Hərbi-təhükəsizlik

Qarabağ Problemi, Minsk Qrupu, Atəşkəs…

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı·

 

12 May 2012-ci il tarixi Azərbaycan ilə Ermənistan arasındakı Atəşkəs razılaşmasının 18-ci ilinin tamamlandığı gündür. Adətən bir hadisə ildönümündə daha çox xatırlanır. Bu mənada Azərbaycan ictimai rəyi və ümumiyyətlə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi (Qarabağ problemi) ilə yaxından maraqlananlar üçün bu tarix bir daha atəşkəsin tətbiqinə və sülh prosesinə yenidən nəzər salmaq, atəşkəsin və sülh prosesinin nahsı nəticələr yaratdığı barədə suallara cavab axtarışı günüdür.

 

Tez-tez pozulması və sülh müqaviləsinin hələ də imzalanamaması səbəbiylə atəşkəs müqaviləsinin və hətta ATƏT-in Minsk Qrupunun bir işə yarayıb yaramadığına, əgər yarayırsa nə işə yaradığına dair suallara cavab tapmaq şübhəsiz ki, asan deyil. İstər Minsk Qrupu (formalaşması, tərkibindəki dövlətlər, Həmsədrlik institutu, Həmsədrlərin hansı ölkələrdən olmalı olduqları, fəaliyyətləri və s.), istərsə də atəşkəs müqaviləsi (cəhdlər, imzalanması prosesi, nəticələri, sülh prosesinə tövhəsi və s.) müxtəlif yönləriylə qiymətləndirilməlidir. Lakin əvvəlcə gəlin ildönümü tamamlanan atəşkəs müqaviləsindən danışaq.

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan gərginliyin münaqişəyə və müharibəyə çevrilməsinə paralel olaraq vasitəçilik səyləri də sıxlaşmışdır. Yəni əslində atəşkəs cəhdləri hələ SSRİ rəsmi olaraq tam dağılmadan əvvəl başlamışdı. 1994-cü ilin Mayında atəşkəs müqaviləsinin imzalanmasına qədərki müddətdə hansının nə qədər xoş niyyət daşıdığı hələ də tam olaraq bilinməməklə birlikdə çox sayda atəşkəs təşəbbüsü olmuşdur. Qəribədir ki, sonuncusu istisna olmaqla hamısı uğursuz olan bu atəşkəs cəhdləri hər dəfə yaxşı niyyətli mövqeyinin əzəvi kimi Azərbaycanın zərər görməsiylə nəticələnmişdir.

 

İlk ciddi cəhd SSRİ-nin sonunu gətirən proseslərdən də biri olan uğursuz Avqust 1991-ci il çevrilişindən sonra göstərilmişdir. 19-21 avqust 1991-ci il tarixlərində Mixail Qorbaçova qarşı təşkil edilən çevrilişin uğursuzluqla nəticələnməsi və bunun nəticəsində SSRİ-yə üzv Sovet respublikalarının müstəqillik prosesinin sürətlənməsi, Ermənistanın Azərbaycan ərazilərini özünə birləşdirmə cəhdlərinin artmasına da səbəb olmuşdu. 30 Avqust 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdiyini elan etdi. Bundan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ermənilərini təmsil etmə iddiası ilə bir qrup toplanaraq Artsax Erməni Respublikasını  elan etdi. Azərbaycan Parlamenti bu qərara, Azərbaycan Konstitusiyasına (eyni zamanda SSRİ Konstitusiyasına) zidd olduğu üçün sərt reaksiya göstərdi. Bu dövrdə hələ geniş müharibəyə getməsə də tərəflər arasındakı gərginlik artıq silahlı münaqişəyə çevrilmişdi.

