Amerika

İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI – 2

Pinterest LinkedIn Tumblr

Yumşalma (1997-2005)

1997-ci ildə Məhəmməd Xatəminin prezident seçilməsi İran xarici Фsiyasətində Rəfsancaninin “praqmatik sülh” anlayışının yerinə “demokratik sülh” düşüncəsini  gündəmə gətirdi.[1]Xatəminin hakimiyyəti illərində islahatçı elita İranın XXI əsrdəki inkişafının yeni modeli üzərində işləməyə başladı. Xatəmi Xumeyninin konsepsiyasını ən əsas müddəalarını, o cümlədən “vilayət-i fəqih” institutunu rədd etmirdi. Hətta iddia edirdi ki, islah olunmuş model Xomeyninin konsepsiyasına əsaslanır və İranın müasir beynəlxalq şəraitə uyğunlaşmasının zəruriliyini əks etdirir. O, bununla əlaqədar olaraq öz hakimiyyətinin daxili və xarici siyasətinin öncəliklərini əks etdirən iki əsas inkişaf prinsipini də ortaya qoyurdu. Bunlar “islam vətəndaş cəmiyyəti” və “mədəniyyətlərarası dialoq” prinsipləri idi. Bu yanaşmaya görə,  birinci prinsip demokratik institutların güclənməsinə, mövcüd sistem daxilində liberallaşmaya, dini radikalizmdən imtinaya, İslamın mənəvi təmizlik və ədalət əsasında ictimai tərəqqinin gücləndiricisi kimi qəbul edilməsinə təkan verəcəkdi. Bu prinsip dini liderin mövcudluğunu inkar etməməklə yanaşı, xalq kütlələrinin dövlət idarəçiliyində daha geniş iştirakının zəruriliyini vurğulayırdı. “Mədəniyyətlərarası dialoq” prinsipi isə digər millət və dinlərin nümayəndələri, ümumilikdə fərqli mənəvi dəyərlərin daşıyıcıları ilə qarşıdurmadan imtina edilməsini nəzərdə tuturdu. Bu prinsipin əsas müddəası ölkənin hərtərəfli inkişafına müsbət təsir edə biləcək, İslama zidd olmayan və ölkənin ümumi inkişafına təkan verə biləcək mənəvi, humanitar, maddi, texniki və intellektual dəyər və ideyaların mənimsənilməsinə hazırlıqdan ibarət idi. Bu prinsipin xarakterik xüsusiyyəti bütün millətlərlə qeyri-şərtsiz dialoqu nəzərdə tutmasıdır. Bəzi tədqiqatçılara görə, bu prinsipdə “inqilab ixracı” məsələsinə toxunulmaması Xomeyninin konsepsiyasının təkzib edilməsi üçün zəmin hazırlanmasına cəhd sayıla bilər.

Bu iki prinsipin tərəfdarları onların həyata keçirilməsinin İranda demokratik institutların güclənməsinə, ölkənin beynəlxalq təcriddən çıxmasına, iqtisadiyyatın inkişafına, nəticədə isə müsəlman əhalisi çoxluq təşkil edən digər dövlətlər tərəfindən nümunə kimi qəbul ediləcək “neomüsəlman demokratik cəmiyyətin” formalaşdırılmasına şərait yaradacağına inanırdılar. Bu mənada Xatəmi hakimiyyətinin bu ideyası müəyyən dərəcədə son illərdə Türkiyənin istər “model Müsəlman dövlət”, istərsə də “mədəniyyətlərarası dialoq” baxımından öz üstünə götürdüyü və “Ərəb Baharı” ilə daha da güncəlləşən roluna da oxşayır.

İran xarici siyasətində ‘yumşalma’ (1997-2005) dövrü kimi xarakterizə edilən bu dövrün əsas anlayışlarından bir digəri isə “Qərblə bir-birini başa düşmək və aradakı gərginliyi azaltmaq”oldu.[2] Xatəmi Rəfsancaninin praqmatik xarici siyasət anlayışının üstdə qeyd edilən  konseptlərlə dəstəkləyərək İranının beynəlxalq münasibətlər sistemindəki yerini yenidən formalaşdırmağa çalışırdı. İran siyasi sistemində islahatçı qanadı təmsil edən Xatəminin dövründə İran, bir yandan ABŞ-a müzakirələrə açıq olduğuna dair məsajlar verməyə, digər yandan rəsmi Tehran baxımından ənənəvi sayılmayan xarici siyasət addımları atmağa başladı. Bu çərçivədə prezident Xatəmi Çin, Suriya, Səudiyyə Ərəbistanı və bəzi Orta Asiya və Afrika ölkələrinə, eləcə də İtaliya, Fransa və Almaniyaya səfər edərək İran xarici siyasətində yeni yanaşmanın tətbiqinə çalışdı.[3]

