Hərbi-təhükəsizlik

2012-ci ilin yekunları: Suriya və İran

Pinterest LinkedIn Tumblr

Bundan öncəki yazıda 2012-ci il üçün dünyanın ümumi mənzərəsinə, xüsusi olaraq isə Rusiya Federasiyası (RF) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) gündəmlərinə nəzər salınmışdı. Bu yazıda isə 2012-ci ildə Suriya və İran üçün vacib olan mövzulara toxunulacaq.

 

2012-ci ildə Suriyada baş verən qanlı hadisələr heç şübhəsiz dünya gündəminin ən vacib mövzusu oldu. “Ərəb Baharı” kimi də adlandırılan prosesin növbəti dayanacağı olan Suriyada kütləvi etiraz aksiyaları əksər yerlərdə hökumət qüvvələrinin güc tətbiqi, bəzi yerlərdə isə etirazçıların dinc xarakterli olmayan hərəkətləri ilə tədricən hərbi müstəviyə keçdi. Bir yandan müxalif qüvvələrin silahlanması, bir yandan aralarında generalların da yer aldığı hərbçilərin müxalifət “cəbhəsi”nə keçməsi, digər yandan da xaricdən Suriyaya hərbi amilin cəlb olunması (bura həm “könüllü döyüşçülərin” bu ölkəyə getmələri, həm də müxalif qüvvələrə hərbi texniki dəstəyin verilməsi daxildir) Əsəd hakimiyyətinin qarşısında ciddi hərbi gücün ortaya çıxmasına səbəb oldu. Beləliklə Əsədin prosesləri güc tətbiqi ilə dayandırmaq siyasətinin uğur qazanma ehtimalı sıfıra yaxınlaşdı.

 

Digər tərəfdən Əsəd güc tətbiqində israrını davam etdirərək, hakimiyyəti dinc yolla təhvil verməsi ya da islahatlara getməsi ilə bağlı ümidləri də doğrultmadı. Müxaliflərin müxtəlif hərbi- siyasi təşkilatlar yaradaraq güclənmələri, Əsədin yüksək vəzifəli yaxın adamlarının bir qisminin onu tərk etməsi, bir qisminin isə terror aksiyaları (və yaxid sui-qəsdlər) nəticəsində öldürülmələri, daha sonra ABŞ, Türkiyə və Misirin vasitəçiliyi (əslində, daha çox təkidi) ilə müxalif qüvvələrin əksəriyyətinin vahid qurumda birləşmələri psixoloji üstünlüyün Əsədə qarşı cəbhəyə keçməsinə səbəb oldu. Hətta, daha öncə müxalif qüvvələri “terrorçu” adlandıran və Əsədi birmənalı dəstəkləyən Rusiya və İranın da mövqelərində dəyişiklik yaşanması, Əsədin vaz keçilməz olmadığına dair açıqlamalar verilməsi və müxaliflərlə görüşlər keçirilməsi də proseslərin gedişatının anlaşılması baxımından vacib idi.

 

Suriyada demək olar ki, bütün tərəflərin varlığını qəbul etdiyi vətəndaş müharibəsinin dayandırılması üçün beynəlxalq qurumların səyləri də 2012-ci il boyunca davam etdi. Birləşmiş Millətlər Təşkiları (BMT) özünün ən əhəmiyyətli orqanı olan Təhlükəsizlik Şurası səviyyəsində həlledici qərarlar qəbul edə bilməsə (bununla bağlı olaraq ABŞ və Türkiyə bəzən açıq, bəzən də üstüortülü şəkildə Rusiya və Çini günahlandıran bəyanatlar verdilər), Baş Katibin səyləriylə Ərəb Liqası ilə birgə nümayəndə təyin olundu. İlk nümayəndə olan BMT-nin keçmiş Baş Katibi Kofi Annanın xüsusi səyləri (Suriyaya, qonşu və maraqlı dövlətlərə dəfələrlə səfərlə etməsi, yüksək səviyyəli görüşlər keçirməsi, hətta Annan Planı kimi adlandırılan plan təklif etməsi) nəticəsiz qaldı. Annanın səylərinin nəticəsiz qalması ilə bağlı Suriya hakimiyyəti, İran və RF müxalifəti və onları dəstəkləyən dövlətləri, müxalifət və “Qərb cəbhəsi” isə Əsəd rejimini və dəstəkçilərini günahlandırdı. Annan özü isə xüsusilə Əsəd hakimiyyətinin böyük yaşayış yerlərindən zirehli hərbi texnikanı geri çəkməməsini və yaşayış yerlərinə ağır həbri zərbələrin endirilməsini sərt tənqid etdi və daha sonra missiyasını başa çatdırdı. Annandan sonra eyni vəzifəyə təyin olunan Brahimi də xeyli görüşlər keçirsə də hələ ki, bir irəliləyiş əldə olunmayıb.

