Avropa

Beynəlxalq Ədalət Məhkəməsinin Kosovo haqqında məsləhət xarakterli rəyi və Qarabağ problemi

Pinterest LinkedIn Tumblr

Absalam Məmmədov

Beynəlxalq hüquq üzrə magistr ( Strasburq universiteti)

                                                                   

İkinci Dünya müharibəsindən indiyə kimi Banqladeş birtərəfli sessesiya ilə yaranmış yeganə dövlət sayılır.[1]SSRİ-nin və Yuqoslaviyanın dağılmasından sonra isə sessesiya yolu ilə müstəqil dövlət yaratmaq cəhdləri böyük münaqişələr və uğursuzluqla nəticələndi. Ona görə də,  17 fevral 2008-ci ildə Kosovo öz müstəqilliyini elan etdikdən sonra əksər Qərb dövlətləri tərəfindən onun müstəqilliyinin tanınması dünyada sessesiyanı gücləndirə və beynəlxalq sabitliyi poza biləcəyi nöqteyi nəzərindən böyük təşvişlə qarşılandı. Kosovonun müstəqilliyi və sessesiya kimi həssas məsələyə hüquqi qiymət verilməsi dövlətlər arasında ciddi fikir ayrılıqlarına və BMT səviyyəsində geniş müzakirələrə səbəb oldu. Nəticədə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə (bundan sonra “Məhkəmə”) ilk dəfə sessesiyanın hüquqi aspektlərini dəyərləndirməsi üçün tarixi fürsət yarandı.

Serbiyanın təşəbbüsü ilə BMT Baş Asambleyası Məhkəməyə aşağıdakı sualla məsləhət xarakterli rəy üçün müraciət etdi: Kosovonun Müvəqqəti özünü-idarəetmə qurumlarınının birtərəfli müstəqillik bəyannaməsi beynəlxalq hüquqa uyğundurmu?  22 iyul 2010-cu ildə qəbul olunmuş məsləhət xarakterli rəyində Məhkəmə müəyyən etdi ki, Kosovonun birtərəfli müstəqillik bəyannaməsi beynəlxalq hüququ pozmur.[2]

Məhkəmənin beynəlxalq hüquqda sessesiya problemini geniş təhlil edəcəyi gözlənilsə də, müraciət olunan sual çox spesifik və məhdud xarakterli olduğundan Məhkəmə Kosovonun dövlət olub olmaması, onun tanınmasının beynəlxalq hüquqa uyğunluğu,  xalqların öz müqəddəratını təyin etmək hüququ kimi ən əhəmiyyətli məsələləri cavabsız qoydu. Amma bu rəy Kosovonun müstəqilliyinin beynəlxalq hüquqa uyğunluğunu əsaslandırmaq üçün yetərli sayılmasa belə, bəzi önəmli hüquqi məsələlərə aydınlıq gətirdi.  

Məhkəmə Kosovo haqqında məsləhət xarakterli rəyində 3 hüquqi müstəvini fərqləndirir: Beynəxalq ümumi hüquq, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin Kosovo üçün müəyyən etdiyi rejim və Müvəqqəti özünü-idarəetmə qurumlarının Kosovo konstitusiyası çərçivəsində hüquqi statusu.  Bu məqalənin məqsədi məsləhət xarakterli rəyin digər sessesiyalara təsirini araşdırmaqdır, buna görə də məsləhət xarakterli rəyin yalnız beynəlxalq ümumi hüquqa dair hissəssi analiz ediləcəkdir.  Məsləhət xarakterli rəyin cüzi bir hissəsi, yalniz 6 maddəsi beynəlxalq ümumi hüquqa həsr olunub və birtərəfli sessesiyanın, o cümlədən Dağlıq Qarabağın sessesiyasının hüquqi aspektləri ilə bağlı məsələlərə aydınlıq gətirməyə imkan verir.[3]

Kosovo haqqında rəydə Məhkmənin yanaşması beynəlxalq hüququn sessesiyaya çox az müdaxilə etdiyini göstərdi. Hakim Simmanın təbiri ilə desək, beynəlxalq hüquq bu məsələdə “bilərəkdən susur”.[4] Sessesiya dövlətlərin daxili işi hesab olunur, onun mövcudluğu birbaşa beynəlxalq hüquqi nəticə doğurmur, beynəlxalq hüquq yalnız onun gedişatı prosesini  tənzimləyir, yəni nə baş verməsi deyil, necə baş verməsi əsasdır. Beləliklə, beynəlxalq hüquq sessesiyanı mahiyyəti üzrə deyil (1), yalnız onun prosedural aspektlərini (2) nizamlayır.

