Amerika

Vaşinqton görüşü regiona nə vəd edir?

Pinterest LinkedIn Tumblr

Türküstan qəzeti
18 Aprel 2010-cu il
Aprel ayı növbəti dəfə Türkiyə-Ermənistan münasibətlərində hərəkətliliklə müşahidə olunur. Əvvəlcə, Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri (müstəşar) Firudin Sinirlioğlu Baş Naziri Rəcəb Tayip Ərdoğanın xüsusi nümayəndəsi kimi aprelin 7-də Ermənistana gedib. Bu barədə öncədən məlumat verilməyib. Sadəcə olaraq həmin gün Parisdə rəsmi səfərdə olan Ərdoğan jurnalistlərlə görüçündə bunu açıqlayıb. Daha sonra məlumat elə həmin gün Ermənistan Xarici İşlər Naziri Eduard Nalbandyan tərəfindən də təsdiqlənib. Sinirlioğlunun Ermənistan səfərində Sarkisyana bir məktub çatdırdığı, bu məktub və şifahi mesajda Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə  sadiq qaldığı, Sürix protokollarının altındakı imzasından çəkilmək fikrində olmadığı, Sərkisyanla Vaşinqtonda görüşərək danışıqlar aparmağa hazır olduğu, Türkiyə protokolların parlamentdə təsdiqlənməsi prosesini başlatmağa hazır olduğu qeyd olunub.

Sinirlioğlunun Ermənistan səfəri barədə məlumatdan dərhal sonra onun Bakıya səfər edəcəyi barədə məlumat da yayılıb. Bildirilib ki, Türkiyə tərəfi Ermənistanla müzakirələrinin “Azərbaycanı oyundan kənarda qoymaq” məqsədini güdmədiyini göstərmək üçün Bakını da məlumatlandırmağa davam edəcək (bu, indiyə qədər Bakıdan gizlin aparılan bəzi danışıqların detallarının Ruslar tərəfindən Bakıya ötürülməsi faktından sonra baş verir və çox güman ki, həm də növbəti belə bir faktın qarşısını almaq məqsədi güdür). Bu arada Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu Azərbaycan Xarici İşlər Naziri  Elmar Məmmədyarovazəng vuraraq ona Ermənistanla aparılan müzakirələr barədə məlumat verib. Aprelin 9-da isə Sinirlioğlu Bakıya gəlib və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.

Aprelin 12-də Vaşinqtonda Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan Prezidenti Serj Sərkisyanın görüşü baş tutub.  Xatırladaq ki, hər iki lider Vaşinqtona nüvə təhlükəsizliyi sammitinə iştirak etmək üçün gediblər. Ərdoğanla Sərkisyan arasındaki görüş Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu, Xarici İşlər Nazirliyi Aparatının Rəhbəri Firudin Sinirlioğlu, Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan və Ermənistan Prezident Aparatının rəhbəri Vigen Sərkisyan iştirakı ilə keçirilib. Görüş 1 saat 15 dəqiqə çəkib. Görüşdən sonra tərəflər görüşün mahiyyəti barədə mətbuata xüsusi açıqlama verməyiblər. Ancaq Sarkisyan daha sonra verdiyi açıqlamada, “Türkiyənin Erməni xalqıyla ön şərt iləri sürərək danışmağa çalışdığını, amma buna icazə verməyəcəklərini” iddia etmişdir. Ümumilikdə “sızdırılan” məlumatlarda görüşdə Sürix protokollarının, ümumən münasibətlərin və xüsusilə Ərdoğanın göndərdiyi son məktubun müzakirə edildiyi bildirilir.

Proses dünya tərəfindən də diqqətlə izlənilir. Xüsisilə ev sahibi ölkə olan ABŞ-ın rəsmiləri hər iki heyət ilə ikitərəfli görüşlər keçirərək, onları münasibətlərini yaxşılaşdırmağa, protokolların təsdiiqini sürətləndirməyə çağırıblar. Ərdoğan Vaşinqton səfərindən qayıdarkən aprelin 14-də keçirdiyi mətbuat konfransında, xarici işlər nazirləri səviyyəsində danışıqların intensivləşdirilməsi barədə razılığa gəldiklərini açıqlayıb. Oxşar açıqlama “Ağ Ev”-dən də verilib. Ərdoğan mətbuat konfransında Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması üçün işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsinin şərt olduğunu bir daha təkrarlayıb, ilkin mərhələ üçün Ağdam və Fizuli rayonlarının adlarını çəkib.

Qafqazdakı proseslərlə bağlı hərəkətlilik artır. Ermənistan ictimaiyyəti və müxtəlif ölkələrdəki (o cümlədən, ABŞ-dakı) Erməni lobbisi isə maksimum fəallıq göstərərək, gedən proseslərdən Erməni tərəfinin mümkün qədər çox uduşla çıxmasını təmin etməyə çalışırlar. Onlar ən kiçik güzəşt xarakterli addımın belə qəbuledilməz olduğu görüntüsünü yaradaraq, Türkiyəni daha çox güzəştə getməyə məcbur etməyə çalışırlar. ABŞ-dakı Erməni təşkilatlarının Ermənistan prezidentinə müraciət edərək uydurma “soyqırım” iddialarının tanınması üçün Obamaya “təzyiq göstərməyi” istəmələri və Erməni müxalifətinin bu mərhələdə xüsusi fəallaşmaları digər bəzi məqamlarla yanaşı həm də bu məqamla bağlıdır.

