Hərbi-təhükəsizlik

İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənlik

Pinterest LinkedIn Tumblr

İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənlik davam edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssisləri ilə Tehranda keçirilən son müzakirələrdən sonra danışıqların davam etdirilməsi qərara alınsa da, BAEA-dan İranla bağlı sərt tənqidlərin ardı-arası kəsilmir.

 

İran ilə “5+1” ölkələri arasında uzun fasilədən sonra 2012-ci ilin aprelində başlayan danışıqlarda da irəliləyiş əldə olunmamışdır (ən azı rəsmi açıqlamalara görə). Ən son danışıqların növbəti mərhələsinin Misirdə keçiriləcəyi ilə bağlı yayılan məlumatlar da hələ ki, təsdiqini tapmır. Belə ki, adının açıqlanmasını istəməyən misirli diplomat Misirin rəsmi agentliyi olan MNA-ya verdiyi məlumatda bildirib ki, onun ölkəsi İran və “5+1” arasındakı müzakirələrə ev sahibliyi etmək barədə qərar verməyib. Bundan 2 gün əvvəl isə İranın Xarici İşlər naziri Əli Əkbər Salehi bildirmişdir ki, Misir rəsmiləri İranın müzakirələrin Qahirədə keçirilməsi ilə bağlı təklifini qəbul edib.

 

Bu arada AB-nin Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eştonun sözcüsü Maykel Man bildirib ki, İran müzakirələrin aparılması üçün məkan və zaman təklifləri ilə vaxt qazanmaq niyyətindədir.

 

Bilindiyi kimi Qərb müzakirələrdə İrandan tələb edir ki, uranı zənginləşdirməyi tamamilə dayandırsın. Belə olan halda müzakirələrin uzadılması və razılığın əldə olunmaması Əhmədienjad hökumətinin maraqlarına uyğun gəlir. Əhmədienjadın prezidentlik müddətinin başa çatmasına yarım ilə yaxın vaxt qaldığını da nəzərə alsaq, onun məsuliyyəti öz üzərinə götürmək istəməyəcəyini başa düşmək olar. Bu səbəbdən İran müxtəlif bəhanələrlə müzakirələri təxirə salmaq niyyətindədir.      

 

Digər tərəfdən isə İran ilə həm BAEA, həm də “5+1”ölkələri arasındakı müzakirələrin nəticəsizliyi, xüsusilə ABŞ-dakı prezident və İsraildəki parlament seçkilərindən sonra regionla bağlı riskləri daha da artırır.

 

http://www.araztm.az

 

Arif Keskin