Hərbi-təhükəsizlik

TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış

Pinterest LinkedIn Tumblr

Bölgəmizdə gedən proseslər içərisində son illərdə maraqla izlənənlərdən biri də Türkiyə-İsrail münasibətləridir. Türkiyə-İsrail münasibətləri sadəcə sırf bu iki ölkə üçün deyil, yaratdığı və yarada biləcəyi nəticələr baxımından ABŞ başda olmaqla dünyanın önəmli gücləri və bölgə dövlətləri üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, İran, Rusiya və Ermənistan da bu münasibətləri diqqətlə izləyir, Türkiyə-İsrail münasibətlərində mənfi və müsbət mənada yaşananların onlara təsirlərini araşdırır, proseslərdən öz lehlərinə necə istifadə edə biləcəklərini müəyyənləşdirməyə çalışırlar.

Bir qədər iddialı kimi görünsə də bu iki ölkənin bölgəsəl (regional) və qlobal imkanlarını nəzərə alaraq Türkiyə-İsrail münasibətlərinin bölgədəki proseslərin taleyinə təsiredici gücə malik olduğunu qətiyyətlə söyləmək mümkündür. Bu səbəbdən də münasibətlərin xarakterini ortaya qoymaq, münasibətlərin səviyyəsini tarixdə və hazırda müəyyənləşdirən amillərə nəzər salmaq münasibətlərin gələcəyini və bu münasibətlərdəki vəziyyətin üçüncü ölkələrə təsirini proqnozlaşdırmaq baxımından vacibdir.

Hələ bir neçə il əvvəl Türkiyə-İsrail  münasibətləri yenicə pisləşməyə başlayanda (“Davos böhranı”) xüsusilə Azərbaycan KİV-də (təbii ki, Azərbaycan mütləq istisna deyildi, dünyanın digər yerlərində də, o cümlədən Türkiyədə də bu istiqamətdə yayınlar var idi) bunun ani bir addım olduğu və Türkiyə-İsrail münasibətlərinin çox yaxında dərhal yaxşılaşacağı iddia edilmişdi. QAFSAM (Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – www.qafsam.org) 2009-cu ildəki analizində bunun belə olmadığını, Türkiyə-İsrail münasibətlərindəki pisləşmənin bir tədbirdəki “sözlərin düz gəlməməsi” hadisəsi yox, strateji maraqlardan qaynaqlanan bir proses olduğunu ortaya qoymuşdu. Həmin analizdə münasibətlərin yaxın mərhələ yaxşılaşma ehtimalının çox zəif olduğu da vurğulanmışdı. Bu qənaətə məhz münasibətləri müəyyənləşdirən amilərin təhlili nəticəsində gəlinmişdi.

Beləliklə, münasibətlərin qısa tarixçəsinə və hazırda münasibətləri müəyyənləşdirən başlıca amillərə nəzər salaq. Əslində Türkiyə-İsrail münasibətlərinin kökündəki bəzi amillər hər iki ölkənin tarixindən daha qədim tarixə malikdir.. Türkiyənin Yəhudi ölkəsi olan İsraillə münasibətlərinin kökü Yəhudilərin varlıqlarını qorumaq üçün Türklərin mərhəmətinə sığındıqları 15-ci əsrə qədər gedir. 1491-ci ildə 200.000-dən çox Yəhudi inkvizisiya məhkəmələri tərəfindən İspaniyadan qovulduqları zaman Osmanlı Dövləti (imperiyası) onları torpaqlarında yaşamağa dəvət edən tək ölkə olmuşdu. Bu prosesdən  sonra Yəhudilər Osmanlı tarixində çox əhəmiyyətli bir rol oynadılar. Ticarət, sənaye və bank sektorunda daha ön planda oldular. Osmanlının son dövrlərində Yəhudilərin Osmanlıdan Qüds və digər müqəddəs torpaqlarla bağlı tələbləri olmuş və bu tələblər qəbul olunmadığı üçün Sultan Əbdülhəmidlə aralarında narazılıq yaranmışdı. Hətta Yəhudi təşkilatlarının məhz bu səbəbə görə Osmanlıya qarşı həyata keçirilən parçalama siyasətlərinə dəstək verdikləri də iddia olunur.

