Hərbi-təhükəsizlik

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İkinci Toplantısı

Pinterest LinkedIn Tumblr

 

 

Senytabrın 11-də Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı gerçəkləşdirildi. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bu məqsədlə geniş nümanəydə heyəti ilə bigrə 11-12 sentyabr 2012 tarixində Azərbaycanda səfərdə oldu.

 

Xatırlanacağı kimi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının təməli 2010-cu ildə atılmışdı. Əvvəlcə Türkiyə prezidenti Abdullah Gülün 16-17 avqust 2010 tarixindəki Azərbaycan səfəri zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım” haqqında müqavilə imzalanmışdı. Daha sonra 15-16 sentyabr 2010 tarixində İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X Sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulmasıyla bağlı razılaşdılar.

 

Qeyd edək ki, “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım” haqqında müqavilə 10 illik müddət üçün imzalanıb və tərəflərdən biri bu müqavilənin qüvvədə olduğu müddətin başa çatmasından ən az 6 ay əvvəl diplomatik yollarla yazılı olaraq müqaviləni uzatmamaq ilə bağlı mövqe nümayiş etdirmədiyi təqdirdə müqavilə avtomatik olaraq 10 il müddətinə uzanması nəzərdə tutulmuşdur. 23 maddədən ibarət olan müqavilə hərbi-siyasi və təhlükəsizlik məsələləri, hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri, iqtisadi əməkdaşlıq məsələləri və humanitar məsələlər də daxil olmaqla münasibətlərin demək olar ki, bütün istiqamətlərini əhatə edir və Azərbaycan tərəfini çox yaxından maraqlandıran təcavüzə qarşı birgə müdafiə və hərbi əməliyyatlarda birgə iştirakla bağlı nüansları da tənzimləyir.

 

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı 25 oktyabr 2011-ci il tarixində İzmirdə hər iki ölkə liderlərinin və iki tərəfdən də çox sayda nazir və digər yüksək səviyyəli rəsmilərin iştirakıyla keçirildi. İlk toplantıda ikitərəfli münasibətlərdə bir müddətdir çox şahidi olmadığımız jestlərin edilməsi xoş təsir bağışlamışdı. Belə ki, Baş nazir Ərdoğan İzmirə Prezident İlham Əliyevdən qısa bir müddət öncə gəlmiş və İlham Əliyevi aeroportda şəxsən qarşılamışdı. Eləcə də liderləri aeroportdan aparan Ərdoğanın xidməti avtomobilinin üzərində həm Türkiyə, həm də Azərbaycan bayraqları dalğalanmışdı. Azərbaycan prezidenti də İzmirdəki açıqlamalarında bir neçə dəfə Türkiyəni vətəni kimi gördüyünü, Azərbaycanın da Anadolu Türkləri üçün vətən olduğunu qeyd etmişdi.

 

Yeri gəlmişkən İlham Əliyevin İzmirə 2011-ci ilin oktyabrındakı səfəri zamanı həm  Azərbaycanın təxminən 5 milyard dollarlıq sərmayəsiylə Türkiyədə tikiləcək neftayırma zavodunun (Star Rafinerisi) təməli atılmış, həm də  Azərbaycan təbii qazının Türkiyəyə və Türkiyə vasitəsiylə Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Anadolu təbii qaz boru kəmərinə dair (TANAP) ilə razılaşma əldə olunmuşdu. Bu iki addımın Türkiyəyə həm iqtisadi baxımdan və enerji körpüsü olma yolunda strateji əhəmiyyətini artırması baxımından ciddi fayda gətidiyi mübahisəsiz idi. Digər bir maraqlı məqam isə liderlərin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdəki ilk toplantısını “iki ölkənin Nazirlər Kabinetlərinin birgə toplantısı” kimi xatakterizə etmələri olmuşdu.

 

İzmirdəki ilk toplantıdan sonra ən çox maraq doğuran məsələlərdən biri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının nə zaman keçiriləcəyi məsələsi idi. Çünki həm Türk Dünyası zirvələri, həm bu iki ölkənin yer aldığı bəzi digər institutlar çərçivəsindəki iclaslar (hətta Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclasları belə) dəfələrlə davamlılıq problemiylə qarşılaşmışdı. Amma iki ölkə arasındakı münasibətlərdəki qardaşlığın ruhuna və strateji tərəfdaşlığın inkişaf sürətinə yaraşan bir şəkildə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı birincinin üzərindən hətta 11 ay belə keçmədən baş tutdu.

 

İkinci toplantı, qarşılama mərasimindən keçirilən iclaslara qədər əhəmiyyətli dərəcədə İzmirdəki iclasa bənzədi. Liderlər öz aralarında ikitərəfli görüş keçirərkən, nazirlər və digər rəsmilər də öz aralarında ikitərəfli görüşlər keçirdilər. Daha sonra liderlərin rəhbərliyi ilə birgə toplantı keçirildi. İzmirdəki ilk toplantıdan ən vacib fərq bu dəfə imzalanan müqavilələrin münasibətlərin geniş kütlələr üçün daha çox maraq doğuran hərbi, iqtisadi, ya da strateji sahələri əhatə etməməsiydi.

 

Yenə də liderlərin verdikləri bəyanatlarda və jurnalistlərin suallarına verdikləri cavablarda ikitərəfli münasibətlər baxımından vacib məqamlara toxunuldu. Ən çox diqqət çəkən mövzular isə Qarabağ problemi, Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi, TANAP və viza məsələləriydi. Prezident İlham Əliyev bəyanatında Qarabağ problemi ilə bağlı daimi dəstəyinə görə Türkiyəyə təşəkkür etdi, TANAP-ın iki qardaş ölkə tərəfindən həyata keçirilən əhəmiyyətli bir layihə olduğunu vurğuladı, sual-cavab hissəsində isə geniş maraq doğuran viza mövzusunda sevindirici bir məlumat verdi. İlham Əliyev Türkiyə tərəfinin (əslində Azərbaycan xalqının da) maraqla gözlədiyi Türkiyə vətəndaşlarına vizanın tam olaraq ləğv olunacağının işarəsini verdi, amma bunun bəzi texniki səbəblərə görə mərhələli olaraq ediləcəyini bildirdi. Belə ki, ilk mərhələdə sənətçilər, iş adamları, elm adamları və önəmli insanlar üçün vizasız gəliş tətbiq olunacaq.

 

Baş nazir Ərdoğan isə Qarabağ problemində Türkiyənin Azərbaycana tam dəstəyini bir daha vurğuladı və işğal altındakı Azərbaycan əraziləri boşaldılmadan Türkiyə-Ermənistan sərhəd qapılarının açılmasının mümkün olmayacağını qeyd etdi.

 

Liderlər toplantıdan sonra bir yerdə bölgədəki tarixi məkanları gəzdilər, sadə insanların evlərinə qonaq oldular, Türk şəhidliyini ziyarət etdilər. Bunlar da ikitərəfli münasibətlər baxımından simvolik əhəmiyyət daşıyırdı.

 

Beləliklə, Ərdoğanın son səfəri  və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı ilə ikitərəfli münasibətlərin tarxidən gələcəyə strateji bağlarla aparılması istiqamətində vacib bir addım daha atılmış oldu. Bu dəfəki toplantıda sözü verilən vizanın qaldırılması məsələsi istiqamətində şimaldan və cənubdan gələn güclü təzyiqlərə rəğmən ciddi addımların atılması isə münasibətləri daha da gücləndirəcəkdir.

Araz Aslanlı