 

Avqust çevrilişinin qarşısının alınması prosesində ulduzu xüsusilə parlayan Boris Yeltsin yanına, Qarabağ problemiylə yaxından maraqlanan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi də alaraq 20 Sentyabr 1991-ci il tarixdə gec saatlarda Bakıya gəlmişdir. Ertəsi gün liderlər əvvəlcə Gəncə şəhərinə lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra isə buradan DQMV-nin mərkəzi olan Xankəndinə getmişdir. Liderlərin son dayanacağı İrəvan olmuşdur. Yeltsin və Nazarbayev bir sülh prosesini başlatmağa çalışmış və hər iki tərəflə keçirdikləri görüşlərdə bunun şərtlərini təxminən olaraq müəyyən etmişdilər. Razılaşmaya əsasən 23 Sentyabr 1991-ci il tarixdə Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində sülh danışıqları başlamışdır. 24 Sentyabr 1991-ci ildə Azərbaycan və Ermənistan, Yeltsin və Nazarbayevin zəmanəti ilə razılaşma imzaladılar. Saziş, tərəflər arasında atəşkəsin təmin edilməsini, Ermənistanın DQMV’nin Azərbaycana aid olduğunu qəbul etməsini, bölgəyə özünü idarə etməsi üçün bir sıra əlavə səlahiyyətlər verilməsini nəzərdə tuturdu.

 

Danışıqların ikinci mərhələsi iki tərəfin rəsmiləri arasında Azərbaycan-Ermənistan sərhədindəki İcevan rayonunun bir kəndində reallaşdırılmışdır. Görüşdən sonra yayılan bəyanatda, cinayət və intiqama söykənən sonsuz prosesin dayandırılmasının zəruri olduğu vurğulanmışdır. Lakin qarşılıqlı hücumlar dayanmamışdır. Azərbaycan tərəfi isə, atəşkəsə əməl edilmədiyini göstərmək üçün Rusiya və Qazaxıstandan bölgəyə müşahidəçilər də gətirmişdir.

 

20 noyabr 1991-ci il tarixdə Azərbaycan hökumətinin üzvlərini,  ədliyyə və təhlükəsizlik orqanlarınm rəhbərlərini, iki Rus generalı, Qazax və Rus müşahidəçiləri, jurnalistləri daşıyan vertolyot Erməni silahlı qrupları tərəfindən vuruldu. Terror aksiyası bütün sərnişinlərin ölümü ilə nəticələndi. Bu hadisə Azərbaycan tərəfini bəzi qərarlar almağa məcbur etdi. Bu çərçivədə Ermənistana gedən dəmir yolu bağlandı, Azərbaycan Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli iclasında isə DQMV-nin statusu ləğv edilərək bu tarixə qədər muxtar vilayətin tərkibində olan rayonlar birbaşa Azərbaycan rəhbərliyinin tabeçiliyinə verildi. Qərar gözlənildiyi kimi Ermənilər tərəfindən mənfi reaksiyayla qarşılanmışdır. Bu son hadisələr eyni zamanda Yeltsin və Nazarbayev tərəfindən başladılan bir sülh cəhdinin nəticəsiz qalması mənasını daşıyırdı.

 

 

Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin aradan qaldırlması üçün növbəti ciddi cəhdlər İrandan gəldi. 24 Fevral 1992-ci ildə İranın Xarici İşlər Naziri Əli Əkbər Vəlayəti, vasitəçilik məqsədiylə bölgəyə səfər etdi. Tərəflər arasında atəşkəsin əsas prinsipləri barədə danışıqlar davam edərkən Ermənistan tərəfi Xocalı Soyqırımını həyata keçirmişdir.

 

İranın növbəti təşəbbüsləri də atəşkəs baxımından oxşar aqibət yaşamışdır. 1992-ci il aprelin sonlarına doğru İranın vasitəçilik cəhdləri artmış və 7 may 1992-ci il tarixdə, Tehranda Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Parlamentin Sədri Yaqub Məmmədov, Ermənistan Prezidenti Levon Ter-Petrosyan və İran Prezidenti Haşimi Rəfsəncani arasında problemin həlliylə bağlı görüş keçirilmişdir. Görüş nəticəsində Azərbaycan ilə Ermənistan arasında səkkiz maddədən ibarət olan müqavilə imzalanmışdır. Müqavilə imzalandıqdan sadəcə iki gün sonra 8 may 1992-ci il tarixdə Ermənistan ordusu “bölgənin açarı” sayılan Şuşanı, 17 may 1992-ci il tarixdə isə bölgəni Ermənistana bağlayan Laçını işğal etmişdir. Bu da İranın vasitəçilik, Ermənistanın isə sülh mövzusundakı mövqeyinin səmimiyyətinə dair suallar ortaya çıxarmış, eyni zamanda  bir sülh cəhdinin daha nəticəsiz qalmasına səbəb olmuşdur.