Xatəminin ikinci prezidentliyi dövründə İranın beynəlxalq sistemin daha çox ölkəsi və aktyoru ilə münasibətlərin təmini və  yaxşılaşdırılması davam etdi.[4] Ancaq Xatəmi dövründən iki əsas hadisə onun xarici siyasətdəki ‘yumşalma’ prosesinə ciddi zərbə vurdu. Əvvəla, onun dövründə İran nüvə programı səbəbilə Qərblə ciddi bir böhran yaşamağa başladı. Belə ki, 2002-ci ilin avqustunda Natanz və Ərakdakı nüvə fəaliyyətlərinə dair şəkillərin gündəmə gəlməsi Qərbin İranın nüvə proqramına həssaslığını daha da gücləndirdi.[5] Nüvə proqramı İranın Qərblə, xüsusən ABŞ-la arasındakı gərginliyi daha da gücləndirməsinə, 2004-cü il tarixli ABŞ milli təhlükəsilzik konseptində Şimalı Koreya və Suriyə ilə birlikdə təhdit təşkil edən “quldur dövlətlər kateqoriyasina” daxil edilməsinə, hətta beynəlxalq gündəmdə  Əfqanıstan və İraqdan sonra hərbi müdaxilə ediləcək ölkə kimi qiymətləndirilməsinə impuls verdi.

Xatəmin xarici siyasət kursuna zərbə vuran ikinci amil daxili siyasətdə islahatçı qanadın bir- birinin ardınca ciddi məğlubiyyətlər alması idi. Hakimiyyətdə olduğu dövrdə iki prezident (1997 və 2001), bir bələdiyyə (1998) və bir də parlament (2000) seçkisində qalib qəlməsinə baxmayaraq, onu  dəstəkləyən kütlələlərin ehtiyaclarına cavab verən islahatları keçirməyən  islahatçı cərəyanın lideri Xatəmi ölkədə xalq dəstəyini itirməyə başladı. Bu prosesdə islahatçılar 2003-cü ildəki bələdiyyə və 2004-cü ildəki parlament seçkilərini yeni (radikal) mühafizəkarlara uduzdular. Xalq dəstəyinin ciddi biçimdə itirilməsi Xatəminin xarici siyasət kursunun daxili dayaqlarını zəiflətdi. 2005-ci ildə perzident seçkilərində islahatçıların namizədi Rəfsancaninin yerinə yeni mühafizəkar namizəd Mahmud Əhmədinejadın qalib gəlməsi daxili siyasətdə müxtəlif dəyişiliklərlə yanaşı, xarici siyasətdə “yumşalma” dövrünün sona çatması ilə nəticələndi.

Rədd etmə (2005-ci il sonrası)

“Rədd etmə” və yaxud da “hücumetmənin rasyonallaşdırılması”[6] kimi xarakterizə edilən Əhmədinejad  dövrünün xarici siyasətinin ən mühüm xüsusiyyəti İranın  beynəlxalq münasibətlər sistemindəki yanaşmasının sərtləşməsidir. Əhmədinejad  mədəniyyətlər dialoqunu və Qərblə praqmatik münasibətlər qurma cəhdlərini İslam inqilabının təməl fəlsəfəsindən uzaqlaşmaq kimi qiymətləndirməkdədir.[7] Onun mənsub olduğu radikal mühafizəkar cərəyana görə, İran kimi ABŞ-ın hədəfində olan ölkələrin beynəlxalq sistemdə mövcudluğunu davam etdirməsi “sistemlə uygunlaşmaya” deyil, “güc” amilinə bağlıdr.[8] 1989-cu ildən sonra İran xarici siyasətindəki praqmatist arayışların uğursuzluqla nəticələndiyini, başda siyasi rejimin təhlükəsizliyi və nüvə məsələsi olma üzrə heç bir ciddi problemi həll etmədiyini qeyd edən radikal mühafizəkarlar İranın öz gücünü ortaya qoyaraq bu problemləri həll edə biləcəyini iddia etməkdədirlər.[9]