1.      Beynəlxalq hüququn sessesiyanın mövcudluğuna münasibətdə “hüquqi neytrallığı”

Məhkəmə qarşısında dövlətlərin əsas mübahisə etdiyi hüquqi arqumentlər sessesiyanın mövcudluğuna haqq qazandıra və qadağan edə biləcək 2 əsas prinsip – ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmək prinsipi idi.

Məhkəmə ərazi bütövlüyü prinsipini məhdud şəkildə təfsir etdi. BMT-nin Nizamnaməsinin 2 (4) maddəsinin hər hansı yeni təfsirini rədd etdi və bəyan etdi ki, “ərazi bütövlüyü prinsipi yalnız dövlətlər arasındakı münasibətlərdə tətbiq olunur.”[5] Məhkəmənin bu mövqeyi aparıcı beynəlxalq hüquq mütəxəsislərinin rəyi ilə üst-üstə düşür.[6] Beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi dövlətlə onun öz əhalisi arasında deyil (prinsipin bu daxili aspekti konstitusiya hüququ ilə nizamlanır), digər dövlətlərlə münasibətlərdə tətbiq olunur. Nəticədə bu prinsip sessesiyanı qadağan etmir. Beləliklə, ərazi bütövlüyü prinsipi Kosovoya tətbiq oluna bilməz. Amma Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi dövlətlərarası münaqişədir. Buna görə də mahiyyət etibarı ilə fərqlidir. Əgər dövlət daxilində baş verən proseslər dövlətin bir hissəsində sessesiya ilə nəticələnərsə, bu halda ərazi bütövlüyü prinsipi tətbiq oluna bilməz. Amma, əgər müstəqillik aktı üçüncü tərəf kimi başqa bir dövlətin müdaxiləsi ilə əldə olunarsa bu müdaxilə ərazi bütövlüyü prinsipini pozur.[7] Buna görə də, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müdaxiləsi ərazi bütövlüyü prinsipini pozur. Beynəlxalq hüququn bu prinsipi dövlət hesab olunmayan “Dağlıq Qarabağ”ın sesessionist qurumuna tətbiq olunmasa da, Ermənistan dövlətinə tətbiq olunur.

Kosovonun müstəqilliyinin tərəfdarları Məhkəmə prosesində iddia edirdilər ki, Kosovo əhalisi öz müstəqilliyinə, müstəqil dövlət yaratmaq hüququ verən xalqların öz müqəddaratını təyin etmək prinsipinin xarici aspektini nəzərdə tutan “xarici öz müqəddaratını təyin etmə” (“external self-determination”) hüququnu yaxud “xilasedici sessesiya” (“remedial secession”) adlandırılan, yəni zorakılığa qarşı son çıxış yolu olan sessesiya hüququnu həyata keçirməklə nail olub. Məhkəmə bu qaldırılan iddialara cavab verməkdən imtina edərək bildirdi ki, BMT Baş Assambleyası ona birtərəfli sessesiya deyil, birtərəfli müstəqillik bəyannaməsinin qanuniliyi ilə bağlı sual ünvanlayib.[8] Amma dünyanın aparıcı mütəxəssisləri (C. Kroford, G. Abi-Saab, T. Frank, R. Hiqins, A. Pele və M. Şou) müstəmləkəçilikdən sonrakı dövrdə xalqların öz müqəddaratını təyin etmək prinsipinin sessesiya hüququ verə biləcəyini və ya “xilasedici sessesiya”nı, yəni  sessesiyanın son həll yolu kimi hüquqi cəhətdən əsaslandırıla biləcəyini rədd edirlər.[9]  Elmi nəzəriyyədə çoxsaylı tərəfdarları olsa da öz müqəddaratını təyin etmənin xarici aspekti və “xilasedici sessesiya” pozitiv beynəlxalq hüququn norması kimi əsaslandırıla bilməz. Yəni, beynəlxalq hüququn əsas mənbələri olan beynəlxalq müqavilələr və adətlər belə bir hüququ nəzərdə tutmur, həmçinin, beynəlxalq məhkəmə təcrübəsi ilə də əsaslandırılması mümkün deyil.[10]

Beləliklə, Məhkəmənin ərazi bütövlüyü prinsipi ilə bağlı təsbiti, beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi ilə xalqların öz müqəddaratını təyin etmək prinsipi arasında ziddiyyətin olmadığını göstərdi. Ərazi bütövlüyü prinsipi sessesiyanı qadağan etmir və beynəlxalq hüquq müstəmləkəçilikdən sonrakı dövrdə xalqların öz müqəddaratını təyin etmək prinsipini sessesiya hüququ kimi tanımır. Beynəlxalq hüquqda sessesiya aidiyyəti dövlətin yurisdiksiyası daxilində olan öz daxili işi olaraq qalır. Lakin “sonda müvəffəqiyyət qazanmış sessesiyanın müstəqillik əldə etməsi tanına bilər”.[11] Beynəlxalq hüquq sessesiyaya “nə icazə verir, nə də qadağan edir”.[12] O, onun mövcudluğuna hüquqi cəhətdən neytral olaraq qalır.

