Hərbi-təhükəsizlik

İŞĞAL VƏ ATƏŞKƏS AYI

Pinterest LinkedIn Tumblr

 

May ayı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi (Qarabağ problemi) baxımından ən kritik hadisələrin yaşandığı aylardan biridir. Mayın 8-də (1992-ci il) Şuşa Ermənistan ordusu tərəfindən işğal edildi. 1994-cü ilin eyni günündə sülh yolunda bir körpü yoxsa maneə olduğu hələ də tam dəqiqləşməyən atəşkəs müqaviləsi imzalandı və 12 may tarixində müqavilə qüvvəyə mindi. Mayın 18-də (1992-ci il) Laçın Ermənistan tərəfindən işğal edildi. Əslində elə Qarabağ problemi deyiləndə də göz önünə daha çox bunlar gəlir: işğal və atəşkəs. Əlavə olaraq acı, qaçqınlar, əsirlər, beynəlxalq hüququn ayaqlar altına alınması və s. Məhz buna görə bəlkə də may ayında bugünkü Azərbaycanın siyasi mənada təməllərinin qoyulması kimi əhəmiyyətli bir hadisə baş versə də (28 May 1918) xüsusilə Şuşa və Laçın kimi Qarabağ probleminin taleyi baxımından da stratejik iki rayonun işğalının abu-havası xüsusi hiss olunur. Ona görə də, bu aykı iki məqalədə, işğal və atəşkəs təşəbbüslərinə, atəşkəsin nəyə yaradığına, sülh prosesinə nəzər salmağa çalışacağıq.

 

12 may 2012-ci il tarixi Azərbaycan ilə Ermənistan arasındakı Atəşkəs razılaşmasının 18-ci ilinin tamamlandığı gündür. Adətən bir hadisə ildönümündə daha çox xatırlanır. Bu mənada Azərbaycan ictimai rəyi və ümumiyyətlə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi (Qarabağ problemi) ilə yaxından maraqlananlar üçün bu tarix bir daha atəşkəsin tətbiqinə və sülh prosesinə yenidən nəzər salmaq, atəşkəsin və sülh prosesinin hansı nəticələr yaratdığı barədə suallara cavab axtarışı tarixidir.

 

Tez-tez pozulması və sülh müqaviləsinin hələ də imzalanamaması səbəbiylə atəşkəs müqaviləsinin və hətta ATƏT-in Minsk Qrupunun bir işə yarayıb-yaramadığına, əgər yarayırsa nə işə yaradığına dair suallara cavab tapmaq, şübhəsiz ki, asan deyil. İstər Minsk Qrupu (formalaşması, tərkibindəki dövlətlər, həmsədrlik institutu, həmsədrlərin hansı ölkələrdən olmalı olduqları, fəaliyyətləri və s.), istərsə də atəşkəs müqaviləsi (cəhdlər, imzalanması prosesi, nəticələri, sülh prosesinə tövhəsi və s.) müxtəlif yönlərilə qiymətləndirilməlidir. Lakin əvvəlcə gəlin ildönümü tamamlanan atəşkəs müqaviləsindən danışaq.

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan gərginliyin münaqişəyə və müharibəyə çevrilməsinə paralel olaraq vasitəçilik səyləri də sıxlaşmışdır. Yəni əslində atəşkəs cəhdləri hələ SSRİ rəsmi olaraq tam dağılmadan əvvəl başlamışdı. 1994-cü ilin mayında atəşkəs müqaviləsinin imzalanmasına qədərki müddətdə hansının nə qədər xoş niyyət daşıdığı hələ də tam olaraq bilinməməklə birlikdə çox sayda atəşkəs təşəbbüsü olmuşdur. Qəribədir ki, sonuncusu istisna olmaqla hamısı uğursuz olan bu atəşkəs cəhdləri hər dəfə yaxşı niyyətli mövqeyinin əvəzi kimi Azərbaycanın zərər görməsilə nəticələnmişdir.

