Amerika

2012-ci ilin yekunları: Ümumi mənzərə, Rusiya və ABŞ

Pinterest LinkedIn Tumblr

2012-ci il bölgə və dünya gündəmində yenə vacib hadisələrlə yadda qaldı. Rusiya Federasiyasında və ABŞ-dakı prezident seçkiləri; Suriyadakı proseslər; İranın nüvə problemi və bununla əlaqəli olaraq İrana tətbiq olunan sanksiyaların enerji sektorunu da əhatə etməsi; İsrailin Qəzzəyə yönəlmiş növbəti hərbi əməliyyatı; Misirdə Hüsnü Mübarəkdən sonrakı mərhələyə keçişdə yaşanan problemlər; Türkiyə gündəmindəki PKK terroru, Ergenekon və Balyoz məhkəmə prosesləri, ən əhəmiyyətlisi isə Suriya ilə müharibə ehtimalı; Avropadakı iqtisadi böhranın dərinləşməsi; Çində hakim partiyanın rəhbərliyindəki gözlənilən dəyişiklik; Şimali Koreyada isə müəyyən mənada gözlənilməz, eyni zamanda “uzun müddətli və məcburi gözyaşları” ilə müşaiyət olunan lider dəyişikliyi; uzaq Asiya dövlətləri arasındakı ərazi problemləri, xüsusilə Çin ilə Yaponiya arasındakı adalar gərginliyi; Gürcüstandakı parlament seçkiləri və daha sonra daxili siyasətdə yaşanan gərginliklər bunların bir qismidir. Bu yazıda onlardan bəzilərinə nəzər salaraq 2012-ci ilin ümumi mənzərəsini ortaya qoymağa və 2013-cü il üçün gözləntiləri sizinlə bölüşməyə çalışacağam.

 

2012-ci ilə nəzər salmağa Rusiya ilə başlayaq. “Ərəb Baharı” kimi adlandırılan prosesin Rusiyanı da əhatə edəcəyinə dair (əslində bizim də bölüşmədiyimizi əvvəlki yazılarımızda da qeyd etdiyimiz) proqnozlar özünü doğrultmadı və Vladimir Putin Dmitri Medvedyevə “ötürdüyü” prezidentlik kreslosunu “təhvil aldı”. Rusiyadakı prezident seckileri ciddi etiraz mitinqləri ilə müşaiyət olunsa da bunlar siyasi proseslərə təsir edəcək səviyyəyə çatmadı. Kremlin əksər keçmiş Sovet respublikalarına xas olan sadəcə nəticələri deyil, namizdələri də əvvəlcədən planlaşdırılan “seçki” proqramı uğurla həyata keçirildi. Rusiyadakı ictimai-proseslərin gündəmində daha çox “xarici kəşfiyyata işləyən” bəzilərinin aşkarlanması, QHT-lərin azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılması, bəzi yüksək vəzifəli şəxslərin öz “üstləri” ilə yola getməmələrinin cavabını almaları (bəzi nazirlərin fəzifələrindən azad olunmaları, bəzilərinin isə hətta cinayət məsuliyyətinə cəlb olunmaları; proses sadəcə nazirlərlə məhdudlaşmadı, daha aşağı vəzifəli məmurlar arasında rüşvət ittihamı ilə həbs olunanların sayı xeyli idi) və bənzər hadisələr yerini aldı. Şimali Qafqazda “sabitliyin” hələ də təmin olunmamasını və təhlükəsizlik orqanlarının qurban verməyə davam etməsini də Rusiyanın 2012-ci il gündəminin vacib hadisələrinə əlavə etmək olar.

 

Rusiya 2012-ci ildə müəyyən mənada uğurlu sayıla biləcək xarici siyasət tətbiq etdi. Kürəsəl (qlobal) siyasətdə mövqelərini əsasən qorudu. Keçmiş Sovet coğrafiyasında mövqelərini bərpa etmə prosesini davam etdirdi. 2008-ci ilin Avqust hadisələrinə (Gürcüstan ərazilərini işğal etdiyinə görə) Qərblə pozulan münasibətlərini bərpa etmə xəttində də uğur qazandı. Xüsusilə Yaxın Şərqlə bağlı (İran və Suriya ilə bağlı problemlərdə) ondan gözlənilən (əslində istənilən) güzəştlərə, imicinin müəyyən dərəcədə pişləşməsi bahasına da olsa, getmədi.

 

Rusiyadan fərqli olaraq daha çoxsəsli, azad və özünəməxsus demokratik seçkilərini keçirən ABŞ-da (ABŞ-dakı demokratiya və prezident seçkisi sistemi ilə bağlı tənqidi fikirlər də mövcuddur, amma bu fərqli bir yazının mövzusu olduğuna görə burada toxunmuruq) Barak Obama qələbə çaldı və ikinci dəfə prezident seçildi. Obamanın Yəhudi Lobbisi ilə açıq qarşıdurmaya rəğmən növbəti dəfə prezident seçilməsi digər məqamlarla yanaşı həm də onun İraq və Əfqanıstan siyasətinin ictimaiyyət tərəfindən dəstəklənməsi və Respublikaçıların “radikal sağ”a meyl edən siyasətlərinin orta təbəqədən uzaqlaşmağa  səbəb olması sayəsində baş verdi. Ümumlikdə isə 2012-ci il ABŞ üçün daxili iqtisadi reformlar, səhiyyə reformları, xarici siyasət baxımından isə İran və Suriya problemləri, İsrail ilə Obama hakimiyyəti arasındakı problemlər, Çinin Afrika başda olmaqla kürəsəl mövqelərinin güclənməsindən narahatlığın açıq şəkildə elan olunması və s. məqamlarla yadda qaldı.

 

Obama hakimiyyəti Yəhudi lobbisinin və Respublikaçıların tənqidlərinə baxmayaraq İranın nüvə proqramıyla bağlı problemin həllində bütün dinc vasitələrin sınaqdan keçiriməsi siyasətini davam etdirdi və xüsusilə İranın enerji sektoruna sanksiyaların tətbiqində əldə etdiyi uğur daxili və xarici ictimaiyyət tərəfindən qəbul olundu. Amma, ABŞ-ın Liviyadakı səfirinin bir terror aksiyası nəticəsində öldürülməsi və Suriyada Əsədin tezliklə yıxılacağına dair arzuların gerçəkləşməməsi ABŞ üçün mənfi nüanslara səbəb oldu. İlk qeyd olunan hadisə ümimilikdə ABŞ xarisi siyasət idarəsinin nüfuzunun zəifləməsinə səbəb və növbəti xarici işlər naziri olmağa potensial namizəd olan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays-ın kariyerasının inkişafına mane oldu; eyni zamanda Rusiya və onun xəttini müdafiə edənlər bu hadisədən faydalanaraq ABŞ və müttəfiqlərinin təşviqi ilə gerçəkləşən “Ərəb Baharı”nın necə ağır nəticələr yaratdığına dair təbliğat apardılar. İkinci proses isə ümmumiyyətlə dünyada ABŞ tərəfindən dəstəklənən və yaxud da özünü ABŞ-ın müttəfiqi hesab edən ictimai-siyasi qüvvələrdə müəyyən dərəcədə ruh düşkünlüyünə səbəb oldu.

 

 

Araz Aslanlı