Hərbi-təhükəsizlik

ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS

Pinterest LinkedIn Tumblr

 

Mayın 12-i, Atəşkəs müqaviləsinin imzalanmasının 18-ci ildönümüdür. Bundan öncəki yazıda da qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyəti üçün  atəşkəs kifayət qədər mübahisəli bir termin və mövzudur. Çünkü əksəriyyət müqaviləni faydasız və işləməyən bir sənəd kimi qiymətləndirir. Atəşkəsin bir işə yaradığına, sülh danışıqlarının əslində əhəmiyyətə malik olduğuna dair yaradılmağa çalışılan süni mənzərə isə artıq qəbul edilmir. Bütün hallarda əvvəlki (“İşğal və Atəşkəs Ayı” adlı) məqalədə qeyd olunan proseslərlə yanaşı 1994-cü ildə atəşkəsin imzalanmasına gedən yola və təbii ki, müqavilənin imzalanmasından sonrakı prosesə nəzər salmaq faydalı olacaqdır.

 

1994-cü ilin yanvar-mart dövrü kiçik miqyaslı hücumlarla yanaşı, ATƏM və Rusiyanın vasitəçilik cəhdləriylə keçmişdir. Rusiya ATƏM-in Minsk qrupunun üzvü olsa da sülhün təmin edilməsi üçün öz planlarına daha çox üstünlük verir və bununla da bölgədəki keçmiş nüfuzunu bərpa edəcəyini düşünürdü. Rusiyanın cəhdləri içində ən əhəmiyyətliləri Moskvada 18  yanvar 1994-cü il tarixində Rusiya Xarici  işlər naziri Andrey Kozırevlə Azərbaycan Xarici işlər naziri Həsən Həsənov arasındakı və 20 yanvar 1994-cü il tarixində Rusiya və Ermənistan xarici işlər nazirləri Kozırev ilə Hovanisyan arasındakı görüşlər, 4 fevral 1994-cü il tarixində Macarıstanda Minsk Doqquzluğunun ATƏM-in Minsk konfransının yeni sədri İsveçli Yana Eliassonla görüşü, 18 fevral 1994-cü il tarixdə Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri arasında Moskvada keçirilən görüşdən sonra protokol imzalanması, 28 fevral – 1 mart 1994-cü il tarixlərində Rusiya prezidentinin səlahiyyətli nümayəndəsinin və Rusiya müdafiə nazirinin müavininin Bakı və İrəvana səfərləri olmuşdur.

 

31 mart – 3 aprel 1994-cü il tarixlərində MDB Parlamentlərarası Şurasının nümayəndəsi kimi Qırğızıstan Ali Məclisinin sədri və Rusiya prezidentinin xüsusi nümayəndəsi Bakıya, İrəvana və Azərbaycanın Xankəndi şəhərinə səfər etmişdir. 9 apreldə Ermənistan gücləri Tərtər rayonuna təxminən bir ay davam edən iri miqyaslı hücum başlatmışdır. Aprelin 15-də Moskvadakı MDB dövlət başçıları zirvəsində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə problem müzakirə edilmişdir. MDB sammitində Dağlıq Qarabağ bölgəsi və ətrafındakı hadisələr mövzusunda birgə bəyanat verilmişdir.

 

26 aprel – 2 may 1994-cü il tarixlərində ATƏM heyəti bölgəyə səfər etmişdir. 4-5 may 1994-cü il tarixlərində, Bişkekdə MDB Parlamentlərarası Şurasının iclası çərçivəsində Qırğızıstan parlamenti və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Ermənistan və Azərbaycan parlamentlərinin başçıları və keçmiş DQMV-nin  Azərbaycanlı (Azərbaycan Türkü) və  erməni icmalarının nümayəndələri görüşmüşdür. Bu görüşdə sülhə doğru bir addım kimi 5 may 1994-cü il tarixində Bişkek Protokolu imzalanmışdır. Daha sonra imzalanacaq atəşkəs müqaviləsinə əsas təşkil edəcək olan bu protokolun, Azərbaycan, Ermənistan və keçmiş DQMV-nin təmsilçisi kimi yalnız Erməni icmasının adından imzalanması, Azərbaycan baxımından ciddi bir güzəşt idi. Çünki o günə qədər Azərbaycan qarşı tərəf kimi yalnız Ermənistanı qəbul etməkdə idi. Lakin indi öz ölkəsinin bir parçasını təmsil etdiyini iddia edənlərlə müqavilə imzalamışdı.