 

İlk ciddi cəhd SSRİ-nin sonunu gətirən proseslərdən də biri olan uğursuz avqust 1991-ci il çevrilişindən sonra göstərilmişdir. 19-21 avqust 1991-ci il tarixlərində Mixail Qorbaçova qarşı təşkil edilən çevrilişin uğursuzluqla nəticələnməsi və bunun nəticəsində SSRİ-yə üzv Sovet respublikalarının müstəqillik prosesinin sürətlənməsi, Ermənistanın Azərbaycan ərazilərini özünə birləşdirmə cəhdlərinin artmasına da səbəb olmuşdu. 30 avqust 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdiyini elan etdi. Bundan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ermənilərini təmsil etmə iddiası ilə bir qrup toplanaraq Artsax Erməni Respublikasını  elan etdi. Azərbaycan Parlamenti bu qərara, Azərbaycan Konstitusiyasına (eyni zamanda SSRİ Konstitusiyasına) zidd olduğu üçün sərt reaksiya göstərdi. Bu dövrdə hələ geniş müharibəyə getməsə də tərəflər arasındakı gərginlik artıq silahlı münaqişəyə çevrilmişdi.

 

Avqust çevrilişinin qarşısının alınması prosesində ulduzu xüsusilə parlayan Boris Yeltsin yanına Qarabağ problemilə yaxından maraqlanan Qazaxıstan prezidenti Nursultan Nazarbayevi də alaraq 20 sentyabr 1991-ci il tarixdə gec saatlarda Bakıya gəlmişdir. Ertəsi gün liderlər əvvəlcə Gəncə şəhərinə, lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra isə buradan DQMV-nin mərkəzi olan Xankəndinə getmişdir. Liderlərin son dayanacağı İrəvan olmuşdur. Yeltsin və Nazarbayev bir sülh prosesini başlatmağa çalışmış və hər iki tərəflə keçirdikləri görüşlərdə bunun şərtlərini təxmini olaraq müəyyən etmişdilər. Razılaşmaya əsasən 23 sentyabr 1991-ci il tarixində Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində sülh danışıqları başlamışdır. 24 sentyabr 1991-ci ildə Azərbaycan və Ermənistan, Yeltsin və Nazarbayevin zəmanəti ilə razılaşma imzaladılar. Saziş, tərəflər arasında atəşkəsin təmin edilməsini, Ermənistanın DQMV’nin Azərbaycana aid olduğunu qəbul etməsini, bölgəyə özünü idarə etməsi üçün bir sıra əlavə səlahiyyətlər verilməsini nəzərdə tuturdu.

 

Danışıqların ikinci mərhələsi iki tərəfin rəsmiləri arasında Azərbaycan-Ermənistan sərhədindəki İcevan rayonunun bir kəndində reallaşdırılmışdır. Görüşdən sonra yayılan bəyanatda cinayət və intiqama söykənən sonsuz prosesin dayandırılmasının zəruri olduğu vurğulanmışdır. Lakin qarşılıqlı hücumlar dayanmamışdır. Azərbaycan tərəfi isə atəşkəsə əməl edilmədiyini göstərmək üçün Rusiya və Qazaxıstandan bölgəyə müşahidəçilər də gətirmişdir.

 

20 noyabr 1991-ci il tarixində Azərbaycan hökumətinin üzvlərini,  ədliyyə və təhlükəsizlik orqanlarınm rəhbərlərini, iki Rus generalı, Qazax və Rus müşahidəçiləri, jurnalistləri daşıyan helikopter Erməni silahlı qrupları tərəfindən vuruldu. Terror aksiyası bütün sərnişinlərin ölümü ilə nəticələndi. Bu hadisə Azərbaycan tərəfini bəzi qərarlar almağa məcbur etdi. Bu çərçivədə Ermənistana gedən dəmir yolu bağlandı, Azərbaycan Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli iclasında isə DQMV-nin statusu ləğv edilərək bu tarixə qədər muxtar vilayətin tərkibində olan rayonlar birbaşa Azərbaycan rəhbərliyinin tabeçiliyinə verildi. Qərar gözlənildiyi kimi Ermənilər tərəfindən mənfi reaksiya ilə qarşılanmışdır. Bu son hadisələr eyni zamanda Yeltsin və Nazarbayev tərəfindən başladılan bir sülh cəhdinin nəticəsiz qalması mənasını daşıyırdı.

