Hərbi-təhükəsizlik

Türk ordusunun Suriyaya daxil olma ehtimalı

Pinterest LinkedIn Tumblr

 

 
http://gunaz.tv/?id=4&sID=2469&lang=1 
 

Oktyarbın 3-də Suriya bombalarının Türkiyə ərazisinə düşməsi Türkiyə-Suriya gərginliyində sərhəddin sözün həqiqi mənasında aşılmasına səbəb oldu. Onsuz da gərgin olan Suriya-Türkiyə münasibətləri ilə bağlı dərhal müharibə ssenariləri gündəmə gəldi. Bu da təsadüfi deyildi. Çünkü bir yandan Türkiyə bu hadisəyə topçu atəşiylə cavab vermiş, digər tərəfdən isə hökumət Türkiyə Böyük Millət Məclisinə (TBMM – parlament) xaricə hərbi müdaxiləyə imkan verən qanun təklifi təqdim etmişdi. Türkiyənin Xarici İşlər Naziri Əhməd Davutoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Moon, NATO-nun baş katibi Anders Foq Rasmussen və BMT Təhlükəsizlik Şurasının üzvü bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparmışdı. Bu çərçivədə NATO Şurasının təcili olaraq toplanması qərarlaşdırılmışdı.

 

Türkiyə hökuməti mövqeyini əsaslandırarkən həm 3 oktyabr 2012-ci il tarixli son hadisəyə istinad etmiş, həm də ümumiyyətlə Suriyadakı proseslər və onunla bağlı olaraq bölgədə yaşananlara diqqət çəkmişdi. Belə ki, son hadisədə Suriya rejim güclərin tərəfindən açılan top atəşi nəticəsində, Şanlıurfaya bağlı Akçakale rayonunda 5 Türkiyə vətəndaşı həyatını itirmiş, 9 nəfər də yaralanmışdı. Ümumilikdə isə illərdir İraq və İran sərhəddlərində yaşanan problemlər, terrorçu PKK-nın öz mövqelərini gücləndirmək və Türkiyədə terror törətmək üçün bu ərazilərdən istifadə etməsinə bir də Suriya sərhəddinin əlavə olunması Türkiyə üçün qəbuledilməz idi. Bu səbəbdən hökumət onsuz da İraqın şimalında hərbi əməliyyat keçirilməsi üçün parlamentə müraciət etməyə hazırlaşırdı (Türkiyə hüquq sisteminə görə xaricə ordu göndərilməsi ilə bağlı qərarı vermək səlahiyyəti Nazirlər Kabinetindədir. Amma bunun üçün əvvəlcə parlament Nazirlər Kabinetinə müəyyən çərçivədə səlahiyyət verməlidir. Parlamentin Nazirlər Kabinetinə səlahiyyət verən əlaqədar qərarında bu səlahiyyətin qüvvədə olacağı müddət, əhatə edəcəyi ərazi və s. məqamlar əks olunmalıdır. Daha sonra Nazirlər Kabineti parlamentin əlaqədar qərarı çərçivəsində istədiyi vaxt və istiqamətdə Türk ordusunu xaricdə hərbi əməliyyat üçün göndərə bilir. Ümumilikdə müharibə elan etmək səlahiyyəti isə parlamentə aiddir). Suriya bombalarının Türkiyəyə düşməsindən sonra hökumət parlamentə göndərdiyi sənədin sərhəddini dəyişdirdi (müxalifətin iddiasına görə qeyri-məhdud hala gətirdi). Parlamentdəki sərt və uzun müzakirələrin ardından qərar 129 səsə qarşı 320 səslə qəbul olundu.

 

Türkiyə Parlamentinin bu qərarı Türkiyə daxilində və xaricində bəziləri tərəfindən Türkiyənin rəsmi olaraq müharibəyə başlamasının ilk addımı kimi dəyərləndirilsə də istər Baş Nazir Rəcəb Tayyib Ərdoğan, istər Xarici İşlər Naziri Əhməd Davutoğlu, istərsə də Milli Müdafiə Naziri İsmət Yılmaz bu qərarın müharibə qərarı olmadığını, amma Türkiyəyə özünü müdafiə etmək üçün hüququ imkan yaratdığını vurğuladılar. Baş Nazir Ərdoğan bu ifadələrlə yanaşı həm də “sülh istəyənlər müharibəyə hazır olmalıdırlar” şüarını da təkrarladı.

 

Suriya Türkiyə ərazilərinə bomb atdığını qəbul etdi və üzr istədi. Eyni zamanda bunun əsas səbəbkarının “silahlı müxaliflərə kömək edən Türkiyə hakimiyyəti olduğunu” iddia etdi. İrandan da oxşar açıqlamalar gəldi.