 

1992-ci ilin iyununda ATƏT çərçivəsində sıxlaşan vasitəçilik və atəşkəs cəhdləri Ermənistanın yeni şərtlər irəli sürməsi səbəbindən yenə yarımçıq qalmışdır. Belə ki, Ermənistan nümayəndələrinin sülh danışıqlarına keçmiş DQMV ərazisində yaşayan ermənilərin rəsmi şəkildə iştirakını tələb etmələri və əks-təqdirdə danışıqlarda özlərinin də iştirak etməyəcəklərini söyləmələri, Roma danışıqlarının 29 iyun-7 iyul tarixlərində keçirilən 3-cü turunun və 15 iyulda keçirilən 4-cü turunun  nəticəsiz başa çatmasına səbəb olmuşdur.

 

Münaqişənin şiddətləməsi beynəlxalq müşahidəçiləri yenidən vasitəçilik səylərinə məcbur etmişdir. 26 Avqust 1992-ci ildə Qazaxıstan prezidenti Nazarbayev atəşkəs elan edilməsi üçün təşəbbüs göstərmiş, avqustun 27-də isə Minsk Qrupunun rəhbəri Mario Rafaelli Azərbaycana və Ermənistana səfər edərək tərəflərə atəşkəs elan edilməsinə və Minsk konfransı üçün müzakirələrə başlanmasına dair müraciət etmişdir. İlk nəticələr Azərbaycan, Ermənistan və Qazaxıstan xarici işlər nazirləri arasında 27 Avqust 1992-ci il tarixdə Alma-Ata bəyannaməsinin imzalanmasıyla  əldə edilmişdir. Bu bəyannamədə nəzərdə tutulduğu kimi, 1 sentyabr 1992-ci il tarixdən etibarən atəşkəs təmin edilmişdir. 3 sentyabr 1992-ci il tarixdə tərəflər Minsk qrupunun da çağırışına əməl edərək bu sənədi həyata keçirmək üçün Ermənistanın sərhəddəki İcevan rayonunda protokol imzalamışdır. 14-15 sentyabr 1992-ci il tarixlərində üç tərəfli işçi qrupu fəaliyyətə başlamışdır. Lakin prosesin gedişində Ermənistan Alma-Ata bəyannaməsini rədd etmiş və Qazaxıstanın onu razı salmaq üçün etdiyi səylər də nəticəsiz qalmışdır.

 

Növbəti təşəbbüs Rusiyadan gəlmişdir. 19 sentyabr 1992-ci il tarixdə Rusiyanın vasitəçiliyi ilə Soçi şəhərində Azərbaycan,  Ermənistan, Rusiya Gürcüstan müdafiə nazirləri 25 sentyabr 1992-ci il tarixdən etibarən atəşkəs təmin edilməsi  və bir sıra başqa  məqamları  nəzərdə tutan  müqavilə imzalamışdır. Ancaq, bir yandan iki  tərəfin durmadan bir-birlərini atəşkəs pozmaqda günahlandırması,  digər yandan isə Ermənistanın  Azərbaycan içərisindəki  keçmiş  DQMV  ermənilərinin  danışıqlarda  rəsmi  statusla  iştirak etməsinə dair təkidləri səbəbiylə bu müqavilə icrasız qalmışdır.

 

20 fevral 1993-cü il tarixdə Azərbaycan, ABŞ, Rusiya, Ermənistan nümayəndələri və Minsk konfransının sədri Rafaellinin iştirakı ilə Roma müzakirələri başlamışdır. Müzakirələr nəticəsində tərəflər atəşkəsin tam olaraq təmin edilməsi və Minsk konfransının rəsmi olaraq açılması üçün razılaşma  əldə edə bilməsələr də, atəşkəsin təmin edilməsi üçün bölgəyə müşahidəçilərin gəlməsi mövzusunda razılaşmışdılar.

