Amerika

“Nüvə əsiri” İrana ABŞ-dan hərbi hədələr

Pinterest LinkedIn Tumblr

İranın nüvə proqramı ilə bağlı problemlər növbəti dəfə bu ölkəyə qarşı ittihamların və iddiaların artmasına səbəb olub. Martın 4-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukia Amano İranı nüvə başlığını sınaqdan keçirməklə ittiham edib. Eyni gün ABŞ-İsrail İctimai Münasibətlər Komitəsinin illik konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Co Bayden Obama hakimiyyətinin İranın nüvə proqramına münasibəti barədə çox sərt açıqlama verib. İrana bir xəbərdarlıq da ABŞ-ın Xarici İşlər Naziri Con Kerridən gəlib.

 

Yukia Amano BAEA İdarə Heyətinin Avstriyanın paytaxtı Vyanada keçirilən iclasındakı çıxışında İranın Parçindəki təsislərdə nüvə başlığını sınaqdan keçirdiyinə dair “çox ciddi məlumata sahib olduqlarını bildirib. O, qeyd edib ki, İran rəhbərliyinin BAEA müfəttişlərinin bu obyektə nəzarət etmələrinə icazə verməməsi şübhələri daha da artırır.

 

Yukiya Amano, BMT-nin Təhlükəsizlik Şurasının və BAEA İdarə Heyətinin qəbul etdiyi qərarları da xatırladaraq İranı öz nüvə proqramıyla bağlı BAEA ilə “tam və şəffaf” əməkdaşlıq etməyə dəvət edib.

 

Xatırladaq ki, 2004-cü ilin sentyabrında ABŞ mənbələri müəyyən fotodəlillərə istinad edərək İranın Parçində gizli nüvə fəaliyyəti ilə məşğul olduğunu iddia etmişdilər. O vaxtdan sonra dəfələrlə bu məsələ İran ilə BAEA və “5+1” arasındakı müzakirələrdə gündəmə gəlib. BAEA müfəttişləri Parçində geniş araşdırma aparmaq istəsələr də, İran sözügedən ərazinin hərbi obyekt olduğunu irəli sürür və milli təhlükəsizlik səbəbiylə obyektə giriş icazəsi vermir. Mövzu İran ilə BAEA arasında bu ilin yanvarında (16-17 yanvar) Tehranda keçirilən görüşdə də müzakirə edilmiş, fəqət bir nəticə əldə edilməmişdi.

 

Co Bayden ABŞ-İsrail İctimai Münasibətlər Komitəsinin illik konfransındakı çıxışında ölkəsinin İsrailin təhlükəsizliyini qorumaq üçün lazım olan bütün addımları atacağını elan edib və bir daha təkrarlayıb ki, “ABŞ və İsrail, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ortaq maraqlara malikdirlər”. Bayden, iki  məqamı xüsusi vurğulayıb. O qeyd edib ki, problemin diplomatik yolla həllinin müddəti başa çatmaq üzrədir. Baydenin vurğuladığı ikinci vacib məqam isə Obama hakimiyyətinin İranla bağlı hərbi varianta mövqeyini ortaya qoyub: “Obama hakimiyyəti bütün digər variantlar uğursuz olduğu təqdirdə hərbi yola müraciət etmək barədə verdiyi sözə əməl edəcək və bu barədə deyilən sözlər əsla blef deyil.”

 

ABŞ Xarici işlər naziri Con Kerri də Yaxın Şırq bölgəsinə səfəri çərçivəsində dünən Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamada İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün diplomatik həll variantının sonsuza qədər davam etməyəcəyini bildirib. Kerri qeyd edib ki, Yaxın və Orta Şərqdəki nüvə yarışı, bölgədəki radikal qrupların “təhlükəli” silahlara sahib olmaları ilə nəticələnə bilər ki, bu da ABŞ üçün qəbul edilməzdir.

 

Xatırladaq ki, bütün bu açıqlamalar İran ilə “5+1” ölkələri arasında Astanada keçirilən nüvə müzakirələrindən və İran rəsmilərinin ABŞ-la birbaşa müzakirələrə dair “xoşməramlı” bəyanatlarından sonra verilir. Hansı ki, Astanadakı müzakirələr İran rəsmiləri tərəfindən az qala “Milad” kimi qiymətləndirilirdi. ABŞ ilə birbaşa müzakirələr barədə isə əvvəllər bu ökədən gələn təkliflərə ehtiyatlı yanaşılsa və hətta təkliflərə mülayim yanaşan dövlət adamları az qala xəyanətlə günahlandırılsa da, son dövrlərdə İranda əks tendensiya başlayıb. Müxtəlif vəzifəli şəxslərin açıqlamalarına ən son İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Məhəmməd Hazanın, CNN televiziya kanalından Fərid Zəkəriyyaya verdiyi müsahibəsində Tehranın Vaşinqtonla birbaşa müzakirələrə hazır olduğunu deməsi əlavə olunub. Hazan deyib ki, İran ABŞ-ın ciddi olduğundan və fərqli hərəkət etməyəcəyindən əmin olduğu təqdirdə Vaşinqtonla müzakirə masasına oturub birbaşa danışıqlar aparacaq. O, əlavə edib ki, keçən həftə Astanada “5+1” ölkələri ilə İran arasında keçirilən danışıqlar prosesi “iki tərəfi bir-birinə çox yaxınlaşdırıb”.

 

Göründüyü kimi İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənlik fonunda bu ölkəyə təqyizlər artaraq davam edir. Obama hakimiyyətinin kursuna uyğun olaraq bir müddətdir sərtləşən sanksiyaların “kölgəsində qalan” hərbi variant isə yenidən aktuallaşmağa başlayır. Digər amillərlə yanaşı həm də sanksiyaların təsiri ilə ağır sosial-iqtisadi problemlər yaşayan, eyni zamanda rejim daxili çəkişmələr fonunda prezident seçkisinə hazırlaşan İran isə prosesdən minimum zərərlə çıxmağa çalışır. İranın bu məqsədlə atdığı addımlar isə hələ ki, qarşı tərəfdən müsbət cavabını ala bilmir.

 

Araz Aslanlı