Xarici siyasətdə çıxış yolunun “güc göstərmək olduğunu” vurğulayan radikal mühafizəkarlar daxili və xarici amillərin bu yanaşma üçün lazımi şəraiti yaratdığına inanırlar.  Radikal  mühafizəkarların sərt xarici siyasət kursu həyata keçirməsini təmin edən daxili addımları belə sıralamaq olar. Əvvəla,  ard-arda qazanılan seçimlər sonrası 2005-ci ildən İran siyasi sisteminin əsas hakimiyyət qolları radikal mühafizəkarların nəzarətinə keçib.[10] İkincisi, öz siyasi inkişafının başından etibarən İrandakı əsas güc mənbəyi olan dini rəhbər Ayəttullah Xameneinin də dəstəyini alan (Əslində son dövrlərdə dini rəhbərin bu dəstəyində zəifləmə olduğu və İran daxili siyasətində Xamenei-Əhmədinejad çəkişməsinin gündəmə gəldiyi və getdikcə də qızışdığı müşahidə edilməkdədir.) radikal mühafizəkarlar islahatçıları başda xarici siyasət strukturları olmaq üzrə bütün hakimiyyət strukturlarından kənarlaşdırmış, ya da passivləşdirmişdir. Beləcə sərt xarici siyasət kursu  tətbiq etmək üçün lazımi imkanı əldə edən  Əhmədinejadın radikallaşmasını təmin edən üçüncü daxili amil isə prezidentin komandasında  mühüm miqyasda hərbçinin olmasıdır.[11] Bu komanda diplomatiyadan daha cox hərbi gücün daşındırıcılığına və önəminə inanmaqdadır. İranın son dövrlərdə silahlanmaya xüsusi önəm verməsi və ən əsası nüvə proqramını sürətləndirməsi bu anlayışın əks etdirilməsinin bariz nümunələridir. Ancaq xüsusən 2009-cu ildə ikinci dəfə mübahisəli şəkildə prezident seçilməsi və mollalarla hərbçilər arasındakı çəkişmə Əhmədinejadın daxildəki gücünü zəiflətməkdədir.

Radikal mühafizəkarlar beynəlxalq amillərin də sərt xarici siyasət üçün münasib şərait yaratdığına inanırlar.[12] Əvvəla, onlar mövcud qlobal və bölgəsəl dinamiklərin İranın gücünü ortaya qoymasına imkan verdiyi fikrini müdafiə edirlər. Bu çərçivədə qlobal sistemin daha çox çoxqütblü sistemə keçişinin sürətlənməsinin İrana manevr imkanı verdiyini vurğulamaqdadırlar. İkincisi, radikal mühafizəkarlar yenə bu çərçivədə  ABŞ-ın İraq və Əfqanıstandakı problemli vəziyyətinin İrana üstünlük təmin etdiyini müdafiə etməkdədirlər. Üçüncüsü, bu cərəyan ABŞ-ın hərbi müdaxiləsinin bölgədə İranın iki büyük düşməni Səddam Hüseyin və Talibanın hakimiyyətdən gedişi ilə nəticələnməsinin də bölgədə İranı gücləndirdiyini qeyd edirlər. Dördüncüsü, dünya bazarında neft qiymətlərinin yüksəlməsinin İranıa ciddi gəlirlər gətirməsi də radikal mühafizəkarların sərt xarici siyasət üçün istifadə etdikləri bir başqa tezisdir.[13] Onlara görə, bu vəziyyət İran iqtsiadiyyatına daha çox gəlir gətirərək ölkənin geo-iqtisadi vəziyyətini gücləndirməkdədir. Digər yandan, radikal mühafizəkarlar sərt xarici siyasi kursun tətbiqi ilə bölgədə gərginlik yaradaraq neft qiymətlərini yüksəkdə qalmasına xidmət edərək İranı daha da gücləndirilməsini təmin etməkdədirlər.

Bu amillərə əsaslanan Əhmədinejad tez-tez öz xarici siyasət kursunda ABŞ və Israilə  bölgədə güclü olduğunu, İranla müharibənin Qərb üçün çox daha ağır nəticələr verəcəyini bəyan etməkdədir.[14] Bu prosesdə İsrail əleyhinə açıqlamaların istifadəsi isə bir yandan öz nüvə problemini ikinci plana atılması, digər yandan isə İslam dünyasında  ABŞ əleydarlığını gücləndirmək və öz mövqeyinə ideolojik don geyindirmək məqsədi güdür.[15] Əhmədinejadın sərt xarici siyasət kursu AB-nin İranı diplomatik və iqtisadi metodlarla nüvə proqramından imtina etməsini təmin etmə siyasətinin uğursuzluğa düşar olmasına səbəb olmaqda, İranın beynəlxalq sistemdə legitim aktyor halına gəlməsinə imkan verməməkdə və istəmədən ABŞ-ın daha sərt mahiyyətdəki İran siyasətinə dəstək verməyə sövq etməkdədir. Yenə Əhmədinejad bu gərginlik siyasətini Qərbi Şərqlə, yəni  Rusiya, Çin və Hindistan kimi qlobal oyunçularla tarazlayaraq davam etdirməyə çalışmaqdadır.[16] Ancaq  başda BMT-nin İrana dair 2010-cu ilin mayındakı qətnaməsində olduğu kimi Rusiya və Çinin bəzən ABŞ-ı dəstəkləyici mövqeyi Iran üçün bu tarazlığın həlledici zamanlardakı strateji dəyərini azaltmaqda və perspektivdə davamlılığını şübhə altına qoymaqdadır.

