Amerika

NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? – 2

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı
http://www.gunaz.tv
Qərb ilə İran arasında müharibə artıq başlayıb
Bundan öncəki yazımızda İranın nüvə proqramının nəyə görə bu qədər mübahisə mövzusu olduğuna dair suallara aydınlıq gətirməyə çalışmışdıq. Bu yazımızda isə İranın nüvə proqramının tarixinə qısaca nəzər salacaq və İran ilə Qərb arasındakı nüvə müharibəsi ilə bağlı fikirlərimizi bölüşəcəyik.
İranın nüvə proqramına dair ilk addım ABŞ ilə bu ölkə arasında 1957-ci ildə imzalanan dinc məqsədli nüvə əməkdaşlığı müqaviləsi ilə atılıb. Müqavilə İranın nüvə enerjisi sahəsində inkişafı üçün ABŞ-ın bu ölkəyə nüvə qurğu və təchizatları verməsini və mütəxəsislərin hazırlanmasına kömək  etməsini nəzərdə tuturdu. Razılaşma eyni zamanda rəsmi Vasinqtona İranın bu fəaliyyətlərini dinc məqsədli olub-olmadığına nəzarət etmə hüququ da verirdi. Həmin il CENTO-nun Bağdadda yerləşən Nüvə Elmi İnisitutunun Tehrana köçürülməsi ilə birlikdə Şah Məhəmməd Rza Pəhləvinin nüvə enerjisinə marağını daha da gücləndirdi. İran 1967-ci ildə  ABŞ şirkəti AMF ilə Tehran Nüvə Tədqiqat Mərkəzi ilə 5 meqavatlıq  araşdırma reaktoru qurulması üçün əməkdaşlığa başladı.
İran 1970-ci il fevralın 2-də Nüvə Silahlarının Məhdudlaşdırılmasına Dair Müqaviləni (NPT)  imzaladı. 1974-ci ilin martında Rza Şah nüvə enerjisinin inkişafına dair plan açıqladı. 30 milyard dollarlıq plan ümumi gücü 20 Meqavat olan 23 ədəd AES inşasını nəzərdə tuturdu. Bu AES-lərin 6-8-nin ABŞ,  4-nün Almaniya Federativ Respublikası (AFR) və 8-nin isə Fransa tərəfindən inşası planlaşdırılırdı. 1974-cü ilin iyununda isə Şah daha da irəli gedərək “İranın bəzilərin düşündüyündən daha tez müddətdə nüvə silahına malik olacağını” elan etdi. Dərhal sonra Qərb şirkətlərinin İranın nüvə programında yer almasını və bu çərçivədə AES inşası və İranlı nüvə alimlərinin Qərbdə təhsil  almasını təmin edən müqavilələr imzalanmağa başlandı.
İranda AES inşasına dair ilk addımı isə 1974-cü ilin noyabrında AFR-in “Simens AG”-nin şirkətinin filialı “Kraftwert Union” firması atdı. “Kraftwert Union” firması İranla imzaladığı müqavilə ilə Büşehrdə iki reaktorlu AES tikintisi üçün 1975-cu ilin avqustunda konstruksiya işlərinə başladı. İran həmin il Fransız şirkəti “Framatome” ilə Əhvaz şəhərinin cənubundakı Darxoyin şəhərində 950 Meqavat gücündə iki reaktor inşası üçün müqavilə imzaladı. 1974-75-ci illərdə İran, ABŞ və Fransa ilə nüvə yanacağı alımına dair 10 illik müqavilələr imzaladı. Şah rejimi 1 milyard ABŞ dolları ödəyərək uran zənginləşdirmə şirkəti “Eurodif”də 10 faiz hissə aldı. 22 Aprel 1975-ci ildə ABŞ prezidenti 292 sayılı “Milli Təhlükəsilzik Qərarı” memorandumu ilə  İrana öz reaktorlarında istifadə etmək və üçüncü ölkələrə satmaq məqsədilə nüvə yanacağı hazırlama üçün lazımı materyalların satışına icazə verdi. 1976-cı ildə isə İran, Cənub Afrika Respublikası ilə 750 milyon dolarlıq “Sarı piroq”(Yellowcake) adı verilən tozlaşdırılmış uraniyum alınması üçün müqavilə imzaladı.
