Hərbi-təhükəsizlik

Alasaniyanın Ermənistan səfərindən sonra və Bakı səfərindən öncə

Pinterest LinkedIn Tumblr

   

Səmra Hümbətova

QAFSAM-ın “Gənc Araşdırmaçı” proqramının iştirakçısı

 

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya martın 18-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə İrakli Alasaniya mətbuata açıqlamasında bildirib. Nazirin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə Naziri Səfər Əbiyevlə görüşü planlaşdırılır. Azərbaycanlı həmkarı ilə bir sıra məsələlər ətrafında müzakirələr aparacağını vurğulayan Alasaniya bu il hərbi sahədə Azərbaycanla Gürcüstan arasında bir sıra layihələrin reallaşdırılacağını da vurğulayıb.

 

Xatırladaq ki, nazir Alasaniya Mart ayının 7-də Ermənistana rəsmi səfər edib və güman etmək olar ki, həmin səfər zamanı toxunulan məqamlar müəyyən mənada Azərbaycan səfərinin gündəliyinə də təsir edəcəkdir. İrakli Alasaniya Ermənistanda prezident Sarqsyan və Ermənistanlı həmkarı Seyran Ohanyanla görüşlərdə Gürcüstanın Ermənistanla münasibətlərin inkişafına olan marağını vurğulamış və 2013-cü ildə tərəflər arasında hərbi əməkdaşlığın intensivləşəcəyinə dair açıqlamalar vermişdi. Tərəflər Ermənistanla Gürcüstan arasında yeni əməkdaşlıq mərhələsinin başladığını da qeyd etmişdilər.

 

Daima Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş kimi önəmini vurğulayan Gürcüstan hökumətinin Azərbaycanla Ermənistan arasında davam edən müharibə şəraitində Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsini təəccüblə qarşılamamaq mümkün deyil. Bu açıqlamalardan sonra İrakli Alasaniyanın Bakı səfərinin necə keçəcəyi və onun Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə dair hansı fikirləri səsləndirəcəyi maraq doğurur.  

 

Qeyd etmək lazımdır ki, Gürcüstanla Azərbaycan arasındakı iqtisadi-siyasi münasibətlər strateji əməkdaşlıq çərçivəsində davam edir, iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır və hər iki ölkə həm regional, həm də qlobal layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirlər. Ancaq Gürcüstanın yeni höküməti formalaşdıqdan sonra hazırki baş nazir Bdzina İvanişvilinin Ermənistanın lehinə olan bəzi açıqlamaları Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın yeni mərhələsinin necə formalaşacağı haqqında suallar yaradıb. Bütün bu müəmmaların fonunda İrakli Alasaniyanın Ermənistana səfəri başa çatdıqdan sonra erməni mətbuatında Xocalı hava limanıyla bağlı Alasaniyanın adından gedən fikirlər yeni suallara səbəb olub. Qeyd edək ki, erməni mətbuatında yer alan məlumatlara görə Alasaniya Xocalıda yerləşən hava limanı Ermənistan tərəfindən yenidən istifadəyə verilərsə, Azərbaycanın mülki təyyarələri hədəf almasına münasibət bildirərək mülki təyyarələrin atəşə tutulmasını qəbuledilməz hal hesab etdiyini bildirib. Bu açıqlama rəsmi olaraq təsdiqlənəcəyi halda Azərbaycan tərəfindən birmənalı qarşılanmayacağını gözləmək olar. Lakin Gürcüstan mətbuatı Alasaniyanın belə bir bəyanat verməsi haqqında heç bir informasiya paylaşmamışdır. Belə ki, müdafiə nazirinin ermənistanlı həmkarı Seyran Ohanyanla keçirdiyi görüşdən sonra baş tutan mətbuat konfransında mülki təyyarələrin vurulmasına münasibətini bildirməsini tələb edən suala nazir “Mən bu suala nazir kimi yox adi bir insan kim cavab verirəm. Mülki təyyarələrə atəş açılması qəbuledilməzdir” deyə cavab vermiş və daha sonra sualın Xocalı aeroportu ətrafında yaranan mübahisəyə dair olduğunu öyrəndikdən sonra isə Ermənistan və Gürcüstanın regionda yaranan bütün problemlərin sülh yolu ilə həllinə ümid bəslədiyini bldirmişdir.

 

Bütün bu məqamlar fonunda gürcü nazirin Azərbaycana səfəri zamanı Azərbaycan tərəfinin mövqeyi necə olacaq?

 

Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə enerji və nəqliyyat sferasında irimiqyaslı layihələrə imza atmış və bu layihələr hesabına beynəlxalq səhnədə mövqelərinin möhkəmlənməsinə nail olmuşlar, hər iki ölkə Avroatlantik məkana inteqrasiya yolunda irəliləyir, Azərbaycan Gürcüstan iqtisadiyyatının böyük iştirakçısıdır, Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda ən böyük vergi ödəyicisidir. Eyni zamanda Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə üçtərəfli formatda təhlükəsizliklə bağlı addımlar da atır. Bütün bu amillər göstərir ki, Azərbaycanla Gürcüstanı bir-birinə bağlayan çox sayda amil var. Belə olan halda bu ölkənin Azərbaycanla münasibətləri kormalaq niyyətinin olmadığını düşünmək olar.

 

Aydındır ki, Gürcüstan üçün öz dövlət maraqları Ermənistanla münasibətlərdən daha önəmlidir. Bu çərçivədə hazırda Gürcüstan üçün Ermənistanla münasibətlərin yaxınlaşmasından daha çox Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığın gücləndirilməsi xəttinin qorunması vacibdir. Bu mənada çox güman ki, yeni hökümət istər xalqın etimadını itirməmək üçün (sosial-iqtisadi problemlərlə üzləşməmək üçün), istərsə də dövlətin strateji maraqları naminə Azərbaycanla strateji əməkdaşlığa davam edəcəkdir.

 

Hər halda nazir İrakli Alasaniyanın səfərindən sonra müəyyən  qaranlıq məqamlara aydınlıq gətiriləcək və iki ölkə arasındakı münasibətlərin perspektivləri haqqında daha dolğun fikirlər səslənəcəkdir. Çox güman ki, Alasaniyanın Bakıda verəcəyi bəyanatların Ermənistandakıları kölgədə qoymaq dərəcəsi ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olacaqdır.

Səmra Hümbətova