Avropa

Türkiyədə hakim partiyanın mövqeyi zəifləyir

Pinterest LinkedIn Tumblr

Türküstan qəzeti, 2 may 2010
Türkiyədə daxili və xarici siyasi məsələlərlə bağlı gərginliklər artdıqca hakim Ədalət və İnkişaf Partiyasının mövqeyi də zəifləməyə başlayır. Türkiyənin illərdir yığılıb qalmış bütün problemlərini həll etmək iddiası ilə hərəkət edən hakim AK Parti ilk hakimiyyəti illərində “daxildə iqtisadi sabitlik yaradan, azadlıqları və demokratiyanı gücləndirməyə çalışan, ancaq maneələrlə üzləşən, xaricdə isə regional və qlobal iddiaları olan” partiya görüntüsünə sahib olsa da, ikinci hakimiyyəti illərində onun imici “daxili və xarici siyasətdə nələrsə etməyə çalışan, ancaq həll etmək istədiyini demək olar ki, hər məsələni yarımçıq qoyaraq yeni bir mövzuya keçən, özü üçün demokratiya, başqaları üçün müəyyən dərəcədə qanunsuzluq tətbiq edən partiya” kimi olub. PKK terrorunun güclənməsi, qlobal iqtisadi böhranın təsirləri, Türkiyə-Ermənistan münasibətlərində atmaq istəyiyi addımlar və bunun Türkiyə-Azərbaycan münasibətlərinə təsiri kimi məqamlar hakim partiyanın mövqeyini xeyli dərəcədə zəiflədib.

Türkiyənin ictimai tədqiqatlar üzrə ən nüfuzlu şirkətlərindən biri olan SONAR-ın seçkilər və partiyaların nüfuzu ilə bağlı keçirdiyi növbəti rəy sorğusunun nəticələri də bu mənada kifayət qədər maraqlı olub. Xatırladaq ki, SONAR Türkiyədəki son 4 (iki parlament və iki belediyyə) seçkinin nəticələrini öncədən keçirdiyi rəy sorğuları ilə ən düzgün təxmin edən şirkət kimi tanınıb.

SONAR araşdırma şirkəti son rəy sorğusunu 15-21 aprel tarixlərində Türkiyənin İstanbul, Ankara, İzmir, Adana, Antalya, Dənizli, Diyarbakır, Edirne, Eskişehir, Qaziantep, Kayseri, Konya, Mersin, Samsun və Van vilayətlərində müxtəlif sosial-iqtisadi və yaş qruplarından təsadüfi üsulla seçilən 3 min nəfər arasında keçirib. SONAR-ın vətəndaşlara təqdim etdiyi bülletenlərdə əlifba sırasına görə AK Parti, BDP, BBP, BTP, CHP, DP, DSP, HEPAR, Haqq və Azadlıqlar Partiyası, İşçi Partiyası, LDP, MHP, ÖDP, Səadət Partiyası, TKP, Türkiyə Partiyası və Yeni Partiya-nın adları yazılıb. Rəy sorğusunun nəticələrinə görə əgər bu gün Türkiyədə seçki keçirilsə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 25.03 %, anamüxalifətdəki Cumhuriyət Xalq Partiyası (CHP) 23.47 %, parlamendəki digər müxalifət partiyası Milliyətçi Hərəkat Partiyası (MHP) 18.60 %, daha çox Kürd azlığın səslərinə iddia edən Barış və Demokratiya Partiyası (BDP, əvvəllər DEHAP, sonra DTP, hazırda BDP) ) 5.90 %, hakim partiya ilə yaxın sosial bazaya sahib Səadət Partiyası (SP) 4.43 %, Demokrat Partiyası (DP – əvvəllər Süleyman Dəmirəlin və Tansu Çillərin rəhbərlik etdikləri partiya) 3.60 %, Demokratik Sol Partiya (DSP – əvvəllər Bülənt Ecevitin rəhbərlik etdiyi partiya) 3.53 %, Böyük Birlik Partiyası (BBP – keçən il müəmmalı vertalyot qəzasında vəfat edən millət vəkili Muhsin Yazıcıoğlunun qurucusu olduğu partiya) 1.53 %, digər partiyalar isə təxminən 1.83% səs ala bilərlər. Sorğunun nəticələrinə görə hələ də qərarsız olub müəyyən partiyaya səs vermək istəməyənlərin nisbəti isə 12.08 % təşkil edib.

Rəy sorğularının dəyərləndirilməsi üzrə xüsusi sistemlə qərarsızların və mövqe bildirməyənlərin səsləri partiyalara paylaşdırıldıqda səslərin nisbəti belə olur: AK Parti 28.47 %, CHP 26.70 %, MHP 21.15 %, BDP 6.71 %, SP 5.04 %, DP 4.09 %, DSP 4.02 %, BBP 1.74 %, digərləri 2.08 %.

Araşdırmaya görə xalqın böyük əksəriyyəti Türkiyənin ən əhəmiyyətli probleminin işsizlik və bahalılıq olduğunu düşünür. Rəy sorğusunda iştirak edənlər dövlət qurumları arasındakı gərginliyi, xüsusilə, hökümət ilə ordu və məhkəmə sistemi arasındakı gərginliyi və “Kürd açılımı” prosesini də problem kimi qiymətləndirmişdir.