2.      Beynəlxalq hüququn sessesiyanın gedişatına münasibətdə prosedural şərtləri

Məhkəmə Kosovo haqqında rəydə “sessesiyanın məqsədi (müstəqillik) və onu əldə etmə vasitələrini fərqləndirdi”.[13] Müstəqillik bəyannəməsini qəbul etmək (həmçinin buna can atan sessesiya) özlüyündə beynəlxalq hüququn heç bir normasını pozmur. Lakin beynəlxalq hüquq bu məqsədə çatmaq üçün bütün vasitələrə əl atmağa icazə vermir. Məhkəmə qərar verdi ki, güc tətbiqi və beynəlxalq hüququn məcburi normalarının (jus cogens) kobud şəkildə pozulması sessesiyanı qadağan edir. Əgər birtərəfli müstəqillik bəyannaməsi irqi ayrı-seçkilik (Cənubi Rodeziya), üçüncü dövlət tərəfindən güc tətbiqi (Şimali Kipr) yaxud “etnik təmizləmə” və kütləvi şəkildə insan hüquqlarının, xüsusilə məcburi normaların pozulması (Srpska Respublikası) ilə həyata keçirilərsə qanunsuzdur. Təhlükəsizlik Şurası açıq şəkildə bu sesessionist qurumların müstəqillik bəyannamələrini “hüquqi cəhətdən etibarsız” hesab etmişdir.[14]

Dağlıq Qarabağ və Kosovonun sessesiyasını müqayisə etdikdə sessesiya prosesinin tamamilə fərqli olduğunu görə bilərik. Sessesiya prosesinin əsas üç iştirakçısı olur: Şərti olaraq ana dövlət adlandırılan, yəni ərazisində sessesiya olan dövlət, müstəqil dövlət yaratmağa və ya digər dövlətə birləşməyə çalışan sesessionist qurum və üçüncü tərəf və ya dövlət adalandırılan sessesiyaya dəstək olan dövlət.[15] Hər üç iştirakçı yuxarıda qeyd olunan güc tətbiqi və beynəlxalq hüququn məcburi normalarının (jus cogens) kobud şəkildə pozulmaması kimi sessesiyanın prosedural şərtlərinə riayət etməlidirlər .

Kosovo münaqişəsində üçüncü dövlətin – Albaniyanın müdaxiləsi olmayıb və tərəf kimi iştirak etməyib. Serbiyanın ana dövlət kimi “sessesiyaya yalnız bütün qanuni vasitələrdən istifadə edərək  müqavimət göstərmək hüququ”[16] var idi və istənilən vasitəyə əl ata bilməzdi. Amma Serbiyanın apardığı hərbi əməliyyatlar “həddindən artıq və mülki əhaliyə fərq qoymadan Serbiya hərbi qüvvələri tərəfindən güc tətbiq olunması …, çoxsaylı mülki əhalinin ölümü…, 230 mindən artıq insanın evlərini tərk etməsi” ilə nəticələnmişdir.[17] 1999-cu ildə NATO hətta Təhlükəsizlik Şurasının razılığının olmamasına baxmayaraq Serbiyaya qarşı hərbi əməliyyatlar aparmış və sonda ərazinin idarə olunması üçün BMT-nin Kosovoda Müvəqqəti Missiyası adlı qurum yaradılmışdır.

