Hərbi-təhükəsizlik

Şimali Qafqazın geosiyasəti

Pinterest LinkedIn Tumblr

 

Şimali Qafqaz, Rusiyanın cənubda Azərbaycan və Gürcüstan, qərbdə Qara və Azov, şərqdə isə Xəzər dənizləri ilə həmsərhəd olan bölgəsidir. Geniş mənada bölgənin ənənəvi coğrafiyasına Rusiya Federasiyasının subyektləri olan Adıgey, Dağıstan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya-Alaniya və Çeçenistan respublikaları ile Rostov vilayəti, Krasnador və Stavrapol diyarları daxildir. İnzibati baxımdan bu coğrafiya 19 yanvar 2010-cu il tarixinə qədər Cənub Federal Bölgəsi adı altında  Rusiyanın 7-ci federal bölgəsi statusundaydı.[i] Ancaq bu tarixdə dövrün Rusiya Prezidenti Dmitri Medvedevin fərmanı ilə Cənub Federal Bölgəsi ikiyə bölünərək Dağıstan, İnguşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya-Alaniya və Çeçenistan respublikaları ile Stavropol diyarından ibarət və federal mərkəzi Pyatiqorsk olan “Şimali Qafqaz” adlı yeni və sayca 8-ci federal bölgə yaradılmışdır. Yeni inzibati bölünmə nəticəsində ənənəvi olaraq Şimali Qafqazın parçası hesab edilən Adıgey respublikasına isə yeni federal bölgə içində yer verilməmişdir. Yeni federal bölgə 172 360 km2 ərazisi ilə Rusiya Federasiyasının ümumi ərazisinin təxminən 1 fazini, 9 254 940 nəfərlə ölkə əhalisinin  təxminən 6,5 faizini təşkil etməkdədir.[ii]

Geosiyasi baxımdan Rusiyanın cənuba yayılmasının əsas yolunu təşkil edən bölgənin dörd əsas xüsusiyyəti diqqəti xüsusilə cəlb etməkdədir. Əvvəla, Şimali Qafqaz Rusiyada etnik və din müxtəlifliyinin özünü ən qabarıq şəkildə göstərdiyi federal bölgədir. Bölgə əhalisinin əsas hissəsini slavyanlar təşkil etməkdədir. Çoxluğu ruslardan ibarət olan bu əhali bölgəyə əsasən XVII əsrdən etibarən yerləşməyə başlamış və bu proses XIX və XX əsrdəki yeni köç dalğaları ilə davam etmişdir. Ancaq buna baxmayaraq Şimali Qafqaz  hələ də etnik baxımdan rusların mütləq çoxluğu təşkil etmədiyi (2 743 000-29,9 %) yeganə zonadır.[iii] Digər yandan ağır sosial-iqtisadi şərtlər və təhlükəsizlik problemləri rusların bölgədən köçünü şərtləndirməkdədir. Ancaq yeni inzibati sistemdə rusların çoxluğu təşkil etdiyi Stavrapol diyarının paytaxtı Pyatiqorskinin yeni yaradılan Şimali Qafqaz federal bölgəsinin inzibati mərkəzi kimi müəyyən edilməsi Kremlin bölgədə etnik baxımdan rus təsirini qoruma cəhdi kimi xarakterizə edilə bilər.

Bölgə əhalisinin ikinci büyük hissəsini qaraçay, balkar, kumık, tatar, türk, noqay və azərbaycanlılar kimi türk xalqlarının nümayəndələri meydana gətirməkdədir. Etnik baxımdan bölgə əhalisinin üçüncü mühüm hissəsini isə çeçen, inquş, kabardin, adıgey, çərkəz, abxazların da içində olduğu yerli qafqaz xalqları qrupu təşkil etməkdədir. Dini baxımdan bölgənin əsas aparacı dinləri pravoslav xristanlığı və sünni İslamdır. Bölgədə xüsusən Dağıstan, Çeçenistan və İnquşetiyada əhali arasında sünni İslamın Hənəfi məzhəbinin Nəqşibəndi və Qədiri təriqətləri əsas təsirə malikdir.

İkinci olaraq, Şimali Qafqaz Rusiyanın ən ağır sosial-iqtiadi şərtlərə malik bölgəsidir. Şimali Qafqaz Rusiyanın ən kasıb, sərmayəninin ən az qoyulduğu, işsizliyin ölkə ortalamasından 2,5 dəfə çox olduğu bölgəsidir. Rusiya mərkəzi büdcəsindən hər il bölgədəki subyektlərə cəmi 4,5-6 milyard dollar məbləğində dotasiya ayrılmaqdadır. Bölgədəki subyektlərdən İnguşetiyanın büdcəsinin təxminən 89, Çeçenistanın 80, Dağıstanın 75, Qaraçay-Çərkəzin 60, Qabardin-Balkarın 58 və Şimali Osetiya-Alaniyanın 56%-i mərkəzi büdcə tərəfindən verilməktədir.

Üçüncüsü, Şimali Qafqaz Rusiyada məmur özbaşınalığının və avtoritar idarəetmə mexanizmlərinin ən kəskin tətbiqi ilə seçilməkdədir. Dördüncüsü, Şimali Qafqaz  təhlükəsizlik probleminin ən kəskin şəkildə mövcud olduğu, mərkəzi ve yerli inzibati və təhlükəsizlik strukturlarına qarşı faktiki müharibənin aparıldığı ən qaynar nöqtədir. Bölgədən verilən xəbərlərin əsas hissəsini terror aksiyaları, sui-qəsdlər, adam qaçırmalar və Rusiya təhlükəsizlik orqanlarının bu hallara qarşı mübarizə tədbirlərinə dair məlumatları təşkil etməkdədir.

Ümumilikdə, Stavrapol diyarı istisna olmaqla bölgədəki subyektlərdə soya və ya etnik əsasa dayanan ciddi gərginlik mövcuddur.  Bu baxımdan sosial-iqtisadi baxımdan az inkişaf etmiş, çox tərkibli və çox dinli sturktura malik bölgəni MDB məkanının ən qeyri-sabit zonalarından biri saymaq mümkündür. Bu prosesdə SSRİ-nin dağılması və Rusiya Federasiyasının yenidən formalaşması fonunda bölgədəki xüsusən etnik xarakterli subyektlərin müstəqillik əldə etmə və ya statuslarını yüksəltmə mübarizəsinə girişməsi əsas rol oynayıb. Bu mübarizədə müstəqillik istəyən qrupların İslamı əsas ideloji çərçivə kimi istifadə etmələri bölgədə dini radikalizmin güclənməsinə səbəb olmuşdur. Özünü əsasən “Vəhabilik” şəklində göstərən dini radikalizmin xüsusən Çeçenistan və Dağıstanda ciddi təsirə malik olduğu diqqəti cəlb etməkdədir.

 

[i] “ Sozdan Severo-Kafkazckiy Federalnıy Okrug” (Kuzey Kafkasya Federal Bölgesi oluşturuldu) ,  20 Ocak 2010, http://www.tass-ural.ru (08.01. 2011).

[ii] http://ru.wikipedia.org/wiki/Северо-Кавказский_федеральный_округ#cite_note-4

[iii] “Стратегия социально-экономического развития СКФО до 2025 года” http://www.vestikavkaza.ru/analytics/obshestvo/26725.html (09.01.2011)

 

http://gunaz.tv/?id=4&vmode=1&sID=2501&lang=1

 

Dr. Nazim Cəfərsoy