Amerika

Qlobal iqtisadiyyatda yeni güc: G-20

Pinterest LinkedIn Tumblr

 

Son illərdə beynəlxalq iqtisadi (həm də siyasi) münasibətlərdə adı tez-tez çəkilən təşəkküllərdən biri də G-20 qrupudur. 18-19 fevral 2011-ci il tarixlərində Parisdə G-20 maliyyə nazirləri və mərkəzi bank sədrlərinin toplantsı və orada alınan qərarları bu qrupun beynəlxalq iqtisadi münasibətlər sistemində təsir gücünü yenidən gündəmə gətirmişdir. Bu yazıda G-20-nin nə olduğu, G-20 zirvələrinin məqsədləri, Paris Zirvəsinin gündəliyi və alınmış qərarları, ümumilikdə beynəlxalq iqtisadiyyata təsir imkanları təhlil ediləcəkdir.
 
G-20 nədir?
 
G-20 1997-ci ildəki Asiya Maliyyə böhranından sonra qlobal maliyyə bazardakı problemlərin həlli üçün 1999-cu ildə ildə qurulub. G-20 dünyanın ən inkişaf etmiş 19 milli iqtisadiyyatı və Avropa Birliyindən təşkil olunmaqla sənayeləşmiş və inkişaf etməkdə olan 20 böyük ölkəni (Türkiyə, ABŞ, Hindistan, Yaponiya, Braziliya, Rusiya, Almaniya, Argentina, Fransa, Səudiyyə Ərəbistanı Krallığı, Meksika, CAR, Böyük Britaniya, Cənubi Koreya, İtaliya, Çin, Kanada, Avstraliya, İndoneziya  ve Avropa Birliyi) bir araya gətirən platformdur. Milli iqtisadiyyatları bu zirvədə prezidentlər, iqtisadi inkişaf nazirləri, mərkəzi bank sədrləri və ya digər yüksək vəzifəli şəxslər təmsil edir. Zirvə daha çox ingilis dilində “Group of 20” (20 Grupu) terminin qısaltması olan G-20 adıyla bilinir.[1]
 
Burada tarixi nöqteyi-nəzərdən ən diqqət çəkən məqam bu 20 nəhəng dövlətin bir-biriləri ilə anlaşmağa çalışaraq bir araya gəlməsidir. Belə ki, çox yox sadəcə 25-30 il bundan əvvəl iqtisadiyyatları, zehinləri (Platon olsa idealları deyərdi), mədəniyyətləri və milli dəyərləri bu dərəcədə fərqli olan bu qədər ölkə təmsilcisinin eyni masa arxasında oturub qısa müddət ərzində dünya iqtisadiyyatının mövcud mürəkkəb vəziyyəti ilə əlaqədar ortaq qərarlar qəbul edib birlikdə hərəkət edəcəklərini xəyal etmək belə çox çətin idi.
 
Son iki ildə (2009-2011) keçirilmiş G-20 zirvələrinin gündəliklərini və alınmış qərarlarını nəzərdən keçirsək xülasə şəklində bunları deyə bilərik: G-20 dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarının inkişafına dəstək vermək, iqtisadiyyatları canlandırma mexanizimlərini işləyib hazırlamaq, tərəf ölkələrin milli pul vahidləri dəyərlərinin aşağı salınmasının qarşısını almaq və iqtisadiyyatdakı sabitliyə təhlükə yaradan qlobal qeyri-sabitlikləri azaltmaq məqsədilə ortaq siyasət həyata keçirmək üçün mühim bir mesaj daşıyır və hər G-20 zirvəsi qlobal iqtisadiyyatda davamlı inkişafı təmin etmək üçün bir dönüş nöqtəsi ola bilər.
 