 

NATO, ABŞ və Avropa Birliyi rəsmiləri Türkiyəni müdafiə edən və Suriyanı qınayan açıqlamalar verdilər. Rusiya isə son dövrlərdəki adəti üzrə tərəfləri sakitliyə dəvət etdi.

 

Hadisənin təsadüf, yoxsa provokasiya olduğu barədə suallara cavab axtarılarkən, Suriya tərəfindən Türkiyəyə bir neçə bomba daha düşdü. Bunlaran sonuncusu bu yazının yazıldığı 23 oktyabrda baş verdi. Amma Türk tərəfi bütün bu addımlara bir neçə qat artıqlaması ilə cavab verdi. Hətta Türkiyənin ilk cavab atəşlərinin Suriya tərəfində onlarla hərbçinin ölümüylə nəticələndiyi də iddia edildi.

 

Türkiyə daha sonra Rusiyadan və Ermənistandan Suriyaya gedən iki təyyarəni yerə endirərək bu təyyarələrdə axtarış apardı. Hətta Rusiyadan gedən təyyarədə aparılan axtarış prosesi və müəyyən ləvazimatların götürülməsi Türkiyə ilə Rusiya arasında da gərginliyə səbəb oldu. Bu prosesdə eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri də ləğv olundu. Səfərin ləğv olunma səbəbi tam açıqlanmasa da, məsələnin “Suriya problemi”ndən qaynaqlandığını düşünənlər çoxluqdadır.

 

Burada maraqla gözlənilən məqam parlamentin qeyd olunan qərarından sonra Türk ordusunun Suriyaya daxil olub olmayacağı məsələsidir. Əslində Suriyada vətəndaş müharibəsi başlayandan sonra daim Qərb və bəzi Ərəb KİV-ində mütəmadi olaraq Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyi (ya da etməli olduğu) barədə materiallar dərc olunur. Amma bunun göründüyü qədər asan olmadığını biz əvvəlki məqalələrdə də qeyd etdik. Çünkü Türkiyə digər çox sayda səbəblə bərabər PKK problemi və bu çərçivədə ciddi qeyri-sabitlik riski ilə qarşı qarşıyaykən çox məcbur qalmadıqca bir qonşu olkəylə müharibəyə girməz. Eyni zamanda Türkiyənin həm ümumi xarici siyasət strategiyası, həm də mövcud hökumətin xarici siyasət anlayışı baxımından da bu ehtimal zəif görünür. Bir qonşu ölkə ilə müharibəyə girmək Atatürklə başlayan cumhuriyət dövrü xarici siyasətinə (Yurdda sülh, dünyada sülh) də, Ərdoğan və Əhməd Davudoğlu ilə başlayan qonşularla sıfır problem prinsipinə (hər nə qədər ümumiyyətlə beynəlxalq münasibətlərin ruhu ilə təzadlı anlayış olsa və əhəmiyyətli dərəcədə çökmüş olsa da) də ziddir. Bundan əlavə xüsusilə Ərdoğan və ətrafının hələ iqtidara gəlmədən öncəki illərdən etibarən gündəmə gətirdikləri və davamlı də təkrarladıqları cumhuriyət (Atatürk və sonrası) dövründə Ərəb və İslam dünyası ilə əlaqələrin pis olması ilə bağlı tənqidləri, “20-ci əsrin əvvəllərindən qalan mənfi izləri biz dağıdırıq” tezisi də müharibə ehtimalını zəiflədir.

 

Türkiyədə və Qərbdə bəzi araşdırmaçılar Bəşar Əsədin Türkiyəni provakasiyaya çəkməyə çalışdığını da düşünürlər. Bu provokasiya ilə Əsəd bir yandan Türkiyənin mümkün hücumunda hələ də tərəfsiz qalan xalq kütlələrini “xarici işğal” qarşısında öz tərəfinə çəkməyə; bu alınmasa “cəhənnəmə gedən özünə yoldaş axtarar”prinsipi ilə Türkiyəni bir bataqlığa salmağa çalışdığı təxmin edilə bilər.

 

Bu və digər səbəblərə görə Türkiyənin Suriyaya hərbi müdaxilədən mümkün olduğu qədər uzaq durmağa çalışacağı, sadəcə Suriyanın provokasiyalarına bir neçə qat artıqlaması ilə cavab veriləcəyi, bütün gücünü isə daxildə müxaliflərə dəstək verərək Əsəd hakimiyyətinin mümkün qədər tez məğlub olması üçün səfərbər edəcəyi gözləniləndir.

 

Araz Aslanlı