 

 

Ancaq, 27 mart 1993-ci il tarixdə Ermənistan, onu Azərbaycanın içərisindəki keçmiş DQMV inzibati sərhədlərinə bağlayan koridorlardan biri olan Kəlbəcər rayonu istiqamətində hücuma keçmişdir. Bu hücum 27 mart-3 aprel 1993-ci il tarixləri arasında davam etmişdir. Azərbaycan Prezident Aparatı 6 aprel 1993-ci il tarixdə, aprelin 3-dən etibarən Kəlbəcər rayonunun tamamilə Ermənistan ordusu tərəfindən işğal edildiyini rəsmən açıqlamışdır. Hücum nəticəsində rayon əhalisinin bir hissəsi öldürülmüş, qalanlar isə qaçqın vəziyyətinə düşmüşdür. Azərbaycan tərəfi bu işğal prosesində Rus hərbi birliklərinin Ermənistan tərəfinə kömək etdiyini bildirmişdir. BMT Təhlükəsizlik Şurası bu barədə 822 saylı qərar qərar qəbul etmiş, qərarda işğal qınanmış və işğalın təcili olaraq ortadan qaldırılması tələb edilmişdir…

 

1993-cü il Ermənistan hücumlarının və atəşkəs cəhdlərinin sıxlaşdığı bir il olmuşdur. Kəlbəcərin işğalıyla birlikdə prosesə BMT Təhlükəsizlik Şurasının də daxil olmasıyla səylər daha da çox şaxəli hala gəlmişdir. Xüsusilə, 3 may 1993-cü il tarixdə Rusiya Prezidenti Yeltsinin təşəbbüsü ilə Rusiya ATƏM prosesi çərçivəsində ciddi bir sülh təşəbbüsü başlatmışdır. Rusiyanı Ermənistanı müdafiə edən ölkə kimi xarakterizə edən Azərbaycan, balans qurmaq üçün güclü dövlət kimi ABŞ-ın da prosesə daxil olmasını istəmişdir. Prosesə Türkiyə də daxil olmuş, beləcə Rusiya, Türkiyə və ABŞ üçlüyünün sıx təşəbbüsləri başlamışdır. Tərəflərin, 14 may 1993-cü il tarixə qədər Erməni qüvvələrinin Kəlbəcəri boşaltmasını, 17 may 1993-cü ilı tarixdən etibarən də ATƏM çərçivəsində sülh danışıqlarının davam etdirilməsini nəzərdə tutan təklifləri Azərbaycan tərəfindən qəbul görsə də, Ermənistan buna yanaşmamıştır. 27 may 1993-cü il tarixdə baş tutan Yeltsin-Ter-Petrosyan görüşündən sonra Ermənistanın mövqeyində dəyişiklik yaşanmışdır. Yəni, Ermənistan vasitəçilərin bütün təkliflərini qəbul etdiyini açıqlamışdır. Lakin bundan çox keçmədən bu dəfə də bölgə ermənilərinin şərtləri qəbul etmədiyini irəli sürərək prosesin uğursuzluğuna səbəb olmuşdur.

 

3-4 iyun 1993-cü il tarixlərində ATƏM-in üzv olan 9 ölkənin-ABŞ, Rusiya, Fransa, Türkiyə, İtaliya, Almaniya, Çex Respublikası, İsveç və Belarus nümayəndələrinin Romada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas təşkil edəcək yeni bir sənəd hazırlanmışdır. BMT Təhlükəsizlik Şurasının 822 saylı qərarının həyata keçirilməsi və ATƏT çərçivəsində müzakirələrin davam edilməsini nəzərdə tutan Təcili Fəaliyyət Planı qəbul edilərək tərəflərə təqdim olunmuşdur. Təcili Fəaliyyət Planına görə 15 iyun 1993-cü il tarixdən etibarən Erməni tərəfi Kəlbəcəri tamamilə tərk etməyə başlamalı, 20 iyunda bu proses tamamlanmalı və 1 iyuldan etibarən ATƏM-in 50 müşahidəçisi bölgəyə yerləşdirilməli idi. Sonra da 7 avqust 1993-cü il tarixdən gec olmayaraq Minsk konfransında müzakirələr yenidən başlamalı idi. Azərbaycan Doqquzların bu sülh planını dərhal qəbul etmiş və imzalamışdır. Ermənistan da bu planı qəbul etmiş, ancaq işğal altındakı bölgədəki bəzi qüvvələrin Ermənistan rəhbərliyinin nəzarəti altında olmadığını irəli sürərək Kəlbəcərin azad edilməsi üçün bir ay əlavə vaxt istəmişdir.