G-20-nin bir digər mühim cəhəti də zirvədə dünya ticarətinin liberallaşması haqqında müzakirələrin getməsi ilə əlaqəli ortaya çıxır. Bunun Ümumdünya Ticarət Təşkilatı (ÜTT) görüşmələri ilə paralel həyata keçirilməsi liberallaşma məqsədli ortaq qərarların qəbulu üçün müsbət siqnal rolunu oynayır.[2]
 
G-20 zirvəsinin məqsədləri
 
Zirvənin məqsədini ən geniş mənada “qlobal iqtisadiyyat və güclü, davamlı, tarazlı inkişaf üçün çərçivənin müəyyənləşdirilməsi” olaraq ifadə edə bilərik. Bu cümləni açsaq “zirvənin məqsədi dünya iqtisadiyyatının cari vəziyyəti və gündəmdə olan problemləri ilə müəyyən olunur” deyə bilərik. Zirvədə, qlobal iqtisadiyyata yeni bir çərçivə qazandırılması, maliyyə sistemi islahatları, iqtisadi inkişaf,ticarət, enerji və iqlim dəyiçiklikləri kimi mövzular müzakirə olunur.[3]
 
18-19 fevral 2011-ci il tarixlərində Paris şəhərində keçirilmiş son G-20 zirvəsinin məqsədi isə “bir çox iqtisadçıya görə son maliyyə böhranlarının səbəbi olaraq göstərilən maliyyə qeyri-tarazlılıqlarının aradan qaldırmaq üçün doğru vasitələrin tapılması” şəklində ifadə olundu.[4] Buradan belə bir nəticə çıxır ki, iclasda aşağıdakı məqsədlərin həyata keçirilməsi gözlənilirdi:
1) maliyyə sistemlərindəki qeyri-müəyyənliklərin müəyyənləşdirilməsi üçün ölçü kateqoriyalarının və ölçülərin müəyyənləşdirilməsi;
2) bunun əsasında qeyri-tarazlıqların səbəblərinin tapılması; 
3) bunlardan yola çıxaraq iqtisadi siyasətləri əlaqələndirəcək vasitələrin tövsiyyə olunması.
 
Son G-20 zirvəsinin gündəliyi və alınmış qərarlar
 
İclasın gündəm maddələri aşağıdakılardan ibarət idi: artan ərzaq və xammal qiymətləri, valyuta məzənnələri, dövlət borcu, büdcə kəsirləri, qlobal iqtisadiyyatdakı ticarət qeyri-tarazlılıqları.[5]
 
Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı iclasdan əvvəl ərzaq və xammal qiymətlərindəki yüksəlişin iqtisadi qeyri-tarazlılıqları artırdığına diqqət çəkərək bu mövzunun gündəmə gəlməsinə səbəb oldu. Dünya Bankı açıqlamasında ərzaq qiymətlərinin “təhlükəli səviyyələrdə” olduğunu və 2010-cu ilin iyun ayından etibarən 44 milyon insanın gəlirlərinin yoxsulluq həddinə düşdüyünü elan etmişdi. Burdan belə nəticə çıxır ki, dünya iqtisadiyyatında təməl istehlak maddələri, xüsusilə də ərzaq qiymətlərindəki dalğalanma səbəbiylə bir narahatçılıq mövcuddur. Qeyd edək ki, ərzaq qiymətlərinin sürətli artımı 2008-ci ildə də bir çox ölkədə qarışıqlıqlara səbəb olmuşdu. Dünya Bankının açıqlamasında ərzaq qiymətlərindəki yüksəlişin Yaxın Şərqdəki üsyan dalğasının da başlıca səbəblərindən biri olduğu vurğulanmışdı.
 
Ancaq fikrimcə, Yaxın Şərqdəki üsyan dalğasının Türkiyə mətbuatında səslənən gizli səbəbləri “ərzaq qiymətlərindəki yüksəliş” səbəbindən daha ağla batan görünür. Belə ki, maliyyə mütəxəssisi Prof. Dr. Oral Erdoğanın əvvəlcə Tunis, sonra Misir və son olaraq Liviyadakı qarışıqlıqlarla əlaqədar Türkiyə mətbuatında səsləndirdiyi çox maraqlı bir şərhi var. Erdoğan Şimali Afrikadakı bu qarmaqarışıqlığın Çinin Afrikada son zamanlardakı 40 milyard dollara çatmış olan investisiyalarının bir vasitə ilə əngəllənməsi üçün ABŞ-ın bir strategiyası ola biləcəyinə işarə edir.[6] Həqiqətən də, son vaxtlar Afrikadakı investisiyaların həcminə görə ABŞ-ın Çindən geri qalması və Çinin Afrikada artan nüfuzu ABŞ-ı Çindən Afrikaya investisiya axınını mümkün qədər yavaşlatmağa məcbur edə bilər.
 
