Amerika

ABŞ-İran birbaşa müzakirələri

Pinterest LinkedIn Tumblr

Son dövrlərdə ən çox müzakirə olunan mövzulardan biri də Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran arasında birbaşa müzakirələrlə bağlı iddialardır. Hər iki “cəbhədə” məsələyə müsbət, ehtiyatlı və tənqidi yanaşan rəsmilər mövcuddur.

Əslində bu iddialar ABŞ-dakı prezident seçkiləri boyunca daha çox gündəmə gəldi. İran prezidenti Mahmud Əhmədinejadın BMT-nin Baş Məclisinin iclası üçün getdiyi ABŞ-daykən bu mövzu ilə bağlı verdiyi açıqlamaları İrandakı digər rəsmilərin açıqlamaları izləmişdi. Əhmədinejad oktyabrın əvvəlindəki açıqlamasında ABŞ-İran əlaqələrindəki mövcud vəziyyətin davam edə bilməyəcəyini, mövcud vəziyyətdən ən çox zərəri Amerikalıların gördüyünü söyləmişdi. Əhmədinejadın sözlərinə görə ABŞ İrana qarşı mövqeyini və davranışlarını dəyişdirmək məcburiyyətindədir. O, ölkəsinin ABŞ ilə birbaşa müzakirələrə başlamasını qeyri-mümkün hesab etmədiyini də vurğulamışdı.

Oktyabrın sonlarında isə ABŞ-ın nüfuzlu New York Times qəzeti, İranın nüvə proqramı mövzusunda ABŞ və İranın birbaşa danışıqlar barədə razılaşdıqlarını yazdı. Qəzet, ABŞ rəhbərliyinə istinadən verdiyi xəbərdə, İran rəsmilərinin “hansı ABŞ prezidenti” ilə müzakirə edəcəklərini bilmək istədikləri üçün, danışıqların prezident seçkilərinin nəticələrinin müəyyənləşməsindən sonra başlayacağını iddia etmişdi. New York Times-ın iddiasına görə əslində bu yenilik deyildi, ABŞ və İran rəsmiləri arasında, Barak Obamanın 2009-ci ildə ABŞ prezidenti kimi vəzifəyə başlamasından etibarən bu günə qədər davam edən gizli və ardıcıl danışıqların nəticəsi idi. Xəbərdə İran tərəfindən gizli danışıqlarda birbaşa Ali Dini Lider Ayətullah Əli Xameneiyə bağlı və şəxsən onun özünə məlumat verən İran rəsmisinin iştirak etdiyi iddia olunurdu.

Xəbər, Ağ Ev tərəfindən dərhal yalanlandı, amma 100% konkret olmayan ifadələrlə. Belə ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommy Vietor, verdiyi açıqlamada ABŞ və İranın, seçkilərdən dərhal sonra birbaşa danışıqlara başlamaq barədə razılıq əldə etdiklərinə dair  xəbərin doğru olmadığını söylədi. Vietor, İranın nüvə probleminin diplomatik həlli üçün “5 + 1” ölkələrilə birgə səylərini davam etdirdiklərini, ikitərəfli müzakirələrə də lap əvvəldən etibarən daim hazır olacaqlarını elan etdiklərini bildirdi.

Mövzu ilə bağlı daha sonra açıqlama verən Ağ Evin mətbuat katibi Cey Karni də ABŞ-ın İranla birbaşa danışıqlara hazır olduğunu qeyd etdi. Onun sözlərinə görə, ABŞ İranla ikitərəfli müzakirələrin aparılmasına hər zaman müsbət yanaşıb, ancaq Tehran bunun həyata keçməsi üçün indiyədək bir addım atmayıb. Fəqət Cey Karni hələlik bu məsələ ilə bağlı heç nəyin planlaşdırılmadığını, İran tərəfi ilə bu mövzuda heç bir  danışıq aparılmadığını da vurğulayıb.

İran daxilindəki radikallar məsələyə sərt reaksiya verdilər. Hətta İran parlamentində Əhmədinejadı xəyanətlə ittiham edən çıxışlar səslənib. ABŞ-da da Respublikaçılar və İsrail lobbisi Obama hakimiyyətini sərt tənqid edib. Seçki öncəsi bu cür iddiaların gündəmə gətirilməsini Obamanın mövqelərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirənlər də olub.  

Amma daha sonrakı mərhələdə İranda məsələyə fərqli yanaşanlar da olub. Məsələn, hakimiyyətin əsas fiqurlarından sayılan və Ali Dini Lider Xamenei ilə yaxşı münasibətlərə malik olduqları bilinən Laricani qardaşlarından dolaylı da olsa ABŞ ilə birbaşa müzakirələrə “yaşıl işıq” xarakterli açıqlamalar gəlib. Açıqlamalardan birində isə hətta “Amerika ilə cəhənnəmin dibində də olsa danışmaq olar, təki milli mənafelər qorunsun” şəklində ifadələr də işlədilib. 

Əslində birbaşa danışıqların başlamasında İranın daxili siyasət baxımından çox olmasa da, xarici siyasət baxımından çox maraqlı olduğu düşünülür. Belə ki, ABŞ ilə birbaşa danışıqlar “böyük şeytan” ilə münasibət qurmaq baxımından daxili siyasi qınaqlara səbəb ola bilər. Amma xarici siyasət baxımından uğurlu olacağı aydındır. Belə ki, İran son illərdə getdikcə daha çox təcridə məruz qalır. ABŞ Obama hakimiyyəti illərində İranı demək olar ki, bütün sahələr üzrə təcrid edir; həm özü sərt sanksiya qərarları qəbul edir, həm də nəinki müttəfiqlərini, hətta rəqiblərini belə bu sanksiyalara əməl etməyə məcbur edir. Bu mərhələdə İran ABŞ ilə birbaşa danışıqlara başlayaraq əvvəla təcriddən müəyyən dərəcədə xilas olmağa çalışır. Bu prosesdə heç bir nəticə əldə olunmasa belə İran üçün vacib psixoloji amil kimi faydalı ola bilər

Digər tərəfdən, ABŞ-ın İranla birbaşa dialoqa başlaması İrana imkan verəcək ki, ona qarşı sanksiyalara qoşulan, ikitərəfli münasibətləri az, ya da çox dərəcədə məhdudlaşdıran digər ölkələr üzərində təbliğat kampaniyasını qursun.

ABŞ-a gəldikdə isə, Obama hakimiyyəti bu cür təşəbbüslərlə İranın nüvə proqramı ilə bağlı dinc vasitələrin hamısından sona qədər istifadə etməyə çalışır. Bunun məqsədlərindən biri problemin dinc yolla həllinə nail olmaq, digəri isə əgər hansısa mərhələdə hərbi müdaxiləyə qərar veriləcəksə, bunun legitimliyini maksimum dərəcədə təmin etməkdir.

Amma bütün hallarda İran öz nüvə proqramı ilə bağlı konkret güzəşt barədə ABŞ-a vədlər vermədən ABŞ-ın bu ölkə ilə açıq birbaşa danışıqlara başlama ehtimalı zəif görünür. 

Araz Aslanlı

Write A Comment