Hərbi-təhükəsizlik

Ermənistandakı prezident seçkisi “sürpriz”siz başa çatdı

Pinterest LinkedIn Tumblr

Ermənistan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 18 fevral 2013-cü il tarixdə keçirilən prezident seçkiləri baş tutmuş hesab olunur. 1988 seçki məntəqəsindən əldə edilən ilkin nəticələrə görə:

– Serj Sərkisyan 58,64% (861160 səs);

– Raffi Hovannesyan 36,75% (539672 səs);

– Hrant Baqratyan 2,15% (31643səs);

– Paryur Hayrikyan 1,23% (18093 səs);

– Andreas Qukasyan 0,57% (8328 səs);

– Vardan Sedrakyan 0,42% (6203 səs);

– Arman Melikyan 0,24% (3516 səs) səs toplamışdır.

 

İlkin nəticələrə görə Sərkisyan ikinci dəfə prezident seçilmişdir. Seçkilərin yekun nəticələrinə görə Sərkisyan və Hovannesyan arasındakı fərq 5-8% dəyişə bilər. Amma bu, seçki nəticələrini dəyişdirəcək qədər olmayacaqdır.

 

Bu prezident seçkiləri son 20 ildə Ermənistanda keçirilən seçkilərdən olduqca fərqlənir. Belə ki, ana müxalifət partiyası olan Çiçəklənən Ermənistan Partiyasının (lideri Qaqik Çarukyanın) və digər müxalif partiyaların seçkilərdə öz namizədləri ilə iştirak etməməsi seçkilərin nəticəsinin necə olacağını əvvəlcədən müəyyənləşdirmişdi və Sərkisyanın seçiləcəyinə heç kim şübhə ilə baxmırdı. İlkin nəticələr də bunu təsdiq etdi. Seçkiqabağı proseslərdə ciddi qanun pozuntularının olması, namizəd Paryur Ayrikyana qarşı törədilən sui-qəsd, bir neçə namizədin aclıq aksiyasına başlaması seçki təbliğat mərhələsinin necə keçdiyi haqqında əsaslı məlumatlar verir. Maraqlı burasıdır ki, bütün bunlara baxmayaraq, beynəlxalq müşahidəçilər seçki təbliğat mərhələsində yaşanan bu problemlər barədə Ermənistan hökumətini tənqid edən heç bir bəyanat vermədilər. Sadəcə bu seçkilərin əvvəlki seçkilərə nisbətən daha “sönük” bir şəraitdə keçdiyini vurğuladılar. 18 fevralda ATƏT PA nümayəndə heyətinin rəhbəri Tonino Piçula beş seçki məntəqəsində olduqlarını və seçkilərin qanuna uyğun keçdiyi haqqında bəyanat verdi.

 

Ermənistanın müxalifət KİV-ləri seçkilərdə ciddi qanun pozuntularının olmasını foto və video çəkilişlərlə sübut etsələr də, beynəlxalq müşahidəçilərin seçkilərdə qanun pozuntuları olmadığını dilə gətirmələri təəccüblə qarşılanır. Beynəlxalq müşahidəçilərin Sərkisyanı dəstəkləyən mahiyyətdə bəyanatlar verməsi ona dəlalət edir ki, seçki nəticələrinə etiraz edənlərin mitinq və nümayişləri heç bir şeyi dəyişdirməyəcəkdir.

 

Hələlik ABŞ, Avropa dövlətlərinin və beynəlxalq təşkilatların müşahidəçi qruplarının seçkilərlə bağlı fikirləri mətbuata açıqlanmasa da, onlardan da ciddi tənqidi fikirlərin gələcəyi ehtimalı olduqca zəifdir. Ana müxalifət partiyası seçkilərdə iştirak etmədiyi üçün təbii olaraq  seçki nəticələri ilə bağlı böyük mitinq və nümayişlərin də keçirilməsi mümkün görünmür.

 

Araz Aslanlı