Dünya İnkişaf Hərakatı (WDM) təşkilatının təmsilcisi Julian Oram G-20 iclasındakı çıxışında “G-20 liderləri ərzaq qiymətləri üzərindəki aşırı dərəcədə olan spekulyasiyaların qarşısını almaq üçün addımlar ataraq həyat qurtara bilər, xronik aclıq səviyyəsini aşağı sala bilər və vətəndaş-hakimiyyət qarşıdurmalarının qarşısını ala bilər”  dedi.[7] G-20 liderlərinin həqiqətən də bu alturist missiya üçün çalışdığı nə dərəcədə inandırıcıdır?
 
Cənab Julian Oramın bu fikrinə əks arqument olaraq sadəcə G-20 iclasından sonra IMF-nin (BVF) elan etdiği “G-20 Zirvəsi Hesabatına”na diqqət edək.[8] Hesabatda verilənləri mənim izahlarımla birlikdə belə ümumiləşdirə bilərik. Artan ərzaq və xammaddə qiymətləri güclü sərmayə axınları ilə birləşərək Braziliya, Çin, Hindistan, İndoneziya və Rusiya da daxil olmaqla bir çox inkişaf etməkdə olan iqtisadiyyat üçün xeyli isinmə (yəni ölkəyə güclü sərmayə axını) və inflyasiya riskinə çevrilir. Bu aralar inkişaf etmiş ölkələrdə hələ uzun müddət üçün gözlənilən aşağı faiz dərəcələri səbəbiylə inkişaf etməkdə olan iqtisadiyyatlara sərmayə axını artmağa davam edəcəkdir. Güclü sərmayə axını isə bu iqtisadiyyatlarda ölkədaxili tələbdə böyük artışa səbəb olacaq. Bu da son nəticədə ölkədaxili idarəetmədə siyasi çətinlikləri ortaya çıxara bilər. Ölkələr mövcud siyasi idarəçilik mexanizmlərindən istifadə etməzlərsə, böyük sərmayə axınlarının, xeyli isinmə riskinin və cari əməliyyatlar hesabında kəsirin mövcud olduğu Braziliya, Hindistan, CAR, Türkiyə kimi ölkələrdə vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.
 
Demək ki, 2010-cu ildə Seulda keçirilmiş G-20 zirvəsində Almaninay Baş naziri Angela Merkelin səsləndirdiyi “siyasətçilər beynəlxalq ticarətə qarışa bilməzlər” fikri[9] ancaq liderlərə iqtisadiyyata “qarışmamaq lazım olduğunda” bir bəhanə rolunu oynayır. Ölkədaxili siyasi gərginliklə nəticələnəbiləcək iqtisadi prosesləri (bu iqtisadi proseslər beynəlxalq səciyyə daşısa belə) siyasi idarəçilik mexanizmləri ilə idarə etmək lazım gəldiyində IMF və Dünya Bankı  artan ərzaq qiymətlərinə diqqəti çəkərək bu mövzunun gündəmə gəlməsinə səbəb olur və Çinin Afrikada son zamanlardakı investisiya artışlarının qarşısını almaq üçün ABŞ-ın siyasi strategiyasını bu saxta gündəmlərlə pərdələməyə də müvəffəq olur.
 
