Hərbi-təhükəsizlik

Qarabağ problemi: yolun harasındayıq?

Pinterest LinkedIn Tumblr

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi (Qarabağ problemi) Soçidəki son danışıqlar prosesi ilə yenidən dünya gündəmində əsas mövqulardan biri oldu. Son dövrlərin praktikası Soçi danışıqlarından sonra daha da güclənərək davam edir: ABŞ, Rusiya, Fransa, Türkiyə və digər dövətlərin ən yüksək səviyyəli rəsmilərinin görüşlərində Qarabağ problemini daha geniş çərçivədə müzakirə olunur. Müxtəlif rəsmi və qeyr-rəsmi mənbələr isə gah problemin artıq həl edilmək üzrə olduğunu, gah da heç bir irəliləyişdən danışmağın mümkün olmadığını qeyd edirlər. Hətta dəfələrlə müşahidə olunur ki, tərəflərin (Azərbaycan və Ermənistan) və vasitəçilərin (ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və vasitəçi dövlətlərin digər yüksək səviyyəli rəsmilərinin) bir açıqlaması daha öncəki (hətta bir neçə gün öncəki) açıqlaması ilə təzad təşkil edir. Bəs bu hal nədən qaynaqlanır, problem həll olunmaq üzrədirmi, yoxsa hələ yolun başındayıq?
Tərəflər və vasitəçilər bütün proses boyunca olduğu kimi son dövrlərdə də yenə ciddi irəliləyişlər olduğunu, amma bəzi məsələlərlə bağlı mübahisələrin davam etdiyini açıqlamışdır. Danışıqlar prosesinin ilk günündən (ən azı 1990-cı illərin ortalarından) bu günə qədər keçilən yola, verilən açıqlamalara nəzər salındıqda, son rəsmi açıqlamaları və mövcud durumu irəliləyiş kimi görmək qeyri-mümkün olur.
Problemə bağlı həll təşəbbüslərinin uğur qazana bilməsi və problemin  həllinin ədaləti təmin edici və uzunmüddətli xarakterə malik olması üçün, problemin tarixinin, həll təşəbbüslərinin detallı bilinməsi, problemin əsl mahiyyətinin ortaya qoyulması zəruridir.
Problemin tarixinə nəzər saldıqda, ilk təməllərinin böyük güclərin bölgəyə bağlı siyasətlərinə, bu çərçivədə bölgədəki etnik köçlərə qədər getdiyi görünür. Xüsusilə, Rusiyanın 18-ci əsrdən etibarən getdikcə güclənməsi, regional hakimiyyətini genişləndirməyə və cənuba doğru genişlənməyə çalışması, bu çərçivədə Qafqazda “forpost” kimi istifadə edə biləcəyi dövlət qurumlarına ehtiyac duyması, bu ölkənin bölgədə etnik köçlər həyata keçirməsinə səbəb olmuşdur.
Rusiyanın XIX əsrin ilk yarısında Osmanlıyla və İranla (Qacarlar) apardığı müharibələr və imzaladığı müqavilələr bölgənin etnik tərkibinin dəyişdirilməsi baxımından çox ciddi nəticələr meydana gətirmişdir. Rusiya ilə İran arasında imzalanan 1828-ci il tarixli Türkmənçay müqaviləsi, İran torpaqlarında yaşayan yüz minlərlə Erməninin bu müqavilə nəticəsində Rusiyanın nəzarətində qalan Qarabağ bölgəsinə və bu günkü Ermənistan torpaqlarına köç etdirilməsini nəzərdə tutmuşdur. Osmanlı ilə Rusiya arasında imzalanan 1829-cu il tarixli Edirne müqaviləsi ilə də 85.000-ə yaxın Erməni Qarabağ bölgəsinə gətirilmişdir. Hazırda o dövrlərlə bağlı ən etibarlı mənbələr kimi qəbul edilən nüfuzlu Rus tarixçilərinə görə bu proseslər nəticəsində 1800-ci illərin ortalarına qədər cəmi bir milyona yaxın Erməni, bu günkü Ermənistan torpaqlarına və Qarabağ bölgəsinə yerləşdirilmişdir.