 

Sülh prosesi baxımından böyük əhəmiyyət daşıyacaq addımlardan biri də ATƏM-in Minsk Konfransının sədri Mario Rafaellinin bölgəyə səfəri olacaqdı. Rafaellinin 4 iyul 1993-cü il tarixdə başlayan Azərbaycan və Ermənistan səfərləri özü bir problemə çevrilincə planın tətbiq olunmasının nəzərdə tutulduğu qədər asan olmayacağı ortaya çıxmışdır. Rafaellinin bölgəyə Bakı-İrəvan-Bakı-Ağdam-Xankəndi-Bakı-Roma marşrutu  ilə səfər etmək  istəməsinə Ermənistan tərəfı etiraz etmişdir. Onlar Xankəndinə Ağdamdan gedilməsini istəmirdilər. Azərbaycan tərəfi güzəştli mövqe ortaya qoyaraq Bakı-Tiflis-İrəvan-Xankəndi-İrəvan-Tiflis-Bakı xəttini qəbul etmiş və Rafaelli bu marşrut ilə səfərini başa çatdırmışdır. Lakin, yenə də nəticə əldə olunmamışdır. Çünki, beynəlxalq vasitəçilərin sülh planı eyni idi: Ermənilər işğal  etdikləri yerləri tərk edəcək, atəşkəs elan ediləcək, beynəlxalq müşahidəçilər bölgəyə gələcək və Minsk müzakirələri başa çatdırılacaqdı.

 

Müzakirələrdən nəticəsiz qalmasının ən əhəmiyyətli səbəblərindən biri, heç şübhəsiz ki, o mərhələdə Azərbaycanda başlayan çevriliş cəhdi (daha sonra uğurla nəticələnmişdir) və  ermənilərin bundan cəsarət alması olmuşdur. Ermənistanın yenə hücumlarını artırmış və Azərbaycanda başlayan vətəndaş qarşdurması bu prosesə zərbə vurmuşdur. 17 iyun 1993-ci il tarixdə bölgəyə səfər edən Rus müşahidəçilər Ağdam şəhərinin təyyarələrlə bombardman edilməsinin şahidi olmuşdular. Eyni mənzərə Rus müşahidəçilərin iyul sonuna qədər bölgəyə etdikləri iki səfər vaxtı da təkrarlanmışdır. 26-28 iyun tarixlərində təşkil edilən hücumlar nəticəsində ermənilər Azərbaycanın Ağdərə rayonunu işğal etmişdirlər. 23-24 iyul 1993-cü tarixləri arasında isə Azərbaycanın Ağdam rayonunun böyük bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. 11 avqustdan etibarən Ermənistan qüvvələrinin Fizuli və Cəbrayıl rayonlarına hücumları sıxlaşmışdır. 23 avqust 1993-cü ildə Ermənistan Ordusu Fizuli rayonunun çox hissəsini işğal etmişdir. Bunu 25-26 avqust 1993-cü ildə Cebrayılın, 31 avqustda da Qubadlının işğalları izləmişdir. 23 oktyabr 1993-cü ildə Horadiz qəsəbəsinin, 28 oktyabr-1 noyabr 1993 tarixlərində Zengilanın da işğal edilməsiylə keçmiş DQMV də daxil olmaqla tarixi Qarabağ bölgəsi de-fakto Azərbaycanın nəzarətindən çıxaraq Ermənistan qüvvələrinin işğalı altına keçmişdir. BMT Təhlükəsizlik Şurası isə Ermənistanın işğallarına bağlı 853, 874 və 884 saylı qərarlar qəbul etmişdir. Qərarlarda daha əvvəlki qərarların tətbiq edilməsinin, işğallara bir an əvvəl və qeyd-şərtsiz son verilməsinin zəruriliyi vurğulanırdı.

 