 

Protokolda qısaca, keçmiş DQMV və onun ətrafındakı münaqişələrin Azərbaycan və Erməni xalqlarına və bölgənin digər xalqlarına zərər verdiyi, 14 aprel 1994-cü il tarixli MDB sammitində silahlı münaqişənin dayandırılması və ortaq məxrəcə gəlinməsinin dəstəklənməsi, Parlamentlərarası Şuranın və MDB-nin bu istiqamətdəki səyləri, BMT və ATƏM-in problemin həlli mövzusunda aldığı qərarların (xüsusilə Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin) yerinə yetirilməsi zərurəti vurğulanaraq, Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri arasında Moskvada imzalanan 18 fevral 1994-cü il tarixli protokola istinadən, 8 maydan 9 maya keçən gecədən etibarən atəşin kəsilməsi, bir sıra başqa problemlərlə birlikdə qaçqınların yerlərinə qayıdışının təmin edilməsi mövzusunda razılıq əldə olunduğu bildirilirdi. 9 may 1994-cü tarixində Azərbaycan və Ermənistan müdafiə nazirləri və keçmiş DQMV-dəki bölücü Erməni liderliyinin nümayəndələri arasında atəşkəslə əlaqədar müqavilə imzalanmışdır. 12 may 1994-cü il tarixindən etibarən atəşkəs rejimi tətbiq olunmağa başlamışdır. Bu hadisə ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçı hücumlarına və iki ölkə arasında yaşanan müharibəyə rəsmi şəkildə son qoyulmuşdu. Amma bu hələ müharibənin başa çatması demək deyildi. Yenə də  1994 atəşkəsindən bu günə qədərki dövrdə atəşkəsin tez-tez pozulması və bəzən bu pozuntuların müharibəyə çevriləcəyinə dair gözləntilər meydana gəlməsinə baxmayaraq, atəşkəs davam etmişdir.

 

1994-cü ildən bu günə qədər az qala hər gün (tərəflər, bir-birlərini atəşkəsi həftədə təxminən 100 dəfə pozmaqla günahlandırırlar) pozulması səbəbiylə atəşkəsin nə işə yaradığı sualı tez-tez ortaya atılır. Atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən çox sayda əsgər və mülki vətəndaş ölmüş və yaralanmışdır. Qarşılıqlı olaraq əsir alma halları yaşanır. Bəzi dövrlərdə isə atəşkəs pozuntularının sıxlaşması müharibənin başlayacağına dair xəbərdarlıq kimi qiymətləndirilmişdir. Məsələn, 10 sentyabr 2009-cu il tarixində Ağdam istiqamətində hücuma keçən Ermənistan ordusuna Azərbaycan tərəfinin cavab verməsi nəticəsində 5 Ermənistan əsgəri öldürülmüş, 10-u ise yaralanmışdı. Həmçinin 2010-ci ilin yayında Ermənistanın atəşkəsi pozması nəticəsində baş verən atışma 5 Ermənistan əsgərinin ölümü, onlarla əsgərin isə yaralanmasıyla nəticələnmişdir. Atışma sonunda, daha sonra Azərbaycanın milli qəhrəmanı elan edilən Mübariz İbrahimovun cənazəsi Ermənistan ordusunun nəzarət etdiyi bölgədə qalmışdır. Daha sonra çıxan qarşıdurmalarda yenə Azərbaycan və Ermənistan ordusunun əsgərlərinin cənazələri qarşı tərəflərin nəzarət etdiyi bölgələrdə qalmışdır. Mübariz İbrahimovun və oxşar aqibət yaşayan Fərid Əhmədovun cənazələrinin qaytarılması yalnız 27 oktyabr 2010-cu il tarixində, Rusiyanın Həştərxan şəhərində keçirilən üçtərəfli görüşdə imzalanan razılaşma ilə təmin edilə bilmişdir. Atəşkəsin gücləndirilməsinə dair danışıqların sıxlaşdığı bir vaxtda (5 martda dövlət başçıları arasında üçtərəfli bir görüş daha keçirilmişdi) 8 mart 2011-ci il tarixində Ermənistan ordusunun snayperi bir qisimi Ermənistanın işğalı altında olan Ağdam rayonunun işğal edilməmiş Şıxlar kəndindəki 9 yaşlı uşağı başından vuraraq öldürmüşdür. Erməni tərəfinin Azərbaycan ərazilərinə su yolu ilə yolladığı oyuncaq-minanın partlaması isə bir uşağın ölümünə, anasının isə ağır yaralanmasına səbəb olmuşdu. 2011-ci il boyunca və 2012-ci ildə atəşkəs pozuntusuna dair qarşılıqlı günahlandırmalar isə davam edib.