Qafqazda Ermənilərin sıx yaşadığı bölgələr yaradıldıqdan sonra ikinci mərhələ kimi XX əsrin əvvəlində bir Erməni dövləti qurulmuşdur. XX əsrin əvvəlləri mövzumuz baxımından iki nüans üzrə diqqət çəkmişdir. Əvvəla, bu dövrdə Türkiyənin şərqində və ümumiyyətlə Qafqazda Erməni hərəkatları xarici güclər tərəfindən dəstəklənilmişdir. Bunun yanı sıra diqqət çəkən digər nüans, Rusiyanın xüsusilə Cənubi Qafqaz bölgəsində mərkəzi rəhbərliyə qarşı güclənən milli hərəkatları bir-birləriylə düşmən edərək zəiflətmək taktikası olmuşdur.
SSRİ-nin qurulması prosesində Azərbaycan daxilində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurumun yaradılması, bu qurum içərisində Ermənilərin etnik sıxlığının təmin edilməsi və DQMV-nin Ermənistana birləşdirilməsi üçün geniş hazırlıqların SSRİ daxilində və xaricində davam etdirilməsi, SSRİ-nin dağılması prosesində bölgədə münaqişənin alovlanmasına səbəb olmuşdur. İlk başlarda qarşılıqlı etnik nifrət artmış, Azərbaycan-Ermənistan sərhəddində və Azərbaycan daxilindəki keçmiş DQMV ərazisində kiçik miqyaslı münaqişələr baş vermiş, 1992-ci ilin iyunundan etibarən kiçik münaqişələr müharibəyə çevrilmişdir. Bu dövrə qədər Ermənistanın milli orduya sahib olduğu halda Azərbaycanda mövcud olan rəhbərliklərin milli ordu qurulması mövzusuna isti baxmaması ucbatından, Ermənistan ordusu Azərbaycan ərazilərinin təxminən 5%-ini işğal altında saxlamışdır. Bu müddətdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Erməni qüvvələrinin, bölgədəki 366 saylı Rus hərbi bazasının dəstəyiylə, həyata keçirdikləri XOCALI  SOYQIRIMI bir çox xarici dövlətin və beynəlxalq qurum da sərt reaksiyasına səbəb olmuş, lakin bu soyqırımı törədənlər hələ də məsuliyyətə cəlb edilməmişdir.
1992-ci ilin iyunundan noyabrına qədər olan dövrdə Azərbaycan ordusu Ermənistan işğalı altındakı torpaqlarının böyük bir qisimini işğaldan azad edə bilmişdir. Lakin, 1992-ci ilin sonlarından etibarən Ermənistan müharibəni öz lehinə çevirə bilmiş, Azərbaycan torpaqlarının daha çox hissəsini işğal etmişdir. Ermənistan ordusunun 27 Mart-3 Aprel 1993 tarixləri arasında davam edən hücumları nəticəsində Azərbaycanın Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edilmişdir.
BMT Təhlükəsizlik Şurasının problemə bağlı ilk qərarı bu işğaldan sonra alınmışdır. 822 saylı bu qərar, işğal edilmiş Kəlbəcər rayonunun qeyd-şərtsiz və dərhal tərk edilməsinin zəruriliyini vurğulamışdır. Lakin, Ermənistanın yürütdüyü siyasətin beynəlxalq qurumlar tərəfindən xoş görülməsinin də təsiriylə bu qərar tətbiq oluna bilməmişdir. Bunun nəticəsi kimi, 1993-cü ilin sonuna qədər Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə, BMT Təhlükəsizlik Şurası da bu işğallara son verilməsini istəyən (təsirsiz) qərarlar verməyə davam etmişdir.
Eyni dövrlərdə, müxtəlif beynəlxalq qurum səviyyəsində problemin həlli üçün cəhdlər davam etmişdir. Bu mövzuda ən səlahiyyətli qurum kimi ATƏT-in Minsk qrupu yaradılmışdır. Minsk qrupunun və Rusiyanın xüsusi səyləri nəticəsində 1994-cü ilin mayında Azərbaycan ilə Ermənistan arasında atəşin dayandırılmasını nəzərdə tutan bir razılaşmalar imzalanmışdır. Bəzi hallarda pozulsa da atəşkəs, Ermənistan işğalıyla birlikdə indiyə qədər davam etmişdir.
