Hərbi-təhükəsizlik

Dəyirmi Masa: Türkiyə prezidentinin Azərbaycana səfəri

Pinterest LinkedIn Tumblr

Bu səfər Türkiyə-Azərbaycan münasibətlərinin ümumi mənzərəsini ortaya qoymaq baxımından əhəmiyyətli idi – Araz Aslanlı
Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfərini başa vurdu.  Səfər əsnasında Bakı ilə Ankara arasında bir sıra razılaşmalar imzalandı.  Lakin bəzi ekspertlər ortada hələ də bir çox həllini gözləyən məsələlərin qaldığını və Türkiyə-Azərbaycan münasibətlərinin arzuolunan səviyyədə olmadığını deyir.  Bu mövzuda diskussiya aparmaq üçün bu günkü dəyirmi masa söhbətimizə TÜRKSAM Araşdırmalar Mərkəzindən Sinan Oğanı, Qafqaz Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, Beynəlxalq Böhran Qrupunun təhlilçisi Təbib Hüseynovu dəvət etdik.
Sinan Oğan səfəri şərtləndirən səbəblərdən danışarkən cənab Gülün Azərbaycana gedişinin qabaqcadan planlaşdırıldığını bildirdi.  “Bu, son dəqiqədə planlaşdırılmış bir səfər deyildi, və əməkdaşlıq istiqamətində geniş mövzuları əhatə edirdi,” deyə cənab Oğan bildirdi.  Politoloqun sözlərinə görə prezidentlər arasında müzakirəsini gözləyən bir sıra məsələlər var idi ki, bunların sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və enerji mövzuları yer alırdı.
Səfəri uğur kimi dəyərləndirən Araz Aslanlı onun 2008-09-cu illərdə mövcud olan gərginliyin aradan qaldırılmasına xidmət etdiyini bildirdi.  Cənab Aslanlı səfəri irəliyə doğru “mühüm addım” adlandırdı və təmasların iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığı gücləndirməyə xidmət etdiyini önə çəkdi: “Bu səfər Türkiyə-Azərbaycan münasibətlərinin ümumi mənzərəsini ortaya qoymaq baxımından əhəmiyyətli idi.”  O cəhətdən hər iki tərəf keçmişdə müşahidə olunan umu-küsüləri arxada qoymağa maraq göstərirdi.
Məşhur bayraq qalmaqalının Türkiyə-Azərbaycan münasibətlərində buraxa bildiyi mümkün izləri şərh edən Təbib Hüseynov gərginliyin keçmişdə qaldığına və səngidiyinə əmin olduğunu bildirdi.  Onun sözlərinə görə Türkiyə rəsmilərinin həmin vaxtdan bəri Azərbaycana səfərləri bu gərginliyin aradan qalxmasına xeyli yardım göstərdi.  Ölkələr ortaq maraqları tanıyaraq dostluq prinsiplərinin qorunmasına sədaqətlərini nümayiş etdirdilər.  Cənab Hüseynovun fikrincə, müəyyən problemlər hələ də qalmaqdadır ki bu, özünü visa rejiminin Azərbaycan tərəfindən ləğv edilməməsində və başqa bir sıra məsələlərdə büruzə verir.

Araz Aslanlı