Avropa

Rusiya-Ukrayna Razılaşması: Ukrayna “Ermənistanlaşır”mı?

Pinterest LinkedIn Tumblr

Ukraynada Viktor Yanukoviçin prezident seçilməsindən sonra Rusiya ilə bu ölkə arasında münasibətlərdə yeni yaxınlaşma mərhələsinin dövrünün başlaycağı heç kimdə şübhə doğurmurdu. Amma, bu yaxınlaşmanın dərəcəsinə dair fərqli fikirlər mövcud idi. Yeni prezident Yanukoviç maraqlı tərəfləri intizarda qoymayıb və artıq yaxınlaşma gözləntilərini “artıqlaması ilə yerinə yetirməyə” başlayıb.

Prezident Yanukoviçin fevral və Baş Nazir Nikolay Azarovun mart aylarındakı Moskva səfərləri ilə ilk addımları atılan bu prosesdə ən mühüm nəticə isə aprel ayında meydana çıxıb. Belə ki, aprelin 21-də Rusiya Prezidenti Dmitri Medvedev Ukraynanın Xarkiv (Xarkov) şəhərində Yanukoviçlə görüşüb. Xarkivdəki görüşdə Rusiya ilə Ukrayna arasında ənənəvi münasibətlərin inkişaf etdirilməsi, bu çərçivədə iki ölkənin sərhəd bölgələrinin rəhbərləri ilə iqtisadi münasibətlərin və istehsal müəsissələrinin gücləndirilməsi, kiçik və orta biznesin inkişaf etdirilməsi, gömrük və miqrasiya rejimlərinin asanlaşdırılması müzakirə edilib. Hətta Rusiya və Ukraynanın Kerç boğazından körpü ilə birləşdirilməsi belə gündəmə gəlib. Medvedev-Yanukoviç görüşündə bu ilin payızında Rusiyanın Krasnador, 2011-ci ildə Ukraynanın Donetsk vilayətində Rusiya-Ukrayna iqtisadi forumları keçirilməsi razılaşdırılıb. İki prezident arasındakı görüşün ən önəmli nəticəsi isə sadəcə Ukrayna-Rusiya münasibətləri deyil, həm də bölgəsəl, hətta müəyyən mənada qlobal tarazlıq baxımından mühüm olan iki müqavilənin imzalanması olub.

İki ölkə arasında imzalanan ilk müqavilə ilə Rusiyanın Qara dəniz donanmasının 25 il daha, yəni 2042-ci ilə qədər Sevastapolda qalması qərarlaşdılıb. Yenə müqaviləyə görə, əgər tərəflərdən heç biri etiraz etməzsə, razılaşmanın avtomatik olaraq 5 il daha uzadılması nəzərdə tutulub. Sənəddə 2017-ci ilin mayından etibarən Rusiyanın Sevastopoldakı baza üçün Ukraynaya illik 100 milyon dollar ödəməsi də qərarlaşdırılıb. Bundan başqa Rusiyanın Sevastapolun sosyal-iqtisadi inkişafında fəal iştirak etməsi razılaşdırılıb.

Xatırladaq ki, Rusiya 17-ci əsrdən etibarən Qara dənizi öz təsiri altına almaq üçün başda Osmanlı imperiyası olmaqla müxtəlif güclərlə mübarizə aparıb. 20-ci əsrdə isə, Qara dəniz xüsusən soyuq müharibə dövründə SSRİ-nin ən güclü mövqeyə malik olduğu dəniz sayılıb. SSRİ buradakı gücünü isə əsasən qurduğu Qara dəniz donaması ilə təmin edib. Sadəcə bölgənin deyil, həm də SSRİ-nin ən büyük və ən güclü donanması olan Qaradəniz donanması bu imperiyanın dağılması ilə Rusiya və Ukrayna arasında ciddi mübahisə mənbəyinə çevrilib. İki ölkə arasında bu mövzudakı mübahisə 28 May 1997-ci ildə imzalanan 3 sənədlə (Qara dəniz donanmasının iki ölkə arasında bölünməsi, Rusiyanın Qaradəniz donanmasının 20 illiyinə yəni 2017-ci ilin mayına qədər Ukraynada qalmasına, bölünməyə və bazanın kiralanmasına-maliyyə məsələlərinə dair müqavilələr) tənzimlənib. Bu müqavilələrə görə, maksimum 25 min hərbçi və 31 gəmidən ibarət olan Rus donanmasının 2017-ci ilə qədər Sevastapol mərkəz baza olmaqla Kırımda qalması və buradakı keşmiş sovet dəniz hərbi-texniki imkanlarından istifadə etməsi razılaşdırılıb. Sənəddə qeyd olunub ki, tərəflərdən birinin etirazı olmadığı təqdirdə müqavilənin müddəti avtomatik 5 il uzanacaqdır. Sənədlərə görə, Rusiyanın Ukraynaya illik 97,75 milyon $ kira, donanmanın bölünməsi səbəbiylə 529, 509 milyon $ kompensasiya ödəməyi və dövlət borcundan 200 milyon $ silməyi qəbul edib. İki ğlkə arasında eyni dövrdə imzalanan dostluq və əməkdaşlıq müqaviləsindən sonra əldə edlilən bu razılaşma Rusiyanın Kırımın Ukraynaya aidiyatını tanıması əvəzində rəsmi Mosvkaya verilən bir güzəşt kimi şərh edilmişdi. Müqavilə 1999-cu ildə Ukrayna və Rusiya parlamentləri tərəfindən təsdiq edilərək rəsmiləşsə də, xüsusən Ukrayna daxilində mübahisələrə səbəb oldu. 2004-dəki narıncı inqilabdan sonra daha da qızğınlaşaraq başda Ukraynanın o vaxtkı prezidenti Viktor Yuşenko olmaqla müxtəlif səviyyədəki rəsmi dairələrin də açıqca tərəf olduğu bu mübahisələr yenidən Rusiya ilə Ukrayna arasındakı gərginlik mövzularından biri olmuşdu.