Qarabağ münaqişəsində isə ana dövlət olan Azərbaycan Respublikası deyil, digər iki iştirakçı -Ermənistan Respublikası və faktiki olaraq onun tabeliyində olan Dağlıq Qarabağın sessesionist qurumu qanunsuz gücdən istifadə etmiş və beynəlxalq hüququn məcburi normalarını (jus cogens) kobud şəkildə pozmuşdur.  Belə ki, Dağlıq Qarabağ və onun ərazisindən təqribən 4 dəfə böyük və əhalisindən isə 6 dəfə cox insanın yaşadığı ərazi – ətraf 7 rayon işğal olunmuş və yüz minlərlə insan məcburi köçkün vəziyyətində yaşamaqdadır. Beynəlxalq hüququn ümumi normaları kobud şəkildə pozulması ilə yanaşı, işgəncələr, etnik təmizləmələr, kütləvi qırğınlar hətta soyqırım törədilmiş və nəticədə beynəlxalq hüququn məcburi normaları pozulmuşdur.[18]    

Beləliklə, Kosovonun müstəqilliyinin beynəlxalq hüquqa uyğunluğu və sessesiya prosesinin qanunilyi hələ də birmənalı şəkildə qəbul olunmaya, mübahisə obyekti ola bilər. Amma Dağlıq Qarabağ sessesiyası Məhkəmə tərəfindən istinad olunan Təhlükəsizlik Şurasının “hüquqi cəhətdən etibarsız” hesab etdiyi Cənubi Rodeziya, Şimali Kipr və Srpska Respublikasının   sessesiyası ilə mahiyyət və prosedural baxımdan eyniyyət təşkil edir. Dağlıq Qarabağ  sessesiyası prosesində üçüncü dövlətin müdaxilə etməsi, güc tətbiq olunması və beynəlxalq hüququn məcburi normalarının kobud şəkildə pozulması nəticəsində sessesiyann prosedural şərtləri pozulmuşdur və beynəlxalq hüquqa tamamilə ziddir.


[1]James Crawford, “State Practice and International Law in Relation to Secession”, British Yearbook of International Law (1998) 69(1), s. 114-115; Sessesiya (latınca ayrılma) xüsusi qrupun məxsus olduğu dövlətdən ayrılmağa çalışması və yeni dövlət yaratması prosesidir.  Birtərəfli (sessesiya) dedikdə dövlətin razılığının olmaması nəzərdə tutulur., James Crawford, Yenə orda, s. 85, s. 114-115   

[2]Kosovnun birtərəfli müstəqillik bəyannaməsinin beynəlxalq hüquqa uyğunluğu, Beynəlxalq Ədalət Məhkəməsinin məsləhət xarakterli rəyi, 22 iyul 2010, (bundan sonra Rəy)mətn üçün, bax: UN document A/64/881;  internet :  http://www.icj-cij.org/docket/files/141/15987.pdf

[3] Rəy. § 79-84

[4]Rəy., Hakim B. Simmanın bəyannaməsi, §9;  http://www.icj-cij.org/docket/files/141/15993.pdf; Məhkəmə “beynəlxalq hüquqa uyğunluğu” sualını beynəlxalq hüquqda “qadağanın olmaması” kimi şərh etdi. Hakim Simma Məhkəmənin bu yanaşmasını 1927-ci ildə Daimi Beynəlxalq Ədalət Məhkənməsinin “Lotus” qərarı ilə müqayisə edərək Məhkəmənin beynəlxalq hüquqa geridə qalmış, keçən əsrin əvvəllərində olan volontarist yanaşmanın olmasını bildirdi. Müqayisə qüsurludur, çünki “Lotus” işi Kosovodan fərqli olaraq iki dövlət arasında mübahisəyə aiddir və daxili cinayət yurisdiksiyasından bəhs edir. Amma əslində bu qərara istinad beynəlxalq ümumi hüququn fundamental əsaslarına toxunan məsələlərə dair müzakirələrlə bağlıdır. Kosovo haqqında rəydə Məhkəmənin yanaşmasından beynəlxalq hüququn həm də xüsusi hüquq xarakterli olduğu və dövlətlərin və digər subyektlərin beynəlxalq hüquqda qadağan olunmayan istənilən hərəkəti edə biləcəyi anlaşılır. Başqa sözlə, onlar hər hansı addım atarkən beynəlxalq hüquqda hər hansı hüquq və ya icazə axtarmamalıdırlar, beynəlxalq hüquqda qadağanın olmaması yetərlidir. Buna görə də, beynəlxalq hüququn tam ümumi hüquqa çevrilməkdə olduğunu söyləyən və konstitusionalist yanaşmanın ən görkəmli nümayəndələrindən olan hakim Simma öz bəyannaməsində narahatlığını ifadə edir. Məhkəməni hər hansı bir şəkildə sessesiya hüququnun (“xarici öz müqəddaratını təyin etmə” yaxud “xilasedici sessesiya” hüququnun) olub-olmamasına münasibət bildirməli olduğunu və həmçinin qadağan olunmayan amma beynəlxalq hüquqda hansı dərəcədə qəbul oluna biləcək normaları yəni beynəlxalq hüququn “dözümlülük göstərdiyi”, “icazə verdiyi” və “təqdir etdiyi”  normaları fərqləndirilə biləcəyini vurğulayır.