 

Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin aradan qaldırlması üçün növbəti ciddi cəhdlər İrandan gəldi. 24 fevral 1992-ci ildə İranın Xarici İşlər Naziri Əli Əkbər Vəlayəti vasitəçilik məqsədilə bölgəyə səfər etdi. Tərəflər arasında atəşkəsin əsas prinsipləri barədə danışıqlar davam edərkən Ermənistan tərəfi Xocalı soyqırımını həyata keçirmişdir.

 

İranın növbəti təşəbbüsləri də atəşkəs baxımından oxşar aqibət yaşamışdır. 1992-ci il aprelin sonlarına doğru İranın vasitəçilik cəhdləri artmış və 7 may 1992-ci il tarixində, Tehranda Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən parlamentin sədri Yaqub Məmmədov, Ermənistan prezidenti Levon Ter-Petrosyan və İran prezidenti Haşimi Rəfsəncani arasında problemin həllilə bağlı görüş keçirilmişdir. Görüş nəticəsində Azərbaycan ilə Ermənistan arasında səkkiz maddədən ibarət olan müqavilə imzalanmışdır. Müqavilə imzalandıqdan sadəcə iki gün sonra 8 may 1992-ci il tarixində Ermənistan ordusu “bölgənin açarı” sayılan Şuşanı, 17 may 1992-ci il tarixində isə bölgəni Ermənistana bağlayan Laçını işğal etmişdir. Bu da İranın vasitəçilik, Ermənistanın isə sülh mövzusundakı mövqeyinin səmimiyyətinə dair suallar ortaya çıxarmış, eyni zamanda  bir sülh cəhdinin daha nəticəsiz qalmasına səbəb olmuşdur.

 

1992-ci ilin iyununda ATƏT çərçivəsində sıxlaşan vasitəçilik və atəşkəs cəhdləri Ermənistanın yeni şərtlər irəli sürməsi səbəbindən yenə yarımçıq qalmışdır. Belə ki, Ermənistan nümayəndələrinin sülh danışıqlarına keçmiş DQMV ərazisində yaşayan Ermənilərin rəsmi şəkildə iştirakını tələb etmələri və əks-təqdirdə danışıqlarda özlərinin də iştirak etməyəcəklərini söyləmələri, Roma danışıqlarının 29 iyun-7 iyul tarixlərində keçirilən 3-cü turunun və 15 iyulda keçirilən 4-cü turunun  nəticəsiz başa çatmasına səbəb olmuşdur.

 

Münaqişənin şiddətləməsi beynəlxalq müşahidəçiləri yenidən vasitəçilik səylərinə məcbur etmişdir. 26 avqust 1992-ci ildə Qazaxıstan prezidenti Nazarbayev atəşkəs elan edilməsi üçün təşəbbüs göstərmiş, avqustun 27-də isə Minsk Qrupunun rəhbəri Mario Rafaelli Azərbaycana və Ermənistana səfər edərək tərəflərə atəşkəs elan edilməsinə və Minsk konfransı üçün müzakirələrə başlanmasına dair müraciət etmişdir. İlk nəticələr Azərbaycan, Ermənistan və Qazaxıstan xarici işlər nazirləri arasında 27 avqust 1992-ci il tarixində Alma-Ata bəyannaməsinin imzalanması ilə  əldə edilmişdir. Bu bəyannamədə nəzərdə tutulduğu kimi, 1 sentyabr 1992-ci il tarixindən etibarən atəşkəs təmin edilmişdir. 3 sentyabr 1992-ci il tarixində tərəflər Minsk Qrupunun da çağırışına əməl edərək bu sənədi həyata keçirmək üçün Ermənistanın sərhəddəki İcevan rayonunda protokol imzalamışdır. 14-15 sentyabr 1992-ci il tarixlərində üçtərəfli işçi qrupu fəaliyyətə başlamışdır. Lakin prosesin gedişində Ermənistan Alma-Ata bəyannaməsini rədd etmiş və Qazaxıstanın onu razı salmaq üçün etdiyi səylər də nəticəsiz qalmışdır.