Burada bir məsələyə daha diqqət yetirmək zəruridir. Hal-hazırda universitetlərimizdə “Beynəlxalq İqtisadi Münasibətlər”, “Dünya İqtisadiyyatı” və s. adlar altında tədris olunan fənnlər bir zamanlar “Siyasi İqtisad” adı altında tədris olunurdu. Yuxarıda da göstərilən faktları nəzərə aldığımızda bu təsbitin daha doğru olduğu, beynəlxalq iqtisadiyyatın əslində qlobal siyasətə və iqtisadi (siyasi) liderlərə xidmət etdiyi göz önündədir. Bu tezisimizi dəstəkləyən daha bir fikir: ABŞ dünyanın ən böyük bazarı olaraq digər ölkələrin böyüməsi üçün lokomotiv güc olma rolunu rahatlıqla oynaya bilməsi üçün nə edir? Obamanın 2010-cu ildə Seulda keçirilmiş G-20 zirvəsindəki çıxışı buna ən gözəl cavabdır:[10] “ABŞ qlobal böyüməni tək başına bacara bilməz. Heç bir ölkə ortaq məqsədimiz olan güclü, davamlı və tarazlı inkişafı tək başına bacara bilməz. ABŞ-ın tək başına hərəkət etməsi yarım, hətta yarımdan da az təsir gücünə malik ola bilər. Dünyanın iqtisadi lideri ABŞ şərtlərini diktə etmək əvəzinə ölkələri uzlaşmağa çağırır. Bu çərçivədə G-20 üzvlərinin pul, maliyyə və valyuta məzənnələri siyasətini diqqətə alaraq əlaqəli şəkildə hərəkət etməsi çox önəmlidir. Bütün ölkələr öz üzərinə düşəni həyata keçirdikdə, hamımız inkişaf edərək bundan faydalana bilərik.”
 
Demək ki, ABŞ dünyanın ən böyük bazarı olaraq digər ölkələrin böyüməsi üçün lokomotiv güc olma rolunu rahatlıqla oynaya bilməsi üçün digər ölkələrdən güzəşt gözləyir. Güzəşt gözləyərək də onları bu G-20 zirvələrində olduğu kimi öz mənfəəti istiqamətində manipulyasiya etməyi bacarır.
 
D.Rikardonun nəzəriyyəsinə görə beynəlxalq ticarətə daxil olan hər tərəf qazanclı çıxmalıdır. Amma “qazanan varsa, mütləq itirən də vardır” cümləsinin təsdiqi olaraq dünyamızda gördüyümüz odur ki, varlı dövlətlər bu beynəlxalq ticarətdən daha da varlanır, kasıb dövlətlər isə daha da kasıblaşır (bu tezisi genişləndirmək olardı, ama bu artıq başqa yazının mövzusudur). Buna da G-20 zirvələrində “Bütün ölkələr öz üzərinə düşəni həyata keçirdikdə, hamımız inkişaf edərək bundan faydalana bilərik” şüarı altında alınan qərarlar xidmət edir.
 
18-19 fevral 2011-ci il tarixlərində Paris şəhərində keçirilmiş son G-20 zirvəsində  iqtisadi risklərin təqib olunmasına və  G-20 üzvü olan ölkələrdə mövcud iqtisadi qeyri-tarazlılıqları müəyyənləşdirərək yeni bir böhranın qarşısının alınmasına dair ortaq qərarlar qəbul olundu.[11] Bu qərarlar ilə faiz dərəcələri dalğalanmaları, inflyasiya və iqtisadi inkişafdakı pozulmalara yol açan böyük büdcə kəsirləri və artıqları ilə mübarizə apararaq yeni bir maliyyə böhranının qarşısının alınması məqsədi güdülmüşdür.   
 
Gözlənilənlərin əksinə zirvədə Çin və ABŞ əlaqələrində uzun müddətdir ki, mübahisə mövzusu olan valyuta məzənnələrinə dair heç bir qərar qəbul olunmadı. Bunun səbəbi Çinin pul vahidi mövzusunda çox həssas olması və bəzi iqtisadi qərarların alınmasına qarşı çıxması oldu. Bundan sonra G-20-nin bu qərarların həyata keçirilməsi üçün nə dərəcədə  təsir gücünə malik olacağı maraq mövzusudur. Bunun da aprel ayında Vaşinqtonda keçiriləcək iclasda gündəmə gəlməsi gözlənillir.
 
