Hərbi-təhükəsizlik

Ermənistanda prezident seçkilərindən öncəki mənzərə

Pinterest LinkedIn Tumblr

Ermənistanda 2012-ci il may ayının 6-da keçirilən parlament seçkilərindən qələbə ilə çıxan Ermənistan Respublika Partiyası (ERP) gözlənildiyi kimi, ikinci olan Çiçəklənən Ermənistan Partiyası (ÇEP) ilə koalisiya hökuməti deyil, təkbaşına hökumət qurdu və daxili ictimai-siyasi vəziyyətdə ciddi dəyişikliklər yaşandı. Bir neçə ay parlament seçkilərinin nəticələri müzakirə edildi və sonra bu müzakirələr 2013-cü ilin fevral ayının 18-də keçiriləcək prezident seçkiləri ətrafında davam etməyə başladı. 2013-cü ildə keçiriləcək prezident seçkilərində digər siyasi partiya və blokların da namizədlərinin olacağı ehtimal edilsə də, əsas mübarizənin Prezident Serj Sərkisyan və ÇEP lideri Qaqik Çarukyan arasında yaşanacağı ehtimal edilirdi.

ÇEP lideri Çarukyan 4 noyabr 2012-ci il tarixdə partiyasının üzvlərindən olan böyük bir nümayəndə heyəti ilə Brüsseli ziyarət etmişdir. Bu ziyarətdən əvvəl Çarukyanın bir neçə etibarlı nümayəndəsinin Brüsseldə ABŞ və Avropa Birliyinin yüksək vəzifəli nümayəndələri ilə məxfi şəkildə görüşərək Cənubi Qafqazdakı iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə bərabər, Ermənistanın daxili ictimai-siyasi vəziyyətini və prezident seçkiləri ilə bağlı problemləri müzakirə etdiyi bildirilirdi.

Ancaq Çarukyanın Brükseldən qayıtmasından bir müddət sonra prezident seçkilərində iştirak etməyəcəyini bildirməsi, ölkənın daxili ictimai-siyasi həyatında ciddi ajiotaja səbəb oldu. Digər siyasi partiyaların prezident seçkilərində hazırkı prezident Serj Sərkisyana Çarukyan qədər ciddi namizədlərinin olmayacağı bəlli idi. Seçkilərin nəticələri ilə bağlı edilən bütün təhlillər bu iki namizədin üzərində qurulmuşdu. Çarukyanın seçkilərdə iştirak etməyəcəyini bildirməsi, Sərkisyanın seçkilərdə daha rahat mübarizə aparmasına imkan versə də, prezident seçiləcəyi təqdirdə legitimliyi ciddi şübhə doğuracaq məqamları da özündə ehtiva edir. Digər namizədlərin siyasi və maliyyə gücü prezident seçkilərində mübarizə aparacaq və qələbə qazanacaq qədər yetərli deyildir.

Çarukyanın seçkilərdə iştirak etməyəcəyi bəlli olduqdan sonra Daşnaqsutyun, Erməni Ümummilli Hərəkatı (EÜH), Ermənistan Xalq Partiyası (EXP), Qanunlar Ölkəsi Partiyası (QÖP), digər siyasi partiya və bloklar da öz namizədlərini irəli sürmədilər.

Ermənistan Mərkəzi Seçki Komisiyasının (MSK) verdiyi məlumata görə, 18 fevralda keçiriləcək prezident seçkilərində cəmi 8 nəfər – prezident Serj Sərkisyan (ERP), Raffi Ovannesyan (müxalif Miras Partiyasının lideri), Hrant Baqratyan (Azadlıq Partiyasının lideri və sabiq baş nazir), Paryur Ayrikyan (Milli Müqəddaratını Təyinetmə Birliyinin lideri), Arman Məlikyan (Qondarma DQR-in sabiq XİN rəhbəri), Vardan Sedrakyan (mifoloq), Andreas Qukasyan (siyasi icmalçı) və Aram Arutyunyan (Milli Razılıq Partiyasının sədri) iştirak edəcəkdir. Əvvəlcə 15 nəfər prezident seçkilərində iştirak etmək üçün MSK-ya müraciət etsə də, daha sonra bu sayı 8 – ə qədər endi.

MSK-nın verdiyi məlumata görə, Ermənistanda prezident seçkilərinin keçirilməsi üçün 41 seçki dairəsində 1988 seçki məntəqəsi formalaşıb. Cəmi 2 507 960 nəfər seçmək hüququndan istifadə edəcəkdir. Seçkinin təbliğat və təşviqat mərhələsi 21 yanvarda başlayıb, seçkilərə iki gün qalmış 16 fevral tarixinə qədər davam edəcəkdir.

Əlbəttə, bu namizədlərin heç birinin siyasi çəkisinin ağırılığı Çarukyanın siyasi ağırlığına bərabər deyil. Bu namizədlərdən fərqli olaraq Çarukyan Ermənistanın daxili ictimai-siyasi həyatında ana müxalifət partiyasını-ikinci cəbhəni təmsil edirdi. Sərkisyandan başqa adı çəkilən digər namizədlərin hamısı seçki marafonunda reklam lövhəsindən başqa bir şey deyildir. Sərkisyanın qeyri-ciddi namizədlərlə seçkilərdə iştirak etməsi onun daha rahat və problemsiz seçiləcəyini 100% təminat altına alsa da, ölkə daxilində, Avropada və beynəlxalq qeyri-hökumət təşkilatları nəzərində legitimliyi problemi ön plana çıxacaqdır. Artıq seçki monitorinqi ilə məşğul olan bəzi beynəlxalq təşkilatlar və müşahidəçilər Ermənistanda prezident seçkiləri həyəcanının yaşanmadığını və nəticəsi əvvəlcədən məlum olan seçkilərin keçiriləcəyini bəyan edirlər. Prezident Sərkisyan və digər yüksək rütbəli dövlət məmurları beynəlxalq təşkilatların nümayəndələri və müşahidəçilərlə görüşərək, seçkilərin demokratik bir şəraitdə keçiriləcəyini xüsusilə vurğulasalar da, bu seçkilər son 20 ildə Ermənistanda keçiriləcək ən sönük və nəticəsi əvvəlcədən bəlli olan prezident seçkiləri kimi tarixə düşəcəkdir.