Türkiyə-İsrail rəsmi münasibətləri isə 28 mart 1949-cu il tarixində Türkiyənin İsrailin müstəqilliyini tanıması ilə qurulmuşdur. Beləcə, Türkiyə İsrail dövlətini tanıyan əhalisinin əksəriyyəti Müsəlman olan ilk ölkə oldu. Türkiyə İsraili tanıdıqdan sonra 1950-ci ildə səfirlik açmış və 9 Mart 1950-ci ildə isə Seyfullah Ersin Tel-Əvivə səfir təyin olunmuşdu. Soyuq müharibə dövründə NATO-nun üzvü və ABŞ-ın müttəfiqi kimi Türkiyə, ABŞ tərəfindən dəstəklənən ölkə kimi İsrail ilə Yaxın Şərqdə müəyyən dərəcədə əməkdaşlıq etmişdir. Türkiyə 1963-1964-cü illərdə Kipr problemi ilə əlaqədar beynəlxalq aləmdə yalnızlıq hiss edincə və xüsusiylə BMT-dəki  səsvermələrdə sadəcə bir neçə səslə dəstəklənincə xarici siyasətini bir neçə istiqamətdə gözdən keçirməyə qərar verdi. Bu çərçivədə 1967-ci ildə Türkiyə İsrailin Qüdsü işğalı və ümumiyyətlə, işğal edilmiş Ərəb torpaqlarından çəkilməsiylə bağlı BMT-də keçirilən müzakirələrdə və səsvermədə Ərəb dövlətlərinin mövqeyini dəstəklədi. 1969-cu il avqustun 21-də Məscidi-Aksanın yandırılmasına da çox sərt reaksiya verdi. 1976-cı ildə Fələstin Azadlıq Təşkilatını tanıdı. 1970-ci illər boyunca daha əvvəlki siyasətində qismi dəyişiklik edərək Fələstin dövlətinin qurulmasının zəruriliyini də müdafiə etməyə başladı. Bunda digər məqamlarla yanaşı neft amilinin də rolu olmuşdu.

Türkiyə 1980-ci ilin iyulunda İsrailin Qüdsün şərq hissəsini də işğal etməsini qınadı və bu ölkədəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək tələbinə sərt reaksiya verdi. 1980-ci il noyabrın 26-da isə İsraildəki səfirliyinin müşavirini (faktiki diplomatik korpusun rəhbərini) geri çağırdı və diplomatik münasibətləri ikinci katib səviyyəsinə endirdi. Xatırladaq ki, Türkiyə 1956-cı ildə İsrail Misiri işğal edərkən də səfirini geri çağırmış, diplomatik münasibətləri müşavirlik səviyyəsinə endirmişdi.

Ancaq daha sonrakı proseslər yenidən Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması istiqamətində getdi. Bunun əsas səbəblərindən biri terrora qarşı əməkdaşlıq ehtiyacı idi. Xüsusilə, Fələstin Azadlıq Təşkilatının nəzarəti və texniki dəstəyi ilə Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparan Erməni, Kürd və Türk terror qruplarının Livanda təlim keçmələri problemli mövzu idi. Türkiyə-İsrail münasibətlərinə təkan verən amillərdən biri də ABŞ-dakı Erməni lobbisinin fəaliyyətləri qarşısında Yəhudi lobbisinin dəstəyinə duyulan ehtiyac oldu.

Başqa bir məqam isə 1979-cu ildə İranda baş verən inqilab oldu. İnqilabdan əvvəl ABŞ “ikiayaqlılıq siyasəti”nə görə Şahın idarə etdiyi İran və Səudiyyə Ərəbistanına əsaslanan strategiya ilə Yaxın Şərqdə fəaliyyətini təmin etməyə və İsrailin mövqeyini və təhlükəsizliyini qorumağa çalışırdı. 1979-cu il inqilabından sonra İranın əvəzinə ABŞ başqa bir Müsəlman ölkəsinə ehtiyac duydu və bu “boşluğu” Yaxın Şərqdə kifayət qədər imkana və tarixi dərinliyə malik, eyni zamanda NATO-ya da üzv olan Türkiyə ilə doldurmağa qərar verdi. Bu, həm də elə bir mərhələdə baş verirdi ki, bu mərhələdə ümumiyyətlə silah ehtiyacını təmin etməkdə bir qədər çətinlik çəkən Türkiyə, həm də PKK terroru problemi ilə daha çox qarşı-qarşıya qalmağa başlamışdı. Qərbdəki müttəfiqləri isə “insan hüquqları” problemlərindən bəhs edərək Türkiyəyə silah satışında məhdudiyyət tətbiq edirdilər.

Türkiyə və İsrail arasında 1990-cı illərə qədər hərbi, iqtisadi və siyasi münasibətlər mövcud olsa da münasibətlərin strateji əməkdaşlıq xarakterinə (ya da adlandırmasına) sahib olması Soyuq müharibənin başa çatmasının beynəlxalq sistem, Körfəz müharibəsinin isə Yaxın Şərq regional sistemi üzərindəki təsiriylə baş vermişdir. Bu təsir xüsusilə 1990-cı illərin ortalarında iki ölkənin ortaq təhdidlərə tuş gəlməsinə (ya da elə qavramasına) səbəb olmuşdur.