G-20 iclasından sonra IMF-nin elan etdiği “G-20 Zirvəsi Hesabatı”nda bu zirvədə gəlinən ən mühüm nəticə belə ifadə olunmuşdur:[12] “G-20 səviyyəsində əməkdaşlığa əsaslanan yaxşı planlanmış siyasi mexanizmlər qlobal qeyri-tarazlılıqları azaltmağa istiqamətlənərək qlobal iqtisadi inkişafın davam etdirilməsi üçün kritik zəruriyyət daşıyır. G-20yə üzv olan inkişaf etməkdə olan iqtisadiyyatlarda əsas siyasi çətinlik aşırı sərmayə axını təzyiqinin nəzarət altında saxlanılması və sərmayə axınlarına müvafiq qarşılıqların verilməsidir. İnkişaf etməkdə olan iqtisadiyyatlarda xeyli isinmə təzyiqlərinin balanslaşdırılması üçün pul vahidləri dəyərlənlərinin  artırılmasına icazə vermək lazımdır”.
 
G-20-nin beynəlxalq iqtisadiyyata təsir imkanları
 
Son iki ildə (2009-2011) keçirilmiş G-20 zirvələrində alınmış qərarları və onların tətbiqinə nəzər salsaq xarici ticarəti çətinləşdirən və qlobal iqtisadi böhranı daha da kəskinləşdirən himayəçilik siyasətini rədd etdikləri üçün G-20 ölkərini təbrik edə bilərik, ancaq yenə də G-20-nin gözlədiyimiz “qlobal birlik olması”na hələ çox qalıb. Çünki 20 dövlət başçısının 20 dövlət arasında mövcud olan fərqliliklər səbəbiylə ortaq bir nöqtəyə gəlməsi çox çətin məsələdir. G-20-nin mövcud beynəlxalq iqtisadi münasibətlər sistemindəki təsir gücü aşağıdakı istiqamətlərdə ola bilər:
Zirvədə G-20-yə üzv olan dövlətlərin hamısının mütləq tətbiq etməli olduqları makroiqtisadi kriteriyalar (büdcə kəsiri, dövlət borcu, özəl sektorun borc yükü, tədiyyə balansı, cari əməliyyatlar hesabındakı kəsir və ya xarici ticarətin maliyyələşdirilməsinə tətbiq olunan kriteriyalar) və bu kriteriyaların dərəcələri müəyyənləşə bilər. Bu kriteriyalar Avro bölgəsində hələ də tətbiq olunan Masstriht Kriteriyalarına uyğun işlənilsə daha da effektiv gücə malik ola bilər.  
G-20 zirvəsində alınan bəzi mühim qərarlar həm G-20 üzvü ölkələrdə, həm də digər ölkələrdə iqtisadi idarəçilikdə təyinedici amil rolunu oynaya bilər.
G-20 zirvəsi mütəxəssislərin bir çox iqtisadi məsələlər üzərində məsələn Mərkəzi Banklarda və İqtisadi İnkişaf Nazirliklərində iqtisadi sabitlik və cari əməliyyatlar hesabındakı kəsir riski kimi mövzuların gündəmə gətirilməsi mövzuusnda aktiv işləməyə başlamasına təkan verəbilər. 
Ölkələr G-20 zirvəsində təklif edilən müxtəlif makroiqtisadi dərəcələr üzrə razılığa gəldikdən sonra hər bir ölkə makroiqtisadi fəaliyyəti üçün bu kriteriyaları bir ipucu olaraq götürə bilər.
 