 

2012-ci ildə dünya gündəmində təxminən elə Suriya mövzusu qədər yer alan bir mövu da İranın nüvə proqramı və bu ölkəyə tətbiq olunan sanksiyaların çərçivəsinin genişləndirilməsi oldu. İranın nüvə proqramı ilə bağlı olaraq bir yandan uzun müddətdir fasilə verilmiş olan danışıqlara yenidən başladı, digər yandan isə İrana hərbi müdaxilə senariləri gündəmdən heç düşmədi.

 

İstanbulda başlayan nüvə danışıqları, daha sonra Bağdad və Moskvada davam etdirilsə də ciddi bir irəliləyiş əldə olunmadığı açıqlandı. Danışıqlar hazırda da qeyri-müəyyən şəkildə davam edir. İsrail və Yəhudi lobbisi isə danışıqların sadəcə İranın vaxt udmasına xidmət etdiyini və belə getsə İranın nüvə silahına sahib olacağını iddia edir. Bu qüvvələrin İrana hərbi müdaxilə ilə bağlı tələbləri və senariləri isə hələ ki, əsasən Obama hakimiyyəti olmaqla xeyli qüvvənin dəstəyini ala bilmir.

 

Əvəzində Obama hakimiyyəti 2011-ci ilin sonlarında İrana tətbiq olunan sanksiyalara bu ölkədən neft idxalatının da əlavə edilməsiylə bağlı qərarına gözlənilənin əksinə İran neftinin əsas idxalatçılarını cəlb edə bildi. Avropa Birliyi bu qərara tam, Türkiyə və Çin də daxil olmaqla digər neft idxalatçıları isə müəyyən dərəcədə qoşuldular. Ümumilikdə isə sanksiyalara qoşulan ölkələrin sayı 30-u keçdi. Sanksiyaların genişləməsi sadəcə bu qərarla da məhdudlaşmadı. 2012-ci il boyunca İranın müxtəlif dövlət qurumlarını və vəzifəli şəxslərini, iqtisadi həyatın demək olar ki, bütün sektorlarını (nəqliyyat, bank, ticari fəaliyyət və s.) əhatə edən sanksiya qərarları qəbul edildi. Bunların nəticəsində isə istisadiyyatı neft ixracatından xeyli dərəcədə asılı olan İranın neft gəlirləri ən az 45% azaldı. Ölkədə valyuta böhranı yarandı. “Toyuq üsyanı” (toyuq ətinin qıtlaşması və bir neçə dəfə bahalaşmasına etiraz), “valyuta üsyanı” (valyuta qıtlığına və bir neçə dəfə bahalaşmasına etiraz) kimi adlandırılan hadisələr baş verdi. Daha sonra sanksiyaların İranın təbii qaz sektorunu da əhatə etməsiylə bağlı qərar qəbul edildi.

 

İranın qarşı addımlar kimi düşündüyü hədələri isə reallaşmadı. Xatırladaq ki, İran Qərbin bu addımlarının neftin qiymətinin kəskin artışına səbəb olacağı edir və dünyanı Hürmüz boğazını (dünya ölkələrinin əksəriyyətinin ehtiyaclarını qarşıladığı “neft boğazını”) bağlamaqla təhdid edirdi. Digər neft istehsalçılarının (ABŞ-ın da təşviqi ilə) istehsallarını artırması səbəbiylə ilk iddia reallaşmadı, hətta bəzən neftin qiymətində azalma müşahidə edildi. Cavab addmlarının daha sərt olması ehtimalına (İran əleyhdarı cəbhənin genişləməsi, İrana hərbi müdaxilə baxımından vacib olan psixoloji səbəbin güclənməsi, ABŞ, Britaniya, Fransa, Yaponiya və Körfəz ölkələrinin hərbi xarakterli addımlar atmağa hazırlaşması, prosesdə İranın əsas dəstəkçilərində olan Çinin də xeyli zərər görəcəyi ehtimalı və s.) üçün  görə də İran Hürmüz boğazını bağlamağa cəsarət edə bilmədi. 

 

Araz Aslanlı