ABŞ və eyni zamanda Türkiyə daha çox önümüzdəki “24 apreli yola verməyə çalışan ölkə” təsiri bağışlayırlar. Hazırkı proseslər həm də buna istiqamətlənib. Obama keçən il istifadə etdiyi ifadədən (ki, keçən il Ermənilərin öz dillərində uydurma “soyqırım” hadisələri üçün istifadə etdiyi termindən istifadə etmişdi), hətta bir qədər ağır çıxış mətnindən istifadə etsə belə Türkiyə rəhbərliyi Obamanın “genosid” (“soyqırım”) kəliməsindən istifadə etmədiyi, o cümlədən ABŞ parlamentindəki soyqırım iddiaları ilə bağlı qərarın qarşısının alınması da daxil olmaqla istənilən variantın daxil olduğu prosesi uğur kimi qəbul edərək yola davam etməyə çalışacaq. Öz növbəsində Obama hakimiyyəti də, “genosid” terminindən istifadə etmədən “genosid” barədə danışaraq mümkün qədər həm Erməni lobbisini razı salmağa, həm də öz mövqeyini (Türkiyə-Ermənistan münasibətlərindəki yaxşılaşma təşəbbüslərinə zərər verməmək) əsaslandırmağa çalışacaq.

Azərbaycan haqlı olaraq işğalçı Ermənistanın mövqeyində dəyişiklik olmadan bu dövlətin lehinə olacaq regional və qlobal siyasi dəyişikliklərin əleyhinə çıxış edir. Təbii ki, hansı dövlət tərəfindən verilməsindən asılı olmayaraq Ermənistanı mükafatlandıran ya da bu görüntüyə sahib olan qərarlarla razılaşmayacaq.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu aprelin 12-də Azərbaycan KİV-ə verdiyi müsahibədə Azərbaycanın Qafqazdakı problemlərin həllinin ayrılmaz hissəsi olduğunu, onun prosesdən kənarlaşdırılmasından söhbət gedə bilməyəcəyini, bunun Türkiyə üçün yolverilməz olduğunu qeyd etmişdir. Davudoğlu xüsusi vurğulamışdır ki, Sürix protokollarının əsas hədəflərindən biri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması olmuşdur. O qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət dərk etməlidir ki, Cənubi Qafqazda təktərəfli sülh mümkün deyil. Xatırladaq ki, Davudoğlu aprelin 19-da Bakıya gələrək yüksək səviyyəli görüşlər keçirəcək.

Türkiyənin mövqeyindəki bu nüans onun mövqeyini daha aydın ortaya qoyur: “Biz ABŞ administrasiyasına izah edirik ki, Dağlıq Qarabağ problemi həll olunmadan regionda daimi sülhə nail olmaq mümkün deyil. Biz tam inanırıq ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı həm regional, həm də qlobal miqyasda Qafqazda əməkdaşlığı əngəlləyir.”

Xatırladaq ki, Sürixdə imzalanan protokolların taleyi ilə bağlı sonrakı açıq proseslər arzulandığı kimi getməmişdi. Həm Ermənistan, həm də Türkiyə daxili və xarici səbəblərə görə protokollarla bağlı prosesə tam sadiq qalmamışdılar. Türkiyəyə və ABŞ-a 24 aprel öncəsində protokollarla bağlı müəyyən irəliləyiş və Erdoğan-Sarkisyan görüşü vacib lazımdır. Ermənistan üçün isə bu proses xüsusilə Türkiyə-Azərbaycan münasibətlərində mümkün yeni gərginlik və Qafqazdakı mənzərədə mümkün yeni dəyişiklik üçün vacibdir. Amma, eyni zamanda, hazırkı ümumi mənzərə fonunda Ermənistan işğal altındakı Azərbaycan ərazilərinin müəyyən hissəsini azad etmədən Türkiyə-Ermənistan münasibətlərində xüsusi yaxşılaşmanın baş verməsi ehtimalı sıfıra yaxındır. Türkiyənin daxili ictimai-siyasi amilləri və Türkiyə-Azərbaycan münasibətlərinin təxminən son 1 illik mərhələsi buna imkan verməcəyək. Türkiyə rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir. Tam əksinə bunu qeyd etmək mümkündür ki, Türkiyə son bir ildəki manevrləri ilə beynəxalq diqqəti regiona çəkərək, Qarabağ məsələsini daha yüksək səviyyədə gündəmə gətirməyə nail olmuşdur. Qardaş ölkənin rəhbərləri eyni zamanda keçirdikləri bütün görüşlərdə və Azərbaycanın istər təmsil olunduğu, istər də təmsil olunmadığı beynəlxalq tədbirlərdə Azərbaycan ərazilərinin Ermənistan işğalı altında qalmasını yüksək səviyyədə gündəmə gətirmişdir. Beləcə, son proseslər ilə həm Qarabağ məsələsinə, həm də qardaşlığa ciddi tövhələr vermişdir.

Araz Aslanlı