Əslində bu nəticəni Türkiyə daxilində və xaricində çoxları xeyli müddət idi ki, gözləyirdi. Onların gözləntisinə görə, 2000-2002-ci illərdəki siyasi və iqtisadi böhranlar dalğasından faydalanaraq 2002-ci ilin noyabrında təkbaşına hakimiyyətə gələn AK Parti “xalqın yüksək etimadına layiq deyildi”, göstərdiyi nəticə isə “tam təsadüfi” idi. Xatırladaq ki, 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyası 2002-ci ildəki seçkilərdə böyük üstünlük qazanması (34.43%) ilə birlikdə uzun fasilədən sonra ilk dəfə bu ölkədə bir partiyanın təkbaşına hakimiyyəti başlamışdı. AK Partinin sürətlə zəifləyəcəyi ya da hərbi müdaxilə ilə hökümətdən uzaqlaşdırılacağı barədəki tezislər özünü doğrultmamış və bu partiya 2004-cü ildəki bələdiyyə seçkilərində və 2007-ci ildəki parlament seçkilərində də qələbə çalmışdı. Daha sonra isə 2007-ci il seçkilərinə səbəb olan yarımçıq prezident seçkiləri də başa çatdırılmış və AK Partinin namizədi Abdullah Gülün qalib gəlməsiylə bu partiya prezident postunu da əldə edərək mövqelərini daha da gücləndirmişdi. 2009-cu ildəki bələdiyyə seçkilərində isə 2007-ci ildəki parlament seçkilərinə nisbətən az səs alsa da yenə də  seçkilərin qalibi olmuşdu.

Ümumilkdə isə AK Partinin iştirak etdiyi seçkilərdə bu partiyanın və rəqiblərinin aldığı səslərin nisbəti belə olmuşdu:
2002 parlament seçkilərində AK Parti 34.43, CHP 19.41, MHP 8.35, DEHAP (sonralar DTP, hazırda BDP) 6.14, SP 2.49 faiz, 2004 bələdiyyə seçkilərində AK Parti 41.67, CHP 18.23, MHP 10.45 , SHP (DTP ilə ortaq olaraq) 5.15, SP isə 4.02 faiz, 2007 parlament seçkilərində AK Parti  46.58, CHP 20.88, MHP 14.27, SP isə 2.34 (DTP seçkilərə partiya kimi girməmiş, onun namizədləri seçkilərdə fərdi qaydada-müstəqil namizəd kimi iştirak etmişdilər) faiz səs toplamışdı.

Son bələdiyyə seçkisinin nəticəsi isə belə olmuşdu:
AK Parti 38.8
CHP 23.1
MHP 16.1
DTP 5.6
SP 5.2

Son seçkilərdə səsləri azalsa da, keçirilən rəy qorğuları adətən hakim partiyanın 35 % və daha çox səsə malik olduğunu göstərirdi. İndi isə mənzərə tam fərqlidir. Son sorğunun nəticələri gələcək parlament seçkilərində əks olunsa hakim partiya tək başına hökümət qura bilməyəcək. 10%-lik səddi aşaraq parlamentə daxil olacaq digər iki partiya olan CHP və MHP-dən biri çox ciddi dərəcədə fərqli mövqe nümayiş etdirməsə AK Parti ilə koalisiya hökuməti qurmayacaqlar. Belə olan halda, indi mənzərə daha çox CHP-MHP koalisiyasını işarə edir. Düzdür, növbəti parlament seçkilərinə hələ var. Əgər iqtidar müxalifətin növbədənkənar parlament seçkiləri ilə bağlı tələbinə qarşı müqavimət göstərsə, seçkilər 2011-ci ilin iyulunda keçiriləcək. Amma, hazırkı gedişat da hakim partiyaya güclənmə perspektivi vəd etmir. Türkiyə kimi həddindən artiq mürəkkəb siyasi tərkibə və proseslərə sahib bir ölkədə 10 ilə yaxın müddətdə təkbaşına hakimiyyətdə olmaq özü belə (cəmiyyətin yeni iqtidar axtarışı arzusu) seçkiləri uduzmaq üçün ciddi səbəbdir. Buna hakim partiyanın obyektiv və subyektiv məsələlərdən qaynaqlanan xətaları, qlobal iqtisadi böhranın təsirləri, cəmiyyətdə hakim partiyanın ədalətliliyi ilə bağlı şübhələrin güclənməsi və s. də əlavə olunduqda mövcud mənzərənin AK Partinin lehinə dəyişməyəcəyini qeyd etmək mümkündür. Sadəcə, müxalif partiyalarla bağlı sensasiya xarakterli mənfi yeniliklər, ya da AK Partinin dəfələrlə istifadə etdiyi “məzlum rolunu” gücləndirə biləcək hadisələr bu partiyanın mövqeyinin güclənməsinə səbəb ola bilər. Qalan hallarda isə üfüqdə daha çox CHP-MHP koalisiyası görünür.

Araz Aslanlı