ATƏM-in Minsk Qrupu növbəti dəfə münaqişənin dayandırılması və problemin həlli üçün baza təşkil etməsi məqsədiylə Təcili Fəaliyyət Planı hazırlamağa çalışmış, lakin bu cəhd də keçmiş DQMV Erməniləri adına danışanların etirazları səbəbiylə nəticəsiz qalmışdır. Xüsusilə, 2-8 noyabr 1993-cü il tarixdə ATƏM Minsk qrupunun Vyanada keçirilən iclasında 9 ölkənin nümayəndələri bölgədəki son vəziyyəti qınayan açıqlamalar vermişdilər. Nəticədə, 9 ölkənin ortaq istəyilə bir bəyannamə qəbul olunmuşdur. Bəyannamədə hərbi hücumların başladılması və yeni bölgələrin hərbi qüvvələrdən istifadə  edilərək işğalı ATƏM-in prinsiplərinin pozulması kimi qiymətləndirilmişdir. Doqquz ölkə, işğalçı qüvvələri Horadiz və Zəngilan rayonlarından dərhal çıxmağa və BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməyə dəvət etmişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin atəşkəs təmin edildikdən və işğal olunmuş torpaqlardan silahlı qüvvələr çıxarıldıqdan sonra keçirilməsi nəzərdə tutulan Minsk konfransında müzakirə ediləcəyi qeyd olunmuşdur. Lakin bütün bu səylər 1993-cü ilin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalları və atəşkəs cəhdlərinin uğursuzluğu ili olmasının qarşısını alam bilməmişdir.

 

1994-cü ilin yanvar-mart dövrü kiçik miqyaslı hücumlarla yanaşı, ATƏM və Rusiyanın vasitəçilik cəhdləriylə keçmişdir. Rusiya ATƏM-in Minsk qrupunun üzvü olsa da sülhün təmin edilməsi üçün öz planlarına daha çox üstünlük verir və bununla da bölgədəki keçmiş nüfuzunu bərpa edəcəyini düşünürdü. Rusiyanın cəhdləri içində ən əhəmiyyətliləri Moskvada 18  yanvar 1994-cü il tarixdə Rusiya Xarici  İşlər Naziri Andrey Kozırevlə Azərbaycan Xarici İşlər Naziri Həsən Həsənov arasındakı və 20 yanvar 1994-cü il tarixdə Rusiya və Ermənistan xarici işlər nazirləri Kozırev ilə Hovanisyan arasındakı görüşlər, 4 fevral 1994-cü il tarixində Macarıstanda Minsk Doqquzluğunun ATƏM-in Minsk konfransının yeni sədri İsveçli Yana Eliassonla görüşü, 18 fevral 1994-cü il tarixdə Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri arasında Moskvada keçirilən görüşdən sonra protokol imzalanması, 28 fevral – 1 mart 1994-cü il tarixlərində Rusiya prezidentinin səlahiyyətli nümayəndəsinin və Rusiya müdafiə nazirinin müavininin Bakı və İrəvana səfərləri olmuşdur.

 

31 mart – 3 aprel 1994-cü il tarixlərində MDB Parlamentlərarası Şurasının nümayəndəsi kimi Qırğızıstan Ali Məclisinin sədri və Rusiya prezidentinin xüsusi nümayəndəsi Bakıya, İrəvana və Azərbaycanın Xankəndi şəhərinə səfər etmişdir. 9 apreldə Ermənistan gücləri Tərtər rayonuna təxminən bir ay davam edən iri miqyaslı hücum başlatmışdır. Aprelin 15-də Moskvadakı MDB dövlət başçıları zirvəsində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə problem müzakirə edilmişdir. MDB sammitində Dağlıq Qarabağ bölgəsi və ətrafındakı hadisələr mövzusunda birgə bəyanat verilmişdir.

 

26 aprel – 2 may 1994-cü il tarixlərində ATƏM heyəti bölgəyə səfər etmişdir. 4-5 may 1994-cü il tarixlərində, Bişkekdə MDB Parlamentlərarası Şurasının iclası çərçivəsində Qırğızıstan parlamenti və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Ermənistan və Azərbaycan parlamentlərinin başçıları və keçmiş DQMV-nin  azərbaycanlı (Azərbaycan Türkü) və  erməni icmalarının nümayəndələri görüşmüşdür. Bu görüşdə sülhə doğru bir addım kimi 5 may 1994-cü il tarixdə Bişkek Protokolu imzalanmışdır. Daha sonra imzalanacaq atəşkəs müqaviləsinə əsas təşkil edəcək olan bu protokolun, Azərbaycan, Ermənistan və keçmiş DQMV-nin təmsilçisi kimi yalnız Erməni icmasının adından imzalanması, Azərbaycan baxımından ciddi bir güzəşt idi. Çünki, o günə qədər Azərbaycan qarşı tərəf kimi yalnız Ermənistanı qəbul etməkdəydi. Lakin, indi öz ölkəsinin bir parçasını təmsil etdiyini iddia edənlərlə müqavilə imzalamışdı.