Prezidentlərin görüşündən sonra iki ölkə arasında imzalanan ikinci müqavilə isə qaza dair olub.  “Qazprom” və “Naftoqaz” rəhbərləri tərəfindən imzalanan müqavilə ilə iki ölkə 2009-2019 illəri arasında Rus qazının alqısı-satqısı və tranziti tənzimlənib. Sənədə görə, Rusiya Ukraynaya satdığı qazın qiymətini aşağı salıb.  Bu razılaşmaya əsasən  Rusiya qazın hər 1000 m³-na 30 % endirim tətbiq edəcək. Əgər qazın 1000 m³-nun qiyməti 330 $-dan yüksək olarsa  bu endirim 100 $ olacaq. Hər iki prezident açıqlamasında müqavilə ilə Ukrayna iqtisadiyyatının 10 ildə təxminən 40 milyard dollar qənaət edəcəyi vurğulanıb. Belə ki,  müqavilə ilə Ukraynanın bu il Rusiyadan 30 milyard, gələn ildən etibarən isə 40 milyard m³ qaz satın alacağı nəzərdə tutulmaqdadır. Bu çərçivədə Ukraynanın Rus qazı satın alımından  bu il üçün 3 milyard $-a qənaət edəcəyi, sonraki dövrdə isə bu rəqəmin illik 4 milyard $ olacağı hesaplanmaqdadır. Bu müqavilənin hələ də 2010-cu il büdcəsini müəyyənləşdirə bilməyən Ukrayna üçün mühüm bir iqtisadi dəstək olması gözlənilir. İki şirkətin rəhbərləri arasında imzalanan müqavilədə Ukraynanın almadığı qaz üçün cərimə ödəməyəcəyi də qərarlaşdıırlıb. Yenə sənəddə Qazpromun Ukraynaya tranzit xərclərinin 80 faizini mayın 6-sına, geri qalanını isə iyunun 20-sinə qədər ödəməsi razılaşdırılıb.

İki ölkə arasında “qaz əvəzində hərbi baza” yada “iqtisadiyyat əvəzində suverenlik” şəklində xarakterizə edilən bu razlaşmalar Ukrayna daxili, Rusiya-Ukrayna münasibətləri, bölgəsəl və müəyyən mənada qlobal miqyasda təsirlər meydana gətirməyə başlayıb. Artıq iki ölkə parlamentləri tərəfindən təsdiqlənən bu müqavilələr Ukrayna baxımından Rusiya ilə 2019-cu ilə qədər qaz probleminə son qoysa da ölkədə daxili siyasi prosesləri yenidən gərginləşdirib. Hər şeydən əvvəl, Yanukoviçin hakimiyyətə gəldikdən qısa bir müddət sonra və xüsusən hərbi dəniz bazası baxımından bu qədər uzun müddətli  bir  razılaşma imzalası öz komandası üçün belə gözlənilməz olub. Maraqlıdr ki, Ukrayna Xarici İşlər Naziri Konstantin Qrişenko prezident Yanukoviç istədiyi halda onun keçirdiyi mətbuat konfransında iştirak etməyib. Yanukoviç bu razilaşmaların imzalanmasını “keçmiş iqtidarın Ukrayna iqtisadiyatını saldığı çıxılmaz vəziyyətlə” izah edib. Yanukoviç bu razılaşmalarla bir yandan iqdisadi faydalar əldə etsə də, ölkə daxilindəki şərq-qərb bölünməsini daha da gücləndirib. Bazaların yerleşdiyi Kırım da bölünüb. Bölgədə çoxluğu təşkil edən Ruslar razılamayı dəstəklərkən, Ukraynalılar və Tatarlar müqaviləyə etiraz edirlər. Ölkənin bu şəkildə cəbhələşməsi seçkiləri qısa bir fərqlə qazanan Yanukoviçin siyasi mövqeyi üçün ciddi risk yaratmaqdadır. Bu razılaşmalar başta keçmiş prezident Viktor Yuşenko,  baş nazir Yuliya Timoşenko və spiker Arseni Yasenyuk  olmaqla müxalifətin sərt etirazlarına səbəb olub. Yumurta atışları və duman bombası atılması ilə müşahidə olunan parlament müzakirlərindən sonra müqavilələrin təsdiqlənməsi ilə müxalifətin Konstitutsiya Məhkəməsinə müraciət etməsi gözlənilməkdədir. Ancaq son dövrlərdə aldığı qərarlar 18 üzvdən ibarət bu məhkəmənin mövcud tərkibinin hakimiyyətə daha yaxin olduğu göstərir. Bu vəziyyət isə Ukraynada siyasi proseslərin yenidən küçələrə daşınmasını gündəmə gətirməkdədir. 