 

Göründüyü kimi, atəşkəs razılaşmasına baxmayaraq atəş elə də kəsilməyib. Ermənistan üçün əldə etdiklərinə hüquqi don geydirmənin, Azərbaycan üçün isə ərazilərini işğaldan azad etmək üçün məcburən münasib zamanı gözləmənin vasitəsi kimi görülən atəşkəs razılaşması müharibə riskini canlı tutur. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamağa davam edir. Problem isə həllsiz olaraq qalır. Bir də ortada acı və bölgəni bir anda müharibənin və eyni zamanda qlobal bir böhranın içinə çəkə biləcək 2008-ci ilin avqust hadisələri təcrübəsi var. Təsadüfi deyildir ki, 2008-ci ilin avqust hadisələrindən sonra həm Rusiyanın problemi nəzarətində saxlamaq təşəbbüsləri, həm də ABŞ və AB-nin status kvodan duyduqları narahatlığı ifadə etmələri diqqət çəkmişdi. Elə Azərbaycan rəhbərliyi də status kvonun davam etdirilməsinin qeyri-mümkünlüyünü və bir an əvvəl həll istiqamətli cəhdlərin artmasının vacibliyini tez-tez vurğulayır. 2000-ci illərdə ümumi olaraq Qarabağ problemin həlliylə bağlı Paris Prinsipləri, Praqa prosesi, Madrid Prinsipləri, Moskva bəyannaməsi, Yenilənmiş Madrid Prinsipləri əhəmiyyətli mərhələlər kimi diqqət çəksə də 2008-ci ilin avqust hadisələrindən sonra 2 noyabr 2008-ci il tarixli Moskva bəyannaməsi və 24 iyun 2011-ci il tarixli Kazan görüşməsi ən əhəmiyyətli iki hadisə olaraq xarakterizə edilə bilər.

 

İlk addım tərəflərin həll üçün hərbi yola müraciət etməyəcəklərinə dair öhdəlik götürmələrini  təmin etməyə, ikincisi isə güya sülhə çox yaxın olunduğuna dair görüntü yaratmağa xidmət edirdi. 24 iyun 2011-ci il tarixli Kazan görüşü kimi 23 yanvar 2012-ci il tarixli üçtərəfli Soçi görüşü də uğursuzluqla nəticələnmişdir.

 

Soçi görüşündən əvvəl Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial və iqtisadi yekunlarına və 2012-ci ilin planlarına dair 16 yanvar 2012-ci il tarixli iclasında ATƏT-in Minsk Qrupuna mesaj xarakteri də daşıyan bu əhəmiyyətli bəyanatı vermişdi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmamışdır. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır… Əlbəttə ki, status-kvo dəyişdirilməlidir… Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır!”

 

Şərtlər bu qədər açıq ikən vasitəçilərin, əgər həqiqətən daimi sülh və sabitlik arzuluyurlarsa, işğalı sona çatdırmaq üçün daha qəti addımlar atmaları vacib şərt olmuşdur. Əks halda, mövcud regional və qlobal konyukturun davamlılığına kimsə zəmanət verə bilməyəcəyinə görə yalnız prosesi idarə etmə, ya da problemi dondurma cəhdlərinin bölgə baxımından daşıdığı riski hər kəs paylaşmaq məcburiyyətində qalacaq. Elə bir mərhələyə gəlinə bilər ki, hətta Fransanın Erməni tərəfdarı mövqeyinə görə Minsk  Qrupunun həmsədrlik institunda dəyişiklik, hətta onsuz da həll üçün bir fəaliyyətləri olmadığı üçün Minsk Qrupundan ümumiyyətlə imtina edilərək yeni vasitəçilər axtarılması ideyası belə əhəmiyyətini itirə bilər.

 

http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2464-ATESI-KESE-BILMEYEN-ATESKES.html

Araz Aslanlı