Ancaq 1978-ci ildə İran büdcəsindəki büyük açıqlar Şah rejimini nüvə proqramına yenidən baxmağa məcbur etdi. Bu çərçivədə əvvəlcə  Fransa və Almaniya ilə imzalanan yeni AES inşa müqavilələri donduruldu, sonra İran 1979-cu ilin yanvarında Əhvazdakı reaktor inşasını pul çatışmamazılığı səbəbilə dayandırdığını elan etdi. 1979-cu ilin iyulunda isə Simens şirkəti 450 milyon dolları ala bilmədiyi üçün Buşəhrdə işi dayandırdı.  Ümumilikdə bu dövrdə yaranmış problemlərin kökündə 1979-cu ildəki ingilabın yatdığı isə açıq idi.
İnqilabdan sonra nüvə proqramına başda o qədər də maraq göstərməyən İran rəsmiləri başda İran-İraq müharibəsi və iqtisadi problemlər olmaqla daha aktual sayılan problemlərlə məşğul idilər. Qərblə düşmən münasibətlərdə olan və İraq müharibəsində zəifləyən İran, hərbi qüdrətini artırmaq üçün 1980-ci illərin sonlarında nüvə proqramına üstünlük verməyə başladı.  1980-ci illərdə Buşehr AES-in inşasının davamı üşün müxtəlif Qərbi Avropa və Cənubi Amerika ölkələri ilə danışıqlar aparan İran, ABŞ-ın maneçilik törətməsilə uğur qazana bilmədi. Bu da İranı 1980-ci illlərin sonundan etibarən ABŞ əleyhdarı super güc olan SSRi ilə nüvə əməkdaşlığı yaratmağa sövq etdi. Bu istiamətdə ilk ciddi addım 22 yanvar 1989-cu il tarixdə İran və SSRİ arasında imzalanan iqtisadi, ticari, texnologiya ve elm sahəsində əməkdaşlıq müqaviləsi sayıla bilər. Bu müqaviləni 1992-ci il tarixli Rusiya-İran nüvə əməkdaşlığı müqaviləsi izlədi. 1995-ci ildə isə Buşehr AES-in yenidən inşası Rusiyaya verildi.
ABŞ üçün İran nüvə proqramında ən mühüm təhlükə siqnalı çalan mərhələ isə 2002-ci ildə  nüvə silahı istehsalı üçün vacib olan iki vasitəyə Natanzda uranyum zənginləşdirmə mərkəzi ilə Ərakda ağır su zavoduna malik olması ilə başladı. Daha sonra 2003-cü ildə Pakistanın nüvə silahı proqramının banisi A.Q. Hanın İrana nüvə texnologiyası satdığına dair xəbərlər Qərbin narahatçılığını daha da gücləndirdi.
İranın nüvə proqramı və bu prosesin İran-ABŞ münasibətlərində yarada biləcyi böhran beynəlxalq arenada narahatçılığı artıraraq, problemin həllində yeni oyunçuların və səylərin gündəmə gəlməsinə səbəb oldu. Ancaq ilk öncə Almaniya, İngiltərə və Fransadan meydana gələn “EU-3”-ün 2003-cü ildə İranla başladığı müzakirələr və 2004-cü ilin 14 noyabrında imzalanan “Paris müqaviləsi” bir nəticə vermədi. İran daxilində parlamentin, xaricdə isə Buş admistrasiyasının mane olduğu bu proses Əhmədinejadın 2005-ci ildə  prezident seçilməsindən sonra İran tərəfindən rədd edildi. Bu uğursuzluqdan sonra gündəmə gələn bir digər mühüm təşəbbüs “5+1” qrupunun səyləridir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Büyük Britaniya, Fransa, Rusiya və Çin) ilə Almaniyadan ibarət olan bu qrup 1 iyun 2006-cı il tarixdə quruldu. Təşəbbüs çərçivəsində 6 iyunda İrana uranı zənginləşdirməkdən vaz keçmənin qarşılığında Dünya Ticarət Təşkilatına üzvlüyünə mane olmamaq, AB-İran ticarət müqaviləsi müzakirələri, AB-İran enerji əməkdaşlığı, ABŞ-ın sanksiyalarını yüngülləşdirmək kimi təkliflər verilsə də İranın yavaş davranması nəticəsində bu cəhd də istənilən nəticəni vermədi. Bu uğursuz cəhddən sonra İranın nüvə proqramı BMT-nin gündəminə gəldi. BMT keçən müddət içərisində İrana dair çox sayıda qətnamə qəbul edib. Bu arada 2009-cu ilin oktyabrında başlayan İranın uranı zənginləşdirmə mübadiləsini nəzərdə tutan Cenevrə prosesi isə 17 May 2010-cu il tarixdə Türkiyə, İran və Braziliya arasında imzalanan “Tehran Bəyannaməsi” ilə yeni bir impuls əldə etdi. Fəqət bir yandan İranın o günə qədərki inandırıcılığını daim şübhə altına alan addımları, digər yandan bəzi Qərb dövlətlərinin Türkiyənin vasitəçiliyinə qısqanclıqla yanaşması bu razılaşmanın, demək olar ki, ölü doğulmasına səbəb oldu.
