə olunması üçün peşəkarca çalışılması daha faydalı olar. Bu baxımdan ABAD Azərbaycan təşkilatı nəzdində Dr. Nazim Cəfərsoy rəhbərliyindəki Strateji Araşdırmalar Qrupu tərəfindən 5 il əvvəl hazırlanan və aktuallığını itirməyən (çox təəsüf ki, !) bu materialı yenidən yaymağı faydalı hesab etdik.
XOCALI SOYQIRIMI BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMALIDIR
26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı rayonunda Ermənilər tərəfindən dünya tarixinin ən böyük insani cinayətlərindən biri törədilmişdir. Təəssüf ki, üstünden 12 il keçməsinə baxmayaraq bu vaxta qədər sözün həqiqi mənasında bir soyqırım olan Xocalı faciəsinin beynəlxalq aləmdə hüquqi və siyasi baxımdan qəbul edilməsi istiqamətində lazımi işlər görülməmişdir.
Biz, ABAD (Azad, Bütöv, Adil, Demokratik) Azərbaycan təşkilatı olaraq, ümummilli faciəmiz olan bu hadisənin dünya miqyasında lazımi hüquqi-siyasi qiyməti alması üçün cəmiyyətin bütün təbəqələrini təmsil edən teşkilatların, orqanların və şəxslərin fəal şəkildə iş aparması istiqamətində səylərin birləşdirilməsinin zəruriliyini vurğulayaraq, aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif edirik:
XOCALI FACİƏSİ BEYNƏLXALAQ HÜQUQ NORMALARINA GÖRƏ BİR SOYQIRIMDIR
Çünki,
– Ermənilərin Xocalıda Azərbaycan əhalisinə qarşı törətdikləri kütləvi qırğın, 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına Dair Konvensiyanın 2-ci maddəsinə yer alan “milli, etnik, irqi və ya dini bir qrupu qismən və ya tamamən yox etmək” şəklində tərif edilən soyqırım əməlinə uyğun gəlir. Ermənilərin Xocalıda törətdikləri kütləvi qırğın BMT-nin Soyqırım Cinayətinin Qarşısının Alınması ve Cəzalandırılmasına Dair Konvensiyasında, bir əməlin soyqırım  sayılması üçün lazım olan şərtlərin göstərildiyi 2-ci maddədə sadalanan beş bənddən ilk ikisinə  ( a- “bir qrupa mənsub olanların qətl edilməsi” və b- “qrupa mənsub olanlara fiziki və əqli baxımdan ciddi şəkildə zərər verilməsi”) uyğun gəlir. Müvafiq maddədə, “soyqırımın reallaşmış sayılması üçün bu şərtlərden birisinin mövcud olması kifayətdir” ifadəsi yer almışdır.
Bu və ya digər səbəbləri esas alaraq Xocalı Soyqırımının hüquqi-siyasi baxımdan dünyada qəbul edilməsi üçün dövlət, ictimai quruluşlar və şəxslər səviyyəsində mümkün müxtəlif faaliyet şəkli təkliflərini Azərbaycan ictamiyyətinin diqqətinə çatdırmaq istəyirik:
– Azərbaycan dövlətinin, Xocalı Soyqırımının dünyada qəbul edilməsi üçün lazımi  fəaliyyətlərin həyata keçiriliməsinin məqsədəuyğun olacağını hesab edirik. Hüquqi  baxımından Azərbaycan dövləti hər şeydən əvvəl Xocalı faciəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq soyqırım kimi qəbul edilməsi və cinayətkarların cəzalandırılması üçün rəsmi şəkildə Haaqa Məhkəməsinə müraciət edərək 9 dekabr 1948 tarixli Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına Dair Konvensiyaya uyğun olaraq cinayət işi açılmasını tələb etməlidir. Müraciətdə lazımi sübutlar təqdim edilerək Ermənistanın bu günkü prezidenti Robert Koçaryan  və müdafiə naziri Serj Sarkisyan daxil olmaqla Xocalı soyqırımını törədən bütün siyasi və hərbi rəhbərliyin  cəzalandırılması tələb edilməlidir.
– Xocalı Soyqırımı eyni zamanda insanlığa qarşı cinayət olduğu üçün Azərbaycanla əlaqədar ictimai təşkilatlar və vətəndaşlarımız daimi vəya müvəqqəti olaraq yaşadıqları xarici ölkələrin cinayət qanunvericiliyinə uyğun olaraq günahkarlar haqqında iddia qaldıra bilərlər.  
– Xocalı soyqırımının qəbul edilməsi üçün beynəlxalq  təşkilatlar və xarici dövlətlərdə lazımi təbliğat işi aparılmalı, bu isitqamətdə dövlət orqanları, ictimai birliklər, Azərbaycan və Türk lobbilərinin sistemli və koordinasıyalı şəkildə fəaliyət göstərmələri təmin edilməldir.
– Xocalı Soyqırımından zərər çəkmişlərin haqlarını müdafiə komitəsi qurulmalı və bu insanların beynəlxalq məhkəmələrə soyqırım və maddi təzminat iddiası qaldırılmaları üçün dövlət onlara hər cür (xüsusuilə, hüquqi və maddi) kömək göstərməlidir.
– Mövzu rəsmi şəkildə BMT-nin əlaqədar orqanları qarşısında qaldırılmalı və hər il 26 fevral günü bütün ölkələrdəki BMT nümayəndəkiləri qarşısında etiraz mitinqləri, piketler və s. keçirilməlidir.
– Azərbaycanın ATET-in Parlament Assambleyasındakı, Avropa Şurası Parlament Assambleyasında millətvəkili heyetleri, digər beynəlxalq təşkilatlardakı nümayəndəliklərimiz Türkiyə, Ukrayna və digər yaxın ölkələrin millət vəkillərinin dəstəyi ilə mövzunun müzakirəyə çıxarılması istiqamətində fəaliyyət göstərə bilər. İslam Konfransı Təşkilatı çərçivəsində də bu cür fəaliyyətlər daha real nəticələr verə bilər.
– Xocalı Soyqırımını və ümimiyətlə Qarabağ hadisələri (Azərbaycan Torpaqlarının Ermənistan Tərəfindən İşğalı) mövzusunda elmi (tarixi, siyasi, hüquqi, mədəni ) mövzuların işlənməsi və xarici dillərdə nəşr edilməsi təşviq edilməli, bu sahədə konkret plan və proqram hazırlanmalıdır.
– Xocalı Soyqırımı mövzusunda  həqiqətləri dünyaya çatdırmaq için beynəlxalq kino festifallarında və müsabiqələrində iştirak edəbiləcək səviyyəyə malik sənədli və bədii filmlərin çəkilməsi məqsədə uyğun olar.
– Xocalı Soyqırımı (eləcədə torpaqlarımızın işğalı) mövsusunda hər ili keçiriləcək beynəlxalq rəsim sərgisi təşkil edilmesi faydalı olar.   
ABAD Azərbaycan, ümummilli faciəmiz və insanlıq üçün ləkə olan Xocalı Soyqırımının beynəlxalq hüquqi-siyasi qiymət alması üçün verdiyi təkliflərin müzakirəyə açıq oldugunu, Xocalı Soyqırımının lazımı beynəlxalq hüqiqi qiymət alması üçün göstəriləcək hər təşəbbüsü dəstəklədiyini və bu mövzuda üzərinə düşən hər vəzifəni yerinə yetirməyə hazır olduğunu bəyan edir.
ABAD (Azad, Bütöv, Adil, Demokratik) Azərbaycan
24 fevral 2004 Ankara-Türkiyə

Dr. Nazim Cəfərsoy