Rusiya baxımında müqavilələr əvvəla, bu ölkənin Qara dəniz donanmasının gələcək taleyinə dair narahatçılığına ən azından 2042 ilinə qədər son qoyub. Rusiyanın Ukrayna ilə yeni yaxınlaşma prosesi onu Qara dənizdəki ciddi şəkildə gücləndirir.  Heç də təsadüfi deyil ki, bu razılaşmadan sonra Rusiya artıq Qara dənizdə başqa bir hərbi dəniz bazasına ehtiyac hiss etmədiyini açıqlayıb. Bu isə gələcəkdə Rusiyanın Abxaziya və Cənubi Osetiya problemindəki mövqeyini nisbətən yumşalda bilər. İkincisi, Rusiya başda nüvə və enereji sektorlarının birləştirmək olmaq üzrə bəzi təklifləri Ukraynanın “Ermənistanlaşması” təhlükəsi daşıyır. Rusiyanın Yanukoviçin hakimiyyətdə olmasından Ukraynanı bütövlükdə Avraasiyada öz forpostuna çevirməsi üçün istifadə etməyə çalışması isə bu ölkənin bütövlükdə MDB məkanındakı mövqeylərini daha da gücləndirə bilər. Ücüncü olaraq, Rusiya bu razılaşmalarla AB ilə enerji əməkdaşlığının yeni bir böhranla qarşılaşmaması ehtimalını ən azından önümüzdəki dövr üçün təminat altına alıb.

Rusiya-Ukrayna razılaşmalarına Qərbin reaksiyası isə nisbətən zəif və ehtiyatlı olub. Belə ki, AB rəsmiləri “Ukraynda iqtisadi sabitliyin təminində maraqlı olduqlarını, ancaq bunun istənilən qiymət bahasına təmin edilmməsinin vacibliyini” vurğulayıblar. Heç şübhəsiz bu mövqeydə Rusiya və AB arasında daha əvvəl qeyd edilən enerji əməkdaşlığı amilinin xüsusi rolu var. Digər bir Qərb qurumu olan NATO-nun Baş Katibi Adreas Rasmussen də açıqlamasında bu razılaşmaların Rusiya-NATO münasibətlərinin inkişafına təsir göstərməyəcəyini bildirib. Bu qurumun 2008-ci ildəki Gürcüstan və Ukraynanın NATO üzvülüyü və Rusiya-Gürcüstan müharibəsində kimi hadisələrədəki mövqeyi nəzərə alınırsa Rasumusenin bu yanaşması heç də təəcub doğurmur. Ehtiyatlı və zəif yanaşma göstərənlər içərisində son dövrlərdə Rusiya ilə münaisbətləri yaxşılaşdıran ABŞ da xüsusi ilə diqqət cəlb edir. Rəsmi Vaşington müqavilələrə münasibətini açıqlamayaraq gözləmə mövqeyi tutmuşdur. Bu da ABŞ-ın Rusiya ilə bir strateji pazarlığı olduğunu və Ukraynanın da bu prosesin bir parçası olduğu şərhini daha da gücləndirməkdədir.

Nəticədə, Ukraynanın “Ermənistanlaşması” bütövlükdə MDB məkanında Rusiyanın təsirini cox gücləndirəcək və bölgə ölkələrinin Kreml rəhbərliyi ilə daha yaxın münasibətlər qurmasına təkan verəcək. Qərbin bu proseslərə müşahidəçi mövqeydə durması mənimsəməsi  isə bir yandan Rusiyanın bu coğrafiyadakı işini asanlaşdırırkən, digər yandan Qərbin sıx-sıx önəmli olduğunu vurğuladığı enerji lahiyələrinə ciddi zərbə vuracaq.

Dr. Nazim Cəfərsoy