2011- cil boyunca gedən proseslər isə vəziyyəti daha da dərginləşdirdi. Belə ki, İranın nüvə proqramı ilə bağlı həm yenə bir neçə gizli məlumat ortaya çıxdı, həm də Buşehr AES işə salındı. Eyni zamanda İranın dini mərkəz roluna  malik olan Qum şəhəri yaxınlığında yerin xeyli dərinliyində Fordo nüvə təsisləri inşa etdiyinə dair yeni məlumatlar beynəlxalq aləmi həyəcanlandırdı.
2011-ci il boyunca nüvə proqramı ətrafındakı gərginlik o həddə çatmışdır ki, İrana hücumlar barədə artıq konkret hərbi ssenarilərdən danışılmağa başlanmışdır. Elə bu günlərdə də həm İranın nüvə silahına malik olmaq üçün təxminən 1 ilə yaxın müddətin qaldığına, həm də İsrailin 2012-ci ildə mütləq İrana hərbi zərbə endirəcəyinə dair açıqlamalara şahid oluruq.
Bunlara Hürmüz boğazı gərginliyini də əlavə edə bilərik. İranla Qərb arasındakı nüvə müharibəsinin bir istiqamətinin də məhz İrandan neft idxalatı ilə bağlı addımlar (Qərb dövlətləri İrandan nef almaqdan vaz keçirlər və digər dövlətləri də buna sövq/məcbur edirlər. Artıq Yaponiya və Cənubi Koreya da bu prosesə qoşulub. Çin də müəyyən addımlar atır və s.) təşkil edir. Bu istiqamətdə başlanan gərginliklər artıq Hürmüz boğazında müharibə ssenarilərinni gündəmə gəlməsinə də səbəb olub. Hələlik ABŞ, Britaniya və Fransa hərbi gəmilərinin boğazda mövqelərini gücləndirməsi, İranın hərbi manevrləri və sərt bəyanatları ilə kifayətlənsək də, ümumi mənzərə xeyli təhlükəli hərbi xarakterə malik olduğu mübahisəsizdir.
“Stuksnet” virusu ilə hücum və İranın nüvə alimlərinin müəmmalı ölümləri, nüvə texnologiyası baxımından əhəmiyyətli hərbi və elmi mərkəzlərdə partlayışların baş verməsi, ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsinin İran tərəfindən vurulması da bəzi ekspertlər tərəfindən iki ölkə arasında artıq müharibənin başlaması kimi izah edilir.
Xatırladaq ki, 2011-ci il iyulun 23-də İranın nüvə sahəsində fəaliyyət göstərən alimlərindən biri Rizayinejada qarşı terror aksiyası həyata keçirilmişdir. Amma bu ilk hadisə deyildi. Əksinə, son illərdə iranlı alimlərə qarşı terror hadisələri tez-tez müşahidə olunur. 2010-cu ildə nüvə texnologiyaları sahəsində çalışan 3 alim terror yolu ilə öldürülmüş, bir alim isə yaralanmışdır. Bu il yanvarın 11-də də Tehranda baş veren partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər isə yaralanıb. İRNA-nın məlumatına görə, partlayış zamanı ölən şəxs İranın Nətənz Nüvə Mərkəzinin alimi və Ticari İşlər Rəisinin müavini Mustafa Əhmədi Rövşən olub. Bu hadisə bir daha İranla Qərb arasındakı problemin yeni müstəviyə keçdiyinin göstəricisi kimi qəbul olunub.
Göründüyü kimi, İranın nüvə proqramı özü yeni olmasa da onun regionda həbri münaqişə mənzərəsi yaratması nisbətən yenidir. Bu mənzərə hazırda zirvəyə çatmaq üzrədir. İranla bağlı hərbi ssenarilər, bu ölkəyə hərbi müdaxilə artıq adi mövzuya çevrilib. Sanki beynəlxalq aləm (eləcə də bölgə və rəsmilərinin açıqlamalarına baxılarsa İranın özü də)  bunu çox normal qəbul edir və sadəcə iki suala cavab axtarır:
Bu müdaxilə nə vaxt olacaq?
Müdaxilənin maliyyəti nə olacaq?
Bu fakt özü belə hərbi qarşıdurmanın nə qədər yaxın olduğunu göstərmək üçün kifayətdir.

Araz Aslanlı