Hərbi-təhükəsizlik

Türkiyə-İsrail münasibətləri növbəti dəfə dünya gündəmində və yenə gərginliklərlə

Pinterest LinkedIn Tumblr

Türkiyə-İsrail münasibətləri 2010-cu ilin ilk günlərində də yenə dünya gündəminin əsas mövzularından biri oldu. Yanvarın 12-də Ərdoğan Livanın Baş Naziri Saad Hariri ilə Ankaradakı görüşündən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən, İsrailin əleyhinə sərt ifadələr işlətdi. Ərdoğan İsraili BMT-nin qərarlarına əməl etməməklə, nüvə silahına sahib olmaqla və hətta Qəzzədə dinc əhaliyə kütləvi qırğın silahlarından istifadə etməklə günahlandırdı. Yanvarın 11-də isə “heç bir sənən göstərmədən yenidən Qəzzəni bombaladığını” vurğuladı və İsrailin bu addımlarına qarşı Türkiyənin səssiz qalmasının mümkün olmadığını qeyd etdi. Ərdoğan, “İsrailin qayda qanun tanımadan istədiyini etməyə çalışan dövlət olduğunu” iddia etdi.

Elə həmin gün məsələyə münasibət bildirən İsrailin Xarici İşlər Nazirliyi Türkiyənin açıqlamalarını “mədəni ölçüləri aşan həddini bilməzlik” (“küstahlıq”) kimi qiymətləndirdi. İsrail XİN-in açıqlamasılndakı “İsrail ordusuna insanlıq dərsi verə biləcək ən axırıncı millət Türklərdir” ifadəsi Türkiyədə sərt reaksiyaya səbəb oldu.

Əsas böyük hadisə isə bundan bundan bir qədər sonra baş vermişdir. İsrail Xarici İşlər Nazirinin Müavini Denni Ayalon Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkolu İsrail Parlamentindəki (Knessetdəki) otağına dəvət edərək onunla görüş keçirmişdir. Görüşdə həm onunla jurnalistlərin önündə əl görüşməmiş, həm də qonaqlarını daha kiçik (alçaq) yerə oturtduqdan sonra, İbrani dilində Yəhudi jurnalistlərlə söhbət edərək iki məsələni (əl görüşməmək və daha aşağı, alçaq yerə oturtmaq) də qonaqlarını təhqir etmək üçün etdiyini vildirmişdir. Bu görüntülər daha sonra ictimaiyyətə yayılmışdır və Türkiyə məsələyə sərt reaksiya göstərərək İsrailin üzr istəməsini tələb etmişdir.

İsraildə hadisəyə əsasən iki cür reaksiya olmuşdur. Bir qrup Ayalonun bu addımının çox səhv olduğunu qeyd etmiş və onu istefaya dəvət etmişdir. Başqa bir qrup isə müəyyən etik normaların pozulduğunu, amma hadisəni çiçirtməyə ehtiyac olmadığını qeyd etmişdir.

Türkiyənin etirazları sərtləşdikcə və üzr istənilməsi tələbi qətiləşdikcə İsrail Xarici işlər Naziri Lieberman problemlərin dialoq yoluyla həll oluna biləcəyini açıqlamış, hakimiyyətin ortaqlarından olan İşçi Partiyasından olan millət vəkili Ben Simon isə, Baş Nazir Netanyahudan Liebermanı vəzifədən almasını tələb etmişdir. Ölkənin ən nüfuzlu liberal təmayüllü qəzetlərindən Haaretz və digər bəzi nüfuzlu media orqanları Ayalonun hərəkətini sərt tənqid edən materiallar dərc etmişdir.

Yanvarın 12-də gecəyə doğru Ayalon “yanlış anlaşıldığını və məqsədinin dilpmatları təhqir etmək olmadığını” açıqlamışdır. İsrail tərəfi bu açıqlamanın üzr istəmək üçün kifayət etdiyini bildirərək, Türklərə “başqa bir üzr gözləməməyi məsləhət” bilmişdir. Amma yanvarın 13-də günboyu Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun, Baş Nazir Ərdoğanın açıqlamalarına prezident Gülün açıqlaması da əlavə olununca vəziyyət dəyişmişdir. Gül, İsrail Baş Nazirinin və Xarici İşlər Nazirinin “artıü üzr istənilib və əlavə üzr istəmə olmayacaq” açıqlamasını qəbul etmədiklərini, “açıq şəkildə üzr istənməyəcəyi təqdirdə səfirin bu gecə geri çağrılacağını” bildirmişdi. Yayılan məlumatlara görə Çelikkol 14 yanvar tarixli iki reys üçün təyyarə biletini artıq almışdı.

Yanvarın 13-ü saat 18.45-də başqa üzr ismətə olmayacaq deyən İsrail tərəfi saat təxminən 20.00-da Türk tərəfinə “üzr” məktubunu göndərdi.   Məktubda “Sizə hörmətsizlik etmək niyyətim olmamışdır. Təşəbbüsün belə alındığı üçün üzr istəyirəm. Lütfən bunu böyük hörmət etdiyimiz Türk xalqına çatdırın.” ifadələri yer alırdı. Üzr istəmə məktubunun yazılmasında  İsrail prezidenti  Şimon Perezin təsirinin olduğu da qeyd olunur. Çelikkol aldığı məktubu dərhal Ankaraya göndərmiş, Ankaradakı məsləhətləşmələrdən sonra üzrün qəbul olunmasına qərar verilmişdir. Beləcə, növbəti böhranlı mərhələ başa çatmışdır. 

Bu prosesdə əvvəla birbaşa bir mövzu gündəmdə olmadan Türkiyənin İsrailə ittihamlar ünvanlaması, daha sonra isə iki mərhələdə İsrail rəsmilərinin Türk rəsmilərini və ümumən Türkləri təhqir etməsi göstərir ki, Türkiyə-İsrail münasibətləri yaxın gələcək üçün xüsusi yaxşılaşma vəd etmir. Xüsusilə son amil Türkiyə tərəfində ikitərəfli münasibətlər dərin yara vuran amil kimi hələ uzun müddət təsirli olacaqdır.

Xatırladaq ki, bu hadisə baş verən mərhələdə həm İsrail Müdafiə Naziri Ehud Barakın növbəti Türkiyə səfərinə hazırlıq görülürdü. Həm də Heron tenderi ilə bağlı yaranmış problemin aradan qaldırılması üçün Türkiyənin nümayəndə heyəti İsraildə səfərdə idi (səfər davam edir). Bu istiqamət Türkiyə-İsrail münasibətlərinin strateji istiqaməti olmaqla yanaşı həm də münasibətlərin gələcəyinə işıq tutması baxımından ən əhəmiyyətli istiqamətdir. Qeyd olunan bu iki səfərin nəticələri bu mənada xüsusi əhəmiyyət daşıyacaq.

Araz Aslanlı