Avropa

Avropada “qaz kabusu” davam edir

Pinterest LinkedIn Tumblr

Fransız inqilabından sonra Avropadakı siyasi abu-havanı xarakterizə edənlər “köhnə qitədə monarxların qorxusu olan inqilab kabusunun dolaşdığını” qeyd edirdilər. Soyuq müharibə illərində isə Avropada “komunizm kabusu” gəzirdi. 2006-cı ildən etibarən isə xüsusən qış aylarında Avropada “qaz kabusu” mövzusu aktuallaşmağa başlayıb. “Qaz kabusu”nun səbəbi Rusiya ilə Ukrayna arasında son bir bir neçə ildir yaşanan enerji anlaşmazlığıdır. Hər ilin qış ayları ərəfəsində bu iki ölkə arasında qaz alqı-satqısıyla bağlı çıxan mübahisələr səbəbiylə Avropa Ukrayna vasitəsiylə Rus qazını almaqda problemlə qarşılaşır.
Artıq ənənəviləşən “qaz məsələsində” növbəti problemin çıxması təhlükəsi yenidən baş göstərib. Belə ki, noyabrın əvvəlində Rusiya Federasiyasının Baş Naziri Vladimir Putinin Ukraynalı həmkarı Yuliya Timoşenko ilə telefon danışığından sonra verdiyi açıqlamada Ukraynanın qaz borcununu ödəməkdə çətinlik çəkəcəyinin anlaşılıdğını bildirib. Rusiya ilə Ukrayna arasında növbəti qaz probleminin səbəbi isə Ukrayna enerji şirkəti “Naftoqaz Ukraina”nın “Qazprom”a oktyabr ayında istifadə etdiyi Rus qazının borcunu ödəyə bilməməsi olub. Timoşenko, dövlət şirkətinin bu borcu özünün ödəməyə imkanının olmadığını, Prezident Yuşenkonun isə Ukrayna dövlətinin təxminən 500 milyon ABŞ dolarına çatan bu borcu ödəməsinə mane olmasından şikayətçi olub. Putin məsələ barədə AB-nin fəaliyyətdə olan sədri İsveçin Baş Naziri Fridrix Reyinfeldtlə telefonla danışıb və bu problemin Avropaya qaz nəqlində problem yarada biləcəyini qeyd edib. Yeni bir qaz probleminin çıxmaması və prosesə AB-nin müdaxiləsi ilə Ukrayna borcu ödəmək üçün Beynəlxalq Valyuta Fondundakı istiqrazlarından (SDR) bir hisəsinin dollara çevirərək ödəmənin son günü olan 7 noyabrda borcunu ödəyib. Beləliklə növbəti qaz böhranın çıxmasına son anda mane olunub. Ancaq həm rəsmilər, həm də analitiklər noyabrın sonunda yeni qaz böhranının yaşanması təhlükəsinə diqqəti cəlb edirlər.
Rusiya ilə Ukrayna arasında qaz böhranın çıxmasında son dövrlərdəki ən mühüm səbəb 2010-cu ilin yanvar ayında Ukraynada prezident seçkliərinin keçirilməsidir. Əvvəla, xüsusən eyni siyasi bazaya soykənən Prezident Yuşenko ilə Baş Nazir Timoşenka arasında yeni seçkilərdə daha çox seçicinin dəstəyini almaq üçün mübarizə gedir. Bu çərçivədə hər iki iqtidar nümayəndəsi xalqın qarşılaşdığı problemlərdə günahı bir-birinin üstünə atmağa çalışırlar. İkincisi, Rusiya da enerji amilindən sitifadə edərək ölkədəki siyasi mübarizəyə öz maqarları çərçivəsində təsir göstərməyə çalışır. Xatırladaq ki, prezident Dmitri Medvedev yayda verdiyi açıqlma ilə Rusiya və Ukrayna arasındakı münasibətlərin Yuşenko dövründə çox pisləşdiyini vurqulamış, normallaşmanın ancaq yeni hakimiyyətlə mümkün olacağını açıqlamışdı. Ukraynada mövcud şərtlərdə hakimiyyət mübarizəsində ən şanslı görünənlərin keçmiş baş nazir Viktor Yanukoviç ilə mövcud hükümət başcısı Timoşenkonun olduğu müşahidə edilməkdədir. Rusiya bu prosesdə ənənəvi müttəfiqi, ancaq tək başına iqtidara gələ bilməyən Yanukoviçlə, Qərbin keçmiş müttəfiqi və son dövrlərdə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışan “narıncı xanım” Timoşenko arasında manevr etməyə çalışır.

Dr. Nazim Cəfərsoy