Soyuq müharibədən sonra yaranmış yeni beynəlxalq şərait Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasına təkan vermişdir. Belə ki, Türkiyənin 1990-cı illərin əvvəlində İran, Suriya və Yunanıstan kimi ölkələrlə yaşadığı problemlərin yüksək səviyyəyə çatması və bu ölkələrlə problemlərinə Soyuq müharibə dövründəki kimi NATO çərçivəsində baxa bilməyəcəyini düşünməsi; eyni zamanda problemlərin Orta Asiya və Qafqaz bölgələrində Rusiya və İranı da əhatə edəcək şəkildə genişləməsi Türkiyə üçün çətinlik yaradarkən, İsrailin də Suriya və İran timsalında nümunələrində bu təhdidləri paylaşması ortaq təhlükəyə sahib olmaq düşüncəsinin meydana gəlməsinə səbəb olmuşdur.

Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında təhlükəsizlik amili də rol oynamışdır. İki ölkə arasında hərbi təhsil və modernizasiya, kəşfiyyat xarakterli məlumat mübadiləsi, yüksək texnologiya məhsulu silah sistemləri də daxil olmaqla hərbi sahədəki ticarət münasibətlərinin strateji xarakterə sahib olmasına səbəb olmuşdur. Ayrıca, iki ölkənin hərbi sahədəki münasibətlərinin heç bir zaman üçüncü bir ölkəyə qarşı ittifaq xarakterinə sahib olmasa da hər iki ölkənin təhdid qəbul etdiyi regional rəqiblərinə qarşı digərindən psixoloji amil kimi istifadə etdiyi də qəbul olunur.

İki ölkənin təhlükəsizlik başda olmaqla bir çox mövzuda uzun müddət birmənalı müttəfiq hesab etdikləri ABŞ-ın rolunu da xüsusi qeyd etmək lazımdır. ABŞ, Türkiyə-İsrail münasibətlərinin Orta Asiya, Qafqaz və Yaxın Şərq ayaqlarında ehtiyac duyulduğu məqamlarda müdaxilə edərək əlaqənin tamamlayıcı parçasını təşkil etmişdir.

Bütün bunların yaşandığı mərhələlərdə Türkiyə ilə İran arasındakı münasibətlər, ikincinin rejim ixracı, xarici siyasətdə terrordan vasitə kimi istifadə cəhdləri, PKK terroruna dəstək, Türkiyənin Qərb blokunun bir parşası olması və s. amillərə görə yaxşı səviyyədə deyildi. Həmin dövrdə İran-Azərbaycan münasibətləri də İranın Azərbaycan ərazilərini işğal edən Ermənistana dəstəyi, Azərbaycana rejim ixracı təşəbbüsü, bəzi terror aksiyaları, Azərbaycanda (həm Azərbaycan Respublikasında, həm də Cənubi Azərbaycanda) “Cənubi Azərbaycan” və “Bütöv Azərbaycan” şüarlarının səsləndirilməsi və s. səbəblərə görə daha çox mənfi xarakterə sahib idi. Ancaq bu mərhələdə Azərbaycan-İsrail münasibətləri Türkiyə-İsrail münasibətlərilə tam eyni xarakterdə deyildi. İsrail Azərbaycan ilə münasibətləri yaxşılaşdırmağa xüsusi təşəbbüslər göstərsə də, Azərbaycan İslam ölkələri ilə münasibətlərini, Qarabağ problemi ilə əlaqədar məcburiyyətləri və s. amilləri də nəzərə alaraq müəyyən dərəcədə ehtiyatlı davranır, amma İsrailin təşəbbüslərini də mütləq mənada rədd etmirdi.

Xüsusiylə 1990-cı illərin ikinci yarısında bölgədə Rusiya-Ermənistan-İran-Suriya (+Yunanıstan) və Azərbaycan-Gürcüstan-Türkiyə-İsrail (+ABŞ) strateji vektorlarından danışılırdı. Mütləq müttəfiqlik xatakterinə malik olmadığından və hər bir vektordakı ayrı-ayrı ölkələrin fərdi maraqlarına daha çox əhəmiyyət vermələri (məsələn, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna sadiq olduğunu iddia edirdi ki, bu qeyd olunan vektorlardan birinin mütləq iştirakçısı olmağa imkan vermirdi) səbəbindən bu vektorların heç biri ittifaqa çevrilmədi. Amma hər halda dövrün şərtləri içərəsində İran, Türkiyə və Azərbaycanın, Türkiyə və Azərbaycan isə İranın mütləq düşmən kimi gördüyü ölkələr ilə isti münasibətlərə sahib oldu.
Növbəti yazıda Türkiyə-İsrail münasibətlərinin pisləşmə trendi, hazırkı vəziyyəti və bunun İrana təsiri üzərində durulacaqdır.

http://gunaz.tv/aze/14/articleCat/1/articleID/2370-TURKIYE-ISRAIL-MUNASIBETLERI-VE-IRAN-Tarixi-arayis.html

Araz Aslanlı