[5]Rəy.  §80

[6]Professor Ceyms Kroford ərazi bütövlüyü prinsipinin sessesiyanı qadağan etməməsini aşağıdakı kimi izah edir:

“… beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin sessesionist qruplara tətbiq olunmaması beynəlxalq hüququn sessesiyanı hər hansı mənada dəstəkləməsi demək deyil. Sadəcə olaraq, (minimum insan hüquqları və humanitar hüququn normaları isitisna olmaqla) belə qruplar dövlətlər kimi beynəlxalq hüququn subyekti deyillər. Hər hansı bir qrup sadəcə sesessiya niyyətini bəyan etməklə beynəlxalq hüququn subyekti ola bilməz. Sessesiya yüksək mərhələyə çatana qədər, dövlətin daxili yurisdiksiyasında onun daxili məsələsidir. Ərazi bütövlüyü prinsipi dövlətə bu mənəda təminat verir. Bu mərhələdə dövlətin onun ərazi bütövlüyünə olan təhdidlərə müqavimət göstərmək hüququ var, istər bu təhdidlər daxildən olsun (məsələn sessesiya), istərsə də xaricdən.” James Crawford, “Response to Experts Reports of the Amicus Curiae”, 15 January 1998, in Bayefsky, “Self-determination in International Law: Quebec and Lessons Learned” (Kluwer, 2000), ps. 157-158, § 6;  həmçinin bax: Alain Pellet, “Report: Legal Opinion on Certain Questions of International Law Raised by the Reference”, in Bayefsky, s. 98; Thomas M. Franck, “Report: Opinion Directed at Question 2 of the Reference”, in Bayefsky, s. 77-79; 

[7]Jochen Frowein, “Kosovo and Lotus”, In From bilateralism to community interest : essays in honour of judge Bruno Simma, Fastenrath, Ulrich / Oxford University Press / 2011, s.926;  Daha ətraflı bax: Alexis Vahlas “Les séparations d’États. L’Organisation des Nations Unies, la sécession des peuples et l’unité des États”, thèse de doctorat, Université Panthéon-Assas (dir. M. Bettati), 2000, s.282-310;  http://www.afri-ct.org/IMG/pdf/DR0017.pdf

[8]Rəy., §83, həmçinin §49-56

[9]James Crawford, “Response to Experts Reports of the Amicus Curiae”, Yene orda, s. 155,

[10]Jure Vidmar, “Remedial Secession in International Law: Theory and (Lack of) Practice,” St Antony’s international Review 6, no. 1 (2010): 37–56 ;Milano Sterio « La théorie de la sécession remède ( remedial secession) : avatar contemporain du droit des peuples à disposer d’eux-mêmes ? », http://www.droitconstitutionnel.org/congresNancy/comN2/dubuyTD2.pdf

[11]James Crawford, Yenə orda., s. 156

[12]G. Abi-Saab, Conclusion, in  M. Kohen (ed.), Secession: international law perspectives, NewYork,NY[etc.] : CambridgeUniversityPress, 2006, s. 473-474

[13]Anne Peters, “Does Kosovo lie in the Lotus-Land of Freedom?”, Leiden journal of international law, 24 (2011), s. 107

[14]Rəy.,§56 və §81. Rəy., §81; Northern Cyprus S/RES/ 541, 1983, South Rhodesia S/RES/217, 1965, Republika Srpska S/RES/787, 1992.

[15]Anne Peters, Yenə orda., s. 106-107; Marcelo Kohen , Introduction, in  M. Kohen (ed.), Secession: international law perspectives, NewYork,NY[etc.] : CambridgeUniversityPress, 2006, s. 1- 20; Antenollo Tancredi, “A normative “due process” in the creation of States through secession” in  M. Kohen (ed.), Yenə orda., s.171-207

[16]James Crawford, Yenə orda., s. 155-156

[17]1199 (1998) saylı Təhlükəsizlik Şurasının qətnaməsi 1199 (1998)

[18]  822, 853, 874, 884  saylı (1993)Təhlükəsizlik Şurasının qətnamələri, 62/243 saylı (2008) Baş Assambleyanın qətnaməsi, 1416 saylı (2005) Avropa Şurası Parlament Assambleyasının qətnaməsi, 2009/2216 ( 2010) saylı Avropa Parlamentinin qətnaməsi

Absalam Məmmədov