 

Protokolda qısaca, keçmiş DQMV və onun ətrafındakı münaqişələrin Azərbaycan və Erməni xalqlarına və bölgənin digər xalqlarına zərər verdiyi, 14 aprel 1994-cü il tarixli MDB sammitində silahlı münaqişənin dayandırılması və ortaq məxrəcə gəlinməsinin dəstəklənməsi, Parlamentlərarası Şuranın və MDB-nin bu istiqamətdəki səyləri, BMT və ATƏM-in problemin həlli mövzusunda aldığı qərarların (xüsusilə Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin) yerinə yetirilməsi zərurəti vurğulanaraq, Azərbaycan, Ermənistan və Rusiya müdafıə nazirləri arasında Moskvada imzalanan 18 fevral 1994-cü il tarixli protokola istinadən, 8 maydan 9 maya keçən gecədən etibarən atəşin kəsilməsi, bir sıra başqa problemlərlə birlikdə qaçqınların yerlərinə qayıdışının təmin edilməsi mövzusunda razılıq əldə olunduğu bildirilirdi. 9 may 1994-cü tarixdə Azərbaycan və Ermənistan müdafiə nazirləri və keçmiş DQMV-dəki bölücü Erməni liderliyinin nümayəndələri arasında atəşkəslə əlaqədar müqavilə imzalanmışdır. 12 may 1994-cü il tarixdən etibarən atəşkəs rejimi tətbiq olunmağa başlamışdır. Bu hadisə ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçı hücumlarına və iki ölkə arasında yaşanan müharibəyə rəsmi şəkildə son qoyulmuşdu. Amma, bu hələ müharibənin başa çatması demək deyildi. Yenə də  1994 atəşkəsindən bu günə qədərki dövrdə atəşkəsin tez-tez pozulması və bəzən bu pozuntuların müharibəyə çevriləcəyinə dair gözləntilər meydana gəlməsinə baxmayaraq, atəşkəs davam etmişdir.

 

1994-cü ildən bu günə qədər az qala hər gün (tərəflər, bir-birlərini atəşkəsi həftədə təxminən 100 dəfə pozmaqla günahlandırırlar) pozulması səbəbiylə atəşkəsin nə işə yaradığı sualı tez-tez ortaya atılır. Atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən çox sayda əsgər və mülki vətəndaş ölmüş və yaralanmışdır. Qarşılıqlı olaraq əsir alma halları yaşanır. Bəzi dövrlərdə isə atəşkəs pozuntularının sıxlaşması müharibənin başlayacağına dair xəbərdarlıq kimi qiymətləndirilmişdir. Məsələn, 10 sentyabr 2009-cu il tarixdə Ağdam istiqamətində hücuma keçən Ermənistan ordusuna Azərbaycan tərəfinin cavab verməsi nəticəsində 5 Ermənistan əsgəri öldürülmüş, 10-u ise yaralanmışdı. Həmçinin 2010-ci ilin yayında Ermənistanın atəşkəsi pozulması nəticəsində baş verən atışma 5 Ermənistan əsgərinin ölümü, onlarla əsgərin isə yaralanmasıyla nəticələnmişdir. Atışma sonunda, daha sonra Azərbaycanın milli qəhrəmanı elan edilən Mübariz İbrahimovun cənazəsi Ermənistan ordusunun nəzarət etdiyi bölgədə qalmışdır. Daha sonra çıxan qarşıdurmalarda yenə Azərbaycan və Ermənistan ordusunun əsgərlərinin cənazələri qarşı tərəflərin nəzarət etdiyi bölgələrdə qalmışdır. Mübariz İbrahimovun və oxşar aqibət yaçayan Fərid Əhmədovun cənazələrinin qaytarılması yalnız 27 Oktyabr 2010-cu il tarixdə, Rusiyanın Heşterhan şəhərində keçirilən üçtərəfli görüşdə imzalanan razılaşma ilə təmin edilə bilmişdir. Atəşkəsin gücləndirilməsinə dair danışıqların sıxlaşdığı bir vaxtda (5 martda dövlət başçıları arasında üçtərəfli bir görüş daha keçirilmişdi) 8 mart 2011-ci il tarixdə Ermənistan ordusunun snayperi bir qisimi Ermənistanın işğalı altında olan Ağdam rayonunun işğal edilməmiş Şıxlar kəndindəki 9 yaşlı uşağı başından vuraraq öldürmüşdür. Erməni tərəfinin Azərbaycan ərazilərinə su yolu ilə yolladığı oyuncaq-minanın partlaması isə bir uşağın ölümünə, anasının isə aöır yaralanmasına səbəb olmuşdu. 2011 ili boyunca və 2012-ci ildə atəşkəs pozuntusuna dair qarşılıqlı günahlandırmalar isə davam edib.