 

Növbəti təşəbbüs Rusiyadan gəlmişdir. 19 sentyabr 1992-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Soçi şəhərində Azərbaycan,  Ermənistan, Rusiya, Gürcüstan müdafiə nazirləri 25 sentyabr 1992-ci il tarixindən etibarən atəşkəsin təmin edilməsi  və bir sıra başqa  məqamları  nəzərdə tutan  müqavilə imzalamışdır. Ancaq, bir yandan iki  tərəfin durmadan bir-birlərini atəşkəs pozmaqda günahlandırması,  digər yandan isə Ermənistanın  Azərbaycan içərisindəki  keçmiş  DQMV  Ermənilərinin  danışıqlarda  rəsmi  statusla  iştirak etməsinə dair təkidləri səbəbilə bu müqavilə icrasız qalmışdır.

 

20 fevral 1993-cü il tarixində Azərbaycan, ABŞ, Rusiya, Ermənistan nümayəndələri və Minsk konfransının sədri Rafaellinin iştirakı ilə Roma müzakirələri başlamışdır. Müzakirələr nəticəsində tərəflər atəşkəsin tam olaraq təmin edilməsi və Minsk konfransının rəsmi olaraq açılması üçün razılaşma  əldə edə bilməsələr də, atəşkəsin təmin edilməsi üçün bölgəyə müşahidəçilərin gəlməsi mövzusunda razılaşmışdılar.

 

Ancaq 27 mart 1993-ci il tarixində Ermənistan, onu Azərbaycanın içərisindəki keçmiş DQMV inzibati sərhədlərinə bağlayan koridorlardan biri olan Kəlbəcər rayonu istiqamətində hücuma keçmişdir. Bu hücum 27 mart-3 aprel 1993-ci il tarixləri arasında davam etmişdir. Azərbaycan Prezident Aparatı 6 aprel 1993-ci il tarixində, aprelin 3-dən etibarən Kəlbəcər rayonunun tamamilə Ermənistan ordusu tərəfindən işğal edildiyini rəsmən açıqlamışdır. Hücum nəticəsində rayon əhalisinin bir hissəsi öldürülmüş, qalanlar isə qaçqın vəziyyətinə düşmüşdür. Azərbaycan tərəfi bu işğal prosesində Rus hərbi birliklərinin Ermənistan tərəfinə kömək etdiyini bildirmişdir. BMT Təhlükəsizlik Şurası bu barədə 822 saylı qərar qərar qəbul etmiş, qərarda işğal qınanmış və işğalın təcili olaraq ortadan qaldırılması tələb edilmişdir…

 

1993-cü il Ermənistan hücumlarının və atəşkəs cəhdlərinin sıxlaşdığı bir il olmuşdur. Kəlbəcərin işğalıyla birlikdə prosesə BMT Təhlükəsizlik Şurasının də daxil olmasıyla səylər daha da çoxşaxəli hala gəlmişdir. Xüsusilə 3 may 1993-cü il tarixində Rusiya prezidenti Yeltsinin təşəbbüsü ilə Rusiya ATƏM prosesi çərçivəsində ciddi bir sülh təşəbbüsü başlatmışdır. Rusiyanı, Ermənistanı müdafiə edən ölkə kimi xarakterizə edən Azərbaycan, balans qurmaq üçün güclü dövlət kimi ABŞ-ın da prosesə daxil olmasını istəmişdir. Prosesə Türkiyə də daxil olmuş, beləcə Rusiya, Türkiyə və ABŞ üçlüyünün sıx təşəbbüsləri başlamışdır. Tərəflərin 14 may 1993-cü il tarixinə qədər Erməni qüvvələrinin Kəlbəcəri boşaltmasını, 17 may 1993-cü il tarixindən etibarən də ATƏM çərçivəsində sülh danışıqlarının davam etdirilməsini nəzərdə tutan təklifləri Azərbaycan tərəfindən qəbul görsə də, Ermənistan buna yanaşmamıştır. 27 may 1993-cü il tarixində baş tutan Yeltsin-Ter-Petrosyan görüşündən sonra Ermənistanın mövqeyində dəyişiklik yaşanmışdır. Yəni Ermənistan vasitəçilərin bütün təkliflərini qəbul etdiyini açıqlamışdır. Lakin bundan çox keçmədən bu dəfə də bölgə Ermənilərinin şərtləri qəbul etmədiyini irəli sürərək prosesin uğursuzluğuna səbəb olmuşdur.

