Hərbi-təhükəsizlik

Türkiyənin regional liderlik rolu güclənir

Pinterest LinkedIn Tumblr

 

Hazırda dünyanın əsas diqqəti Yaxın Şərqdəki etiraz dalğalarına və Yaponiyada baş vermiş olan təbii fəlakətə yönəlib. Amma regionla bağlı maraqlı proseslər də diqqətdən kənarda qalmır. Bunlardan biri də Türkiyənin regional liderlik rolunu güçləndirmə prosesində əhəmiyyətli addımlar atmağa davam etməsidir. Məsələn, martın 16-da Türk mediası bəzi bölgə ölkələrinin Xarici İşlər Nazirlərinin Türkiyə Cumhuriyyəti Xarici İşlər Naziri Əhməd Davudoğluna zəng vuraraq onu müəyyən məsələlərlə bağlı məlumatlandırması barədə xəbər yayıb. Xəbərdə qeyd olunur ki, martın 15-də axşam saatlarında Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi maraqlı açıqlama yayıb. Açıqlamada İranın Xarici İşlər Naziri Əli Əkbər Salehinin axşam saatlarında Türk həmkarı Əhməd Davudoğluna zəng vuraraq ona regional proseslər haqqında məlumat verib. Eyni zamanda tərəflər İranın nüvə proqramı barədə də fikir mübadiləsi aparıblar. Xərəbdə daha sonra qeyd olunur ki, “Salehi ilə yanaşı Səudiyyə Ərəbistanının, Bəhreynin və Birləşmiş Ərəb Əmrliklərinin Xarici İşlər Nazirləri də Hörmətli Nazirə zəng vuraraq regional proseslər barədə məlumat veriblər”.
 
Məlumatın Türk medisında yayınlanma forması Türkiyənin regional liderlik rolun axüsusi vurğunu əks etdirir. Belə ki, 4 region ölkəsinin xarici işlər nazirinin Türkiyənin xarici işlər nazirinə zəng vuraraq “məlumat verməsi” xüsusi vurğulanır. Maraqlıdır ki, Türkyə XİN rəsmi saytında yayınlanan açıqlamalarda telefon zənglərinin kim tərəfindən edildiyi qeyd olunmur. Rəsmi saytda mövzu ilə bağlı açıqlama “No: 72, 17 Mart 2011, Bahreyn’de Meydana Gelen Olaylar Hk.” başlığı ilə yayınlanıb. Açıqlamada əvvəlcə Bəhreyndəki proseslərlə bağlı Türkiyənin rəsmi mövqeyi geniş şəkildə izah olunur. Sonda isə qeyd olunur ki, “Hörmətli Nazirin (Davudoğlu nəzərdə tutulur – QAFSAM) Bəhreyn Vəliəhd Pensi Salman bin Hamad Əl-Xəlifə və Xarici İşlər Naziri Şeyx Halid bin Əhməd bin Məhəmməd Əl-Xəlifə və bunlarla yanaşı İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirləri ilə telefon danışıqları aparmışdır”. 
 
Amma xəbərin mediada veriliş forması təsadüfi sayıla bilməz. Çox güman ki, XİN-dəki mənbə (məsələn, məlumat ilk öncə Türk XİN-i adından “twitter”-də açılmış səhifədə yayınlanıb, həm də medianın verdiyi formada) məlumatın Türk mediasında o formada (yəni əslində olduğu kimi) getməsində maraqlı olub. Məhz bu səbəbdən də xeyli sayda mənbə məlumatı o formada verib. 
 
Türkiyə ilə bağlı digər maraqlı proses isə Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri oldu. Səfər çərçivəsində Ərdoğanın Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevlə və Bazş Nazir Putinlə ikitərəfli görüşləri ilə yanaşı yüksək səviyyəli toplantılar da keçirildi. 16 Mart 2011 tarixində Türkiyə Cümhuriyyəti ilə Rusiya Federasiyası arasındakı əməkdaşlığın siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrini ən geniş çərçivədə müzakirə etmək üçün qurulan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçirilmişdir. Toplantıda Şuranın keçdiyimiz dövrdəki işləri nəzərdən keçirilmiş və önümüzdəki dövrə bağlı hədəflər və reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə edilmişdir. Xüsusilə Yaponiyadakı təbii fəlakətdən sonra yaranmış nüvə təhlükəsinin Türkiyə ilə RF arasında bu sahədəki əməkdaşıla necə təsir edəcəyi maraq dairəsində idi. Rəsmi açıqlamada “müasir texnologiyaların inkişaf etdirilməsi, ayrıca nüvə enerjisi daxil olmaqla enerji sahələrində əməkdaşlığın yüksək səviyyəsi məmnuniyyətlə vurğulanmış” ifadəsinə yer verilərək, eləcə də mətbuat konfransında bu sahədə əməkdaşlığın təhlükəsizlik tədbirləri görülərək daha dərinləşdiriləcəyi vurğulanaraq mövzuya aydınlıq gətirilmişdir.
           