Qeyd edək ki, proses boyunca iki məqam xüsusi diqqət cəlb etmişdir. Bunlardan biri xarici amillə, digəri daxili amillə bağlıdır. İlk dəfə bir münaqişədə Rusiya, ABŞ, İran və Avropanın bəzi aparıcı dövlətləri müxtəlif istiqamətlər (hərbi, siyasi, maddi-mənəvi) üzrə eyni tərəfi (Ermənistanı) dəstəkləmişdir. Diqqət çəkən başqa bir məqam isə ondan ibarətdir ki, müharibə boyunca bütün prinsipial məqamlarda Ermənistanda həmrəylik nümayiş etdirildiyi halda, Azərbaycanda daxili problemlər müharibədən önə keçə bilmişdir. Xüsusilə bu iki amil müharibənin ilk mərhələsinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsiylə nəticələnməsinə səbəb olmuşdur.
Mövzuyla bağlı səylərin indiyə qədər hələ də nəticəsiz qalmasında digər məqamlarla yanaşı, bölgənin şərtlərinin və xüsusiyyətlərinin kifayət qədər diqqətli qiymətləndirilməməsi, problemin tarixçəsinin və əsl mahiyyətinin göz ardı edilməsi, beynəlxalq hüququn əsas prinsiplərinin reallığa və bəzi dövlətlərin maraqlarına (həm daxili siyasi proseslərinə, həm də bölgəylə bağlı maraqlarına) qurban verilməsi xüsusi diqqət cəlb etmişdir. Şühbəsiz ki, problemin əsl mahiyyəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və sərhədlərini genişləndirməyə çalışmasıdır. Eyni zamanda problemin tərəfi halına gətirilən Azərbaycan içərisindəki Erməni azlığın vəziyyətinin nə olacağı, onların hüquqlarının hansı formada təminat altına alınacağı da vacib bir mövzudur.
Qeyd edək ki, azlıq hüquqlarına dair bütün beynəlxalq sənədlərdə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri xüsusi şəkilkdə vurğulanır. Çünki, bütün hüquqi sənədlər kimi azlıq hüquqlarıyla bağlı sənədlərin də əsas məqsədi, insanların bir yerdə, azad, rahat, demokratik mühitlərdə yaşamalarını təmin etməkdir. Hüquqlara bağlı sənədlərin münaqişələri təhrik edici, sabitliyi, sülhü pozucu, təhlükəsizliyi təhdid edici şəkildə şərh olunması və tətbiq olunması əsas hüquqi sənədlərə ziddir. Azərbaycan içərisindəki Erməni azlığın hüquqlarının qorunması mövzusunun da bu çərçivədə qiymətləndirilməsi faydalı olacaqdır.
Problemin həqiqi mənada həll olunması üçün Azərbaycan torpaqları üzərindəki Ermənistan işğalının qeyd-şərtsiz və dərhal aradan qaldırılması vacibdir. Çünkü işğalın davam etməsi, problemi içindən çıxılmaz bir hala gətirməkdədir. İşğalın aradan qaldırılması üçün ya beynəlxalq güclər vasitəsilə bir sülh planın hazırlanması və dərhal bu planın tətbiq olunmasının təmin edilməsi, ya da Azərbaycan zəruri müdafiə hüququndan istifadə edərək Ermənistan ordusunu öz sərhədləri xaricinə çıxarması lazımdır. Hazırkı mərhələdə isə bütün bunlar çox da yaxın görünmür. Çox az təsəlli tapılacaq məqamlar var ki, bunlardan ən vacibi Azərbaycanın müharibənin ilk mərhələsində əleyhinə olan amilləri lehinə çevirmə potensialına sahib olmasıdır. Azərbaycan prosesin əvvəlinə nisbətən xarici əlaqələrini xeyli gücləndirmiş və Erməni lobbisinin xaricdəki təsir imkanlarını xeyli dərəcədə balanslaşdırmış, iqtisadi qüdrətini artırmışdır. Amma bu son deyil. Çünkü, ədalətli həll yolunda ciddi irəliləyiş yoxdur. Bu nöqteyi-nəzərdən baxdıqda belə görünür ki, hələ yolun başındayıq.

Araz Aslanlı