İkinci dəfə prezident olmağa iddialı olan Serj Sərkisyan siyasi, iqtisadi və sosial sahələrdə yaşanan problemlərlə bağlı ictimai rəyi məmnun edən heç bir nəticə əldə etməmişdir. Belə ki, Ramil Səfərovun Azərbaycana geri verilməsindən sonra isterik vəziyyətə düşən Sərkisyan, tək çarəni Macarıstan ilə münasibətləri parlament səviyyəsində dayandırmaqda görmüşdür. Sərkisyan bu məsələnin prezident seçkiləri marafonunda rəqibləri tərəfindən ona qarşı istifadə ediləcəyini çox gözəl bilir. Eyni zamanda ÇEP mənsubu  sabiq XİN rəhbəri və “Sivilitas” Fondunun direktoru Vardan Oskanyana qarşı Ermənistan Təhlükəsizlik orqanlarının vergidən yayınma və çirkli pulların yuyulması faktı ilə cinəyət işinin açılmasından istifadə edərək ən güclü müxalifət partiyasına qarşı təzyiqləri artıraraq digər kiçik siyasi partiyalara “mesaj” verməyə çalışır. Sərkisyan bununla ictimai rəyin diqqətini bu məsələdən yayındırmaq istəyir.

Sərkisyan son zamanlarda Rusiyanın Avrasiya İttifaqında iştirak etmə tələbi ilə qarşılaşır və ciddi bir dilemma qarşısındadır. Avrasiya İttifaqına üzv olarsa, Avropa İttifaqı ilə münasibətlərində ciddi problemlər yaşana bilər. Bu zaman Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir çox layihə dayandırıla bilər. Avropa İttifaqı Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa çalışdığı bir zamanda Ermənistanın Avrasiya İttifaqına inteqrasiya olması onsuz da böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatında dərin izlər buraxa bilər. Rusiyanın Ermənistanı Avrasiya İttifaqına dəvət etdiyi və prezident seçkilərinin keçiriləcəyi ərəfədə bu ölkəyə satdığı təbii qazın qiymətinin qaldırılması məsələsini gündəmə gətirməsi də olduqca düşündürücüdür.

Daxili ictimai rəydə narazılıq doğuran bir məsələ də hökumətin Suriya Ermənilərinə yönəlik siyasətinin qənaətbəxş olmamasıdır. Böhranın dərinləşdiyi ilk vaxtlarda “Armavia” hava yolu şirkəti Hələbə iki təyyarə göndərib bir neçə yüz Ermənini ölkəyə gətirsə də, Suriya Ermənilərinin böyük əksəriyyəti Hələbdə qalmağa məcbur olmuşdur. Hökumət Suriya Erməniləri üçün sadələşdirilmiş viza xidmətini gündəmə gətirsə də, hələlik bunu həyata keçirməyib. Sərkisyanın Suriya Ermənilərinə bu cür ögey münasibət göstərməsi xüsusilə Erməni diasporası tərəfindən narazılıqla qarşılanır.

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətin qələbə qazanması da Ermənistan müxalifətinin tələblərinin sərtləşməsinə səbəb oldu. Artıq müxalifət prezident seçkilərinin şəffaf və demokratik bir şəraitdə keçirilməsi üçün müəyyən qədər akivləşib. Ancaq nəticəni dəyişmək üçün bu əlbəttə ki, yetərli deyildir. Müxalifət liderlərinin ABŞ və Avropa dövlətlərinin səfirləri ilə mütəmadi görüşməsi də Sərkisyanı narahat edir.

Sərkisyan prezident olduğu birinci beşillikdə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün lazımi siyasi iradə nümayiş etdirə bilmədi. Ermənistanın iqtidar və müxalifət siyasi eliti Qarabağ problemi həll olunmadan Ermənistanın sosial, siyasi, iqtisadi və təhlükəsizlik probleminin həll olunmayacağını bilir. Amma hökumət bu məsələnin həll olunması üçün radikal addım atmaqdan çəkinir. 20 ildən çoxdur ki, Ermənistan ictimai rəyinə qondarma DQR-in “müstəqil” dövlət olduğunu təlqin edən hökumət, Erməni xalqına  həqiqətləri deməyə cəsarət etmir. Belə ki, həqiqəti demək istəyən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın aqibəti hamıya məlumdur.

Bundan əvvəlki prezident seçkilərində xarici dövlətlərin seçkilərə müdaxilə etmək imkanı daha geniş olsa da, bu seçkilərdə sadəcə Rusiyanın adamı olduğu bilinən Sərkisyan əsas personaj olaraq qalmaqda davam edir. Prezident seçkilərində namizədlərlə bağlı nə ABŞ, nə də, Avropa dövlətlərinin heç biri rəy bildirməmişdir. Məsələ ilə bağlı verilən bəyanatlarda prezident seçkilərinin demokratik bir şəraitdə keçirilməsinin və nəticələrinin legitim olması məsələsi xüsusilə vurğulanmışdır. Görünən odur ki, Rusiyanın namizədliyini dəstəklədiyi Sərkisyan ABŞ və Avropa dövlətlərini də müəyyən qədər qane edir.

Araz Aslanlı