Bunları həyata keçirmək üçün isə aşağıdakılar tövsiyyə oluna bilər:
 
İlk öncə, inkişaf etmiş ölkələrin mali uyğunluq planları inkişafı dəstəkləyici tədbirlərə yönləndirilməlidir.
G-20-yə 1 il ərzində başçılıq edəcək olan Fransa zirvələrdə alınmış qərarları həyata keçirmək üçün bu məqamı mütləq nəzarətdə saxlamalı və üzv ölkələri bu qərarları tətbiq etmək üçün təşviq etməlidir.
Liderlər mütləq ortaq qərarların qəbulu üçün qarşılıqlı güzəştə getməlidirlər. Çünki iqtisadi, maliyyə və ticari çətinliklərə qarşı yalnız beynəlxalq koordinasiya (əlaqələndirmə) yolu ilə mübarizə aparmaq olar.
Dünyanın iki böyük iqtisadiyyatı olaraq ABŞ və Çin güclü, tarazlı və davamlı iqtisadi inkişafı təmin etmək üçün xüsusi bir məsuliyyət daşıyırlar. Onların bir-bir ilə anlaşması qlobal iqtisadiyyat üçün effektiv nəticələr verə bilər.
 
 
 
[1]  “Dünyanın önde gelen liderleri Güney Kore’nin başkenti Seul’de”, http://www.haberturk.com/dunya/haber/570672-g-20-zirvesi-gergin-basliyor ;“Liderlerin gözüyle G-20 zirvesi” , http://www.haber7.com/haber/20090403/Liderlerin-gozuyle-G20-zirvesi.php , e.t. 25.02.11.  
 
[2]  “Dünyanın önde gelen liderleri Güney Kore’nin başkenti Seul’de”, http://www.haberturk.com/dunya/haber/570672-g-20-zirvesi-gergin-basliyor ;“Liderlerin gözüyle G-20 zirvesi”, http://www.haber7.com/haber/20090403/Liderlerin-gozuyle-G20-zirvesi.php , e.t. 25.02.11.
[3] “G-20 Liderler zirvesi başladı”, http://www.haberturk.com/dunya/haber/570901-g-20-liderler-zirvesi-basladi , e.t. 25.02.11.
[4]  “G20 ülkeleri Paris’te toplanıyor”, http://www.anlikborsa.com/g20-ulkeleri-pariste-toplaniyor.html , e.t. 25.02.11.
[5]  “G20′ye Gıda Fiyatları Uyarısı!”,  http://www.borsarti.com/g20ye-gida-fiyatlari-uyarisi.html , e.t. 25.02.11.
[6] Kerem Alkin, “Patlayan Ortadoğu nedeniyle, Ekonomi Yönetimi süreci yumuşatabilir”,    http://www.bloomberght.com/yorum/kerem-alkin/864601-patlayan-ortadogu-nedeniyle-ekonomi-yonetimi-sureci-yumusatabilir , e.t. 25.02.11.
[7] “Piyasanın Odak Noktası G-20 Görüşmeleri”,http://www.anlikborsa.com/g20-ulkeleri-pariste-toplaniyor.html ; “G20′ye Gıda Fiyatları Uyarısı!”, http://www.borsarti.com/g20ye-gida-fiyatlari-uyarisi.html , e.t. 25.02.11.
[8]  “IMF, G-20 Zirvesi Raporu”, http://www.cumhuriyet.com.tr/?hn=219700 , e.t. 25.02.11.
[9] “Dünyanın önde gelen liderleri Güney Kore’nin başkenti Seul’de”, http://www.haberturk.com/dunya/haber/570672-g-20-zirvesi-gergin-basliyor, e.t. 25.02.11.  
[10]“Liderler yoğun mesaide”,  http://www.haberturk.com/dunya/haber/570755-liderler-yogun-mesaide ,
 e.t. 25.02.11.   
 
[11] “G20 “krizden kaçınmada” uzlaştı”, http://www.cnnturk.com/2011/ekonomi/dunya/02/21/g20.krizden.kacinmada.uzlasti/607580.0/index.html ,   e.t. 25.02.11.   
[12] “IMF, G-20 Zirvesi Raporu”, http://www.cumhuriyet.com.tr/?hn=219700 , e.t. 25.02.11.

Bəyim Nəbiyeva