Umimiləşdirməli  olsaq,  İran xarici siyasəti keçən 30 ildə ölkə daxili və xarici amilləri diqqətə alacaq şəkildə dəyişimə uğramışdır. Bugünkü İran xarici siyasətinin gələcəyini də həm Əhmədinejadın daxildəki gücü, həm də beynəlxalq amillərin təsiri müəyyənləşdirəcəkdir.
Mənbələr
[1] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.10.
[2] Ehteshami,”Iran’s Politics and Regional Relations Post-Détente”, s. 32.
[3] Ehteshami,”Iran’s Politics and Regional Relations Post-Détente”, s. 32.
[4] İran xarici siyasətində Xatəmi dövrünə dair geniş məlumat üçün baxınız: Alnahas, Continuity and Change in the Revolutionary Iran Foreign Policy: The Role of International and Domestic Political Factors in Shaping  the Iranian Foreign Policy, 1979 – 2006, ss.193-245
[5] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.11-12.
[6] Arif Keskin, ‘Ahmedinejad Dönemi İran Dış Politikası: Saldırganlığın Rasyonelleşmesi’, Stratejik Analiz, Fevral 2006,
[7] Arif Keskin,  “Devrim İçinde Yeni Bir Devrim Arayışı: Ahmedinejad ve Radikal Muhafazakar Akım” http://www.turksam.org/tr/a1304.html, 11 İyun 2007 (20 Avqust 2010).
[8] Keskin, ‘Ahmedinejad Dönemi İran Dış Politikası: Saldırganlığın Rasyonelleşmesi’, s???
[9] Keskin,  “Devrim İçinde Yeni Bir Devrim Arayışı: Ahmedinejad ve Radikal Muhafazakar Akım”
[10] Bu barədə geniş məlumat üçün baxınız: Anoush Ehteshami və Mahjoob Zweiri, “The Rise of the Neoconservatives in Iran”,Geopolitical Affairs, 1(1), 2007, ss.157-172. və Walter Posch, “Islamist Neo-Cons Take Power in Iran”,http://www.iss.europa.eu/uploads/media/analy118.pdf, (20 Avqust 2010)
[11]Bu barədə geniş məlumat üçün baxınız, Adam Goodman, Iran: Informal Networks and Leadership Politics, Defence Academy of the United Kingdom, Aprel 2008; Bayram Sinkaya, “İran’da Asker–Siyaset İlişkileri ve Devrim Muhafızları’nın Yükselişi”, Ortadoğu Etütleri,Yanvar 2010, Cild 2, Sayı 2, ss. 115-142. və Arif Keskin, “İran’daki Cumhurbaşkanlığı Seçimi: Molla ve Asker Çatışması”, http://www.turksam.org/tr/a1684.html , 4 İyun 2009, (20 Avqust 2010).
[12] Keskin,  “Devrim İçinde Yeni Bir Devrim Arayışı: Ahmedinejad ve Radikal Muhafazakar Akım”
[13] Angus McDowall, “Iran Observed: The Rise Of The Iranian Neo-Conservatives”, Asian Affairs, Cild 39, Sayı 3, Noyabr 2008, s.385.
[14] Əhmədinejatın dövründə İran xarici siyasətinə dair geniş məlumat üçün baxınız: Anoushiravan Ehteshami və Mahjoob Zweiri, Iran and the Rise of its Neoconservatives: The Politics of Tehran’s Silent Revolution, London, I. B. Tauris, 2007, ss.97-148; Amir M. Haji-Yousefi , “Iran’s Foreign Policy during Ahmadinejad: From Confrontation to Accommodation”, http://www.cpsa-acsp.ca/papers-2010/Haji-Yousefi1.pdf, (20 Avqust 2010), Masoud Kazemzadeh, “Ahmadinejad’s Foreign Policy”, Comparative Studies of South Asia, Africa and the Middle East, Cild 27, Sayı 2, 2007, ss. 423-449; Michael Dodson and Manochehr Dorraj, “Populism and Foreign Policy in Venezuela and Iran”, The Whitehead Journal of Diplomacy and International Relations, Qış-İlk Bahar 2008, ss.71-87 (ss.78-)http://blogs.shu.edu/projects/diplomacy/archives/08%20Dodson.pdf (20 Avqust 2010)
[15] Keskin,  “Devrim İçinde Yeni Bir Devrim Arayışı: Ahmedinejad ve Radikal Muhafazakar Akım”
[16] Sanam Vakil, “İran: Balancing East Aqainst West”,  The Washington Quarterly, 29(4), Payiz 2006, ss.51-65.

Dr. Nazim Cəfərsoy