 

3-4 iyun 1993-cü il tarixlərində ATƏM-ə üzv olan 9 ölkənin – ABŞ, Rusiya, Fransa, Türkiyə, İtaliya, Almaniya, Çex Respublikası, İsveç və Belarus nümayəndələrinin Romada keçirilən görüşündə Ermənistan – Azərbaycan münaqişəsinin həlli üçün əsas təşkil edəcək yeni bir sənəd hazırlanmışdır. BMT Təhlükəsizlik Şurasının 822 saylı qərarının həyata keçirilməsi və ATƏT çərçivəsində müzakirələrin davam edilməsini nəzərdə tutan Təcili Fəaliyyət Planı qəbul edilərək tərəflərə təqdim olunmuşdur. Təcili Fəaliyyət Planına görə, 15 iyun 1993-cü il tarixindən etibarən Erməni tərəfi Kəlbəcəri tamamilə tərk etməyə başlamalı, 20 iyunda bu proses tamamlanmalı və 1 iyuldan etibarən ATƏM-in 50 müşahidəçisi bölgəyə yerləşdirilməli idi. Sonra da 7 avqust 1993-cü il tarixindən gec olmayaraq Minsk konfransında müzakirələr yenidən başlamalı idi. Azərbaycan Doqquzların bu sülh planını dərhal qəbul etmiş və imzalamışdır. Ermənistan da bu planı qəbul etmiş, ancaq işğal altındakı bölgədəki bəzi qüvvələrin Ermənistan rəhbərliyinin nəzarəti altında olmadığını irəli sürərək Kəlbəcərin azad edilməsi üçün bir ay əlavə vaxt istəmişdir.

 

Sülh prosesi baxımından böyük əhəmiyyət daşıyacaq addımlardan biri də ATƏM-in Minsk Konfransının sədri Mario Rafaellinin bölgəyə səfəri olacaqdı. Rafaellinin 4 iyul 1993-cü il tarixində başlayan Azərbaycan və Ermənistan səfərləri özü bir problemə çevrilincə planın tətbiq olunmasının nəzərdə tutulduğu qədər asan olmayacağı ortaya çıxmışdır. Rafaellinin bölgəyə Bakı-İrəvan-Bakı-Ağdam-Xankəndi-Bakı-Roma marşrutu  ilə səfər etmək  istəməsinə Ermənistan tərəfı etiraz etmişdir. Onlar Xankəndinə Ağdamdan gedilməsini istəmirdilər. Azərbaycan tərəfi güzəştli mövqe ortaya qoyaraq Bakı-Tiflis-İrəvan-Xankəndi-İrəvan-Tiflis-Bakı xəttini qəbul etmiş və Rafaelli bu marşrut ilə səfərini başa çatdırmışdır. Lakin yenə də nəticə əldə olunmamışdır. Çünki beynəlxalq vasitəçilərin sülh planı eyni idi: Ermənilər işğal  etdikləri yerləri tərk edəcək, atəşkəs elan ediləcək, beynəlxalq müşahidəçilər bölgəyə gələcək və Minsk müzakirələri başa çatdırılacaqdı.