 

Göründüyü kimi, atəşkəs razılaşmasına baxmayaraq atəş elə də kəsilməyib. Ermənistan üçün əldə etdiklərinə hüquqi don geydirmənin, Azərbaycan üçün isə ərazilərini işğaldan azad etmək üçün məcburən münasib zamanı gözləmənin vasitəsi kimi görülən atəşkəs razılaşması müharibə riskini canlı tutur. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamağa davam edir. Problem isə həllsiz olaraq qalır. Bir də ortada acı və bölgəni bir anda müharibənin və eyni zamanda qlobal bir böhranın içinə çəkə biləcək 2008-ci ilin avqust hadisələri təcrübəsi var. Təsadüfi deyildir ki, 2008-ci ilin avqust hadisələrindən sonra həm Rusiyanın problemi nəzarətində saxlamaq təşəbbüsləri, həm də ABŞ və AB-nin status kvodan duyduqları narahatlığı ifadə etmələri diqqət çəkmişdi. Elə Azərbaycan rəhbərliyi də status kvonun davam etdirilməsinin qeyri-mümkünlüyünü və bir an əvvəl həll istiqamətli cəhdlərin artmasının vacibliyini tez-tez vurğulayır. 2000-ci illərdə ümumi olaraq Qarabağ problemin həlliylə bağlı Paris Prinsipləri, Praqa prosesi, Madrid Prinsipləri, Moskva bəyannaməsi, Yenilənmiş Madrid Prinsipləri əhəmiyyətli mərhələlər kimi diqqət çəksə də 2008-ci ilin avqust hadisələrindən sonra 2 noyabr 2008-ci il tarixli Moskva bəyannaməsi və 24 iyun 2011 tarixli Kazan görüşməsi ən əhəmiyyətli iki hadisə olaraq xarakterizə edilə bilər.

 

İlk addım tərəflərin həll üçün hərbi yola müraciət etməyəcəklərinə dair öhdəlik götürmələrini  təmin etməyə, ikincisi isə güya sülhə çox yaxın olunduğuna dair görüntü yaratmağa xidmət edirdi. 24 iyun 2011-ci il tarixli Kazan görüşü kimi 23 yanvar 2012-ci il tarixli üçtərəfli Soçi görüşü də uğursuzluqla nəticələnmişdir.

 

Soçi görüşündən əvvəl Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial və iqtisadi yekunlarına və 2012-ci ilin planlarına dair 16 yanvar 2012-ci il tarixli iclasında ATƏT-in Minsk Qrupuna mesaj xarakteri də daşıyan bu əhəmiyyətli bəyanatı vermişdi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmamışdır. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır… Əlbəttə ki, status-kvo dəyişdirilməlidir… Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır!”

 

Şərtlər bu qədər açıq ikən vasitəçilərin, əgər həqiqətən daimi sülh və sabitlik arzuluyurlarsa, işğalı sona çatdırmaq üçün daha qəti addımlar atmaları vacib şərt olmuşdur. Əks halda, mövcud regional və qlobal konyekturanın davamlılığına kimsə zəmanət verə bilməyəcəyinə görə yalnız prosesi idarə etmə, ya da problemi dondurma cəhdlərinin bölgə baxımından daşıdığı riski hər kəs paylaşmaq məcburiyyətində qalacaq. Elə bir mərhələyə gəlinə bilər ki, hətta Fransanın Erməni tərəfdarı mövqeyinə görə Minsk  Qrupunun Həmsədrlik institunda dəyişiklik, hətta onsuz da həll üçün bir fəaliyyətləri olmadığı üçün Minsk Qrupundan ümumiyyətlə imtina edilərək yeni vasitəçilər axtarılması ideyası belə əhəmiyyətini itirə bilər …


·Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM – www.qafsam.org) Sədri

Araz Aslanlı