Qeyd edək ki, Şuranın bu toplantısı “Türkiyə ilə RF arasında ikitərəfli əlaqələrin tarixində qarşılıqlı dostluq və həmrəylik ruhunu sərgiləyən ən əhəmiyyətli sənədlərdən biri olan” 16 Mart 1921 tarixli “Türkiyə Böyük Millət Məclisi Hökuməti ilə Rusiya Sovet Federatif Sosialist Respublikası Hökuməti Arasında Dostluq və Qardaşlıq Müqaviləsi”-nin imzalanmasının 90-cı ildönümü ilə eyni günə baş tutmuşdu. Hansı ki, həmin dövrdə istər RF, istərsə də Türkiyə “imperialist dünyanın qeyri-səmimi addımlarına və xoş niyyətli olmayan planlarına” etiraz edirdilər. Tərəflərin bu müqaviləyə xüsusi vurğusunun ifadə olunması üçün əlavə olaraq  Moskva Müqaviləsinin 90-cı ildönümü çərçivəsində iki tərəfin alim və tədqiqatçılarının iştirakı ilə keçirilən dəyirmi masa da daxil olmaqla müxtəlif tədbirlər təşkil edildi. Ərdoğanın səfəri çərçivəsində tərəflər uzun müddətdir müzakirə olunan vizasız gediş-gəlişlə bağlı məsələni konkretləşdirən sənədləri imzaladılar. Xatırladaq ki, RF Prezidenti Dimitri Medvedevin sonuncu Türkiyə səfəri də iki ölke arasında diplomatik münasibətlərin qurulduğu 3 İyun 1920-ci il tarixinin 90-cı ildönümündə baş tutmuşdu.
 
Vaxtı ilə (1999-cu ildə) Baş Nazir Bülənt Ecevitin RF Prezidenti tərəfindən qəbul edilmədiyi, sadəcə dövrün (o dövrdə idarəetmə baxımından formal sayılan) baş naziri ilə görüşə bildiyi Rusiya səfərini də nəzərə aldıqda Türkiyənin bu mövzuda da xeyli yol keçdiyini qeyd etmək mümkündür.
 
Regional siyasətlə bağlı başqa bir maraqlı hadisə isə Türkiyənin onun hava sahəsindən keçmək istəyən bir İran təyyarəsini yerə endirib axtarması oldu. Belə ki, İrandan Suriyaya hərbi vəsait daşıdığı və təyyarədə həm də nüvə silahı ola biləcəyi iddiası olduğu üçün İranın yük təyyarəsi Türkiyənin 2-ci Hava Qüvvələri Komandanlığımım 8-ci Əsas Qırıcı Bazasından qalxan 2 F-16 hərbi təyyarəsi tərəfindən Diyarbakır Aerodromuna yerə endirildi. Təyyarədə Türkiyənin polis, jandarma və kəşfiyyat orqanı (MİT) tərəfindən axtarış aparıldı. Nüvə iddiası olduğu üçün axtarış vaxtı aerodromda mülki müdafiə qüvvələri də hazır vəziyyətdə dayandı. Axtarış nəticəsində bir şey tapılmadıqdan sonra təyyarənin uçuşuna icazə verildi. İranın “Yas Air” şirkətinə məxsus Rusiya istehsalı İlyuşin Il-76TD tipli təyyarənin 157 ton (öz ağırlığı da daxil olmaqla) ağırlıqla uça bildiyi bildirilir. Qeyd edək ki, Türkiyə XİN hadisəni “həmişəki normal yoxlamalardan biri” kimi qiymətləndirsə də dünya mediasında bu xəbər “təcili” başlıqları ilə verilmişdi.
 
Türkiyənin bu addımı ilə nüvə məsələsində “Qərbin xoşuna gəlməyəcək dərəcədə İranın mövqelərinə yaxən mövqedə durduğu” iddiasına da aydınlıq gətirməyə çalışdığı güman edilir. Türkiyə İranın nüvə proqramı da daxil olmaqla regional məsələlərlə bağlı mövqeyini Qərbin ya da İran da daxil olmaqla hansısa konkret ölkənin istəkləri əsasında yox, “ədalət, haqq, region xalqlarının maraqları” kimi ifadə etdiyi, amma əslində öz milli maraqları çərçivəsində formalaşdırdığını  nümayiş etdirmiş olur.
 
Bu çərçivədə onun bəzən Qərblə bir yerdə, amma bəzən Qərbdən müstəqil hərəkət etməsi artıq alışılmış siyasi kurs olmağa başlayıb. Türkiyə özünün maraqları, amma eyni zamanda imkanları olan ölkə imiciylə hərəkət edir və görünən odur ki, bu sayədə imkanlarını da artırır. Beynəlxalq enerji layihələri Türkiyə üçün sadəcə tranzit pulu mənasına gəlmir, hətta bundan daha vacibi Türkiyənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilir. Ciddi sərmayə qoyuluşları (Qərblə yanaşı Rusiyadan, Ərəb ölkələrindən və İrandan) və cidi nəğd pul girişi (Rusiyadan, Ərəb ölkələrindən və İrandan) sayəsində Türkiyə son illərdəki qlobal iqtisadi böhrandan minimum itkiylə çıxmağı bacarır. Sadəcə Liviyadakı son proseslərdən sonra Avropa Birliyinin Qəddafinin bank hesablarının dondurulması barədə qərarının Türkiyəyə 1 həftədə əlavə olaraq 3 milyard dollar nəğd pul girişinə səbəb olduğu bildirilmişdi. İddiaya görə bank hesabları ilə bağlı risklərdən qorunmaq istəyən digər Ərəb ölkələrinin liderləri artıq 3 milyard dolları Türkiyədəki banklara köçürmüşdülər.
 
Çox ciddi və ani təhlükələrlə və ciddi daxili problemlərlə üzləşmədiyi müddətcə Türkiyənin mövcud xəttini davam etdirəcəyi və regional liderlik mövqeyini daha da gücləndirəcəyi güman edilir.

Araz Aslanlı