 

Müzakirələrin nəticəsiz qalmasının ən əhəmiyyətli səbəblərindən biri, heç şübhəsiz ki, o mərhələdə Azərbaycanda başlayan çevriliş cəhdi (daha sonra uğurla nəticələnmişdir) və  Ermənilərin bundan cəsarət alması olmuşdur. Ermənistan yenə hücumlarını artırmış və Azərbaycanda başlayan vətəndaş qarşıdurması bu prosesə zərbə vurmuşdur. 17 iyun 1993-ci il tarixində bölgəyə səfər edən Rus müşahidəçilər Ağdam şəhərinin təyyarələrlə bombardman edilməsinin şahidi olmuşdular. Eyni mənzərə Rus müşahidəçilərin iyulun sonuna qədər bölgəyə etdikləri iki səfər vaxtı da təkrarlanmışdır. 26-28 iyun tarixlərində təşkil edilən hücumlar nəticəsində Ermənilər Azərbaycanın Ağdərə rayonunu işğal etmişdirlər. 23-24 iyul 1993-cü tarixləri arasında isə Azərbaycanın Ağdam rayonunun böyük bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. 11 avqustdan etibarən Ermənistan qüvvələrinin Fizuli və Cəbrayıl rayonlarına hücumları sıxlaşmışdır. 23 avqust 1993-cü ildə Ermənistan Ordusu Fizuli rayonunun çox hissəsini işğal etmişdir. Bunu 25-26 avqust 1993-cü ildə Cebrayılın, 31 avqustda da Qubadlının işğalları izləmişdir. 23 oktyabr 1993-cü ildə Horadiz qəsəbəsinin, 28 oktyabr-1 noyabr 1993 tarixlərində Zəngilanın da işğal edilməsilə keçmiş DQMV də daxil olmaqla tarixi Qarabağ bölgəsi de-fakto Azərbaycanın nəzarətindən çıxaraq Ermənistan qüvvələrinin işğalı altına keçmişdir. BMT Təhlükəsizlik Şurası isə Ermənistanın işğalları haqqında 853, 874 və 884 saylı qərarlar qəbul etmişdir. Qərarlarda daha əvvəlki qərarların tətbiq edilməsinin, işğallara bir an əvvəl və qeyd-şərtsiz son verilməsinin zəruriliyi vurğulanırdı.

 

ATƏM-in Minsk Qrupu növbəti dəfə münaqişənin dayandırılması və problemin həlli üçün baza təşkil etməsi məqsədilə Təcili Fəaliyyət Planı hazırlamağa çalışmış, lakin bu cəhd də keçmiş DQMV Erməniləri adına danışanların etirazları səbəbilə nəticəsiz qalmışdır. Xüsusilə 2-8 noyabr 1993-cü il tarixində ATƏM Minsk Qrupunun Vyanada keçirilən iclasında 9 ölkənin nümayəndələri bölgədəki son vəziyyəti qınayan açıqlamalar vermişdilər. Nəticədə 9 ölkənin ortaq istəyilə bir bəyannamə qəbul olunmuşdur. Bəyannamədə hərbi hücumların başladılması və yeni bölgələrin hərbi qüvvələrdən istifadə  edilərək işğalı ATƏM-in prinsiplərinin pozulması kimi qiymətləndirilmişdir. Doqquz ölkə, işğalçı qüvvələri Horadiz və Zəngilan rayonlarından dərhal çıxmağa və BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməyə dəvət etmişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin atəşkəs təmin edildikdən və işğal olunmuş torpaqlardan silahlı qüvvələr çıxarıldıqdan sonra keçirilməsi nəzərdə tutulan Minsk konfransında müzakirə ediləcəyi qeyd olunmuşdur. Lakin bütün bu səylər 1993-cü ilin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalları və atəşkəs cəhdlərinin uğursuzluğu ili olmasının qarşısını ala bilməmişdir. Atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ilə də məhz bu ortamda daxil olunmuşdur…

 

http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2463-ISGAL-VE-ATESKES-AYI.html

Araz Aslanlı